Gənclərdə İman Problemlərinin Əsas Səbəbləri
Uzun müddətdir gənclərlə davam edən ünsiyyətim və onlardan eşitdiyim suallar üzərindən gəldiyim nəticə budur ki, bugünkü gəncliyin imanla bağlı yaşadığı çətinliklərin müəyyən başlıca səbəbləri var. Bunlar, gənclərin zehni və ruhi dünyasında müşahidə etdiyim vəziyyətə dair bir növ diaqnozdur. Əlbəttə, bu səbəblərin bəziləri müzakirəyə açıqdır, lakin ümumi mənzərəni anlamaq üçün kifayət qədər əsaslıdır.
1. Dinin yanlış və natamam izahı:
Din çox zaman necə ibadət etmək lazım olduğuyla təqdim olunur, niyə ibadət etməliyik sualına isə yetərincə cavab verilmir. Bu da gənclərdə təbii olaraq “Mən niyə namaz qılmalıyam ki?” kimi suallar doğurur.
2. Təbliğ və təmsilin ziddiyyətli olması:
Dindar görünən, lakin əməldə bu iddianın əksini göstərən insanların davranışları gəncləri sarsıdır. “Atam hər gün Allahdan danışır, amma hər dəfə yalan danışır” kimi nümunələrlə tez-tez qarşılaşırıq.
3. Gəncliyin gətirdiyi daxili qarışıqlıqlar:
Öz yolunu yeni axtaran, hisslərini və düşüncələrini yerbəyer edə bilməyən gənclər üçün bu dövr həm çox qiymətli, həm də çox çətin bir keçiddir.
4. Maraqsızlıq və diqqət dağınıqlığı:
Bir çox gənc dini mövzulara ya maraq göstərmir, ya da onları dinləməkdə çətinlik çəkir. Söhbətlərdə tez bezirlər, diqqətləri yayılır.
5. Ailələrin zamanın ruhunu anlamamaları:
Valideynlər, öz gənclik dövrlərindəki kimi bir gənclik gözləyirlər. Ancaq zaman dəyişib və onlar bu dəyişikliyi dərk edə bilmədikləri üçün övladları ilə bağ qura bilmirlər.
6. Qlobal və yerli təsirlər:
Cinsiyyət, halal qida, ailə anlayışı kimi mövzularda qlobal yönləndirmələrin ciddi təsirləri var. Bu yönləndirmələr, gənclərin dəyərləri ilə oyun oynayır.
7. Rəqəmsal dünyanın psixoloji nəticələri:
İnternet və sosial media təkcə vaxtı deyil, mənəvi düşüncəni də udur. Bu, sadəcə texnoloji məsələ deyil – artıq dərin psixoloji və ruhi bir problemə çevrilib.
8. Yeni suallara köhnə cavablar:
Gənclərin verdiyi suallar yenidir, lakin verilən cavablar on illər öncəki üslub və anlayışlarla eynidir. Bu da nə ağlı razı salır, nə də qəlbi doyurur.
9. Dini çevrələrdəki bəzi qüsurlar:
Bəzən bəzi alim və müəllimlər, gənclərə çatmaq əvəzinə onları itirirlər. Dilləri sərtdir, dünyagörüşləri dar, qəlbləri isə uzaqdır.
Bu başlıqlar, imanla bağlı sorğuların, tərəddüdlərin və bəzən inancdan uzaqlaşmanın arxa planındakı əsas səbəbləri özündə əks etdirir.
Gənclərin Allaha İmanla Bağlı Verdiyi Əsas Suallar
Görüşlərdə gənclərdən ən çox eşitdiyim bəzi suallar var ki, onlar, gənc zehinlərin iç dünyasında necə bir təlatüm yaşandığını açıq şəkildə göstərir:
-
Allah məni yaradarkən mənə soruşdu ki?
-
Madam Allahın heç nəyə ehtiyacı yoxdur, bizdən niyə ibadət istəyir?
