Orientalizm etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Orientalizm etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

4 Haziran 2025 Çarşamba

Akademik Dövr | Orientalizmin Tarixi - 3

Orientalizmin Akademik Dönəmi: XIX əsrdən Günümüzə

Orientalizmin XIX əsrdən başlayaraq bu günə qədər uzanan akademik dönəmi, İslam dünyası ilə bağlı araşdırmaların həm keyfiyyət, həm də kəmiyyət baxımından əhəmiyyətli dərəcədə artdığı bir dövrü təmsil edir. Bu mərhələ əvvəlki romantik və səthi maraqlardan fərqli olaraq, İslamı artıq ciddi bir tədqiqat mövzusuna çevirən akademik yanaşmaların formalaşdığı bir zaman dilimidir. Məsələn, Adam Mez-in qeyd etdiyi kimi, təkcə 1800–1950 illəri arasında Qərbdə İslamla bağlı təxminən 60 min kitab nəşr olunmuşdur ki, bu da bu istiqamətdəki marağın miqyasını göstərir.

Bu dövrdə aparılan araşdırmalar yalnız universitet professorlarının işi ilə məhdudlaşmamışdır. Səyyahların səfərnamələri, müstəmləkəçi məmurların qeydləri, sahədə çalışan tədqiqatçıların müşahidələri də bu ümumi elm hovuzuna daxil olmuşdur. Nəticədə on minlərlə kitab, məqalə, tezis və konfrans çıxışı ortaya çıxmış, yeni elmi kürsülər qurulmuş, müntəzəm elmi toplantılar keçirilməyə başlanmışdır. Əvvəllər yalnız Quran tərcüməsi və ya əlyazma toplusu kimi məhdud mövzularda gedən tədqiqatlar, getdikcə İslam tarixi, hüququ, fəlsəfəsi, mədəniyyəti və gündəlik həyatına qədər çoxşaxəli bir sahəyə çevrilmişdir.

Bu cür geniş və sistemli fəaliyyətlər nəticəsində, orta əsrlər Qərbindəki düşmən obrazına dayanan İslam təsəvvürü müəyyən dərəcədə yumşalmış, ən azından akademik səviyyədə ifadələr daha diqqətlə seçilməyə başlanmışdır. Amma bu o demək deyil ki, İslama qarşı mənfi və stereotipləşmiş baxış tamamilə aradan qalxmışdır. Əksinə, bu baxış forması bir çox hallarda mahiyyətini qoruyub saxlamış və müasir dövrdə də fərqli formalarda yaşamağa davam etmişdir. Məsələn, orta əsrlərdə Yuhanna əd-Dıməşqi-nin Hz. Peyğəmbəri (sav) saxta peyğəmbər kimi təqdim etməsi ilə bu gün bəzi müasir Qərb tədqiqatçılarının irəli sürdüyü oxşar ittihamlar arasında müəyyən bir davamlılıq görmək mümkündür. Bu da göstərir ki, söhbət təkcə akademik yanaşmadan yox, bəzən dərinliklərdə dayanan varoluşsal bir baxış tərzindən gedir.

Bu mənada akademik orientalizmi, təkcə İslamı öyrənmək məqsədi güdən bir elm sahəsi yox, eyni zamanda bir intellektual miras və öz içinə istər-istəməz daxil edən bir ənənə kimi də başa düşmək lazımdır. Qərbdə İslamla bağlı araşdırma aparan hər bir akademik bu mirasın bir parçası sayılır və onu davam etdirir. Xüsusilə XIX əsrin birinci yarısı — təxminən 1830-cu illərdən başlayaraq — İslam haqqında Qərbdə aparıcı və təsirli əsərlərin ortaya çıxdığı bir dövr olmuşdur. Bu dövrdə Quran təhlilləri, Hz. Peyğəmbərin həyatı, Quran ilə Bibliya arasındakı müqayisələr, hədis (məsələn, Goldziherin yanaşmaları), İslam hüququ, kəlam və təsəvvüf mövzuları diqqət mərkəzində olmuşdur.

Paradiqma Fərqi

Burada çox vacib bir məsələ var: Qərbli bir tədqiqatçının İslama, xüsusilə Qurana baxışı ilə bir müsəlmanın baxışı arasında əsaslı bir paradiqma fərqi mövcuddur. Bu fərqi nəzərə almadan orientalist tədqiqatları başa düşmək, çox zaman onları tam obyektiv və ya neytral zənn etməyə gətirib çıxara bilər.

  • Orientalistin Qurana Baxışı: Qərbli tədqiqatçı Quranı daha çox tarixşünaslıq və mətn tənqidi metodları ilə təhlil edir. Onun üçün Quran Hz. Muhəmmədin (sav) dövrü və fəaliyyəti ilə bağlı məlumat əldə etmək üçün tarixi bir mənbədir. Quran, orientalist baxışda ilahi vəhy yox, insan mənşəli bir mətndir. Bu yanaşma, təbii olaraq, Qurana iman etməyi və onu daxili bir təcrübə kimi yaşamayı əhatə etmir. Əksinə, məqsəd "başqasını anlamaq" səviyyəsində qalır.

  • Müsəlmanın Qurana Baxışı: Müsəlman üçün isə Quran sadəcə bir mətn deyil, Allahın vəhyidir. O, Qurana iman edir, onun Allahdan Cəbrail vasitəsilə Hz. Peyğəmbərə (sav) göndərildiyinə inanır. Bu iman münasibəti, Quranla varoluşsal bir bağın yaranmasına səbəb olur. Müsəlman Qurana baxanda, sadəcə tarixi və ya mədəni bir obyekt görmür; o, öz kimliyini, imanını və həyatını istiqamətləndirən bir həqiqətlə qarşılaşır.

