Səhabə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Səhabə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

31 Ekim 2025 Cuma

Əhli-Beytə Sevgi: Həyati Bir Məsuliyyət

Əhli-Beytə sevgi bəsləmək, bir müsəlman üçün yalnız duyğusal münasibət deyil, imanının və Peyğəmbərimizə (sav) olan sadiqliyinin təbii bir göstəricisidir. Lakin təəssüf ki, bu gün bu sevgi çox zaman sadəcə dildə qalan, məzmunsuz bir ifadəyə çevrilib. Halbuki Əhli-Beyt sevgisi daha dərin və məsuliyyətli bir mövzu olaraq qavranılmalı, mahiyyəti ilə yaşanmalıdır.

Əhli-Beyt Kimdir?

Əhli-Beyt dedikdə, Hz. Muhəmmədin (sav) ailəsi, yaxın qohumları və mənəvi olaraq ona bağlı olanlar nəzərdə tutulur. Bura həm Peyğəmbərimizin xanımları, həm də xüsusilə Hz. Fatimə ilə Hz. Əlinin evliliyindən doğulan övladları – Hz. Həsən və Hz. Hüseyn, onların nəslindən gələnlər – yəni seyyid və şəriflər daxildir. Ən çox qəbul edilən anlayışa görə, Əhli-Beytin əsil mənası da bu nəslin davamçılarını əhatə edir.

Əhli-Beyt Sevgisinin Dolu və Məsuliyyətli Yaşanması: Dörd Vacib Addım

Əgər biz Əhli-Beyti sevdiyimizi deyiriksə, bu iddianın altı dolu olmalıdır. Sadəcə dilə gətirmək kifayət deyil, bu sevgi həyatımıza necə sirayət edib, hansı dəyər və istiqamətləri formalaşdırıb – əsl sual budur. Bu sevgini yaşatmaq üçün aşağıdakı dörd addım həyati önəm daşıyır:

1. Tanımaqla Başlayır

Sevgi tanımaqdan doğar. Əhli-Beyti nə qədər yaxşı tanıyırıqsa, o qədər sevərik və onların yoluna sarılar, həyatımızı onların örnəkləri ilə bəzəyərik. Peyğəmbərimizin (sav) Hz. Fatiməyə (r.a) "Ümmü Əbiha" (atasının anası) deyə müraciəti, onun Hz. Əliyə "Harun necə Musaya yaxın idisə, sən də mənə elə yaxınsan" deməsi və Həsən ilə Hüseynə olan misilsiz sevgisi – bunlar sadəcə ailə münasibəti deyil, bizə yol göstərən nümunələrdir.

2. Qurani-Kərim və Sünnətdəki Yerlərini Dərk Etmək

Əhli-Beytin Quranda və Peyğəmbərin hədislərindəki yeri dərin şəkildə anlaşılmalıdır. Quranda onlarla bağlı bir çox ayə var. Və Peyğəmbər Vəda Xütbəsində deyir: “Sizə iki ağır əmanət buraxıram: Allahın Kitabı və Əhli-Beytim” (Tirmizi). Bəzi rəvayətlərdə “Sünnətim” ifadəsi də yer alır (Muvatta), lakin bu bir ziddiyyət deyil – çünki Əhli-Beyt elə Sünnəti ən doğru anlayıb yaşadanlardır. Bu əmanətlərin dəyərini anlamaq isə bizim üçün əxlaqi və dini bir vəzifədir.

3. İbadətlərdə Onlarla Birlikdə Olmaq

Əhli-Beyt bizim dualarımızda, namazlarımızda da yer alır. Təşəhhüddə oxunan “Allahummə salli və barik” dualarında biz onlara dua edirik. Bu ibadət anlarındakı dualar Əhli-Beytlə olan mənəvi bağımızı göstərməlidir. Çünki Əhli-Beyt, dini bizə çatdıran, onu qoruyub saxlayan bir ailədir. Onlar vasitəsilə biz Rəsulullaha (sav) bağlanır və dinin mahiyyətini daha doğru dərk edirik.

4. Onların Örnəkliklərini Həyatda Yaşatmaq

Ən mühüm məsələ budur: Əhli-Beyti sevirik deyə-deyə, bu sevgi bizim gündəlik davranışlarımıza, münasibətlərimizə, duruşumuza yansımalıdır. İmam Zeynəlabidin belə demişdi: “Elə bir sevgi ilə bizi sevirsiniz ki, sabah o sevgi sizə utanc verəcək.” Yəni, zalımın qarşısında susan, ibadətdən uzaq qalan, Əhli-Beytin dəyərlərinə əməl etməyən bir sevgi iddiası, yalnız söz olaraq qalacaq və fayda verməyəcək.

Əhli-Beyt hər bir fərdi ilə bizə bir mesaj verir:

  • Hz. Həsən: Vəhdət, yəni birlik uğruna nəfsindən, haqqından belə vaz keçməyi öyrədir. Bu, birlik uğruna fədakarlığın timsalıdır.

  • Hz. Hüseyn: Şəhadəti, haqq uğrunda can verməyi təlim edir.

  • Hz. Zeynəb: İzzəti, izzətli duruşu və haqsızlığa qarşı baş əyməməyi göstərir.

  • Hz. Ümmü Gülsüm: Dirayəti, yəni çətin anda təmkinli və mərd olmağı öyrədir.

Bu keyfiyyətlərin bizim həyatımızda nə qədər yer tutduğu isə Əhli-Beytə olan sevgimizin nə qədər real və dərin olduğunun göstəricisidir.

9 Ağustos 2025 Cumartesi

Səhabələrin Hz. Hüseynə Dəstək Göstərməməsinin Səbəbləri

Hicri 61-ci ildə baş verən Kərbəla hadisəsi, İslam tarixində dərindən iz buraxan və çoxsaylı suallar doğuran ağrılı bir dönəmdir. Bu hadisə ilə bağlı ən çox verilən suallardan biri budur: Niyə həmin dövrdə sağ olan səhabələr Hz. Hüseynin (r.a) yanında olmadılar?

Əslində o dövrdə bir çox səhabə hələ həyatda idi. Məsələn, Abdullah ibn Zübeyr, Abdullah ibn Ömər, Abdullah ibn Abbas, Ənəs ibn Malik, Ümmü Sələmə və Zeyd ibn Ərqam kimi tanınmış səhabələr o zaman yaşayırdılar.

Fitnə və Tənəzzül Mühiti

O günkü şəraitdə səhabələrin əksəriyyəti zalıma dəstək olmamış, haqsızlığa ortaq olmamış, amma eyni zamanda bu qədər böyümüş bir fitnənin qarşısında da aciz qalmışdılar. Onlar sadəcə müşahidəçi deyildilər – cəmiyyətin bu dərin parçalanmasını düzəltməyə çalışırdılar. Ancaq fitnə o qədər geniş yayılmışdı ki, hadisələrin axarına müdaxilə etmək çətin idi.

İctihad və Fərqli Yanaşmalar

Hz. Hüseynin (r.a) qərarı – yəni Kərbəlaya doğru yola çıxması – öz ictihadına söykənirdi. O, Kufəlilərin "sənin yanındayıq" vədlərinə inanaraq bu addımı atmışdı. Lakin digər səhabələr fərqli bir ictihadla hərəkət etdilər. Onlar sakit qalmağı, hadisələrin böyüməməsi üçün qan tökülməsinin qarşısını almağı daha münasib hesab etdilər. Bu, zalıma boyun əymək deyildi. Sadəcə daha çox qan axıdılmasının qarşısını almaq istəyirdilər.

Əslində onların ən böyük narahatlığı Kufəlilərin vədlərinə sadiq qalmayacaqları idi. Təəssüf ki, bu qorxuları da gerçəyə çevrildi.

Kufədəki Basqı və Hz. Hüseynin Qətiyyəti

Hz. Hüseyn yola çıxanda Kufədə Ubeydullah ibn Ziyad çox güclü bir təzyiq mühiti yaratmışdı. İnsanlar ya qorxudulmuşdu, ya da pulla satın alınmışdı. Bu da Hüseynə dəstək verməyi demək olar ki, mümkünsüz etmişdi.

Bütün bu çətinliklərə baxmayaraq, Hz. Hüseyn geri çəkilmədi. O, həyatını ortaya qoyaraq babası Rəsulullahdan (sav) aldığı mirasa sadiq qaldı. Bilirdi ki, nə qədər çətin olsa da, haqq yolunda dayanmamaq olmaz.

Böyük Fitnənin Kökləri – Hz. Osmanın (r.a) Şəhadəti

Kərbəla kimi hadisələri anlamaq üçün İslam tarixinin daha əvvəlki dönəmlərinə, xüsusilə də Hz. Osmanın şəhid edilməsi məsələsinə baxmaq vacibdir. Bu hadisə “fitnətül-kübra” – yəni “böyük fitnə” olaraq tarixə düşmüş və sonrakı bir çox qarşıdurmaların – Cəməl, Siffin, Nəhrəvan və nəhayət Kərbəlanın – zəminini hazırlamışdır. Hz. Osmanın şəhadətindən qazanc götürənlər elə onun qanını tökənlərlə eyni şəxslər olmuşdu. Mərvan ibn Həkəm də bu qrupda adı hallananlardandır.

Zeyd ibn Ərqamın Səssizliyini Pozması

Kərbəladan sonra yaşananlar bəzi səhabələri sükutlarını pozmağa vadar etdi. Zeyd ibn Ərqam bu baxımdan mühüm bir nümunədir. O, Ubeydullah ibn Ziyadın sarayında Hz. Hüseynin kəsilmiş başı ilə oynadığını görəndə dözə bilmədi. Yaşına baxmayaraq, ayağa qalxaraq dedi: “Ey zalım! Əl çək o başdan. And olsun Allaha, mən bu başı Rəsulullahın dəfələrlə öpdüyünü görmüşəm!” Daha sonra isə Kufə küçələrində insanlara səsləndi: “Ey ərəblər! Bu zillət sizə bəsdir! Peyğəmbərin nəvəsi qətlə yetirilir, siz isə ya susursunuz, ya da dəstək verirsiniz!” Beləliklə, uzun müddət sükutla izləyən Zeyd ibn Ərqam da mövqeyini açıq şəkildə ortaya qoydu.

