Quran Tarixi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Quran Tarixi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

21 Haziran 2025 Cumartesi

Hz. Osman Dövründə Quran’ın Yazılması və Çoxaldılması Prosesi | Quran Tarixi - 5

İslam tarixində Qur’an-ı Kərim’in toplanması və yazıya keçirilməsi prosesi, yalnız dini deyil, siyasi və ictimai yönləri olan bir hadisədir. Bu proses iki əsas mərhələdən ibarətdir: Hz. Əbu Bəkr dövründə ilk toplama (cəm’) və Hz. Osman dövründə çoxaldılma (istinsah). Bu yazıda, xüsusilə Hz. Osman dönəmindəki istinsah, yəni yenidən nüsxələmə prosesini və bu qərarın səbəblərini izah edəcəyik.

Hz. Osman Dövründə Quran’ın Yazılma Prosesi

Hz. Osman xilafəti dövründə (644–656) İslam dövləti sürətlə genişlənmiş, ərəb olmayan millətlər də İslamı qəbul etməyə başlamışdı. Bu genişlənmə Qur’an tilavətindəki fərqlilikləri də daha görünən hala gətirdi. Səhabələr arasında bəzi qiraət fərqlilikləri mövcud idi və bunlar ilk dövrlərdə təbii qarşılanırdı. Lakin İraq və Şam bölgələrində bu fərqliliklər zamanla ixtilafa çevrilməyə başlamışdı.

Bu narahatlıq, xüsusilə Hüzeyfə ibn Yəmən'in səfərdən qayıtdıqdan sonra Hz. Osman’a müraciəti ilə zirvəyə çatdı. Hüzeyfə, müsəlmanlar arasında baş verən bu problemləri Hz. Osmana deyir. Bu təhdidə qarşı Hz. Osman, vahid bir Qur’an nüsxəsinin hazırlanmasını zəruri gördü.

Yenidən İstinsahın Gərəkçələri

Hz. Osman’ın təşəbbüsü ilə Qur’an ayələrinin vahid bir üslubla toplanmasının əsas səbəbləri bunlar idi:

  1. Qiraət fərqliliklərinin ixtilafa çevrilməsi: Dialekt fərqləri və müxtəlif qiraət tərzləri, Quranın mahiyyətində fərq olmadıqda belə, zamanla təhrif təəssüratı yarada bilərdi.

  2. İslam coğrafiyasının genişlənməsi: Yeni müsəlman olan xalqlar Qur’anı düzgün və vahid şəkildə öyrənməli idi.

  3. Ərəbcənin müxtəlif ləhcələri: Qur’an əvvəlcə müxtəlif qiraət ruhsatları ilə nazil olmuşdu. Amma bu ruhsatlar zamanla təhrifə açıq qapı ola bilərdi.

Qur’an’ın Çoxaldılması

Hz. Osman, Hz. Əbu Bəkr dövründə Zeyd ibn Sabit tərəfindən toplanan rəsmi nüsxəni (Müshəfi) istədiyi zaman Həfsə bint Ömərdən (Hz. Ömərin qızı) aldırdı. Sonra Zeyd ibn Sabit başda olmaqla Abdullah ibn Zübeyr, Səid ibn Əs və Abdurrahman ibn Haris kimi Qureyşli gənc və etibarlı səhabələrdən ibarət bir heyət qurdu.

Bu heyət, Hz. Əbu Bəkr dövründəki rəsmi Müshəfi əsas alaraq yeni nüsxələr hazırladı. Əgər qiraət fərqliliyi varsa, Qureyş ləhcəsinə uyğun olan variant seçiləcəkdi; çünki Qur’an Qureyş ləhcəsiylə nazil olmuşdu.

Nəticədə bir neçə nüsxə hazırlandı və bu nüsxələr Mədinədə qaldı və Kufə, Bəsrə, Şam, Məkkə kimi mərkəz şəhərlərə göndərildi. Bu nüsxələr “Müshəf-i Osmani” adlanır.

Əvvəlki Müshəflər Yandırıldımı?

Hz. Osman’ın (r.a) bu prosesin sonunda verdiyi ən çox müzakirə edilən qərarlardan biri də digər qeyri-rəsmi nüsxələrin yandırılması idi. Əslində burada məqsəd Qur’anın özündə dəyişiklik etmək deyil, qarışıqlığa və fitnəyə səbəb olacaq fərqli yazılı variantların qarşısını almaq idi.

Bəzi şəxslərin öz istifadələri üçün yazdığı fərdi nüsxələr, ayələrin sıralamasında, yazım tərzində və ya qiraət fərqliliklərində uyğunsuzluqlar ehtiva edə bilərdi. Bu səbəblə, Hz. Osman rəsmi olmayan bu fərdi nüsxələrin yandırılmasını əmr etdi. Buradakı məqsəd bir fitnənin önünü almaq idi. Bu qərar səhabələr tərəfindən ümumilikdə qəbul edilmiş və müqavimətlə qarşılanmamışdı.