Bu paradiqma fərqi, orientalistlərin əsərlərində özünü açıq şəkildə göstərir. Onların hər bir tədqiqatında bu dünyagörüşünün izlərini oxumaq mümkündür. Bu səbəbdən, İslamla bağlı qərb mənbələrinə yanaşarkən, bu fərqli baxış bucaqlarını da nəzərə almaq son dərəcə vacibdir.

Akademik Orientalizmdə Qurani-Kərim Araşdırmaları

Müasir dövrdə orientalistlərin Qurani-Kərim sahəsində apardığı elmi araşdırmalar, bu kitabın tarixi və elmləri ilə bağlı ardıcıl və sistematik şəkildə iz sürmək məqsədi daşıyır. Bu tədqiqatlar əsasən üç istiqamətdə cəmləşmişdir:

1. Mənşə və mənbə axtarışları

Orientalistlərin Qurani-Kərimlə bağlı ilk və ən çox maraq göstərdikləri istiqamət, bu kitabın mənşəyini başqa dini və mədəni ənənələrdə axtarmaq olmuşdur. Bu cəhdlər xüsusilə alman-yəhudi orientalisti Abraham Geiger ilə başlanır. Geigerin dövrü (1810–1874) həm də akademik orientalizmin formalaşmağa başladığı bir mərhələdir. O, filologiya, tarix, fəlsəfə, arxeologiya kimi sahələrdə ciddi təhsil almış, semit dillərini, o cümlədən ərəb dilini öyrənmişdi.

Geiger, müəllimi Freitagın təşviqi ilə Qurani-Kərimi yəhudi mənbələri ilə müqayisə edərək, bu kitabın əsasən yəhudi dini ənənələrindən qaynaqlandığını iddia etmişdi. Peyğəmbərimizi də guya yəhudi düşüncəsini yenidən təşkil edib onu İslam adı altında təqdim edən bir “reformist” kimi təsvir etməyə çalışmışdı. Əslində bu, Geigerin öz reformist yəhudi kimliyini elmi araşdırma adı altında ifadə etməsindən başqa bir şey deyildi. Həmin dövrdə Avropada yəhudilərin kənara atılması, xristianların isə hegemon mövqedə olması da bu yanaşmanın sosial-mədəni fonunu təşkil edirdi. Yəhudi mənşəli orientalistlər bəzən İslamı xristianlara qarşı ideoloji bir alət kimi istifadə etməyə çalışırdılar.

Başlanğıcda Qurani-Kərimin mənşəyi yəhudilikdə axtarılırdısa da, İkinci Dünya Müharibəsindən sonra bu axtarışlar xristianlıq üzərinə yönəldi. Richard Bell kimi simalar bu sahədə ön plana çıxdılar. Daha sonra bu iddialar “Son Qədim Dövr” adlanan daha geniş bir mədəni-mənbəvi çərçivəyə yayıldı. Burada artıq yəhudilik, xristianlıq, zərdüştilik kimi müxtəlif dinlərin Qurani-Kərimə təsiri araşdırılırdı. Əslində isə bütün bu yanaşmaların arxasında dərin dini və ideoloji motivasiyalar dayanırdı.

2. Müshəfin tarixi ilə bağlı araşdırmalar

XIX əsrin əvvəllərindən başlayaraq, orientalistlər Qurani-Kərim mətninin tarixi inkişafını öyrənməyə ciddi maraq göstərməyə başladılar. Bu sahədə ilk önəmli adlar arasında Ignaz Goldziher və onun ardınca Carl Brockelmannın tələbəsi Theodor Nöldeke yer alır. Nöldekenin məşhur “Qurani-Kərim tarixi” adlı əsəri İslam rəvayətlərinə əsaslansa da, digər bəzi orientalistlər, xüsusilə Bertram Thomas və Otto Pretzl, əl yazmaları üzərindən tamamilə yeni bir mətn tənqidi layihəsi başlatmaq istədilər.

Onların məqsədi müxtəlif bölgələrdən qədim Quran nüsxələrini toplayaraq (fotoşəkillərlə və ya orijinal mətnlərlə), bu materialları elmi metodlarla (karbon testi, material analizi və s.) analiz etmək idi. Bu layihənin ən tanınmış nümunəsi Corpus Coranicum olmuşdur. Lakin bu təşəbbüs İkinci Dünya Müharibəsi ilə dayandırıldı.

Məqsəd aydındır: ya Qurani-Kərimin həqiqətən sonralar yazıldığını sübut edəcəkdilər, ya da onun ilk dövrlərdən bəri dəyişmədiyini görəcəkdilər. Maraqlısı budur ki, son nəticə onların gözlədikləri kimi olmadı. Araşdırmalar, Qurani-Kərimin çox erkən dövrlərdən bu günə qədər mahiyyətcə dəyişmədiyini, yalnız kiçik katib xətalarının olduğunu ortaya qoydu. Hicri I və II əsrlərə aid Tübingen, Berlin və Topqapı nüsxələri, eləcə də Səna əlyazmaları bu sabitliyi təsdiqləyir. Gerd Puin və bəzilərinin spekulyativ iddiaları isə daha sonra elmi şəkildə təkzib olundu və bu fərqliliklərin əksəriyyətinin sadəcə müstənsih xətaları olduğu göstərildi.