Şamda Manipulyasiya Oyunu və Xalqın Aldadılması

Hz. Hüseynin başı və ailə üzvləri zəncirlə Kufədən Şama gətiriləndə, xalq küçələrə tökülmüşdü. Əhli-Beytə qarşı kin və nifrətlə dolu sözlər yağdırılırdı. Xalq elə bilirdi ki, bunlar Hz. Osmanın qatilləridir.

Bu zaman İmam Zeynəlabidin yaşlı bir kişinin təhqirlərinə cavab verərək soruşdu: “Niyə bizə bu qədər nifrət edirsən?” Həmin kişi onların Osmanın qatilləri olduğunu düşündüyünü dedi. İmam isə cavab verdi: “Biz Rəsulullahın ailəsiyik. Peyğəmbərin nəvələriyik.” Bu sözlərdən sonra həmin kişinin dünyası başına yıxıldı. “Yezid bizi aldatdı. Günlərdir bizə deyirdilər ki, Osmanın qatilləri gəlir,” – dedi. Bu, manipulyasiyanın necə yaradıldığını və hadisələrin necə manipulyasiya olunduğunu açıq şəkildə göstərir.

Tarixi Hadisələrə Kontekstlə Yanaşma Zərurəti

Səhabələrin o dönəmdəki davranışlarını düzgün dəyərləndirmək üçün hadisələrə yalnız nəticə etibarilə deyil, bütün tarixi və sosial kontekstdə baxmaq lazımdır. Niyə bu hadisələr baş verdi? Nə baş verdi? Kimlər iştirak etdi? Və nəticə nə oldu? – suallarına geniş və obyektiv cavab tapmaq vacibdir. Əks halda, səthi yanaşmalar bizi yanlış nəticələrə aparar.

Nəticə

Səhabələrin Hz. Hüseynə birbaşa qoşulmaması onların zəifliyi və ya biganəliyi deyildi. Həmin dönəmin qarışıq və təhlükəli şəraiti, töküləcək qanı dayandırmaq arzusu, Kufəlilərin etibarsızlığı və hər birinin öz ictihadına uyğun davranması bu qərarın əsas səbəbləridir.

Bu vəziyyət bir tufanda dənizə çıxan müxtəlif gəmilər kimidir: bəziləri limanda gözləməyi, bəziləri isə açıq dənizə çıxmağı seçdi. Hər birinin qərarı fərqli olsa da, məqsəd eyni idi – ya qorunmaq və qorumaq, ya da doğru yola çatmaq.

14 Temmuz 2025 Pazartesi

Hz. Həsən: Xilafəti və Muaviyə ilə Anlaşması | Raşidi Xəlifələr - 5

Hz. Əlinin sui-qəsd nəticəsində şəhid edilməsindən sonra İslam tarixində mühüm bir mərhələ başlamış və Hz. Həsən xilafətə gətirilmişdir. Bu dövr əsasən Muaviyə ilə yaşanan qarşıdurmalar və nəticədə əldə olunan razılaşma ilə yadda qalmışdır. Bu mövzuda əsas diqqət yetirilməli məqam, Hz. Həsənin xilafətə gəlişi, Muaviyə ilə bağladığı müqavilə və bunun arxasında duran səbəblərdir.

Hz. Həsənin Xilafətə Gətirilməsi

Hz. Əlinin vəfatından sonra Kufə əhalisi Hz. Həsənə beyət edərək onu xəlifə seçmişdi. Kufəlilər, ümumiyyətlə, döyüşdən bezdiklərini bildirərək ondan sülh tərəfdarı olmağı istəsələr də, bir qrup insan “Allahın Kitabına, Rəsulullahın sünnəsinə əməl edəcəyik və zəruri olsa, üsyançılarla vuruşacağıq” deyə təkid edirdi. Hz. Həsən isə ümumi bir beyəti qəbul etmiş, şərt qoyaraq “Mənə itaət edəcək, mənim döyüşdüyümlə döyüşəcək, sülh bağladığımla sülh edəcəksiniz” demişdi. Rəvayətlərə görə, Hz. Əli yaralandıqdan sonra yeni müharibə hazırlıqları görülürdü, sui-qəsd baş verəndə Şam əhalisinin İraq tərəfə hücumu gözlənilirdi.

Muaviyə ilə Razılaşmaya Gətirən Şərtlər

Hz. Həsən xilafətin əvvəlində Kufədən çıxaraq Muaviyə ilə üz-üzə gəlmək üçün 40 minlik ordu hazırlamışdı. Lakin ordu içində nizam-intizamın pozulması, Qays ibn Sədin öldürüldüyü xəbərləri və digər qarışıqlıqlar orduda təşviş yaratdı. Mədaində Hz. Həsənin yaralanması ilə ordu tamamilə dağılmış, bəzi başçılar isə Hz. Həsəni Muaviyəyə təslim etmək fikrinə düşmüşdülər.

Gedişatı düzgün qiymətləndirən Hz. Həsən, daha çox qan axıdılmaması üçün Muaviyəyə məktub göndərmişdi. Bəzi mənbələrə görə, Muaviyə də sülh təklifini əvvəlcədən irəli sürmüş və Hz. Həsən də əslində döyüşə meyilli olmamışdır. Razılaşmanı zəruri edən əsas amillər bunlar idi:

  • Qan tökülməsinin qarşısını almaq: Hz. Həsən üçün ən vacib məsələ müsəlman qanının axıdılmaması idi. Muaviyə ilə razılaşmadakı bəzi şərtlər də bununla əlaqəlidir.

  • Kufəlilərin etibarsızlığı: Kufəlilərin mövqeyinin qeyri-sabit olması, ixtilafların davam etməsi təhlükəsi sülhü daha məqbul etmişdi.

  • Ümmətin birliyi: Ümmətin parçalanmaması, birliyin qorunması Hz. Həsənin əsas məqsədlərindən idi. Hətta o, ümmətin rifahı üçün xilafətdən çəkilməyə qərar vermişdi.

Razılaşmanın Şərtləri

Hz. Həsən və Muaviyə arasında bağlanan razılaşmada bir neçə şərt qoyulmuşdu:

  • Kufə beytülmalı Hz. Həsənə veriləcəkdi.

  • Hz. Həsənə beş milyon dirhəm ödənəcəkdi (bəzən bu məbləğin illik verildiyi deyilir).

  • Darabcərd bölgəsinin gəlirləri Hz. Həsənə məxsus olacaqdı.

  • Minbərlərdən Hz. Əlinin lənətlənməsi qadağan ediləcəkdi (bəzi mənbələrdə bu şərtin sonradan pozulduğu da deyilir).

  • Muaviyə özündən sonra varis təyin etməyəcək, xilafət ya Hz. Həsənə, ya da şuraya keçəcəkdi, lakin Muaviyə sonradan oğlu Yezidi varis təyin etdi (fəqət bu bəndin qaynağının sihhətində (doğruluğunda) problemlər var).

  • Hz. Hüseynə iki milyon dirhəm veriləcəkdi.

  • Hz. Həsənin ailəsinə və tərəfdarlarına toxunulmayacaq, təhlükəsizlikləri qorunacaqdı.

  • İdarəçilik Quran, Sünnə və Raşid xəlifələrin yolu əsasında davam etdiriləcəkdi.

  • Heç kim cəzalandırılmayacaqdı.

Nəticə və Hz. Həsənin Vəfatı

Bu razılaşma İslam cəmiyyətində davam edən daxili qarşıdurmaları müvəqqəti də olsa dayandırdı, qan tökülməsinin qarşısı alındı. Hz. Həsən böyük bir fədakarlıq göstərərək xilafətdən əl çəkdi və birliyi üstün tutdu. Razılaşma nəticəsində Hz. Həsən Muaviyədən maddi dəstək aldı və müqabilində xilafətdən çəkildi.

Daha sonra Hz. Həsən Kufədən ayrılıb Mədinəyə getdi. Onun xilafət müddəti ilə bağlı fərqli rəvayətlər olsa da, ümumilikdə Raşid xəlifələr dövrünün otuz ili Hz. Həsənin altı aylıq xilafəti ilə tamamlanmış sayılır.

Hz. Həsən Mədinədə vəfat etdi və Bəqi qəbiristanlığında dəfn olundu. Vəfatı ilə bağlı ən çox müzakirə edilən məsələ isə həyat yoldaşı tərəfindən zəhərləndiyi iddialarıdır. Bəzi mənbələr bu sui-qəsddə Muaviyənin və ya Yezidin rol oynadığını desə də, bunun dəlili yoxdur və bu rəvayətlər uydurmadır.

12 Temmuz 2025 Cumartesi

Hz. Əli və Xilafət Dönəmi | Raşidi Xəlifələr - 4

Hz. Ömər zamanında İslam dövləti idarə baxımından möhkəm idi, ortaya çıxan problemlər dərhal nəzarət altına alınırdı. Ancaq Hz. Osman dövründə bu problemlər getdikcə böyüyərək daha da mürəkkəbləşdi. Peyğəmbərimizin (sav) vəfatından hələ 25 il belə keçməmişdi, sahabə nəsli də hələ həyatda idi, amma baş verən hadisələr çoxlarına ağır və anlaşılmaz gəldi.

Hz. Osman dövründə İslam torpaqları sürətlə genişləndi, fərqli tayfa və qövmlər müsəlman oldu, amma bu yeni vəziyyət bir çox yeni məsələni də özü ilə gətirdi. İslamı qəbul edənlərin dərhal kamil bir müsəlman olması real deyildi. İslamı tam qəbul edib, içsəlləşdirmək vaxt tələb edirdi və bu da bəzi narahatlıqlar yaratdı. Hz. Osman idarəçilikdə Hz. Ömər qədər sərt və prinsipial olmadığından problemlər dərinləşdi. “Birinci Fitnə” adlanan bu qarışıqlıq Hz. Osman’ın dönəmində başladı və Hz. Əlinin dövrünü də əhatə etdi.

Hz. Osman’a qarşı irəli sürülən ittihamların böyük hissəsi valilər məsələsi ilə bağlı idi. Ümeyyə oğullarından valilər seçilməsi xalq arasında ciddi narazılığa səbəb oldu. Hz. Ömərin məmurlara qarşı sərt mövqeyi ilə müqayisədə, Hz. Osman valilərə daha yumşaq davranırdı ki, bu da ona qarşı yönələn əsas tənqidlərdən biri idi.