Yandırılmayan Tək Mushaf

Yandırılmayan tək Müshəf, Hz. Əbu Bəkr dövründə toplanmış və sonradan Həfsə’nin yanında saxlanılan Müshəf idi. Hz. Osman istinsah üçün bu Müshəfi Həfsə’dən almışdı və çoxaldılma işi bitdikdən sonra yenidən ona qaytarmışdı. Bu, o Müshəfin də rəsmi mənbə olaraq etibarlandığını göstərir.

Hz. Osman’ın Qur’anı çoxaltma və fərqli nüsxələri yandırma əmri, Qur’anın qorunması və gələcək nəsillərə təhrif olunmadan ötürülməsi baxımından böyük bir əhəmiyyət daşıyır. Bu hadisə, həm İslamın əqidəvi sabitliyini qoruma, həm də ictimai birlik və bərabərliyi təmin etmək məqsədi ilə həyata keçirilmiş müdrik bir təşəbbüsdür. Bu səbəbdən Hz. Osman, tarixdə “Cəmiu’l-Qur’an” (Qur’anı birləşdirən) ünvanı ilə xatırlanmışdır.

15 Haziran 2025 Pazar

Erkən Dönəm Müshəfləri | Quran Tarixi - 4

Qurani-Kərimin yazıya keçirilməsi prosesi, Hz. Peyğəmbər (sav) vəfat etdikdən sonra sistemli şəkildə formalaşmağa başlamışdır. Xəlifə Hz. Əbu Bəkr dövründə Qurani-Kərimin vahid bir Müshəf halına gətirilməsi ehtiyacı ortaya çıxmış və bu istiqamətdə ilkin təşəbbüslər atılmışdır. Lakin Hz. Osman dövründə bu proses rəsmi və ümumi bir forma qazanmışdır. Ancaq həmin mərhələyə keçmədən öncə, sahabələrin şəxsi təşəbbüslərlə formalaşdırdığı erkən dövr Müshəflarini nəzərdən keçirmək, həm bu fərdi təşəbbüslərin mahiyyətini anlamaq, həm də Qurani-Kərimin tarixi inkişaf prosesini izləmək baxımından faydalı olacaqdır.

Hz. Əlinin Müshəfi

Ən çox müzakirə olunan Mushaflardan biri Hz. Əli (r.ə)-yə aid olan Müshəfdir. Rəvayətlərdə qeyd olunur ki, Hz. Əli Rəsulullahın (sav) vəfatından sonra bir müddət ictimai fəaliyyətlərdən uzaqlaşıb öz evinə çəkilmiş və bu müddət ərzində Qurani-Kərimi bir Müshəf halına gətirmişdir. Bu məlumat, başda İbn Əbu Davudun Kitabül-Məsahif'i olmaqla, həm sünni, həm də şiə mənbələrində qeyd olunur.

Hz. Əliyə aid olduğu iddia edilən bu Müshəflə bağlı iki əsas iddia irəli sürülür: birincisi, bu Müshəfin hazırda əlimizdə olan Müshəfdən fərqli bir tərtibə malik olmasıdır. Yəni, surələr nüzul sırasına əsasən düzülmüş, məsələn, Əlaq surəsi ilə başlayır. İkincisi isə bu Müshəfin hansısa xüsusi məna və şərhlərlə müşahidə olunması barədədir. Lakin nə qədim əlyazmalar, nə də klassik istinadlar arasında Hz. Əliyə aid edilən və bu günkü Müshəfin tərtibatından açıq-aşkar fərqlənən bir Müshəfin maddi nümunəsi mövcuddur. Belə bir Müshəfin həqiqətən mövcud olub-olmadığı və ya ictimaiyyətlə paylaşılıb-paylaşılmadığı sual altındadır.

Əslində, surələrin nüzul sırasına görə düzülməsi cəhdi, xüsusilə müasir dövrdə Qurani-Kərimi tarixçilik kontekstində oxumağa meyilli yanaşmaların gücləndiyi zamanlarda ön plana çıxmışdır. İzzət Dərvəzə kimi bəzi müasir müfəssirlər, Hz. Əliyə aid edilən bu Müshəfi bir növ model kimi təqdim etmişlər. Ancaq klassik elm əhli Qurani-Kərimin bu günkü Müshəf tərtibatının ayə və surələr arasında ilahi hikmətə əsaslanan uyğunluqları qoruduğunu vurğulayaraq, bu tərtibatdan kənara çıxmağı qəbul etməmişdir.

Hz. Fatimənin Müshəfi

Erkən dövr Müshəfləri arasında bəzən Hz. Fatiməyə (r.ə) aid edilən bir Müshəfdən də bəhs olunur. Xüsusilə bəzi şiə mənbələrində bu Müshəfin Qurani-Kərimin üç misli həcmində olduğu və ailəvi şəkildə qorunduğu iddia olunur (təbii ki, Quranın təhrifinə dair qapı açır bu açıqlama ki, bu da qəbul edilməzdir). Lakin burada "Müshəf" anlayışı bir məcmuə və ya yazılı səhifələr toplusu olaraq başa düşüldükdə, bu mənada, Hz. Fatimənin Müshəfinin "Qurani-Kərimə alternativ bir kitab" olduğu fikri doğru deyildir.