3. Mətn üzərində analizlər və daxili struktur araşdırmaları

Orientalistlər, öz müqəddəs kitabları olan Tövrat və İncilin xronoloji quruluşundan təsirlənərək Qurani-Kərimi də zaman ardıcıllığına görə sıralamağa çalışdılar. Nöldeke və Gustav Weil surələrin, Richard Bell isə ayələrin xronoloji tertibini hazırlamağa cəhd etdilər. Amma son nəticədə, bu cəhdlərin İslam mənbələrindəki nüzul (eniş) tərtibindən çox da fərqli olmadığı ortaya çıxdı.

Qurani-Kərim vəhy ilə nazil olmuş bir kitab olduğu üçün onun strukturunun xronoloji deyil, tematik və funksional əsaslara görə qurulması təbiidir. Bunu başa düşmədiklərindən, orientalistlərin cəhdləri dalana dirəndi. 1980-ci illərdən sonra diqqət daha çox mövcud Müshəf tertibi və onun daxili məntiqinə yönəldi.

Modern ədəbiyyat nəzəriyyələri işığında, Qurani-Kərimin ayə və surələrinin arasında bir məqsədli ardıcıllıq olduğu, bu ardıcıllığın daxili struktur və mənəvi əlaqələrə söykəndiyi iddia olunmağa başlandı. Angelica Neuwirth, Mustansir Mir, Nico Robinson və Devin Stewart kimi tədqiqatçılar bu sahədə öndə gedənlərdəndir. Əslində, bu cür yanaşmalar İslam elmi ənənəsində əsrlərdir davam edən “münasəbat” ədəbiyyatı ilə səsləşir. Yəni, müsəlman müfəssirlər Qurani-Kərimin strukturunda olan daxili vəhdəti artıq əsrlərdir izah edirlər.

Orientalist tədqiqatları

Akademik orientalizmin 150 ildən çox tarixi var. Təbii ki, bu sahədə çalışan bütün tədqiqatçıları qərəzli və ya müstəmləkəçiliklə bağlı görmək doğru deyil. Elmi prinsiplərlə, obyektivliklə işləyən, İslamı dərindən anlamağa çalışan oryentalistlər də mövcuddur.

Lakin unutmamaq lazımdır ki, heç bir tədqiqatçı yaşadığı dövrün təsirindən, intellektual mühitdən və müəyyən ideoloji çərçivələrdən tamamilə uzaq qala bilməz. Ona görə də bu tədqiqatlara yanaşarkən aşağıdakı prinsipləri əsas götürmək gərəkir:

  • Əgər orientalist araşdırmalar elmi və məlumat xarakterlidirsə (Quran tarixi, təfsir tarixi və s.), onlardan faydalanmaq mümkündür.

  • Əgər bu araşdırmalar artıq İslamı mahiyyətcə təyin etməyə, ona kimlik verməyə çalışırsa, orada diqqətli olmaq və məsafə saxlamaq lazımdır.

  • Hər bir mətni oxuyarkən onun arxa planını, müəllifin mövqeyini və məqsədini başa düşmək vacibdir.

Bunun üçün isə ciddi bir hazırlıq lazımdır: həm orientalizmin tarixi, həm Şərq-Qərb münasibətləri, həm də Qurani-Kərim və İslam elmlərinə dərindən bələdlik tələb olunur.

3 Haziran 2025 Salı

Aydınlanma Dövrü | Orientalizmin Tarixi - 2

 “Qaranlıq dövr”ün xüsusiyyətləri

Orientalizmin ilkin mərhələsi adlandırıla biləcək “qaranlıq dövr”də İslam və Həzrət Muhəmməd (s) haqqında kifayət qədər sərt və qərəzli yanaşmalar ön planda idi. Bu dövrdə Peyğəmbərin (s) – haşa – yalançı olduğu kimi cəfəng iddialar irəli sürülüb. Daha qəribəsi isə, vəhy anında yaşanan fiziki hallar – məsələn, titrəmə və ya huşsuzluq – o dövrün bəzi xristian din adamları tərəfindən xəstəlik əlamətləri kimi izah olunub, xüsusilə də epilepsiya əlamətləri sayılıb.

Bununla kifayətlənməyib, Həzrət Muhəmmədin (sav) guya cadudan istifadə edərək insanları özünə tabe etdirdiyi, hətta təsir dairəsini Afrikaya qədər genişləndirdiyi də iddia olunub. Xüsusilə sərt katolik əxlaq normalarına tabe olanların, İslamın cinsi azadlıq gətirdiyinə inandıqları üçün bu dini qəbul etdikləri kimi absurd fikirlər də irəli sürülüb. İslamı qəbul edənlərin səmimi inamdan deyil, sırf maddi maraqlardan dolayı bu yola girdiyi də geniş yayılmış iddialardan biridir. Hətta bəzi əsərlərdə o qədər ağlabatanlıqdan uzaq fikirlər yer alıb ki, guya müsəlmanlar Allaha deyil, Həzrət Muhəmmədə (s) ibadət edir, onun qiymətli daşlardan hazırlanmış bütünü düzəldib ona sitayiş edirmişlər.

Bu baxışa əsasən, İslam dini sadəcə ehtiras və zorakılıq üzərində qurulmuş, haraya çatıbsa, dağıdıb, viran qoymuş bir güc kimi təqdim olunurdu. Hətta daha da irəli gedərək, Həzrət Muhəmmədin əslində bir kardinal olduğu, lakin papa seçilə bilmədiyi üçün Ərəbistana gedərək öz dinini uydurduğu və Xristianlığa qarşı mübarizəyə başladığı kimi uydurma fikirlər də səsləndirilib. İslamın xristianlığın azğın bir qolu kimi qələmə verilməsinin kökündə də məhz bu tip iddialar dayanırdı.

