9 Haziran 2025 Pazartesi

Vəhyin Yazılması | Quran Tarixi - 1

Qurani-Kərimin yazıya alınma prosesi, onun nazil olması ilə bərabər başlayan, həm dünya, həm də axirət səadətinin əsası kimi qəbul edilən bu ilahi kitabın etibarlılığı ətrafında illərdir irəli sürülən suallar baxımından olduqca əhəmiyyətli bir mövzudur. Ənənəvi din anlayışını sarsıtmaq niyyətində olanlar tez-tez Quranın ilkin yazıya alınma tarixini, vəhy katiblərini və köhnə müshəflərin etibarlılığını hədəfə alaraq bu prosesi şübhə altına almağa çalışırlar. Bu baxımdan, məsələyə əsas xətlər üzrə nəzər salmaq zəruridir.

Məlumdur ki, Peyğəmbərimiz (s.ə.s), peyğəmbərliyindən əvvəl Ramazan aylarında Hira mağarasında təkbaşına qalmaqla məşğul olurdu. Bu, təkcə Ona məxsus bir hal deyildi; o dövrdə “hənif” və ya “münzəvi abid” kimi tanınan bəzi şəxslər də eyni şəkildə cəmiyyətdən uzaqlaşaraq mənəvi tənhalığa çəkilirdilər. Məhz bu mənəvi səssizliyin içində, Qədr gecəsində Quranın nazil olması ilə yeni bir dövr başladı.

Qurani-Kərimin enməsi ilə bağlı iki əsas məna qeyd olunur:

  • İnzal – Quranın bütöv şəkildə mənəvi bir aləm olan "Beytül-İzzə"yə endirilməsi. Bu, Ramazan ayının Qədr gecəsində baş vermişdir.

  • Tənzil – Quranın hissə-hissə endirilməsi. Bu da yenə Qədr gecəsində başlamış, lakin 23 illik risalət dövrü boyunca mərhələli şəkildə davam etmişdir.

Bu fərqləndirmə Quranın müxtəlif ayələrində dolayısıyla qeyd olunmaqla yanaşı, İbn Abbas (r.a) tərəfindən də açıq şəkildə ifadə olunmuşdur.

İlk nazil olan ayələrlə bağlı olaraq siyər, təfsir və hədis mənbələrinə yaxşı bələd olanlar “İqra” surəsinin ilk beş ayəsinin ilk nazil olan ayələr olduğu fikrində ittifaq içindədir. Amma ilk nazil olan tam surənin hansı olduğu ilə bağlı müxtəlif görüşlər mövcuddur. Müfəssirlər və Quran elmləri üzrə alimlər arasında Fatihə, Müddəssir və Müzzəmmil surələrinin ilk nazil olanlar sırasında olduğu söylənilir. Bu surələrin bir-birinə çox yaxın zamanlarda, hətta eyni gün içində nazil olmuş ola biləcəyi səbəbilə onların xronoloji sırasını dəqiq müəyyənləşdirmək çətindir. Həm də bu dövrdə hələ açıq dəvət başlamadığı üçün bu bilgilər yalnız Peyğəmbərimizin (s.ə.s) özündə idi və daha sonra ayrıca soruşulmadığı üçün ilkliyə dair konkret bir hökm vermək mümkün olmamışdır. Fəqət gördüyümüz qədəri ilə, böyük ehtimal ki, tam surə şəkildə nazil olan ilk surə Fatihə olmuşdur.

Quranda “ayə” termini işarə, dəlil və möcüzə mənasında işlədilir, “surə” isə ərəb dilində “sədd”, yəni qala divarı mənasını verir. Müxtəlif rəqəmlər olsa da, ümumən Quran 114 surədən və 6236 ayədən ibarət sayılır.

Nazil olmaqla birlikdə ortaya çıxan başqa bir məsələ Quranın bir xitab kimi, yoxsa mətn kimi dəyərləndirilməsidir. Quran “Oxu!” əmri ilə başlayan ilahi bir bəyanatdır. Bəzi müasir araşdırmaçılar onun ilk mərhələdə sadəcə şifahi bir xitab olduğunu iddia etsə də, fikrimizcə Quran həm xitab, həm də yazıya keçid prosesini özündə birləşdirən dinamik bir təcrübə ilə formalaşmışdır. Peyğəmbərimizin “oxumağı bilmirəm” və ya “nəyi oxuyum?” kimi cavabları, ilk mərhələdə vəhyin yazılı bir mətn olaraq deyil, səma (eşitmə) yolu ilə endirildiyini göstərir. Təbəri təfsirində qeyd edilən, ilk ayələrin nurdan yazılmış ipək bir səhifə üzərində nazil olması rəvayəti isə texniki baxımdan zəif sayılır. Dolayısıyla, vəhyin başlanğıcda Cəbrayılın (ə.s) ilahi xitabı şəklində gətirdiyi qəti şəkildə söylənə bilər.