Əksər mənbələrin bildirdiyinə görə, bu Müshəfdə Hz. Fatimənin atası Hz. Peyğəmbərdən (s) eşitdiyi bəzi hədislər, duası, Quran ayələrinin səbəbi-nüzuluna dair bilgilər və bəzi təfsir qeydləri yer almışdır. Dolayısıyla, bu Mushafın Qurani-Kərimin özünə alternativ və ya ona əlavə hər hansı bir vəhy mənbəsi olması fikri, həm tarixi, həm də elmi baxımdan əsaslı deyildir.

Digər Sahabə Müshəfləri

Hz. Əbu Bəkrin xəlifəliyindən sonra bir çox sahabə, öz şəxsi istifadələri üçün fərdi Müshəflər tərtib etməyə başlamışdır. Bu təşəbbüslərin səbəbləri arasında evdə Quran səhifələrini saxlamağın bərəkətinə inanmaq və Hz. Peyğəmbərin (sav) Qurani-Kərimi oxumağın iki qat savab gətirdiyini buyurması kimi dini təşviqlər dayanırdı.

Bu dövrdə Abdullah ibn Məsud, Übey ibn Kə’b, Hz. Aişə və Hz. Hafsa kimi bir çox sahabənin öz Müshəflərini formalaşdırdığı məlumdur. Xüsusilə Hz. Ömərin uzunmüddətli xilafəti dövründə, İslam torpaqlarının genişlənməsi və Quran təliminə olan ehtiyacın artması ilə yanaşı, fərdi Müshəflər və səhifələrin sayı da artmağa başladı.

Kitabül-Məsahif kimi mənbələrdə Hz. Ömərin belə öz şəxsi Müshəfini yazdırdığına dair məlumatlar yer alır. Bu Müshəflərdə, mənbələrdə qeyd olunduğu kimi, tərtib və ya məzmun baxımından bəzi fərqliliklərə rast gəlinir.

Abdullah ibn Məsud Müshəfi

Abdullah ibn Məsudun Müshəfi ilə bağlı bəzi rəvayətlərdə Fatihə və son iki surənin (əl-Fələq və ən-Nas) onun Müshəfində yer almadığı iddia edilir. Lakin bu, onun Qurani-Kərimin bu surələrini inkar etməsi kimi anlaşılmamalıdır. Əksinə, izah olunur ki, bu surələr o qədər məşhur və gündəlik namazlarda oxunan surələr idi ki, onları yazılı şəkildə qeyd etməyə ehtiyac duymamış ola bilər (əks halda belə bir rəvayət təvil edilmirsə, xətalı şəkildə və ya uydurma bir rəvayət statusuna düşür). Nəzərə almaq lazımdır ki, bu Mushaf rəsmi deyil, şəxsi istifadəyə məxsus idi və onun tərəfindən “tam Quran budur” kimi bir iddia ortaya qoyulmamışdır.

Fərqli Qiraətlər və Yeddi Hərf Məsələsi

Erkən Müshəflər arasında müşahidə edilən fərqliliklərin bir səbəbi də Qurani-Kərimin "yeddi hərf" üzrə nazil edilməsi ilə əlaqələndirilir. Bu məsələ müxtəlif cür izah edilsə də, əsas fikir budur ki, Quranın nazil olunduğu dildə bəzi leksik və sintaktik variantlar mövcud idi və bu fərqliliklər Hz. Peyğəmbərin öz dilindən gələn mütəvatir qiraətlərə əsaslanırdı.

Sahabələr də, şahid olduqları bu fərqli oxunuşları əsas götürərək öz Müshəflarini tərtib etmiş ola bilərlər. Ancaq bu vəziyyət zamanla müəyyən ixtilaflara səbəb olmağa başlamışdı. Məhz bu səbəbdən Hz. Osman (r.a) dövründə vahid və rəsmi bir Müshəf üzərində ittifaqa gəlinmiş və fərqli qiraət formalarının daha geniş yayılaraq anlaşılmazlığa səbəb olması qarşısı alınmışdır.

Nəticə etibarilə, erkən dövr Müshəflərində rast gəlinən fərqliliklər Qurani-Kərimin güvənilirliyinə və ilahi mənbəyinə dair bir problem yaratmır. Bu fərqliliklər daha çox Quranın oxunuş formaları və anlayış çalarları ilə bağlı məsələlərdir.