Aydınlanma mərhələsi və əsas anlayış dəyişikliyi

Bəzi tədqiqatçılar bu dövrü “İslamın təhrif olunmuş imici” mərhələsi adlandırırlar. Lakin sonradan, təxminən XII-XVII əsrləri əhatə edən, xüsusilə də XIII əsrdən etibarən aydınlanma dövrü başlayır. Bu dövr, ingilis dilində “ağlın və ümidin çağı” kimi xarakterizə olunur. Əslində, İslama dair aparılan tərcümə və araşdırma işləri rasional xarakter daşıyırmış kimi görünsə də, bunların da arxasında müəyyən ideoloji məqsədlər dayanırdı.

Məsələn, Salter Westen kimi tədqiqatçılar qeyd edirlər ki, insanlar tanımadıqları bir dünyanı anlamağa çalışarkən, onu bildikləri dünyaya bənzətmə meyli göstərirlər. Bu yanaşma, erkən Latın mənbələrində İslamın təqdimatında da açıq-aydın görünür. Başqa sözlə, xristianlığın o dövrdəki vəziyyəti İslama proyeksiya edilərək bu din izah edilməyə çalışılırdı.

Ərəb dilindən tərcümələr bu mərhələyə keçiddə mühüm rol oynayırdı. Qurani-Kərimin tərcüməsi belə, düşməni “öz silahı ilə vurmaq” məqsədinin bir hissəsi kimi görülürdü. Məsələn, XV əsrdə yaşamış John of Segovia hesab edirdi ki, Qurani-Kərim Tanrı kəlamı olub-olmadığını müəyyən etmək üçün ciddi şəkildə təhlil olunmalıdır. Əgər ayələrdə ziddiyyətlər, dolaşıqlıq və məntiqsizliklər aşkarlansa, bu kitabın ilahi mənşəli olmadığına dair arqumentlər gücləndirilə bilərdi. Amma bunun üçün də təhrif olunmamış, dəqiq bir mətnə ehtiyac vardı – səhv tərcümələr və ya qəsdən təhrif olunmuş mətnlər bu cəhdləri puç edirdi. Ona görə də, İslamın mətnlərini birbaşa oxumaq ehtiyacı ortaya çıxmışdı.

İnstitusionallaşma və dil tədrisi

XIII əsrdən sonrakı dövr orientalizmin daha sistemli və qurumsal şəkildə inkişaf etdiyi mərhələdir. Bu baxımdan 1312-ci ildə keçirilən Vyana Konsili xüsusi önəm daşıyır. Bir çox araşdırmaçı məhz bu konsili orientalizmin başlanğıcı sayır, çünki ondan əvvəlki mərhələlər əsasən səthi və fərdi səviyyədə qalmışdı.

Bu konsilin əsas qərarlarından biri Avropa universitetlərində rəsmi şəkildə ərəb dilinin tədrisinə başlanması ilə bağlı idi. Dərindən araşdırma aparmaq üçün ilkin şərt mənbə dilini bilməkdir. Konsilin qərarı ilə Oxford, Paris və Bolonya kimi o dövrün aparıcı universitetlərində ərəb dili kafedralarının yaradılması qərara alınmışdı. Maraqlı məqam isə bu qərarın universitetlərin öz təşəbbüsü ilə deyil, birbaşa kilsənin müdaxiləsi ilə reallaşmasıdır.

Həmin kafedralar yalnız ərəb dili ilə məhdudlaşmayıb – süryani və ivrit dillərinin də öyrədilməsi nəzərdə tutulmuşdu. Çünki bu dillər səmavi dinlərin ortaya çıxdığı coğrafiyaların dil ailəsinə aiddir və həmin dinlərin mahiyyətini anlamaq üçün bu dillərin öyrənilməsi zəruri sayılırdı.

Doğrudur, bu qərar qəbul edilsə də, iki əsr ərzində ərəb dilini yüksək səviyyədə tədris edə biləcək müəllim tapmaq çətin idi. Bu sahədə real irəliləyiş yalnız 1587-ci ildə Fransada Collège de France-də ərəb dili kafedrasının yaradılması ilə baş verdi. Ardınca 1632-ci ildə Kembricdə, 1634-cü ildə isə Oksfordda da ərəb dili üzrə fakültələr açıldı.

Əsas fiqurlar və mənbələrə çıxış

Aydınlanma dövrünün ən önəmli simalarından biri Edward Pococke (1604–1691) olmuşdur. O, Oxford universitetində ilk ərəb dili kafedrasının rəhbəri olmuş və elmi məqsədlərlə Şərqə səyahət edən ilk Avropa alimlərindən biri sayılır. Pococke-nin əsas əhəmiyyəti ondan ibarətdir ki, o, ilk dəfə orijinal ərəb mənbələrindən Qərb dillərinə tərcümələr etmiş və bununla da Qurandan kənar İslam ədəbiyyatını da Qərb oxucusuna təqdim etmişdir.

O, tərcümələrini “Specimen” adlı bir külliyyatda toplamış və burada hətta Qəzalidən parçalar da yer almışdır. O dövrdə Avropa elmi və teoloji mühitinin vəziyyəti nəzərə alınarsa, Pococke-nin bu işi çox ciddi elmi irəliləyiş hesab olunur. Onun fəaliyyəti özündən sonra gələn orientalistlər üçün mühüm bir örnəyə çevrilmişdi.

Zaman keçdikcə yalnız Qurana deyil, digər sahələrə də maraq artdı. Artıq Həzrət Muhəmmədin (sav) həyatı və şəxsiyyəti haqqında ayrıca əsərlər yazılır, Şərq dünyasına dair ensiklopedik məlumatlar (məsələn, Herbelot-nun “Bibliothèque Orientale” əsəri) toplanırdı. Bu prosesin arxasında duran iki əsas amili qeyd etmək olar:

  1. Ərəb dili kafedralarının fəaliyyəti sayəsində orientalistlərin birbaşa və əlyazma halında olan ərəb mənbələrinə çıxış imkanı əldə etməsi;

  2. Əvvəlki orientalistlərin etdiyi tərcümələr vasitəsilə Qərb dünyasının öz dilində İslam haqqında məlumat əldə etməyə başlaması.