Hz. Osman’ın Şəhid Edilməsi və Hz. Əlinin Mövqeyi

Nəhayət, bəzi əyalətlərdən gələn üsyançılar Hz. Osman’ın evini mühasirəyə aldılar və onu 82 yaşında şəhid etdilər. Onu öldürməyə cəhd edənlərdən biri Hz. Əlinin ögey oğlu və Hz. Əbu Bəkrin oğlu Muhəmməd ibn Əbu Bəkr idi ki, bu da tarix üçün acı bir təsadüfdür. Rəvayətə görə, Muhəmməd ibn Əbu Bəkr qılıncını Hz. Osman’ın boğazına dirəyir, amma Hz. Osman ona “Əgər atan Əbu Bəkr səni belə görsəydi nə deyərdi?” deyəndə, Muhəmməd utanıb geri çəkilir və bundan peşmanlıq duyur, lakin yarımçıq qoyduğu işi digərləri tamamlayır.

Hz. Əli, Hz. Osman’ı bəzən tənqid etsə də, ona qarşı çıxmağı heç vaxt düşünməmişdi. Hətta Misirlilər ona xəlifə olmağı təklif etsələr də, Hz. Əli bu təklifləri qəbul etməmişdi. O, əksinə, Hz. Osman’ı yanlış qərarlardan çəkindirməyə, üsyançıları dayandırmağa çalışmışdı. Oğulları Hz. Həsən və Hz. Hüseyni Hz. Osman’ın mühafizəsi üçün göndərmiş, hətta onlar bu mühasirə zamanı yaralanmışdılar. Lakin Hz. Əli vəziyyətin bu dərəcəyə çatacağını, Hz. Osman’ın öldürüləcəyini gözləmədiyi üçün özü birbaşa müdaxilə etməmişdi. Üsyançıların əvvəlcə sadə şikayətlərlə gəlməsi, gah dağılıb gah da yenidən toplaşmaları, hətta Hz. Osman ilə birlikdə namaz qılmaları bu işi əvvəlcədən tam anlamağı çətinləşdirirdi.

O dövrdə Ümeyyə ailəsi Hz. Osman hələ sağ ikən Hz. Əliyə qarşı təbliğata başlamışdı. Muaviyə də Hz. Osman şəhid edildikdən sonra artıq Hz. Əliyə qarşı bir duruş sərgiləməyə başlamışdı. 

Hz. Əlinin Xəlifə Olması və Qanunilik Məsələsi

Hz. Osman qətlə yetiriləndən sonra üsyançılar yeni xəlifə seçməkdə tərəddüd etdilər. Talha, Zübeyr və Hz. Əliyə müraciət etdilər. Onların heç biri üsyançılar tərəfindən hakimiyyətə gətirilmək istəmirdi, hamısı imtina etdi. Lakin üsyançılar Hz. Əlini məcbur edib, hətta Mədinəni yandırıb-dağıtmaqla hədələyərək xəlifəliyi qəbul etdirdilər. Hz. Əli isə yalnız Mədinəlilər də beyət etsələr qəbul edəcəyini bildirdi və bu şərtlə xəlifə oldu.

Hz. Əlinin xilafətə gəlişi əvvəlki xəlifələrdən fərqli olaraq çox çətin və qarışıq bir şəraitdə baş verdi. Bu prosesdə üsyançıların böyük təsiri olduğu üçün Hz. Əli taxtda olduğu müddətcə daim qanunilik problemi ilə üzləşdi. Əvvəlkilər fəthlər və abadlıq işləri ilə məşğul idisə, Hz. Əli isə hakimiyyətini qəbul etdirmək, daxili birliyi qorumaq uğrunda daimi mübarizə aparmalı oldu.

Hz. Əlinin Qarşılaşdığı Əsas Çətinliklər

1. Qanunilik Problemi:
Hz. Əlinin xilafəti dövründə ən böyük problem məhz qanunilik məsələsi idi. Cəmiyyətin əhəmiyyətli bir hissəsi – təxminən yarısı – Hz. Əlinin hakimiyyətə gəlmə tərzini qəbul edə bilmədi, bir qismi ona beyət etməkdən imtina etdi, bir qismi isə Hz. Osmanı öldürənlərin Hz. Əlinin ətrafında olması bəhanəsi ilə geri çəkildi.

2. Siyasi Təcrübə və Dəstək Çatışmazlığı:
Hz. Əbu Bəkr və Hz. Ömər dövründə Haşimoğullarının dövlət idarəçiliyində önəmli yer tutmaması da Hz. Əlinin ailəsinin arxa planda qalmasına gətirib çıxarmışdı.
Hz. Əlinin vergi və zəkat yığımında sərt davranması, cəmiyyətdə ona qarşı narazılıq yaratmışdı.
Hz. Əli, Hz. Ömər kimi sərt idarəçi olmağa çalışsa da, Ömər kimi tam dəstəyi yox idi. Xüsusilə Şam və Misirin bir hissəsi ona beyət etməmişdi. Geniş dəstək olmadan sərt idarə üsulu işləmirdi, bəlk də, daha ehtiyatlı davranmalı idi.
Hz. Əli, əsas dəstəyi Haşimoğulları və Ənsardan alırdı. Digər tayfa və qruplara kifayət qədər yaxınlıq göstərməməsi onun sosial dayaqlarını daraltdı. Bu vəziyyət Hz. Osmanın Ümeyyə oğullarına güvənməsinə bənzədildi – çətin anlarda Hz. Əlinin yanında yalnız yaxınları qaldı.

3. İdarəçilik və Valilərin Dəyişdirilməsi:
Hz. Osman dövründə Ümeyyə oğullarına verilən valiliklər Hz. Əli hakimiyyətə gələr-gəlməz dəyişdirilməli idi. Çünki o, əvvəllər də Hz. Osmanı buna görə tənqid edirdi.
Hz. Əli isə “Sabah vəzifədən alacağım birini bu gün niyə yerində saxlayım?” deyərək valiləri dərhal dəyişdi. Muğirə ibn Şubə ona əvvəlcə valilərdən beyət almasını, sonra dəyişiklik etməsini məsləhət gördü, amma Hz. Əli bunu qəbul etmədi.
O da Hz. Osman kimi öz qohumlarından və Ənsardan bəzi şəxsləri vəzifəyə gətirdi. Bu addım Hz. Osman qədər sərt tənqid edilməsə də, eyni qaydada “qohumbazlıq” kimi qiymətləndirildi. Hz. Əli bunu Peyğəmbər dövründə və əvvəlki xilafət dövrlərində bu insanların kənarda saxlanmasını “əvəzləmək” üçün etdiyini bildirdi. Amma vəzifəyə gətirdikləri təbii ki bacarıqlı şəxslər idi.

4. Paytaxtın Kufəyə Köçürülməsi:

Hz. Əli dövlətin paytaxtını Mədinədən Kufəyə daşıdı. Çünki o dövrdə Kufə və Bəsrə həm vergi, həm də hərbi baxımdan əsas mərkəzlər idi. Mədinə isə daha çox dini ziyarət yerinə çevrilmişdi.
Ancaq bu addım Hz. Əli üçün ciddi problemlər doğurdu. Çünki Mədinə həm də hakimiyyətin qanunilik mərkəzi idi. Kufə isə qarışıq əhali ilə sabitliyi zəif bir şəhər kimi tanınırdı.

Əsas Döyüşlər

1. Cəməl Döyüşü:
Hz. Əliyə beyət etməyən, Hz. Osman’ın qətlinin qisasını almaq istəyən Hz. Aişə, Talha və Zübeyr Mək­kədə toplaşdı. Onların arasında Hz. Əlinin hakimiyyətə gəliş formasını qəbul etməyənlər və Osmanı öldürənlərin Əlinin tərəfində olmasına narazı qalanlar da var idi.
Talha və Zübeyr əvvəlcə Hz. Əliyə beyət etsələr də, sonradan valilik istədilər. İstəkləri yerinə yetirilmədiyi üçün onlarda narazılıq yarandı. Həm də Hz. Osmanın qisasını tələb edirdilər
Muaviyə isə bu hadisədən öz xeyrinə istifadə etdi. O, bu dəstənin Şama gəlməsini istəmədi, çünki onların dağınıq halda olması özünə zərər verə bilərdi. 
Döyüş nəticəsində Cəməl tərəfdarları məğlub oldu, Talha və Zübeyr münafiqlər tərəfindən şəhid edildi (şəhid edilməmişdən qabaq ikisi də Hz. Əliyə qarşı çıxdıqları üçün tövbə etdi), Hz. Aişə siyasətdən çəkildi və Hz. Əliyə qarşı çıxdığı üçün tövbə etdi. Hz. Əli isə müharibədən sonra qarşı tərəfdəki insanları “xətaya düşmüş mömin qardaşlar” adlandıraraq, qənimət arxasınca düşənləri tənqid etdi.

2. Siffin Döyüşü və Hakəmlik:
Cəməldən sonra Hz. Əlinin əsas hədəfi Muaviyə idi. Günlərlə davam edən bir savaş başladı.
Amr ibn As döyüşün gedişatını dəyişdi. Quran səhifələrini qaldıraraq “hakimlik” təklif etdi. Bəziləri bunu Muaviyəni məğlubiyyətdən xilas etmək üçün taktika kimi görsə də, bəzi mənbələr Amr ibn Asın məqsədinin qan tökülməsini dayandırmaq olduğunu bildirir.
Hakimlər (Hz. Əli tərəfindən Əbu Musa Əl-Əşari, Muaviyə tərəfindən Amr ibn As) qərara gəldilər ki, hər ikisi də vəzifədən kənarlaşdırılsın, yeni xəlifə seçimini ümmət etsin. Fəqət münafiqlər bu məsənin də olmasına icazə vermədilər (Amr ibn Asın bu mərhələlərdə hiylə işlətməsi rəvayətləri uydurmadır).
Hakəmlik, əksinə, birliyi təmin etmədi, yeni parçalanmalara səbəb oldu və xaricilərin meydana çıxmasına yol açdı. Muaviyə isə bunu əsas gətirərək özünü xəlifə elan etdi və ətrafında dəstəyi böyütdü.