Quranın Cəm Edilməsi və Müshəf Halına Gətirilməsi | Quran Tarixi - 3

Qurani-Kərimin yazılı şəkildə qorunmasının əsasları hələ Peyğəmbərimiz (s.ə.s) sağ ikən, həm Məkkə, həm də Mədinə dövründə atılmışdı. Məkkədə vəhyin gəldiyi ilk illərdə vəhy katibliyi məhdud sayda mövcud olsa da, Mədinədə həm yazıb-oxuma bilən səhabələrin sayının artması, həm də imkanların genişlənməsi ilə bu iş daha sistemli və məqsədyönlü bir şəkildə davam etdirildi. Altımışdan çox səhabənin bu missiyanı daşıdığı, Qurani-Kərimin müxtəlif materiallar üzərinə yazıldığı və bu prosesin şəxsən Rəsulullah (s.ə.s) tərəfindən təşviq və tənzim olunduğu rəvayət olunur. Bu faktlar Qurani-Kərimin yalnız hafizlərin yaddaşına buraxılmadığını, həm də yazılı formada qorunduğunu göstərir.

Lakin Qurani-Kərimin kitab halında, iki qapaq arasında tam bir Müshəf şəklində toplanması məsələsinə gəlincə, Peyğəmbərimizdən (s.ə.s) bu istiqamətdə konkret bir göstərişin olmadığı diqqəti cəlb edir. Çünki vəhy davamlı şəkildə gəldiyi üçün tam bir kitab halında yığıla bilməzdi.

Peyğəmbərimizin vəfatından sonra xəlifə seçilən Həzrət Əbu Bəkrin (r.a) dövrü, sabit və asayişli bir dövr deyildi. Mürtədlərlə mübarizə və saxta peyğəmbərlərə qarşı aparılan döyüşlər, müsəlman cəmiyyətində ciddi təlatümlər yaratmışdı. Bu döyüşlərdə, xüsusilə də Qurani-Kərimi əzbər bilən səhabələrin şəhid olması, Həzrət Ömər (r.a) üçün ciddi narahatlıq doğurdu. Qurani-Kərim elə bir irs idi ki, onun qorunması bəşər tarixinin taleyinə təsir edəcək qədər mühüm idi.

Həzrət Ömər, bu narahatlığını Həzrət Əbu Bəkrə çatdıraraq, Qurani-Kərimin dağınıq səhifələrdən toplanaraq bir Müshəf halında yazılı şəkildə qorunmasının vacibliyini irəli sürdü. Əbu Bəkr əvvəlcə tərəddüd etdi. Peyğəmbərin sağlığında edilməmiş bir işi necə edəcəyinə dair ehtiyatlandı. Lakin Həzrət Ömərin israrla xatırlatdığı risklər – hafizlərin şəhid olması, yazılı səhifələrin itməsi və dini mirasın itirilməsi təhlükəsi – Əbu Bəkrin fikrini dəyişdi. Beləcə bu addım, həm ehtiyacdan doğan, həm də ictihadi (ictimai və dini zərurətdən qaynaqlanan) bir qərar olaraq həyata keçirildi. Ən önəmlisi isə bu qərar təkcə iki xəlifənin şəxsi təşəbbüsü ilə qalmadı, səhabələrin ümumi razılığı ilə qəbul edildi.

Bu mühüm və məsuliyyətli iş üçün, həm vəhy katibliyi etmiş, həm də Qurani-Kərimi dərindən bilən səhabələr arasından Zeyd ibn Sabit (r.a) rəhbərliyində bir heyət təşkil edildi. Bu heyət, son dərəcə dəqiq və ehtiyatlı işləməyi qərara aldı. Əsas şərtlərdən biri bu idi ki, kim Qurandan bir parça gətirirsə, onu iki şahidlə təsdiqləməli idi. Bu iki şahid məsələsi bəzən yanlış anlaşılır: burada məqsəd hansı ayənin Qurandan olub-olmaması ilə bağlı şübhə deyildi – səhabələr Qurani-Kərimi çox yaxşı bilirdilər, bu barədə heç bir problem yox idi – əsas məqsəd, gətirilən yazılı parça həqiqətən Rəsulullahın (s.ə.s) hüzurunda və təsdiqi ilə yazılıbsa, bu yazının orijinallığını təmin etmək idi. Çünki Qurani-Kərimin hər bir sözü, ilahi vəhyin bir hissəsi kimi, son dərəcə dəqiqliklə qorunmalı idi.

Bu ehtiyatlı yanaşmanın əsasında, həm Peyğəmbərin (sav) vəhyin yazımına birbaşa nəzarət etməsi, həm də bəzi fərdlərin (məsələn, Abdullah ibn Sə’d ibn Əbi Sərh kimi) müdaxilələrinə qarşı erkən tədbirlərin görülməsi dayanırdı. Belə hallar isə ümumi prosesin etibarlılığına xələl gətirməmişdi.