Tərcüməçilikdə Yanaşma Fərqləri və Orientalizmin Təkamülü

Keçmişdə, xüsusilə Latın dünyasında ərəb əsərlərinə böyük önəm verilirdi; Vatikan kitabxanalarında bu sahəyə dair zəngin əlyazmaları mövcuddur. Məsələn, Qurani-Kərimi Latınca tərcümə edən Maracci, məşhur müsəlman müfəssirlər – Zəməxşəri və Cəlaləyn – ilə sıx şəkildə işləyib, tərcümələrinə ətraflı dipnotlar və sonunda təkzib hissələri əlavə etmişdir. Çünki o dövrdə İslamla bağlı bir mətnin tərcüməsini açıq polemik kontekstindən kənar yaymaq mümkün deyildi.

Ancaq Reformasiya və Renessans dövrlərindən sonra Avropada elmə və obyektivliyə yönəlmiş Aydınlanma prosesi başladı. Bu yeni dövrdə tərcümələrdə üslub dəyişdi. Məsələn, Corc Sale’in ilk ingiliscə Quran tərcüməsi sadəcə “Quran” adı ilə təqdim edilmişdi. Sale hər nə qədər tərcüməsini birbaşa ərəb dilindən etdiyini iddia etsə də, onun Maracci-yə geniş şəkildə istinad etdiyi görünür. Tərcüməyə əlavə etdiyi uzun ön sözdə Beyzavi nüsxəsinin onda olduğunu və ondan istifadə etdiyini etiraf edir. Bu, o dövrdə ərəb mənbələrinin artıq orientalistlərin nəzarətinə keçdiyini göstərir.

Bununla belə, Sale-in tərcüməsinin ön sözündə belə, o, bu işi bir missioner cəmiyyətinə xidmət məqsədilə etdiyini qeyd edir. Bu isə sübut edir ki, hələ də məqsəd, İslamı öyrənməkdən çox onu hədəf almaq idi. Əlyazmalarına çıxış imkanları da bu məqsədlə bağlı idi – bunlar Avropa kitabxanalarında deyil, birbaşa Şərqdəki müstəmləkəçi fəaliyyətlər vasitəsilə əldə olunmuşdu.

Orientalizmin intellektual olaraq inkişafı isə İslam dünyasının elmi, dini və ədəbi mətnlərinin sistemli şəkildə öyrənilməyə başlanması ilə mümkün oldu. İngiltərə Hindistanı, Hollandiya isə İndoneziyanı işğal edərkən, 1798-ci ildə Napoleonun Misiri zəbt etməsi ilə Fransa da bu “İslamla bilavasitə təmas” mərhələsinə keçdi. Napoleon özü ilə bir qrup orientalist alim də aparmış və onlara ərəb dilində xütbələr yazdıraraq oxutdurmuşdu – bu isə mədəniyyətin işğal üçün necə alətə çevrildiyini göstərir.

Təhlükədən Tədqiqat Obyektinə

Osmanlı imperiyasının zəifləməsi ilə İslam artıq qərbdə bir təhdid kimi deyil, bir tədqiqat sahəsi kimi görülməyə başladı. Əvvəllər İslamı “gələn təhlükə” olaraq qəbul edən qərb xristian alimləri ona qarşı emosional və tələsik şəkildə rəddiyələr yazırdı. Lakin Aydınlanma dövründə bu yanaşma dəyişdi – İslam, sömürülə bilən, öyrənilməli və sistemli şəkildə təhlil olunmalı bir mövzuya çevrildi.

Bu dövrün orientalist baxışında Şərq, artıq yalnızca dini və siyasi bir varlıq kimi deyil, eyni zamanda ekzotik, cazibədar və romantik bir dünya kimi təqdim olunmağa başlandı. Şərq obrazı – sehrlər, cinlər, cariyələr, padşahlar və əfsanələr içində qərq olmuş bir xəyal dünyası kimi canlandırıldı. Bu, həm akademik ədəbiyyatda, həm də sonralar Hollivud filmlərində özünü göstərən geniş yayılmış bir tendensiyadır.

Faktiki Qarşılaşma və “Şok Anı”

Napoleonun Misirə girməsi ilə qərb yalnız nəzəri və təsəvvüri Şərqlə deyil, real və mürəkkəb bir dünya ilə üz-üzə gəldi. Edvard Said-in təbirincə, bu, “böhran anı” idi. Əvvəlki romantik Şərq obrazı yerinə konkret siyasi, hərbi və intellektual müqavimətlə qarşılaşınca orientalistlər “şoka düşdülər”.

Filologiyanın Qalxması və Akademik Orientalizmin Təməli

Bu mərhələdə orientalistlər Şərqi anlamağa dil vasitəsilə başlamağa üstünlük verdilər. Bu səbəbdən də akademik orientalizmin qurucularının əksəriyyəti filoloqlar idi. Ərəbcə, İvrit, Süryani və Arami dilləri üzrə ixtisaslaşmış bu alimlər dilin sadəcə rabitə vasitəsi deyil, eyni zamanda mədəniyyət və dünya görüşünün daşıyıcısı olduğunu qəbul edirdilər. Albert Urani-nin dediyi kimi, bir dili öyrənmək o dünyanı öyrənməyin ilk addımıdır – bu isə siyasi və mədəni hakimiyyət vasitəsinə çevrilə bilər.