Hz. Əlinin Şəhid Olması
Hakəmlikdən sonra Hz. Əli xariciləri daha yaxın təhlükə kimi gördü və onlarla Nəhrəvanda savaşaraq onları dağıtdı və Muaviyəni ikinci plana keçirdi. Bir sübh namazı vaxtı Hz. Əli sui-qəsd nəticəsində şəhid oldu.

Hz. Osman: Xilafət Dönəmi və Fitnələr | Raşidi Xəlifələr - 3

İslam tarixində ən çox müzakirə olunan və bəzən də ən çox sual doğuran dövrlərdən biri Hz. Osman (r.a) dövrüdür. Onun xəlifəlik illəri həm siyasi, həm də ictimai çətinliklərlə yadda qalıb. Hz. Osmanın Peyğəmbərə (sav) yaxınlığı, səhabələr arasında xüsusi mövqeyi və İslam tarixindəki yeri bu dövrü daha da mürəkkəb edir. Çünki insanlar bu qədər dəyərli və nüfuzlu bir səhabənin dövründə necə bu qədər fitnələrin və narazılıqların yarandığını başa düşməkdə çətinlik çəkiblər.

Hz. Osmanın xəlifəliyi ümumilikdə 12 il davam edib. Bu illərin ilk yarısı — təxminən 6 il — ümumiyyətlə uğurlu sayılır. Hətta bəzi tarixçilərin fikrincə, bu dövrdə insanlar Hz. Osman üçün Hz. Ömərdən də artıq məhəbbət bəsləyiblər. Onun yumşaq təbiətli, əliaçıq və fədakar olması, dövlət xəzinəsindən maaş almayan yeganə xəlifə kimi bütün sərvətinin böyük hissəsini müsəlmanlar yolunda xərcləməsi bu sevgini daha da artırıb. İlk illərin uğurunun başqa bir səbəbi isə Hz. Ömərin geridə qoyduğu möhkəm dövlət idarəçiliyi olub. Hz. Osman bu quruluşu qorumağa çalışaraq işləri əvvəlcə sabit saxlayıb.

Ancaq ikinci 6 ildə vəziyyət dəyişməyə başlayıb. Xüsusilə xəlifəliyinin son illərində (hicri 33, 34 və 35-ci illər) hadisələr tam nəzarətdən çıxıb və nəticədə müsəlmanların xəlifəsi öz evində üsyançılar tərəfindən şəhid edilib. Hətta şəhid edildikdən sonra onu dərhal dəfn etməyə də imkan verməyiblər, cənazəsi bir neçə gün yerdə qalıb və sonda gizli şəkildə dəfn edilib.

Hz. Osmanla bağlı səsləndirilən ittihamlarla əlaqədar tarixçilər arasında müxtəlif baxışlar var. Bəzi iddiaların həqiqət payı olsa da, bir çoxunun sübut olunmadığı, bəzilərinin isə süni şəkildə şişirilir. Bu ittihamlar əksər hallarda insanları ona qarşı qızışdırmaq üçün vasitəyə çevrilib. Məsələn, məşhur islam alimi Əbu Bəkir İbnül-Ərəbi əl-Malikinin "Əl-Avasım Minəl-Qavasım" adlı əsərində Hz. Osmana yönələn 21 başlıca ittiham ayrıca qeyd olunub. Hz. Osman isə bu ittihamların sadə bir insanı belə öldürməyi haqq etmədiyini söyləyib.

Əsas iradlardan bəzilərini belə sadalaya bilərik:

  • Ubeydullah ibn Ömər məsələsi: Hz. Ömərin qatili və ona kömək edənləri heç bir məhkəmə olmadan öldürən oğlu Ubeydullaha qisas verilməməsi çox müzakirə olunub. Hz. Osman bu məsələni öz cibindən diyət ödəməklə bağlayıb. O, həm də dövlət başçısı olaraq zərərçəkənin sahibi mövqeyində qatilə əfv vermək haqqı olduğunu söyləyib.

  • Qurani-Kərimin tək bir ləhcə ilə yazılması: Hz. Osman Quranın müxtəlif ləhcələrdə oxunmasının qarşısını almaq üçün onu Qureyş ləhcəsində toplatdırıb, digər nüsxələri isə yandırıb. Bu addım bəzilərini narahat edib.

  • Yeni otlaq yerlərinin ayrılması: Əhalidən toplanan zəkat artdıqca mal-qara sayı da çoxalıb, buna görə yeni himalar (otlaq və quruluq sahələri) yaradılıb. Bu torpaqların bəzilərinin bəzi şəxslərə verilməsi isə narazılıq yaradıb.

  • Əbu Zərrin sürgün edilməsi: Cəmiyyətin sərvət bölgüsünü sərt tənqid edən Əbu Zərr əl-Ğifari zənginlərə qarşı sərt sözlərinə görə Mədinədən Rəbəzəyə sürgün edilib. Təbii ki, bu sürgünü Əbu Zərr özü də qəbul edib. Hz. Osman isə yalnız fətva verə biləcəyini, insanlara təqva tələb edə bilməyəcəyini deyib.

  • Hakəm bin əl-Asın geri gətirilməsi: Peyğəmbərin vaxtında Məkədə zülm etdiyinə görə Taifə sürgün edilən əmisi Hakəmi və ailəsini Hz. Osman Mədinəyə qaytarıb, onlara imtiyazlar tanıyıb. Bu isə Əbu Zərrin sürgünü ilə ziddiyyət təşkil edərək qəzəb doğurub.

  • Bəzi dini fətvalar: Həccdə namazı qısaltmadan qılması, ikinci azanı əlavə etməsi, xütbəni namazdan qabaq oxutdurması kimi addımlar "bidət" adlandırılıb. Halbuki bu etdikləri bir ictihad idi və dəlilləri mövcud idi.

  • Peyğəmbərin üzüyünü itirməsi: Abdest alarkən Peyğəmbərin üzüyünü itirməsi bəziləri tərəfindən "uğursuzluq" kimi qəbul edilib.

  • Bədir və Rıdvan beyətlərində iştirak etməməsi: Bu ittiham isə açıq-aşkar böhtandır. Çünki Hz. Osman Bədir döyüşündə Peyğəmbərin əmri ilə xəstə həyat yoldaşının başında qalıb. Rıdvan beyəti isə Hz. Osman Məkkəlilər tərəfindən saxlanıldığı üçün onun xilasına görə edilmişdi. Hətta Peyğəmbər Hz. Osmanın adından da özü beyət edib.

  • Qohumlarını vəzifəyə gətirməsi: Hz. Osmana qarşı ən sərt tənqid məhz bu məsələ ilə bağlıdır. Ondan əvvəlki rəhbərlər öz qohumlarını yüksək vəzifələrə gətirməmişdi. Halbuki Hz. Osman yaxın qohumlarını mühüm valiliklərə təyin edib. Məsələn, Vəlid ibn Uqbə, Səid ibn əl-As, Abdullah ibn Amir və Abdullah ibn Səad ibn Əbi Sərh kimi şəxslər. Bəzilərinin keçmişində problemli hadisələr, hətta irtidat etmiş olmaları cəmiyyətdə böyük narazılıq yaradıb. Hz. Osman isə onları bacarıqlı hesab etdiyini, onlardan bəzilərinin həmçinin Peyğəmbərin də qohumlarından olduğunu, Peyğəmbərin də qohumlarından birini idarəçi təyin etdiyini, bunu qadağan edən heç bir ayə və ya hədis olmadığını və qohumluq bağlarını qorumağın vacibliyini əsas gətirib. Amma tənqidçilər Hz. Ömərin qohumları rəhbərliyə gətirməməklə sözlərini və təyin olunan şəxslərin özbaşına davranışlarını daha əsaslı səbəb kimi göstəriblər.  Bunu da qeyd edək ki, necə ki, Hz. Osman 4 valini öz qohumundan seçmişdi, həmçinin Hz. Əli də öz dönəmində 4 valini öz qohumlarından seçdi. Amma niyəsə ona etiraz edənlər, Hz. Əliyə etiraz etmirlər. Buradan da görünür ki, məsələləri haqq deyil, məsələləri təəssübkeşlikdir.

Fitnə hadisələrinin əsl səbəbləri və pərdəarxası məqamları üzərində dayananda görünür ki, məsələ sadəcə səthi ittihamlardan ibarət deyil, cəmiyyətin içində baş verən dərin dəyişikliklərlə bağlıdır.

Fitnəyə meyilli bir mühitin yaranması: Peyğəmbərin nurundan uzaqlaşan, əvvəlki sadəlik və səmimiyyətini itirən cəmiyyətdə kiçik problemlər belə böyüyərək qarşıdurmalara yol açıb. İranlıların, yəhudilərin və xristianların bölgədə mövcudluğu, onların əvvəlki adət-ənənələrinin təsiri də bu prosesə təkan verib.

Qəbiləçilik hissinin yenidən güclənməsi: Xüsusilə Ümeyyəoğulları ilə Haşimoğulları arasındakı keçmiş çəkişmə və Qureyşlilərlə qeyri-Qureyşli tayfalar arasındakı gərginlik, cəmiyyəti iki yerə bölüb. Peyğəmbərdən (sav) sonra Qureyşə niyə itaət etməli olduqlarını sual edən qeyri-Qureyşli tayfalar öz mövqelərini axtarmağa başlayıblar.

Seçkin səhabələrin narazı salınması: Hz. Osman üçün ən böyük çətinliklərdən biri də Mədinə cəmiyyətinin dayağı sayılan aparıcı səhabələri özündən uzaqlaşdırması olub. Beləliklə, həm onların dəstəyini itirib, həm də Ümeyyə oğullarına arxalanmaq məcburiyyətində qalıb. Bir neçə nümunə:

  • İbn Məsud və Übey ibn Kab kimi səhabələrin maaşlarının kəsilməsi (Quran nüsxələri məsələsinə görə).

  • Hz. Aişənin maaşının azaldılması (bərabərlik məsələsinə görə).

  • Amr ibn As-ın valilikdən uzaqlaşdırılması.

  • Hz. Əlinin narazı salınması və baş verənlərin ortasında çaşqın qalması.

  • Abdurrəhman ibn Avf-ın dəstəyini geri çəkməsi.