Tövbə surəsinin son iki ayəsi ilə bağlı məşhur bir rəvayət də bu prosesin təfərrüatlarına işıq tutur. Həmin ayələrin yazılı surətdə yalnız Əbu Huzeymə əl-Ənsaridə olduğu deyilir. Bunu bəhanə edərək Qurani-Kərimin etibarlılığına kölgə salmaq istəyənlər olur. Halbuki məsələ aydındır: heç kim bu ayələrin Qurandan olub-olmadığını sorğulamırdı, çünki başqa səhifələrdə də və səhabənin hifzində də bu ayələr var idi, sadəcə həmin yazının Peyğəmbərin (s.ə.s) hüzurunda yazılıb-yazılmadığı təsdiqlənməli idi. Əbu Huzeymənin bu sahədə etibarına əsaslanaraq (çünki Peyğəmbər onun şahidliyini iki nəfərin şahidliyinə bərabər tutmuşdu), həmin ayələr də Müshəfə daxil edildi.

Əlbəttə, bəzi şəxsi zəiflik və ya səhvlərin olması ehtimalı istisna deyil, çünki səhabələr məsum deyildilər. Ancaq bu cür ehtimalların qarşısını almaq üçün həm Peyğəmbərin birbaşa nəzarəti, həm də sapma əlamətləri göstərənlərin erkən mərhələdə prosessdən uzaqlaşdırılması prosesi sağlamlaşdırdı.

Ayə və surələrin sıralaması məsələsi də diqqətə layiqdir. Bu ardıcıllıq səhabələrin şəxsi qərarı idimi, yoxsa vəhyə əsaslanan bir sıralama? Alimlərin bu məsələdəki araşdırmaları, Qurani-Kərimin təkcə məzmununun deyil, həm də sıralamasının ilahi mənbəli olduğunu göstərir. Bu sıralama sonradan təşkil edilmiş süni bir düzülüş deyil, bilavasitə Peyğəmbərin (s.ə.s) göstərişləri ilə formalaşmış bir tərtibdir. Buna dair bir sıra dəlillər də mövcuddur.

Qurani-Kərimin Müshəf halına gətirilməsi zamanı son dərəcə həssaslıq göstərilmişdi – Allahın kəlamı olmayan heç bir söz, işarə, say və s. Müshəfə əlavə edilməmişdi. Həzrət Əbu Bəkr dövründə hazırlanan bu ilk Müshəf, təəssüf ki, bu günə gəlib çatmayıb. Onun qorunması ardıcıl şəkildə əvvəl Həzrət Ömərə, daha sonra da Həzrət Həfsəya keçdi və Həzrət Osmanın dövründəki ikinci cəm prosesində əsas qaynaq kimi istifadə olundu. Bu Müshəfin məzmun baxımından bu gün əlimizdəki Qurani-Kərimlə eyni olması heç bir şəkildə sual altına alınmır.

Bütün bu proseslər nəticəsində Qurani-Kərim həm əzbər, həm də yazılı şəkildə qorunaraq, müsəlman ümmətinin ortaq mətni halına gəldi və gələcək nəsillərə də qüsursuz şəkildə çatdırıldı. Bu, sadəcə bir mətnin deyil, bir vəhyin əmanətidir.

12 Haziran 2025 Perşembe

Mədinə Dönəmi | Quran Tarixi - 2

Qurani-Kərimin yazıya alınması prosesi Rəsulullahın (s.ə.s.) həyatda olduğu dövrdə başlamışdı. Bu prosesin izləri artıq Məkkə dövründə də müşahidə olunur və hicrətə qədər davam etmişdi. Lakin hicrətdən sonra Mədinədə müsəlmanların yeni bir cəmiyyət qurması ilə yazıya alma fəaliyyəti də daha təşkilatlanmış şəkildə davam etmişdir. Hətta hicrətdən öncə belə, Rafi ibn Malik (r.a.) kimi səhabələrin bəzi ayələri yazılı vərəqlər şəklində Mədinəyə apardığına dair məlumatlar vardır.

Peyğəmbərimizin (sav) Mədinədə müstəqil bir ictimai nizam qurması və dövlət strukturunun təşəkkülü ilə birlikdə vəhyin katibliyi də rəsmi bir forma almış, katiblərin sayı tədricən artmışdır. Xüsusilə Məkkənin fəthindən sonra bu sahədə ciddi bir genişlənmə baş vermişdir.

Mədinə Dövründə Yazı Mədəniyyətinin Artması

Mədinə dövrü, təkcə siyasi baxımdan deyil, həm də ictimai və hüquqi baxımdan İslamın formalaşma mərhələsi olmuşdur. Ayə sayında da bu dövrdə əhəmiyyətli artım müşahidə edilir. Çünki sosial həyatın, ailə münasibətlərinin, ticarətin, miras və vəsiyyət kimi hüquqi məsələlərin tənzimlənməsi zərurəti meydana çıxmışdı. Beləliklə, əhkam (hökmlə bağlı) ayələrin yazıya alınması daha da əhəmiyyət kəsb etmişdi.