Bu dövrdə artıq “Müsəlmanlar düşməndir” yanaşmasından uzaqlaşılıb, onları tarixə və mədəniyyətə töhfə verən bir cəmiyyət olaraq anlamağa çalışan bir təhlil başlayır. Əvvəllər İslam “Muhəmmədçilik” və ya “İsmaililik” kimi fərqli, qərbli olmayan və bəzən təhrif olunmuş terminlərlə təqdim edilirdisə, artıq bu adlandırmalar yavaş-yavaş tərk olunmağa başladı. Peyğəmbər Hz. Muhəmməd də (sav) əvvəlki dövrlərdəki kimi “saxtakar” kimi deyil, real, tarixi bir lider, bir cəmiyyət qurucusu kimi təqdim olunmağa başlandı. Louis Massignon-un ifadəsi ilə, artıq “saxtakar Muhəmməd” yox, “qanunverici və din qurucusu Muhəmməd” ön plandadır.

Aydınlanma ilə Akademik Orientalizmin Doğuşu

Volter və Göte kimi Avropa filosofları da öz düşüncələrini qurarkən İslamı, onun tarixi təcrübəsini və dövlət modelini diqqətə almışdılar. Bu maraqla paralel olaraq, elmi metodlarla aparılan mətn nəşrləri və tərcümələr artdı. Sacy kimi alimlər ilk dəfə sistemli şəkildə əlyazmalarını çap etdilər, dil və qrammatika əsasında İslam mətnlərinə yanaşma gətirdilər. Onun yetirmələri Fleischer və Freytag kimi orientalistlər Almaniyada bu sahənin qurulmasına təkan verdilər.

Eyni zamanda müxtəlif orientalist cəmiyyətlər – London, Paris və daha sonra Almaniyada yaradılan elmi qurumlar – bu istiqamətdə fəaliyyət göstərərək alimləri maliyyələşdirdilər, tədqiqat səfərlərinə göndərdilər və akademik orientalizmin təşəkkülünə yardım etdilər.

31 Mayıs 2025 Cumartesi

Qaranlıq Dövr | Orientalizmin Tarixi - 1

    “Orientalizm” anlayışı – adından da göründüyü kimi – “Şərq” mənasını verən “orient” sözünə əlavə olunmuş “-izm” şəkilçisindən ibarətdir və əsasən Şərq elmləri və ya Şərqə dair araşdırmaları ifadə etmək üçün işlədilir. Bu termini istifadə edən “orientalist” isə, sadəcə İslam alimlərini deyil, ümumiyyətlə Şərq coğrafiyasını – Anadoludan Yaponiyaya qədər – tədqiq edən şəxsləri əhatə edir. Bura Çin, Hindistan, Yapon mədəniyyəti ilə məşğul olanlar da daxildir. Lakin bu məqalə seriyasında biz orientalizm anlayışını daha konkret bir çərçivədə – İslama dair aparılan tədqiqatlar və münasibətlər prizmasında nəzərdən keçirəcəyik.

    Orientalizmin başlanğıc nöqtəsi isə, bu anlayışa necə məna yükləndiyinə görə dəyişir. Əgər orientalizmi sırf akademik bir sahə kimi qəbul etsək, onun tarixi XVIII əsrə gedib çıxır. Əgər bunu Edward Said-in baxış bucağından, yəni imperializm və müstəmləkəçiliklə əlaqəli bir siyasət aləti kimi dəyərləndirsək, o zaman başlanğıc nöqtəsi XVI əsrə – Avropanın müstəmləkəçilik hərəkatının ilk mərhələlərinə gedib çıxır. Əgər məsələni ümumilikdə Şərq ilə Qərbin birbaşa qarşıdurması kimi dəyərləndiririksə, onda başlanğıc XI əsrə – Birinci Səlib yürüşünə – çəkilə bilər. Ən geniş mənada isə, bir müsəlmanla qeyri-müsəlmanın ilk təması belə orientalizmin başlanğıcı sayıla bilər ki, bu da bizi VII əsrə – İslamın doğuşuna aparır.

    Biz bu yazıda orientalizmin tarixini məhz bu ən erkən mərhələdən – VII əsrdən etibarən – ardıcıl və mərhələli şəkildə izah etməyə çalışacağıq. Bu ilk dövr – yəni VII əsrdən XII əsrə qədər olan mərhələ – “qərb” baxış bucağından, daha doğrusu, İslama dair kifayət qədər əsaslı məlumata sahib olunmayan bir mərhələ kimi, bir növ “qaranlıq dövr” adlandırıla bilər.

    Bu dövr niyə “qaranlıq”dır? Çünki bu mərhələdə İslama dair Qərbdə formalaşmış biliklər olduqca səthi, natamam və qərəzli mənbələrə əsaslanırdı. İslam ilk öncə qərblilərlə deyil, əsasən Şərqdəki xristian və yəhudi icmaları ilə qarşılaşmışdı. Bu səbəbdən həmin dövr üçün “qərbli” ifadəsi hər zaman dəqiq olmaya bilər. İslamın sürətli yayılması isə həmin icmalarda həm qorxu və narahatlıq, həm də dərin varlıq sualları yaratmışdı. Bu təmaslar nəticəsində İslama dair düşüncələr çox vaxt birbaşa qaynaqlardan deyil, dolayı yollarla və təhrif olunmuş şəkildə əldə edilirdi.