İdarəetmədəki xətalar:

  • Hz. Ömərin əksinə olaraq, Hz. Osman seçkin səhabələrin Mədinədən çıxmasına şərait yaradıb və nəticədə ətrafında məsləhətləşə biləcəyi şəxslər ciddi şəkildə azalıb.

  • Fəthlərin həddindən artıq genişləndirilməsi və bu torpaqların idarə edilməsinin çətinləşməsi əlavə yük yaradıb.

  • Hz. Ömərin istəmədiyi bədəvilərin fəthlərə qoşulmasına icazə verilməsi, ordu nizamını pozub, bədəviləri qənimətə alışdırıb və onları fitnəyə açıq hala gətirib.

  • Qənimətlərin satışı ilə bağlı qaydaların yumşaldılması, əsgərlərin döyüşdən çox ticarətə meyil etməsinə səbəb olub.

Fəthlərin dayanması: Bu da fitnənin əsas səbəblərindən sayılır. Fəthlər davam edəndə cəmiyyətin diqqəti xarici düşmənlərə yönəlirdi, fəthlər dayandıqda isə daxili narazılıqlar ön plana keçdi.

Gizli əl (Abdullah ibn Səbə): Bəzi mənbələrdə bu dövrdəki qarışıqlığın başında yəmənli yəhudi əsilli Abdullah ibn Səbənin dayandığı açıq şəkildə görünür. Bu barədə "Həqiqətə Açılan Qapı" kitabında ətraflı şəkildə qeyd etmişik.

Hz. Osman isə Mədinədə mühasirədə olarkən vəziyyətin bu qədər böyüyəcəyini təxmin etməmiş, sui-qəsdə qədər gedəcəyini təsəvvür etməmişdi. Əslində nə Mədinə camaatı, nə də üsyançıların özləri hadisələrin bu həddə çatacağını gözləyirdilər. Onun ən böyük xətası bəlkə də problemləri müvəqqəti addımlarla yoluna qoymağa çalışması, davamlı bir həll mexanizmi qura bilməməsi idi. İstefa verməsi istənəndə isə, “Allahın mənə geyindirdiyi xilafət libasını siz istəmirsiniz deyə çıxarmaram” deyərək bu təklifi qəbul etməyib.

O dövrün müsəlman cəmiyyəti üçün bir xəlifənin necə və nə zaman vəzifədən alınmalı olduğu, səlahiyyətləri məhdudlaşdırılmalı olduğu ilə bağlı oturuşmuş bir qayda yox idi. Bu dövr tarixdə Əl-Fitnətül-Ula — yəni "ilk böyük fitnə" kimi tanınır və Hz. Osmanın şəhidliyi ilə nəticələnib. Yaşananlar həm xətalarıyla, həm də öyrədici dərsləri ilə İslam tarixində gələcək nəsillərə önəmli ibrət olaraq qalıb.

10 Temmuz 2025 Perşembe

Hz. Ömər və Xilafət Dönəmi | Raşidi Xəlifələr - 2

İslam tarixinə baxanda Peyğəmbərimizdən (s.ə.s) sonra müsəlman cəmiyyətinin inkişafında böyük rol oynamış şəxsiyyətlərdən biri də Hz. Ömərdir (r.a). O, Xulefayi-Raşidin xəlifələrinin ikincisi kimi tanınır və İslamın geniş ərazilərə yayılmasına böyük töhfə verib. Təxminən 2 il yarım Hz. Əbu Bəkrin (r.a) yanında ən yaxın dəstəkçi kimi çalışıb, daha sonra isə 10 ildən artıq müddətdə xəlifə olub.

Fütuhat dövrü və İslamın yayılması

Hz. Ömərin dövründə İslam fütuhat baxımından ən geniş mərhələsini yaşayıb. Bu dövrdə Sasani İmperiyası tamamilə tarixə qarışıb, İraq, İran, Azərbaycan kimi ərazilər İslam torpaqlarına daxil edilib. Bizansa bağlı Suriyadan tutmuş Əlcəzairə, Fələstin və Misirə qədər geniş ərazilər müsəlmanların idarəsinə keçib. Belə genişmiqyaslı fəthlər həm güclü hərbi və siyasi təşkilatlanma, həm də iqtisadi və logistika baxımından ciddi planlaşdırma tələb edib. Hz. Ömər bütün bu prosesləri Mədinədən mərkəzləşdirilmiş idarə ilə nizamlayıb.

Fütuhatı ümumilikdə iki yerə ayırmaq olar:

  • İlk dövr fəthləri – Peyğəmbərin (sav) səhabələrinin başlatdığı və müsəlmanların həyata keçirdiyi fəthlərdir. Bu fəthlər Abbasilər dövründə bir müddət dayanıb, amma sonradan türklərin fəthləri ilə davam edib – Malazgirtdən Vyana qapılarına qədər gedib çıxıb.

  • Sülh yolu ilə yayılma – yəni müsəlman dərvişlərin, ticarət adamlarının ordusuz, qılıncsız şəkildə İslamı Afrikanın qərb, cənub və mərkəzi bölgələrinə, eləcə də Asiya adalarına (Malayziya, İndoneziya, Filippin və s.) yayması. Burada məqsəd, Allahın kəlamının ucaldılmasıdır ki, bu da həmişə müharibə demək deyil. Hətta bu gün də müsəlmanlar öz həyatları ilə gözəl nümunə olsalar, Avropa və Amerikada belə İslamın yayılacağına inananlar çoxdur.

Hz. Ömərin idarəçilik nümunəsi

Hz. Ömər xəlifə kimi yalnız mövcud məsələlərlə kifayətlənməyib, yeni şəhərlərin salınması, torpaqların bölüşdürülməsi, iqtisadi məsələlərin həlli ilə bağlı nümunəvi qərarlar verib. Ordu komandanlarını, valiləri, katibləri, asayişi qoruyan şəxsləri təyin edib. Həmin dövrdə qadılar da fəaliyyətə başlayıb. Xaraktercə sərt olsa da, daim Allaha dua edib ki, sərtliyini yumşaltsın, zəifliyini gücləndirsin, xəsisliyini səxavətlə əvəz etsin. Öz dövrünün gedişatından xəbərdar olmaq üçün ticarət məqsədilə Həbəşistana, Yəmənə, Fələstinə, İraqa, Misirə və Suriyaya gedib-gəlib.

Muvafəqat və "muhaddəs" məqamı

Hz. Ömərin bəzi fikirləri nazil olan Quran ayələri ilə üst-üstə düşüb. Məsələn, Məqam-ı İbrahimin namazgah kimi seçilməsi, Peyğəmbər (sav) xanımları üçün hicab ayəsinin nazil olması kimi nümunələr var. Bu, onun Allah qarşısında ədəbini qorumaq anlayışını da göstərir. Bir də Hz. Ömərin “muhaddəs” – yəni ilhamla bəzi həqiqətləri hiss edən şəxs idi. Peyğəmbərimiz də bu xüsusiyyəti təsdiqləyib. Məsələn, azanın müəyyən olunması – Abdullah ibn Zeydin gördüyü yuxu və Hz. Ömərin də eyni yuxunu görməsi buna nümunədir.

Ancaq bu, onun yanılmaz olduğu anlamına gəlmir. Məsələn, Hudeybiyə sülhü zamanı şərtlərə etiraz edib, Peyğəmbərin əmrinə tabe olmaqda gecikib və buna görə ömrü boyu utanc hissi yaşayıb. Hətta xilafəti dövründə də bir qadının iradı qarşısında xətasını qəbul edib. Bu kimi haqq qarşısında daim susub və haqqı qəbul edib.

Qeyri-müsəlmanlarla münasibət və şəhərsalma

Hz. Ömərin dövründə fəth edilən torpaqlarda qeyri-müsəlmanlarla münasibətdə bir sıra prinsiplər tətbiq olunub:

  • Heç kim zorla müsəlman edilməyib.

  • Sülhlə alınan ərazilərdə yerli əhali cizyə (qoruma vergisi) ödəyib.

  • Müharibə ilə alınan torpaqlar isə əhali əlində saxlanılıb, qarşılığında xərac vergisi qoyulub.

  • Müharibə əsirləri öldürülməyib, əksinə, azadlığa buraxılıb.

Hz. Ömər yeni şəhərlər salmaqla da məşğul olub. Kufə, Bəsrə, Fustat (indiki Qahirənin əsası) kimi şəhərləri bu dövrdə salıb. Şəhərlərin mərkəzində məscid, yanında idarə evi, bazar yerləşib. Hətta kanallar çəkdirib, infrastruktur qurub.

Məqasid əş-Şəriə və sosial məsuliyyət

İslamın əsas məqsədləri – Məqasid əş-Şəriə – hər kəsin hüquqlarının qorunmasına əsaslanır:

  1. Həyatın qorunması.

  2. Nəsilin qorunması.

  3. Ağlın qorunması.

  4. Malın qorunması.

  5. Dinin qorunması.

Bunlar həm müsəlman, həm qeyri-müsəlmanların haqlarını qorumağa xidmət edir. Bundan əlavə, "Fərz-i kifayə" prinsipi də mövcuddur: əgər bir məhəllədə bir kimsə aclıqdan ölsə, ya da təbii fəlakət zamanı xilas olunmasa, o cəmiyyətdəki hər kəs məsuliyyət daşıyır. Və bütün bunlara Hz. Ömər öz dönəmində ciddi şəkildə nəzarət edirdi.

6 Temmuz 2025 Pazar

İman Məsələsində Səhabə İlə Aramızdakı Fərqlər

Səhabələri Anlamağın Üç Yolu

Səhabələri daha dərindən tanımağın üç əsas yolu var. Birincisi, səhabəni digər səhabələrdən öyrənməkdir. Yəni səhabələr bir-birlərini necə tanıtdırıb təsvir ediblər. Məsələn, Əbu Bəkrin oğlu Əbdürrəhman ibn Əbu Bəkr (r.a.) bir dəfə digər səhabələrdən soruşur ki, Rəsulullah (s.a.v.) sevgini insanlara necə öyrədib? Cavab isə çox mənalı olur: sevgi irsən, vərasətlə qazanılır.

İkincisi, səhabələri onları görən tabiin nəsli vasitəsilə tanımaqdır. Tabiinlər, yəni səhabələrin tələbələri, onları necə gördü, necə dəyərləndirdi – bu çox önəmlidir.