Bu dövrdə nazil olan bəzi ayələr müsəlmanları yazı öyrənməyə, sənədləşdirməyə təşviq etmiş, hətta bunu müəyyən mənada məsuliyyət və vəzifə halına gətirmişdi. Alış-verişin yazılı şəkildə sənədləşdirilməsi, vəsiyyətlərin yazılması ilə bağlı göstərişlər, İslam cəmiyyətində yazı mədəniyyətinin yayğınlaşdığını göstərir. Belə bir mühitdə Qurani-Kərimin yazıya alınmaması düşünülə bilməzdi.

Əsas Məqam: Quran Peyğəmbərimizin Həyatında Tam Şəkildə Yazıya Alınıb

Qurani-Kərim bütöv şəkildə Rəsulullah (s.ə.s.) sağ ikən yazıya alınmışdır. Məkkədə başlayan yazıyaalma prosesi Mədinədə həm ardıcıl, həm də sistemli şəkildə davam etmişdir. Həm vəhyin tez-tez gəlməsi, həm də Peyğəmbərimizin (sav) yazıya önəm verməsi bu prosesi gücləndirmişdir.

Yazılı Qurana Dair Nümunə və Sübutlar

Mədinə dövründə Qurani-Kərimin yazılı forması ilə bağlı çoxsaylı nümunə və işarələr mövcuddur:

  • Məktublaşmalar: Hicrətdən sonra nazil olan ayələrin Məkkədə qalan müsəlmanlara məktub vasitəsilə göndərilməsi bu fəaliyyətin göstəricisidir. Məsələn, Bəqərə surəsinin 97-ci ayəsinin Məkkədəki möminlərə çatdırılması nəticəsində hicrət edənlərin sayı artmışdır.

  • Dövlət rəhbərlərinə məktublar: Rəsulullahın (s.ə.s.) Kisra, Herakl, Nəcaşi kimi dövlət başçılarına göndərdiyi məktublarda Qurandan ayələrə yer verilməsi bu ayələrin yazılı formalarının mövcudluğuna dəlalət edir. Eyni hal müxtəlif qəbilə başçılarına göndərilən məktublarda da müşahidə olunur.

  • Vəhy katibləri: Peyğəmbərimizin yanındakı vəhy katibləri yalnız onun üçün deyil, həm də özləri üçün ayələri istinsah edərək şəxsi səhifələr hazırlamışdılar. Bu fəaliyyət Məkkə dövründən bəri davam edirdi.

  • Yazılı müshəflərə hörmət: Bəzi səhabələr yazı bilməsələr də, yazı bilənlərin hazırladığı müshəfləri evlərində təbərrük məqsədilə saxlayırdılar.

  • Muska istifadəsi: Qurandan ayələrin yazılaraq müska halında boyuna taxılması və bu yolla bərəkət axtarılması, ayələrin yazılı şəkildə dövriyyədə olduğunu göstərir.

  • Salman əl-Farisi nümunəsi: Fars mənşəli müsəlmanların Fatihə surəsinin farsca tərcüməsini tələb etməsi və Peyğəmbərimizin buna icazə verməsi, yazılı mətnin fərqli coğrafiyalara qədər yayıldığını göstərir.

  • Evdə saxlanan yazılı parçalar: Rəsulullahın xanımı Hz. Aişənin otağında ayələrin yazılı səhifələrinin saxlanması da bu həqiqətin mühüm sübutlarındandır.

Quranın Tam Yazıya Alındığını Göstərən Bəzi Dəlillər

  • "Üç dəfə cəm edilməsi" rəvayətləri: Hakim ən-Nisaburi və Haris əl-Muhasibi kimi alimlərin verdiyi məlumata görə, Qurani-Kərim üç dəfə cəm olunmuşdur. İlk dəfə, Peyğəmbərin sağlığında, ayələrin yazıya alınması ilə reallaşmışdır.

  • Hz. Əbu Bəkr (r.a) dövründəki Müshəfin cəmi: Qurani-Kərimin Rəsulullahdan sonra Hz. Əbu Bəkrin əmri ilə bir kitab halına gətirilməsi (müshəf halına salınması), ayələrin artıq yazılı şəkildə mövcud olduğunu göstərir. Zeyd ibn Sabitin rəhbərliyi ilə bu işi yerinə yetirən heyət, hər bir yazılı parçanın Rəsulullahın nəzarətində yazıldığını təsdiqləyən iki şahid tələb etmişdir. Bu isə Qurani-Kərimin hər ayəsinin Peyğəmbərin həyatı dövründə yazıya alındığını göstərən çox mühüm tarixi sənəddir.

Quranın Etibarlılığı: Yazı iləmi, Yoxsa Şifahi Yol ilə?

Əlbəttə, Qurani-Kərimin yazıya alınması, xüsusilə müasir dövrdə irəli sürülən şübhələrə qarşı mühüm bir zəmanətdir. Əlyazmaları, karbon testləri, qədim daş kitabələr və məktublar bu mətnin orijinallığını təsdiqləyir. Lakin Qurani-Kərimin etibarlılığını təmin edən ən mühüm amil onun yazılı şəkildə ötürülməsi deyil.