Quranın mətnə çevrilməsi mövzusunu anlamaq üçün cahiliyyə dövründə Məkkədəki yazı yazma səviyyəsinə nəzər salmaq faydalıdır. Bəzi rəvayətlərdə Məkkədə sadəcə 17 nəfərin yazı yaza bildiyi qeyd edilsə də, bu rəqəmin yalnız yazmaqda mahir olan şəxslərə aid olduğu ehtimalı daha güclüdür. Ticarət şəhəri olan Məkkədə işini idarə etmək üçün oxuyub-yazmağı bacaran insanların daha çox olduğu açıqdır. “Muəlləqat” adı verilən və Kəbəyə asılan şeirlərin yazılı şəkildə dolaşması da bu qənaəti gücləndirir. Bu baxımdan, Quranın yazıya alınmasının Məkkə dövrünün erkən mərhələlərindən etibarən başlandığını qəbul etmək üçün yetərli səbəblər var.

Bu kontekstdə Quranda qeyd olunan “Ümmiləri arasından elçi” ifadəsi də izah tələb edir. “Ümmi” termini təkcə yazıb-oxumağı bilməyən demək deyil; dini baxımdan bir təhsildən keçməmiş, əvvəlcədən ilahi bir kitab oxumamış kimsəyə də “Ümmi” deyilir. Peyğəmbərimizin (s.ə.s) “Ümmiliyi” də həm də bu mənada da başa düşülməlidir.

Məkkədə müəyyən qədər savadlı insanların olması, vəhyin yazıya alınması üçün ilkin şərtlərin mövcud olduğunu göstərir. İslamın ilk illərində müsəlman olan Hz. Əbu Bəkr və Hz. Osman kimi şəxslər savadlı idilər və vəhy katibliyinin formalaşmasında mühüm rol oynamışdılar. Dolayısıyla, Quran həm hifz yoluyla, həm də yazı vasitəsilə qorunmağa başlanmışdır.

Mənbələrdə bu prosesə dair bir sıra erkən dövr sübutları qeyd olunur:

  • Hz. Osmanın “Vallahi bu əl ilk dəfə Müfəssəl surələri yazan əldir” sözləri, onun Məkkə dövründə Quranı yazıya köçürdüyünü göstərir.

  • Qadi İyazın “Şifa” əsərində verilən bir rəvayətə görə, Peyğəmbərimiz (s.ə.s) Hz. Osmana onun şəhid ediləcəyini və qanının hansı ayə üzərinə axacağını əvvəlcədən bildirmişdir.

  • Həbəşistana hicrət edən müsəlmanların özləri ilə Quran səhifələri apardıqları və Nəcaşi qarşısında Məryəm surəsinin oxunduğu rəvayətlər, risalətin 4-5-ci ilində belə yazılı Quran parçalarının mövcud olduğunu göstərir.

  • Hz. Ömərin İslamla şərəfləndiyi zaman bacısı Fatimənin evində Quran səhifələrini gizlətməsi, həmin evdə Taha və digər surələrin parçalarının mövcudluğu bu dövrdə yazılı nüsxələrin olduğunu təsdiqləyir.

  • Vaqiə surəsinin “Ona ancaq təmiz olanlar toxuna bilər” mənasındakı ayəsi də Quranın maddi bir varlıq olaraq da mövcudluğunu göstərir.

  • Birinci Əqabə beyətində Mədinədən gələn səhabələrin Quran ayələrini yazılı şəkildə aparmaq istəməsi də bu prosesin sadəcə şifahi yox, yazılı formada da davam etdiyini göstərir.

Nəticə etibarilə, Quranın vəhyinin başlanğıcından etibarən həm hifz, həm də yazılı şəkildə qorunduğu, bu qorumanın həm ilahi təqdir, həm də insan amili ilə həyata keçirildiyi açıq şəkildə görünməkdədir. Yazıya alınma prosesi heç də sonradan uydurulmuş və ya sistemsiz bir hal deyil, əksinə risalətin təməl mərhələsindən etibarən mərhələli şəkildə formalaşmışdır.

3 yorum:

  1. Salamun aleykum. Maşallah. Bu məqaləniz və ümumilikdə bütün bloglarınız çox fayda doludur. Rica edirəm tarot, ritual, spiritual, bioenerji, mənəvi şəfa, şüuraltı terapiya, doğum matrisi vs kimi batil işləri əsas alan geniş məqalələr təqdim edəsiz. Məlum bir çoxumuzun ağlı qarışıqdır. Yanlış olduğunu bilsək belə əsaslandırmada çətinlik çəkirik. Alkah elminizə bərəkət versin, xidmətinizdə daim qılsın qardaşlar.

    YanıtlaSil
    Yanıtlar
    1. Və əleykumusselam. Allah razi olsun, bir çox mövzular və məsələlər var planda; həm seri halında, həm də ayrı-ayrılıqda ki, inşaAllah birbir hamısını paylaşarıq. Dualarla 🌷

      Sil
    2. İnşallah. Səbirsizliklə gözləyirik🌹

      Sil

Raşidi Xəlifələr Dönəmində İqtisadi Vəziyyət (Hz. Ömər Nümunəsində) | Raşidi Xəlifələr - 7

Xüləfa-i Raşidin dövrü İslam cəmiyyətinin iqtisadi həyatında mühüm dəyişikliklərin baş verdiyi bir mərhələdir. O vaxt iqtisadi vəziyyətdən d...