    İslamın özünü bir din kimi qəbul etməyən, onu peyğəmbərlik iddiası üzərindən tənqid etməyə çalışan bu erkən dövr alimləri, təbii olaraq hədəf olaraq Qurani-Kərimi və Hz. Muhəmmədi (s) seçmişdilər. Çünki səma dinlərində (xristianlıq, yəhudilik, islam) müqəddəs kitab və peyğəmbər anlayışı inancın əsasını təşkil etdiyi üçün bu nöqtələrə hücum etməklə həmin dini əsasdan sarsıtmaq mümkün hesab olunurdu.

    İslamın sürətlə yayılması nəticəsində müsəlmanlar həm 600 illik tarixi olan Bizans xristian mədəniyyəti ilə, həm də təqribən 2000 illik tarixə malik yəhudi icmaları ilə qarşılaşdı. Hərçənd, Medinədə erkən dövrdən yəhudilərlə təmas mövcud idi, amma İslamın sonrakı coğrafiyasında yəhudilər nisbətən azlıqda olduqları üçün xristian ruhanilər daha çox ön plana çıxdılar. Bu ruhanilər üçün İslam yalnız siyasi yox, eyni zamanda dini üstünlük baxımından da təhlükə idi. Çünki əvvəllər qalib olan xristianlar indi yeni bir güc qarşısında geri çəkilirdilər. Bu da onları dərin suallar qarşısında qoyurdu: "İslam tanrının iradəsindənmi irəli gəlir? Bu bir imtahandır, yoxsa əzab? İslamı necə adlandırmalı – sapqınlıqmı, yeni dinmi? Qurani-Kərimi necə dəyərləndirməli – şeytani bir mənbə kimi, yoxsa ciddi bir araşdırma obyekti kimi?"

    Bu dövrdəki xristian düşüncəsi, İslamı da xristianlıq prizmasından dəyərləndirdiyinə görə, müsəlmanları “Muhəmmədilər” adlandırmağa meylli olmuşdular. Hətta bəzi hallarda “İsmaililər”, “Sarasenlər” kimi ifadələr də istifadə edilirdi ki, bunlar əksər hallarda mənfi və alçaldıcı tərzdə işlənirdi. Təəssüf ki, bu yanaşma yalnız erkən dövrdə deyil, sonrakı əsrlərdə – hətta müasir dövrdə belə – bəzi elmi əsərlərdə öz təsirini qoruyub saxlayır.

    Bu dövrün ilk tanınmış xristian yazıçılarından biri, Hicri 50-ci ildə doğulan Yuhanna Damaskidir (John of Damascus). O, təqribən miladi 750-ci ildə vəfat edib və əsas məqsədi – xristian dindaşlarını İslama meyl etməkdən çəkindirmək idi. Yuhanna, İslamın ilahi bir mənşəyə sahib olmadığını iddia edir, onu “İsmaililərin sapqınlığı” kimi qələmə verirdi. Peyğəmbərimizi isə açıq şəkildə yalançılıqda ittiham edirdi (haşa). Bu cür yazılar daha çox xristian cəmiyyətinə xitab etdiyi üçün o dövrün müsəlman alimləri tərəfindən ciddi cavablar verilməmişdi.

    Yuhannadan sonra Teodor Əbu Qurra, Həbib ibn Hıdma Əbu Ra’ita kimi şəxslər də müxtəlif dillərdə – xüsusilə ərəbcə – əsərlər yazaraq bu polemik ədəbiyyatın formalaşmasına töhfə verdilər. Bu erkən dövr mətnləri daha sonrakı dövrlərdə – xüsusilə İslamın Avropaya keçidindən sonra – yaranacaq anti-islam ədəbiyyatının təməlini qoydu.

    Miladi IX əsrdə yaşamış Əbdülməsih bin İshaq əl-Kindiyə aid edilən “ər-Risalə” adlı əsər, bu dövrün ən məşhur və ən çox yayılan yazılarından biri hesab olunur. Məhz bu risalə vasitəsilə İslama qarşı yönəlmiş polemikaların Əndəlüs üzərindən Avropaya daxil olduğu müşahidə edilir. Əl-Kindi, Yuhanna Damaskinin yolunu izləyərək onun arqumentlərindən faydalanmış, lakin təəssüf ki, həm İslama, həm də Peyğəmbərimizə (s.ə.s) qarşı böhtan və təhqirlərdən çəkinməmişdir. Onun əsərinin xüsusilə əhəmiyyət kəsb etməsinin səbəblərindən biri də, XIX əsrdə məşhur şərqşünas Vilyam Muir tərəfindən ingilis dilinə tərcümə olunaraq çap etdirilməsidir. Muirin bu addımı, akademik obyektivliyin önə çıxdığı bir dövrdə belə, İslam əleyhinə üslubun hələ də yaşadılmaq istənildiyini göstərən bir nümunə kimi dəyərləndirilə bilər.

    Bu cür əsərlərə qarşı cavablar verilməyə davam etdiyi bir dövrdə, qərbli Xristian din adamlarının ortaya qoyduğu fəaliyyətlər isə Qurani-Kərimi və ya hədis irsini neytral bir nəzərlə təhlil etməkdən daha çox, kütləyə xitab edən, duyğu və təəssübata xitab edən, səthi və şüarvari üslubla yazılmış rəddiyyələrdən ibarət idi. Bu isə əsasən birincil İslam mənbələrinə çıxış imkanlarının olmaması ilə bağlı idi.

    Lakin XI əsrdən etibarən baş verən Xaçlı yürüşləri, Qərbin İslamla qarşılaşmasında mühüm bir dönüm nöqtəsi oldu. Bu yürüşlər təkcə hərbi deyil, həm də mədəni və dini baxımdan Avropaya İslamı daha yaxından tanımaq imkanı yaratdı. İslam coğrafiyasına ayaq basan qərbli rahiblər, bu dəfə İslamla yalnız yazılardan deyil, birbaşa təmasdan tanış oldular. Onlar geri qayıdarkən yalnız müşahidələrini deyil, İslamın yazılı mənbələrini, xüsusilə də Qurani-Kərimi Avropaya apardılar.