-
Allaha inanmaq mənim üçün niyə vacibdir?
-
İman etmək istəyirəm, amma şübhələrim var. Onlardan necə qurtulum?
-
Allah varsa, niyə Onu görə bilmirəm?
-
Allah insanlara niyə əzab verir?
-
Əgər Allah ədalətlidirsə, bu qədər zülmü necə izah edək?
-
Niyə Allaha inanan biri, bəzən ateist qədər əxlaqlı ola bilmir?
-
Allah özünü yox edə bilərmi?
-
Allah özündən böyük və ya bənzər bir varlıq yarada bilərmi?
Bu suallar, sadəcə ağılla oynamaq üçün yox, dərin daxili boşluqlardan qaynaqlanan həqiqi sorğulardır.
İmanın Mahiyyəti: Dörd Əsas Tərkib Hissə
Bugünkü ümumilikdə ümmətin yaşadığı ən böyük boşluqlardan biri, imanın nə olduğunu tam və sadə şəkildə bilməməsidir. Çox zaman iman bir qavram kimi dildə olsa da, mahiyyəti ilə dərk edilmədiyindən suallar cavabsız qalır, çətinliklər ört-basdır edilir. Halbuki iman çox sadə və şəffaf bir həqiqətdir. Onu düzgün və aydın şəkildə öyrənmək hər bir insan üçün vacibdir.
İmanın dörd əsas dayağı var:
1. Mərifət:
Ağlın imanla tanış olmasıdır. Bunun üçün lazım olan elmdir. Lakin burada nəzərdə tutulan, çox bilgi deyil – faydalı bilgidir. İman bir tapmaca deyil, aydın və səmimi bir tanışlıqdır.
2. Təsdiq:
Qəlbin imanla həmahəng olmasıdır. Bunun əsas dayağı "xəşyət"dir – yəni Allaha qarşı içdən gələn ehtiram və qorxu. Haqq ilə tanış olan qəlb, onu təsdiq edər.
3. Əməl:
Bədənin imana şahidlik etməsidir. Bu isə davamlılıq və tutarlılıq tələb edir. İman həyatın sonuna qədər davam edən bir yolculuqdur və bu yolda bəzən böyük bədəl ödənməlidir (məsələn, Səlman əl-Farisi kimi).
4. İqrar:
Dil ilə imanını bəyan etməkdir. Bunun arxasında isə səmimiyyət və sədaqət dayanır.
Bu dörd tərkib – mərifət (biliyin), təsdiq (qəlbin), əməl (bədənin) və iqrarın (dilin) bir araya gəlməsi ilə iman bir ağac kimi yaşayar. Kökündə mərifət, gövdəsində təsdiq, budaqlarında əməl, meyvəsində isə iqrar durur.
İman sadəcə bir fikrə “bəli” demək deyil – bu, bütün varlığın bir ahəng içində Həqiqətə yönəlməsidir. Gənclərlə bu mövzuda açıq və dürüst danışmaq, onları dinləmək və suallarına əsl cavab vermək zamanın zərurətidir.
Peyğəmbərimizin İman Təlimi: İlk Dərs, İlk Dərd
Allah Rəsulu (s.ə.s) imanı elə bir şəkildə öyrədirdi ki, bu, onun risalətinin əsas qayəsi, ilk dərsi və eyni zamanda ilk dərdi idi. Kim onun yanına gəlsəydi, əvvəlcə ona imanı anladardı. Hər hansı başqa bir mövzu — istər geyim məsələləri, istərsə də ictimai hadisələr — ikinci planda qalardı. Taif heyətinin qəbulunda belə, əvvəlcə iman məsələsi gündəmə gəlirdi.