Üçüncüsü isə, tabiinlərin ardınca gələn ətbəut-tabiin nəsli vasitəsilə səhabələri dərk etməkdir. Onlar həm tabiinləri, həm də səhabələrin izlərini bizə çatdırıblar. Bu üç nəsil sayəsində səhabələrin iman gücünü daha dəqiq anlaya bilirik.

Səhabələrin İmanda Nümunəvi Yanaşmaları

1. Səhabə səhabəni necə təsvir edir?
Bunun gözəl nümunələrindən biri Aiz ibn Amr (r.a.) ilə bağlıdır. O, Ridvan beyətində Peyğəmbərə (s.a.v.) söz verənlərdən idi. Zalımlığı ilə tanınan vali Ubeydullah ibn Ziyad ona “Peyğəmbərdən nə eşitdin?” deyə soruşanda Aiz ibn Amr qorxmadan deyir: “Rəhbərin ən pisi xalqına qarşı amansız olandır.” Vali ona “səhabənin qalıqları” deyə aşağılamaq istəyəndə isə Aiz ibn Amr qətiyyətlə cavab verir: “Rəsulullahın əshabı içində qalıq yoxdur! Əgər bir qalıq varsa, o da onların yolundan uzaq düşənlərdir.” Bu sözlər onların necə şərəfli bir mövqedə olduqlarını göstərir.

2. Tabiin səhabəni necə təsvir edir?
Əbdürrəhman ibn Əbi Leylanın dediyi bir hadisə var: Bir məclisdə 120 səhabə vardı. Kiməsə sual veriləndə, cavabı yaxşı bildikləri halda məsuliyyətdən çəkindilər, bir-birinin üzünə baxdılar, sanki cavabı başqasından gözlədilər. Sual təkrarlandıqca, nəhayət bir nəfər durub cavab verdi, amma cavabı deyəndən sonra səhv edərəm deyə Allahdan bağışlanma istədi. Bu, səhabələrin elm qarşısındakı ehtiramını, təvazökarlığını və məsuliyyət duyğusunu göstərir. Bu gün isə insanlar az bildiyini də dərhal paylaşmağa həvəslidir.

3. Ətbəut-tabiin səhabəni necə təsvir edir?
İmam Əvzai (r.a.) səhabələrin beş əsas xüsusiyyətindən bəhs edir:

  • Birlikdə olmaq: Hər şeydən əvvəl vəhyə bağlı yaşamaq, Quranı həyatda önə çəkmək.

  • Sünnətə bağlılıq: Peyğəmbərin (s.a.v.) sünnətinə sadiqlikdə son dərəcə diqqətli olmaq.

  • Məscidləri yaşatmaq: Məscidləri sadəcə tikmək yox, onları boş buraxmamaq, həyat dolu saxlamaq.

  • Quran tilavəti: Quranı oxumaqla qalmayıb, onun ruhunu qavrayıb həyatına yön vermək.

  • Allah yolunda çalışmaq: Cihad yalnız döyüş deyil, bilik yaymaq, maneələri qaldırmaq və İslamın yayılmasına çalışmaqdır. Səhabələr dünyanın hər yerinə yayıldılar və bir daha geri qayıtmadılar. Bu gün də Mədinədə dəfn olunan səhabələrin sayı ilə Peyğəmbərin (s.a.v.) Vəda Xütbəsini dinləyənlərin sayı arasındakı fərq bunu sübut edir.

Quran Qissələrinin İman Dərsləri və Müasir Zəifliklər

Səhabələrin şəxsiyyətini formalaşdıran bəzi Quran qissələri var ki, onlardan çıxan dərslər bugünümüz üçün də çox aktualdır:

  • Fironun sehrbazları: İman alverə bağlı olmamalıdır. Çox vaxt insanlar iman əməllərini də başqa məqsədlərə bağlayırlar – bu isə ixlası öldürür.

  • Talut-Calut qissəsi: İtaətin dəyəri. Ümmət birliyi üçün rəhbərlərə itaət zəruridir. Hazırda isə hər kəs özünü mərkəz hesab etdiyi üçün birliyə çata bilmirik.

  • Əshab-ı Kəhf: Bəhanəsiz iş. İnsan faydalı işlərdən qaçmamaq üçün bəhanə gətirməməlidir.

  • Əshab-ı Uxdud: Allah rızası üçün əməldə qarşılıq gözləməmək.

  • Əshab-ı Qaryə: Başqalarını yaşatmaq üçün yaşamaq – isar ruhu.

Səhabələri Tanıdıqda İki Hiss

Səhabələr haqqında öyrəndikcə insanın içində iki hiss yaranır: bir tərəfdən ümid, motivasiya və hərəkət istəyi, digər tərəfdən isə onların yüksək səviyyəsi qarşısında özünü aciz hiss etmək. Bu iki hiss tarazlı şəkildə olmalıdır ki, insan həm hədəfini böyütsün, həm də özünü kiçik görüb məyus olmasın. Məsələn, Həzrəti Ömər (r.a.) Əbu Bəkrin (r.a.) həyatını görəndə “Elə bir həyat yaşadın ki, bir daha yaşamaq mümkün deyil” demişdi. Həzrəti Xalid ibn Vəlid (r.a.) vəzifədən alındığında itaətlə qəbul etdi – bu, səhabənin Allaha tam təvəkkülünün ən gözəl nümunəsidir. Bu gün insanlar isə uğuru öz adına çıxarmağa meyillidir.

Peyğəmbərimizin (s.a.v.) Gələcək Fitnələrə Dair Xəbərləri

Peyğəmbərimiz (s.a.v.) gələcəkdə qarşılaşacağımız çətinliklərdən xəbər verib ki, bunlar imanımızı necə qorumaq lazım olduğunu bizə göstərir:

  • O dövrdə bir əmri tərk edən ziyana düşürdü, gələcəkdə isə bir hissəsini belə yerinə yetirən qurtuluşa çatar.

  • Halal mal, səmimi dostluq və sünnətə bağlılıq ən qiymətli dəyərlərə çevriləcək.

  • Halal-haram həssaslığı yox olacaq.

  • Elm dərinliyi azalacaq, Quran sadəcə dillərdə qalacaq.

  • İnsan səhər mömin, axşam kafir olacaq – imanını kiçik dünyəvi mənfəətə dəyişəcək.

  • Faiz hər yerə yayılacaq.

  • Doğru sözə inanan azalacaq, əksinə yalançılar doğrulanacaq.

  • Xeyiri əmr edib pislikdən çəkindirmək tərk ediləcək, günahlar adiləşəcək.

  • Zaman keçdikcə hər gün əvvəlkindən daha ağır olacaq.

Peyğəmbərimizin (s.a.v.) Abdullah ibn Ömərdən (r.a.) nəql olunan xəbərdarlığında da beş təhlükə vurğulanır: zina yayılarsa yeni xəstəliklər, ölçüdə aldadarlarsa qıtlıq, zəkatı verməzlərsə yağış kəsilməsi, əhdə xilaf çıxarlarsa düşmənlərin müsəllət olması və rəhbərlərin Quranla əməl etməməsi bir-birinin cəzası olacaq.

Bütün bu həqiqətlər bir daha göstərir ki, səhabə keyfiyyətində bir iman yolçuluğu yalnız tarixdə qalmamalıdır. Bu yol bugün də bizə rəhbərdir – yetər ki, bu mənbələrdən düzgün istifadə edib imanımızı diri saxlaya bilək.

4 Temmuz 2025 Cuma

Ənsar-Mühacir qardaşlığı: İslam cəmiyyətinin dayağı və ailəvi əhəmiyyəti

Rəsulullah (sallallahu aleyhi və səlləm) Məkkədən Mədinəyə hicrət edəndə məqsədi Yəsribi haqq-ədalət üzərində qurulan bir İslam şəhərinə çevirmək idi. Bu məqsədi reallaşdırmaq üçün o, ardıcıl və düşünülmüş şəkildə yeddi əsas addım atdı.

İslam cəmiyyətinin inşasının yeddi əsas mərhələsi:

  • Məscidin inşası: İslam cəmiyyətinin mərkəzi məscid idi. İbadət, elm və ictimai həyat burada birləşirdi.

  • Mənzillərin salınması: Məscidin yaxınlığında həm Peyğəmbərin qalacağı, həm də məktəb kimi istifadə ediləcək otaqlar tikildi.

  • Suffa məktəbinin yaradılması: Müsəlmanların elmə bağlılığını gücləndirmək və şüurlarını tərbiyə etmək üçün Suffa meydana gəldi.

  • Muaxat (Ənsar-Mühacir qardaşlığı): İlk üç mərhələ tamamlandıqdan sonra Ənsar ilə Mühacir arasında qardaşlıq bağları quruldu.

  • Mədinə Sənədi: Tarixin ilk yazılı konstitusiyası olan Mədinə Sənədi hazırlandı.

  • Mədinə bazarının təşkili: İqtisadi müstəqilliyi təmin etmək üçün Mədinədə müsəlmanlara məxsus bazar quruldu.

  • Mədinə müdafiə sistemi: Əvvəlcə kəşfiyyat şəbəkəsi, sonra isə ordu təşkil edilərək Mədinənin müdafiəsi və İslamın yayılması üçün tədbirlər görüldü.

Muaxat: Ənsar-Mühacir qardaşlığı necə baş verdi?

Məscid, Suffa və mənzillər hazır olandan sonra Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Ənəs bin Maliki göndərərək Ənsar və Mühacirləri topladı. İbn Sədin verdiyi məlumata görə, 50 Ənsar 50 Mühacir ilə qardaşlaşdırıldı. Bəzi mənbələr, məsələn Məqrizi, bu rəqəmi 93 Ənsar və 93 Mühacir olaraq qeyd edir. Peyğəmbərimiz bu qardaşlaşdırmanı təsadüfi yox, olduqca məntiqli və incə düşüncə ilə həyata keçirdi.