    Əndəlüs və Şərq İslam coğrafiyası üzərindən Avropaya daxil olan İslam təsiri, səthi və təhqiramiz polemikaların artıq kifayət etmədiyini göstərdi. Qərbli din adamları başa düşdülər ki, bu cür yanaşmalar dindaşlarını İslamdan uzaq saxlamağa bəs etmir. Bu mərhələdə fikri bir dönüş yaşandı və artıq Qurani-Kərimi tərcümə edərək birbaşa onun üzərindən arqument qurmağa çalışdılar. Məqsəd, müqəddəs kitabı əllərində tutmaqla, onun mətnindən istifadə edərək İslamın haqlı olmadığını sübut etmək idi.

    Bu yeni yanaşmanın öncüllərindən biri Cluny monastırının baş rahibi Peter Venerabilis (Möhtərəm Peter) oldu. O, Fransadan Əndəlüsə gələrək geniş bir tərcümə layihəsi başlatdı. Bu çərçivədə Qurani-Kərim və bəzi İslam əlyazmaları latın dilinə tərcümə olundu. 1147-ci ildə Robertus Retinensis (Kətənli Robert) Qurani-Kərimi ilk dəfə latın dilinə çevirdi. Bu tərcümə, həm orientalizmin, həm də Avropada Quran araşdırmalarının tarixi baxımından mühüm bir dönüş nöqtəsi sayılır. Çünki Qurani-Kərim ilk dəfə olaraq Avropa kilsə çevrələrinin və ziyalılarının qarşısına orijinal bir mətn kimi çıxarılmışdı.

    Lakin bu tərcümə, müasir mənada sözbəsöz və obyektiv bir tərcümə deyildi. Layihənin ümumi məqsədinə uyğun olaraq, tərcümə əsasən İslama qarşı yönəlmiş bir mövqeyin məhsulu idi. Elə tərcümənin adı belə bunu açıq şəkildə göstərirdi: Lex Mahumet pseudoprophetae – “Yalançı peyğəmbər Muhəmmədin qanunu”. Bu ad, həmin dövrdəki dini qütbləşməni və tərcümənin məqsədini açıq şəkildə ortaya qoyur. Robertusun tərcüməsi daha çox təhrifə meyilli, məqsədyönlü bir şərh əsasında hazırlanmışdı. Bu səbəbdən, onu sırf tərcümə adlandırmaq da çətindir. Eyni dövrdə Toledolu Mark və Tripolili Ricoldo kimi adlar da Qurani-Kərimi tərcümə etmiş və İslamla bağlı əsərlər qələmə almışdılar. Robertusun tərcüməsi uzun müddət Avropada İslam haqqında əsas qaynaq olaraq istifadə olunmuşdur.

    Bu dövrün “qaranlıq dövr” adlandırılmasının əsas səbəblərindən biri də, elmi fəaliyyətin yox səviyyəsində olması və İslamla bağlı bütün işlərin kilsənin nəzarətində həyata keçirilməsidir. Hətta bu dövrdən təqribən 300-400 il sonra, XVII əsrin ortalarında Papa ilə yaxınlığı ilə tanınan Marracci Qurani-Kərimi ərəb dilindən latın dilinə çevirmişdi. Hərçənd bu tərcümə daha orijinal mətnə bağlı olsa da, lakin kilsənin İslama qarşı olan təbliğat zehniyyəti hələ də davam etdiyindən, ərəb əlifbasına və Qurani-Kərimin çapına qadağa qoyulmuşdu. Marracci bu qadağanı aradan qaldırmaq və kitabını çap etdirmək üçün Papaya müraciət etmiş, ona kitabını “Refutatio Alcorani” – “Qurana Rəddiyyə” adı ilə təqdim etmiş, lakin yenə də icazə ala bilməmişdi. Nəticədə, çap məsələsində Martin Lüterin dəstəyinə müraciət etmişdi. Qəribədir ki, Martin Lüter ilə Möhtərəm Peterin yanaşmaları bir nöqtədə üst-üstə düşürdü: hər ikisi mübarizənin birbaşa müqəddəs kitablar üzərindən aparılmalı olduğuna inanırdı.

    Ümumilikdə götürsək, VII əsrdən XII əsrə qədər davam edən bu “qaranlıq dövrdə” İslamı öyrənmək yönündə səthi və təhrif dolu yanaşmalar hakim olmuşdu. Ancaq Xaçlı yürüşləri ilə birlikdə başlayan canlı təmaslar nəticəsində, İslamla daha dərindən maraqlanmaq ehtiyacı doğmuş, İslam mənbələri Avropaya daşınmış və nəticədə daha ciddi yanaşmalar üçün zəmin yaranmışdı. Bu proses, iftira və təhqir üzərində qurulmuş polemikaların zəifləməsi ilə, Qurani-Kərim tərcümələri vasitəsilə formalaşan və orientalistlərin İslamı daha sistemli şəkildə öyrənməyə başladığı “aydınlanma dövrü”nə keçidin ilk əlamətləri kimi qiymətləndirilə bilər.

        Gənc Suffa

x

Təvilin Hüdudları: İslamda Əxlaq və Təsəttür Ölçüsü

İslamda əxlaq məsələsini yalnız insanın şəxsi düşüncəsi və ya “məncə belə daha doğrudur” yanaşması ilə müəyyənləşdirmək mümkün deyil. İnsan ...