İstər Məkkənin zülm və təzyiqlə dolu illərində, istərsə də Mədinənin nisbətən sabit dönəmində — kimin bu hekayəyə harada və nə vaxt qatıldığı fərq etmədən — Peyğəmbər (s.ə.s) hər kəsə ilk növbədə iman təlimini verirdi. O, imanı sadə, saf, təmiz bir dillə izah edirdi. Qarmaqarışıq, anlaşılmaz, çətin bir üslubdan uzaq durar, hətta qədər və əcəl kimi ağır məsələləri belə bir xətt çəkməklə sadələşdirərək, ağlı razı salar, qəlbi rahatladardı.
Bu təlim isə bir dəfəlik yox, davamlı şəkildə təzələnən və möhkəmləndirilən bir proses idi. Çünki iman insanda daim gücləndirilməli olan bir əsasdır. İmtahan anları gəldikdə, zəifliklər özünü göstərə bilər. Elə buna görədir ki, Quranda belə bir nida var: "Ey iman gətirənlər! İman gətirin!" (Nisa, 4/136)
"Ey İman Gətirənlər, İman Gətirin": Bir Nidanın Dərin Mənası
Bu ayə, ilk baxışdan təəccüblü gəlir: “Onsuz da iman etmiş insanlara bir daha niyə iman çağırışı edilir?” Amma bu ayənin içindəki incə mesaj budur: İman bir dəfə edilib bitiriləcək bir şey deyil. O, daim diri tutulmalı, yenilənməli və inkişaf etdirilməlidir. Abdullah ibn Məsud (r.a) bu ayəni oxuyarkən, sanki Allah ona şəxsən xitab edirmiş kimi anlayardı: "Rəbbim mənə deyir ki, ey Abdullah, iman et!"
Bu ayənin işığında bizə düşən bəzi mühüm dərslər var:
-
İman etdiyimiz dəyərlərə tam güvənmək və şübhələrdən təmizlənmək. Güvən imanın əxlaqıdır, amma bu güvən çətinlik anlarında — məsələn, evliliyin gecikməsi, işsizlik, sevdiklərimizi itirmək qorxusu kimi — sınanır.
-
İman həqiqətlərini dərindən öyrənmək və ruhumuza hopdurmaq. Bu isə təfəkkür və elm öyrənmək yolu ilə olur.
-
Təqlidlə deyil, təhqiqlə iman etmək. Ata-anadan eşidib keçilən inancı deyil, bədəl ödəyərək qazanılmış imanı əldə etməyə çalışmaq.
-
İmanı kamala çatdırmaq üçün daim səy göstərmək. Kamillik bir nəticə deyil, bir yolçuluqdur.
-
İmanın yüklədiyi məsuliyyətləri yerinə yetirməyə çalışmaq. İman bizdən nə istəyir? Bu sualı vermək, “imanla nə qazanaram?” sualından daha əhəmiyyətlidir.
-
İmanı şirkdən uzaq tutmaq və tövhidi həyatın hər sahəsinə yaymaq.
-
İmanı bir ticarətə çevirməmək. Mükafat və qarşılıq yalnız Allahdan gözlənməlidir.
-
İmanı həyatın hər sahəsinə yaymaq. Allahın aid olduğu sahələri ayırmaq və parçalamaq şirkə gedən yoldur.
-
İmanda sabit olmaq və onu daim yeniləmək. Səhabələrin bir-birinə “gəlin bir saat iman edək” deməsi bu ruhun əksidir.
-
İmanı itirmə qorxusunu son nəfəsə qədər diri saxlamaq. Səhabələr axirət qorxusu ilə yaşayardılar. Bu qorxu insana dirilik verir.
Allahı Tanımaq: Ayələr və İsimlər
Rəbbimizi tanımağın iki əsas yolu var:
-
Kainatda gizlənmiş ayələr: Göz önündə olan nizam və harmoniya içində Vahid olan Yaradanı görmək.
-
Allahın Özünü tanıtdığı isimlər — Əsma-i Hüsna: Sadəcə bu isimləri saymaq deyil, onları anlayaraq yaşamaq və o isimlərlə əxlaqlanmaq.