Ən mühüm zəmanət – mütəvatirlikdir.

Qurani-Kərim, nəsildən-nəslə, minlərlə səhabə və tabein tərəfindən şifahi və yazılı şəkildə ötürülmüş, oxunmuş və qorunmuşdur. Onun hər ayəsi minlərlə nəfər tərəfindən öyrənilmiş, oxunmuş və ötürülmüşdür. Bu da onu həm yazılı, həm də hafizələrdə yaşayan bir kitab halına gətirmişdir.

9 Haziran 2025 Pazartesi

Vəhyin Yazılması | Quran Tarixi - 1

Qurani-Kərimin yazıya alınma prosesi, onun nazil olması ilə bərabər başlayan, həm dünya, həm də axirət səadətinin əsası kimi qəbul edilən bu ilahi kitabın etibarlılığı ətrafında illərdir irəli sürülən suallar baxımından olduqca əhəmiyyətli bir mövzudur. Ənənəvi din anlayışını sarsıtmaq niyyətində olanlar tez-tez Quranın ilkin yazıya alınma tarixini, vəhy katiblərini və köhnə müshəflərin etibarlılığını hədəfə alaraq bu prosesi şübhə altına almağa çalışırlar. Bu baxımdan, məsələyə əsas xətlər üzrə nəzər salmaq zəruridir.

Məlumdur ki, Peyğəmbərimiz (s.ə.s), peyğəmbərliyindən əvvəl Ramazan aylarında Hira mağarasında təkbaşına qalmaqla məşğul olurdu. Bu, təkcə Ona məxsus bir hal deyildi; o dövrdə “hənif” və ya “münzəvi abid” kimi tanınan bəzi şəxslər də eyni şəkildə cəmiyyətdən uzaqlaşaraq mənəvi tənhalığa çəkilirdilər. Məhz bu mənəvi səssizliyin içində, Qədr gecəsində Quranın nazil olması ilə yeni bir dövr başladı.

Qurani-Kərimin enməsi ilə bağlı iki əsas məna qeyd olunur:

  • İnzal – Quranın bütöv şəkildə mənəvi bir aləm olan "Beytül-İzzə"yə endirilməsi. Bu, Ramazan ayının Qədr gecəsində baş vermişdir.

  • Tənzil – Quranın hissə-hissə endirilməsi. Bu da yenə Qədr gecəsində başlamış, lakin 23 illik risalət dövrü boyunca mərhələli şəkildə davam etmişdir.

Bu fərqləndirmə Quranın müxtəlif ayələrində dolayısıyla qeyd olunmaqla yanaşı, İbn Abbas (r.a) tərəfindən də açıq şəkildə ifadə olunmuşdur.

İlk nazil olan ayələrlə bağlı olaraq siyər, təfsir və hədis mənbələrinə yaxşı bələd olanlar “İqra” surəsinin ilk beş ayəsinin ilk nazil olan ayələr olduğu fikrində ittifaq içindədir. Amma ilk nazil olan tam surənin hansı olduğu ilə bağlı müxtəlif görüşlər mövcuddur. Müfəssirlər və Quran elmləri üzrə alimlər arasında Fatihə, Müddəssir və Müzzəmmil surələrinin ilk nazil olanlar sırasında olduğu söylənilir. Bu surələrin bir-birinə çox yaxın zamanlarda, hətta eyni gün içində nazil olmuş ola biləcəyi səbəbilə onların xronoloji sırasını dəqiq müəyyənləşdirmək çətindir. Həm də bu dövrdə hələ açıq dəvət başlamadığı üçün bu bilgilər yalnız Peyğəmbərimizin (s.ə.s) özündə idi və daha sonra ayrıca soruşulmadığı üçün ilkliyə dair konkret bir hökm vermək mümkün olmamışdır. Fəqət gördüyümüz qədəri ilə, böyük ehtimal ki, tam surə şəkildə nazil olan ilk surə Fatihə olmuşdur.

Quranda “ayə” termini işarə, dəlil və möcüzə mənasında işlədilir, “surə” isə ərəb dilində “sədd”, yəni qala divarı mənasını verir. Müxtəlif rəqəmlər olsa da, ümumən Quran 114 surədən və 6236 ayədən ibarət sayılır.