Qardaşlaşdırılan bəzi sahabələr:

  • Hz. Əbu Bəkr — Xaricə ibn Zeyd

  • Hz. Ömər — İban bin Malik

  • Hz. Osman — Əvs bin Sabit

  • Əbu Ubeydə ibn Cərrah — Muhəmməd ibn Məsləmə

  • Əbdürrahman ibn Avf — Səd bin Rəbi

  • Zübeyr bin Əvvam — Kab bin Malik

  • Talha ibn Ubeydullah — Ubey ibn Kab

  • Səd bin Əbi Vəqqas — Səd bin Muaz

  • Səid ibn Zeyd — Rafi ibn Malik

  • Musab ibn Umeyr — Əbu Eyyub əl-Ənsari

  • Ərqam bin Əbil Ərqam — Əbu Talha Zeyd bin Səhl

  • Səlman-ı Farisi — Əbu Dərda

Hz. Əlinin xüsusi vəziyyəti

Qardaşlaşdırma bitdikdən sonra Hz. Əli boynu bükük şəkildə Peyğəmbərin yanına gəlib dedi: “Ya Rəsulallah, hamını bir-birinə qardaş etdin, məni isə etmədin.” Allah Rəsulu ona belə buyurdu: “Ey Əli, sən dünya və axirətdə mənim qardaşımsan.” Bəzi mənbələr Hz. Əlinin Sehl ibn Huneyflə qardaş edildiyini qeyd etsə də, əksər rəvayətlərə görə Peyğəmbərimiz Hz. Əlini özünə saxlayıb, onu şəxsən öz qardaşı elan edib.

Qardaşlığın ailəvi tərəfi və qadın sahabələr

Siyər mənbələrində əsasən kişilər arasında qardaşlıq bağlarının qurulduğu deyilsə də, əslində bu bağlar ailələri də əhatə edirdi. Məsələn, Hz. Əbu Bəkr Xaricə ibn Zeyd ilə qardaş olanda, onların ailələri də bir-birinə yaxınlaşdı. Buna görə ayrıca qadınlar üçün ayrıca bir qardaşlaşdırma həyata keçirilmədi.

Amma istisnalar da olub. Məşhur nümunələrdən biri Hz. Aişə anamız ilə Əbu Əyyub əl-Ənsarinin xanımı Ümmü Əyyub arasında qurulan qardaşlıqdır. Əbu Əyyub, Musab bin Umeyrin qardaşı idi, Musabın xanımı Hamnə binti Cahş da Ümmü Əyyub ilə bacı hesab edilirdi. Üstəlik Rəsulullahın Əbu Əyyubun evində qalması, Hz. Aişə ilə Ümmü Əyyub arasında da xüsusi bir yaxınlıq yaratmışdı. Bu da sübut edir ki, Ənsar-Mühacir qardaşlığı yalnız fərdlər arasında deyil, ailələr arasında da möhkəm bağlar qururdu.

Ənsar-Mühacir qardaşlığının əhəmiyyəti

Bu qardaşlıq modeli İslam cəmiyyətinin əsas dayağıdır. İslam cəmiyyəti qardaşlıq üzərində qurulub, qardaşlıqla möhkəmlənir. Təəssüf ki, bu gün bu ruh tam şəkildə yaşana bilmir. Bu ruhun zəifləməsi müsəlmanların bir bədən kimi birgə hərəkət edə bilməməsinə, parçalanmalarına və düşmən qarşısında zəif vəziyyətə düşmələrinə səbəb olur. Əgər Ənsar-Mühacir qardaşlığı modeli bu gün də düzgün başa düşülsə və tətbiq olunsa, İslam cəmiyyəti birliyini möhkəmləndirmək üçün daha güclü addımlar ata bilər.

Hz. Əbu Bəkr: Həyatı və Xilafəti | Raşidi Xəlifələr - 1

Həzrət Əbu Bəkr (r.a.), Rəsulullah (s.ə.s.) dövründə xüsusi mövqeyə sahib olmuş, İslam tarixində dərin iz buraxmış mühüm bir şəxsiyyətdir. Peyğəmbərimizdən iki yaş kiçik olan Əbu Bəkr, hələ risalətdən əvvəl də Onun yaxın dostu idi. Bu sarsılmaz dostluq, İslamın ilk çağlarında belə bir çox insanın Rəsulullahın şəxsiyyətinə güvənərək müsəlman olmasına vəsilə olub.

Peyğəmbərimizlə Münasibəti və İlk Müsəlmanlardan Olması

Əbu Bəkr, Peyğəmbərimizin dəvətinə könüldən bağlanmışdı. İlk vəhy gəldikdən sonra Həzrət Xədicənin Vəraqa ibn Növfələ getdiyini eşidən Əbu Bəkr, ticarət məqsədilə planlaşdırdığı Taif səfərindən vaz keçib dərhal Rəsulullahın yanına gəldi və İslamı qəbul etdi. Adətən "kişilərdən Əbu Bəkr, qadınlardan Xədicə, uşaqlardan Əli, kölələrdən Zeyd ibn Harisə" kimi sadalanan ilk müsəlmanlar sıralaması, əslində, ilk iman gətirənin şübhəsiz Xədicə anamız olduğu unudulmamalıdır.

Əbu Bəkr hicrət zamanı mağarada Peyğəmbərimizin yanında idi, Bədir döyüşünün gecəsində Rəsulullah dua edərkən paltarı çiynindən düşəndə onu yenidən örtdü və “Bəsdir, ya Rəsulullah, Allah dualarını qəbul edəcək” deyə Ona dayaq oldu. Mədinə dövründə də Əbu Bəkr və Ömər daim Peyğəmbərimizin yanında idilər. Bu yaxınlıq, onların Rəsulullahdan sonra "xeyirli varislər" kimi qəbul edilməsinin əsas səbəblərindən biridir.

Xilafətə Gəlişi və Yaşanan Müzakirələr

Rəsulullahın xəstəliyi dövründə namaz qıldırma vəzifəsini Əbu Bəkrə həvalə etməsi, onun rəhbərlik qabiliyyətini təsdiqləmişdi. Peyğəmbərimizin vəfatından sonra yaşanan qarışıqlıqda Əbu Bəkrin Məscid-i Nəbəvidə söylədiyi məşhur söz — “Kim Allaha ibadət edirsə, bilsin ki, Allah diridir, ölməz. Kim Muhəmmədə ibadət edirsə, bilsin ki, Muhəmməd vəfat edib” — həm cəsarətini, həm də camaatı ayıltmaq bacarığını göstərdi.

Onun vəfatından sonra davamlılıq məsələsi ətrafında mübahisələr başladı. Ənsar öz aralarından lider seçmək istəsə də, Ömər, Əbu Bəkr və Əbu Ubeydə ibn Cərrah Səqifədə Bəni Saidə məclisinə gedərək vəziyyətə müdaxilə etdilər. Əbu Bəkr orada etdiyi çıxışında Quranda mühacirlərin ənsardan əvvəl zikr edilməsini (məsələn, Həşr və Ənfal surələrində) və Peyğəmbərimizin Huneyn qənimətlərini Qureyş böyüklərinə paylamasını dəlil gətirərək mühacirlərin imamətə daha layiq olduğunu vurğuladı.

Beləcə, ənsarın da razılığı ilə Əbu Bəkrə “Xəlifətü Rəsulilləh” — Rəsulullahın xəlifəsi — deyə beyət olundu. Onun dövründə bu ad istifadə olundu, lakin Ömər dövründə ifadə uzun hesab edildiyi üçün “Əmirül-Möminin” titulu işlədilməyə başlandı və sonrakı xəlifələr də bu titulu daşıdı.

Əbu Bəkr Dövrünün Əsas Siyasətləri və Mübarizələri

Xəlifə seçildikdən sonra Əbu Bəkr oxuduğu ilk xütbədə tutacağı yolun əsasını açıq şəkildə bəyan etdi: Cəhalət dövrünün “güclü haqlıdır” düşüncəsini kökündən sındıraraq dedi ki: “Zəif olan haqqını alana qədər yanımda güclüdür, güclü olan da haqsız yığımlarını verənə qədər yanımda zəifdir”.

Onun xilafəti dövrünün əsas başlıqları bunlar idi:

Üsamə Ordusunun Göndərilməsi: Peyğəmbərimizin sağlığında hazırladığı və başına gənc Üsamə ibn Zeydi təyin etdiyi ordu bəzi etirazlara baxmayaraq yola salındı. Əbu Bəkr Üsamənin icazəsi ilə Öməri də ordudan saxlayaraq yanında köməkçi saxladı ki, bu da onun Peyğəmbərimizin qərarına nə qədər sadiq qaldığını göstərdi.

Riddə (İrtidat) Döyüşləri: Bu mübarizələr iki istiqamətdə aparıldı:

  1. Yalançı Peyğəmbərlərlə: Müseylimətül-Kəzzab (Yəmamə) — Peyğəmbərimiz son dönəmlərində ortaya çıxmış, Xalid ibn Vəlidin ordusu ilə döyüşmüş, “Hədiqatül-Məvt” (Ölüm Bağı) kimi tanınan qanlı savaşa səbəb olmuş və bu döyüşdə bir çox Quran hafizi şəhid olmuşdu.
  2. Zəkatdan İmtina Edənlərlə: Əbu Bəkr zəkatdan boyun qaçıranlara qarşı sərt mövqe tutaraq “Zəkatla namazı bir-birindən ayırmaram” sözləri ilə qərarlılığını bəyan etmişdi. Bəzi qəbilələr “Lə üşrə və lə həşr” deyərək aşar vergisi və mal toplanmasının ləğvini istəsələr də, Əbu Bəkr bu məsələdə də geri çəkilmədi. Onlar həmçinin zəkatı inkar edirdilər beləcə.

Qurani-Kərimin Toplanması: Yəmamə döyüşündə çoxlu hafizin şəhid olmasından sonra Ömərin təklifi ilə Qurani-Kərimin ayə və surələrinin kitab halına salınmasına qərar verildi. Əvvəlcə Peyğəmbərimizin etmədiyi bir işi etməkdən tərəddüd edən Əbu Bəkr, sonra bunun xeyirli olduğuna inandı və Zeyd ibn Sabit başçılığı ilə bu iş həyata keçirildi.

Fütuhatın Başlanması: Əbu Bəkr İslam fəthlərini başladan ilk xəlifədir. Xalid ibn Vəlidi Şeyban qəbiləsinə dəstək üçün İraq sərhədlərinə, Sasani imperiyasına qarşı göndərdi. Ardınca Bizans imperiyasına qarşı Şam cəbhəsinə üç ordu çıxardı. Bu addımlar Ömər və Osman dövrlərində davam edəcək böyük fəthlərin təməlini qoydu.