Allah dedikdə ağlımıza gəlməli olan beş əsas məna var:
-
Birlik: Əl-Vahid, Əl-Əhəd adlarıyla təcəlli edən təklik. Bilal-i Həbəşi'nin “Əhəd! Əhəd!” nidaları bunun simvoludur.
-
Ucalıq: "Allahu Əkbər" sözündəki böyüklük. Allahı böyüklüyü ilə tanıyan insan, Onunla bağlı çətin suallara belə cavab tapa bilər.
-
Bütövlük: Hər cür naqislikdən uzaq olmaq. “SübhənAllah” zikri bu halı bildirir.
-
Bənzərsiz olmaq: Allah nə bir şeyə bənzər, nə də bir şey Ona.
-
Bəqalıq: Sonsuzluq və əbədiyyət.
Bu beş əsas məna İxlas surəsində çox qısa və dolğun şəkildə ifadə olunur. İxlas tövhid surəsidir və tövhid isə ixlasla qazanılır.
Kəlimə-i Tövhid: “Lə iləhə illəllah”
İmanın şüarı və simvolu olan “Lə iləhə illəllah” ifadəsi iki hissədən ibarətdir:
-
Lə iləhə (Nəfy): İnkar etmək, təmizləmək, yalanı qazımaq. İmha olmadan inşa olmaz. Batili rədd etmədən haqqı qəbul etmək olmaz. Bu məqamda Kafirun surəsi bizə yön göstərir.
-
İlləllah (İsbət): Yalnız Allahı qəbul etmək. Sadəcə “Allah var” demək kifayət etmir, “yalnız və yalnız Allah var” demək lazımdır. Əvvəl “lə” demək lazımdır ki, “illəllah” qəbul olunsun. İxlas surəsi bu mərhələyə dərinlik qatır.
Bu ifadənin başqa bir gözəlliyi də burdadır: “Əşhədu” (mən şahidlik edirəm) deyərək başlayan fərdi yolçuluq, “İyyəkə na’budu” (biz yalnız Sənə ibadət edirik) deyərək cəmiyyətə, ümmət şüuruna çevrilir.
Səmimi bir “Lə iləhə illəllah”ın günahlar qarşısında belə bir insanı xilas edə biləcəyini xəbər verən hədislər ümidvericidir.
Müasir Suallara Cavablar və Tövsiyələr
-
İmanla bağlı vəsvəsələr: Peyğəmbərimiz bu halları imanın özü kimi qiymətləndirirdi. Əgər bir qəlbdə vəsvəsə varsa, demək ki, orda iman var. Bu bir prosesdir, dərhal cavab tapılmaya bilər, lakin səmimi axtarış və bədəl ödəmək vacibdir.
-
Şeytanla mübarizə və iman qorxusu: Bu qorxu son nəfəsə qədər davam etməlidir. Əks halda, insan qəflətə düşə bilər. Şeytanı tanımaq, ondan qorxmaqdan daha önəmlidir.
-
Gənclər və depressiya, intihar kimi hallara qarşı münasibət: Ətrafımızda yanğın var, amma diqqət yanğının böyüklüyünə yox, neçə insanı xilas edə biləcəyimizə yönəlməlidir. Bəzən gənclərlə iman dərsi keçmək deyil, sadəcə hal-xətir tutmaq belə onları günahdan uzaqlaşdıra bilər. Bunun üçün dərin elm yox, saf sevgi və həvəs yetərlidir.
-
Qur’anı anlamaq üçün təkcə tərcümə kifayət edərmi?: Tərcümə anlam üçün vacibdir, amma kifayət deyil. Qur’anın orijinal mətnini oxumaq, bir növ ruhi təmizlənmə kimidir. Təfsir və təfəkkürlə dəstəklənməlidir.
Hiç yorum yok:
Yorum Gönder