Nazil olmaqla birlikdə ortaya çıxan başqa bir məsələ Quranın bir xitab kimi, yoxsa mətn kimi dəyərləndirilməsidir. Quran “Oxu!” əmri ilə başlayan ilahi bir bəyanatdır. Bəzi müasir araşdırmaçılar onun ilk mərhələdə sadəcə şifahi bir xitab olduğunu iddia etsə də, fikrimizcə Quran həm xitab, həm də yazıya keçid prosesini özündə birləşdirən dinamik bir təcrübə ilə formalaşmışdır. Peyğəmbərimizin “oxumağı bilmirəm” və ya “nəyi oxuyum?” kimi cavabları, ilk mərhələdə vəhyin yazılı bir mətn olaraq deyil, səma (eşitmə) yolu ilə endirildiyini göstərir. Təbəri təfsirində qeyd edilən, ilk ayələrin nurdan yazılmış ipək bir səhifə üzərində nazil olması rəvayəti isə texniki baxımdan zəif sayılır. Dolayısıyla, vəhyin başlanğıcda Cəbrayılın (ə.s) ilahi xitabı şəklində gətirdiyi qəti şəkildə söylənə bilər.

Quranın mətnə çevrilməsi mövzusunu anlamaq üçün cahiliyyə dövründə Məkkədəki yazı yazma səviyyəsinə nəzər salmaq faydalıdır. Bəzi rəvayətlərdə Məkkədə sadəcə 17 nəfərin yazı yaza bildiyi qeyd edilsə də, bu rəqəmin yalnız yazmaqda mahir olan şəxslərə aid olduğu ehtimalı daha güclüdür. Ticarət şəhəri olan Məkkədə işini idarə etmək üçün oxuyub-yazmağı bacaran insanların daha çox olduğu açıqdır. “Muəlləqat” adı verilən və Kəbəyə asılan şeirlərin yazılı şəkildə dolaşması da bu qənaəti gücləndirir. Bu baxımdan, Quranın yazıya alınmasının Məkkə dövrünün erkən mərhələlərindən etibarən başlandığını qəbul etmək üçün yetərli səbəblər var.

Bu kontekstdə Quranda qeyd olunan “Ümmiləri arasından elçi” ifadəsi də izah tələb edir. “Ümmi” termini təkcə yazıb-oxumağı bilməyən demək deyil; dini baxımdan bir təhsildən keçməmiş, əvvəlcədən ilahi bir kitab oxumamış kimsəyə də “Ümmi” deyilir. Peyğəmbərimizin (s.ə.s) “Ümmiliyi” də həm də bu mənada da başa düşülməlidir.

Məkkədə müəyyən qədər savadlı insanların olması, vəhyin yazıya alınması üçün ilkin şərtlərin mövcud olduğunu göstərir. İslamın ilk illərində müsəlman olan Hz. Əbu Bəkr və Hz. Osman kimi şəxslər savadlı idilər və vəhy katibliyinin formalaşmasında mühüm rol oynamışdılar. Dolayısıyla, Quran həm hifz yoluyla, həm də yazı vasitəsilə qorunmağa başlanmışdır.

Mənbələrdə bu prosesə dair bir sıra erkən dövr sübutları qeyd olunur:

  • Hz. Osmanın “Vallahi bu əl ilk dəfə Müfəssəl surələri yazan əldir” sözləri, onun Məkkə dövründə Quranı yazıya köçürdüyünü göstərir.

  • Qadi İyazın “Şifa” əsərində verilən bir rəvayətə görə, Peyğəmbərimiz (s.ə.s) Hz. Osmana onun şəhid ediləcəyini və qanının hansı ayə üzərinə axacağını əvvəlcədən bildirmişdir.

  • Həbəşistana hicrət edən müsəlmanların özləri ilə Quran səhifələri apardıqları və Nəcaşi qarşısında Məryəm surəsinin oxunduğu rəvayətlər, risalətin 4-5-ci ilində belə yazılı Quran parçalarının mövcud olduğunu göstərir.

  • Hz. Ömərin İslamla şərəfləndiyi zaman bacısı Fatimənin evində Quran səhifələrini gizlətməsi, həmin evdə Taha və digər surələrin parçalarının mövcudluğu bu dövrdə yazılı nüsxələrin olduğunu təsdiqləyir.

  • Vaqiə surəsinin “Ona ancaq təmiz olanlar toxuna bilər” mənasındakı ayəsi də Quranın maddi bir varlıq olaraq da mövcudluğunu göstərir.

  • Birinci Əqabə beyətində Mədinədən gələn səhabələrin Quran ayələrini yazılı şəkildə aparmaq istəməsi də bu prosesin sadəcə şifahi yox, yazılı formada da davam etdiyini göstərir.

Nəticə etibarilə, Quranın vəhyinin başlanğıcından etibarən həm hifz, həm də yazılı şəkildə qorunduğu, bu qorumanın həm ilahi təqdir, həm də insan amili ilə həyata keçirildiyi açıq şəkildə görünməkdədir. Yazıya alınma prosesi heç də sonradan uydurulmuş və ya sistemsiz bir hal deyil, əksinə risalətin təməl mərhələsindən etibarən mərhələli şəkildə formalaşmışdır.

Təsəttür: Əsarət ya Azadlıq?

İnsan övladı, var olduğu gündən bəri “azadlıq” və “əsarət” anlayışlarını müzakirə etmiş, bu anlayışları çox vaxt fiziki sərhədlərlə izah etm...