30 Haziran 2025 Pazartesi

Səhabə Kimi İnanmaq Mümkündürmü?

Elmin Dəyərini Bilmək və Böyük Alimlərdən Öyrənmək

Alimlər, yer üzündəki işıq saçan çıraqlara bənzəyirlər. Hər bir böyük alim əslində bir dünyadır. Onları tanımaq, yollarımızı işıqlandırır, məqsədlərimizi daha dəqiq müəyyən etməyə kömək edir. Məsələn, Yəhya ibn Yəhya əl-Leysi buna gözəl nümunədir. O, Maliki məzhəbinin ən önəmli tələbələrindən sayılır və “Əndəlüsün ağıllısı” kimi tanınırdı. Yəhya elm dalınca Mədinəyə getmiş, orada topladığı bilikləri öz vətəninə apararaq şəhərlər arasında elm körpüsü qurmuşdu.

Onun elmə bağlılığı haqqında danışarkən, məşhur bir hadisə yada düşür: İmam Malik bir dəfə dərs vaxtı fil karvanı gəldiyini xəbər verib tələbələrini filə baxmağa göndərir. Hamı gedir, amma Yəhya dərsdən qalxmır. O, elm məclisini bir filə dəyişməyəcək qədər məqsədinə bağlı idi. Bu kiçik nümunə, bu gün telefon və internet kimi “balaca fillərin” bizi necə yayındıra bildiyini açıq şəkildə göstərir. Təəssüf ki, bu yayındırıcılar müsəlman cəmiyyətində son yüz ildə böyük boşluqlar yaradıb.

Səhabə Kimi İnanmaq Haqqında Üç Gerçək

Bu sualı aydınlaşdırmaq üçün əsas üç məqama toxunmaq istəyirik:

1. Səhabə dövrü geri qayıtmır: Həzrət Peyğəmbər (s.ə.s.) ilə eyni dövrdə yaşamaq bir dəfəlik qismət idi. Onu görmək, sözünü birbaşa eşitmək yalnız o dövrün insanlarına nəsib oldu.

2. Onları savabda keçmək mümkün deyil: Qiyamətə qədər gələcək müsəlmanlar nə qədər yaxşı iş görsə də, yol səhabələr tərəfindən açıldığı üçün onların savabı da kəsilməyəcək. Deməli, biz nə qədər çalışsaq da, bu xeyir zəncirində həmişə onların izi qalacaq.

3. Səhabə kimi inanmaq həm mümkündür, həm də şərtdir: Bu, yalnız bir xəyala bağlı ümid deyil, əslində imanımızın əsas şərtidir. Əgər səhabəni nümunə götürməsək, bizə göstərilən iman modelini başa düşməmiş olarıq. Bunun həm Quran, həm də hədislərlə möhkəm əsası var.

Qurani Dəlillər

  • Bəqərə surəsi, 137-ci ayə: Allah buyurur ki, əgər başqaları da sizin kimi (səhabə kimi) iman edərsə, düz yoldadırlar.

  • Tövbə surəsi, 100-cü ayə: Allah mühacirləri, ənsarları və onlara gözəl şəkildə tabe olanları xüsusi olaraq qeyd edir və onlardan razı olduğunu bildirir.

Nəbəvi Dəlillər

  • 73 firqə hədisi: Peyğəmbərimiz (s.ə.s.) ümmətin 73 firqəyə bölünəcəyini deyib. Xilas olan qrupun kim olduğu soruşulanda isə cavabı bu olub: “Mənim və səhabəmin yolu ilə gedənlər.”

Tövbə Surəsindəki Üç Sinif İnsan və Xüsusiyyətləri

Mühacirlər: İmanları üçün Məkkəni tərk edib Mədinəyə köçənlər. Tövbə surəsinin 20-ci ayəsi onları Allah yolunda mallarını və canlarını ortaya qoyan, dərəcə baxımından üstün insanlar kimi tanıdır. Həqiqi mühacir isə addımlarını yalnız Allah üçün atan insandır. Ümmü Qays nümunəsi də göstərir ki, niyyət saf olmalıdır.

Ənsarlar: Onlar Mədinədə yerli idilər, hicrət edən müsəlmanları sevə-sevə qəbul etdilər. Həşr surəsinin 9-cu ayəsi onların fədakarlıq ruhunu açıq şəkildə təsvir edir: özləri ehtiyac içində olsa da, gələnləri özlərinə üstün tuturdular.

İhsanla tabe olanlar: Səhabələrdən sonra gələn və onları nümunə götürən nəsillərdir. Həşr surəsinin 10-cu ayəsi onların qəlblərində iman edənlərə qarşı heç bir kin saxlamadıqlarını bildirir. Abdullah ibn Səlamın nümunəsi də bunu sübut edir: o, heç bir möminə qarşı kin saxlamadığı üçün cənnətlə müjdələnib. Bugünkü kin və nifrət dolu münasibətlər isə bu ihsan anlayışından uzaq olduğumuzu göstərir.

İhsan Üzərə Tabe Olmağın Beş Əsas Mənası

  1. Səhabəni sevərək tabe olmaq. Bu sevgi zəncirinin içində Allah sevgisi, Peyğəmbər sevgisi, səhabə sevgisi və bir-birimizə sevgi var. Ən əsası da, bir-birini sevməyən bir ümmət bütöv ola bilməz.
  2. Onları həyat üçün meyar kimi qəbul etmək. Yaşayış tərzimizdə onların prinsiplərini əsas götürmək.
  3. Adları çəkiləndə hörmətlə yad etmək. "Radıyallahu anhu" demək sadə bir söz deyil, əslində bir dua, bir minnətdarlıqdır.
  4. Onları dərindən anlamaq. Onların həyatını, davranışını, iman dərinliyini öyrənmək şərtdir.
  5. Öz düşüncələrimizi müdafiə üçün səhabəni alət etməmək. Əksinə, onların həyatından dərs alaraq fikirlərimizi formalaşdırmaq əsas olmalıdır.

Tövbə Surəsi 100-cü Ayədən Çıxan Beş Mesaj

  • Səhabələr bizə insanın haralara qədər yüksələ biləcəyini göstərir.

  • Ən böyük hədəfimiz onların yolu ilə getməkdir.

  • Hər cür çətinlikdə ümid qaynağıdırlar.

  • Necə düz yolda qalmaq lazım olduğunu öyrədirlər.

  • Özümüzü daim onlarınla müqayisə edərək yolumuzu yoxlamalıyıq.

İman Dərkinə Aid Bir Neçə Vacib Nüans

  • Bəqərə surəsi 93-cü ayə: İsrail oğullarının qəlblərinə buzağı sevgisi “içirildi” deyilir. Bu da göstərir ki, həqiqi sevgi qəlbi tam əhatə etməlidir.

  • Mövlana deyir: Səhabələr Quranı “dişləri ilə yemişdilər”, yəni tam mənası ilə daxillərinə hopdurmuşdular. İndiki nəsil isə çox vaxt sadəcə “çeynəyir”.

  • İbn Xaldun vurğulayır: Səhabələr üçün Quran “var olmaq və ya olmamaq” məsələsi idi. Hər ayəni özlərinə nazil olubmuş kimi qəbul edib dərhal əməl edirdilər.

Ümid İşığı

Bütün bu çətinliklərə baxmayaraq, Peyğəmbərimiz (s.ə.s.) buyurub ki, bir gün gələcək, insanlar Onu görmədiyi halda Ona iman edəcəklər. Bu iman səhabələri belə təəccübləndirəcək qədər güclü olacaq. Ümid edirik ki, biz də o sinifdən olarıq.

28 Haziran 2025 Cumartesi

Səhabənin İman Anlayışı

Səhabələr Peyğəmbərimizdən (s.ə.s.) aldıqları həqiqətləri qəlblərinə hopdurub mənimsəmiş, sonra da bu nuru bütün ümmətə yaymış bir nəsil idi. Tabiin dövrünün dəyərli alimlərindən Məsruq bin Əcda (r.a.) səhabələri çatlamış torpağa yağan yağışa bənzədirdi: torpaq suyu əvvəlcə özünə çəkir, artıq qalanını isə təmiz halda saxlayaraq digər canlılara həyat verir. Bu bənzətmə göstərir ki, səhabələr Rəsulullahdan (s.ə.s.) öyrəndiklərini əvvəlcə öz həyatlarında yaşayıb, sonra başqalarına faydalı olublar. Məsələn, Əbu Hüreyrə, İbn Məsud, İbn Ömər kimi səhabələr elə bir elm və hikmət qaynağı idilər ki, ümməti suvarmağa yetəcək qədər zəngin idilər.

Peyğəmbərimiz (s.ə.s.) İmanı Necə Öyrədirdi?

Rəsulullah (s.ə.s.) səhabələrə imanı beş əsas üzərindən öyrədirdi. Bu prinsiplər onların iman dünyasının əsas açarı idi:

  • İman məsələsini çox təfərrüata boğmadan, sadə və başa düşülən formada çatdırardı.

  • Əvvəlcə insanları daxili maneələrdən azad edər, zehinlərini və qəlblərini açardı ki, iman toxumu bərqərar olsun.

  • İmanın anlaşılması üçün əsas anlayışları ortaya qoyar, bu anlayışlar vasitəsilə iman dərslərini mənimsədərdi.

  • İmanın əhəmiyyətini daim ön planda saxlayar, qəbulunun və inkarının nələrə gətirib çıxaracağını aydın şəkildə izah edərdi.

  • İmanın həqiqi ləzzətini dadmaq üçün səhabələrə yol göstərər, bu yolun daim inkişaf edən bir mərhələ olmasını vurğulayardı.

Quranda Səhabənin Yeri

Qurani-Kərim səhabələri xüsusi bir mövqedə tutur. Çünki onlar Quranın ilk şahidləri idilər. Onlar üçün nazil olan ayələr bir çox hallarda ümumi formada gəlsə də, məhz onların həyatına toxunurdu. Səhabələr namazda Quranın onların gündəlik həyatındakı hadisələrə toxunmasından çəkinər, hətta qorxardılar. Quranın təxminən üç yüzə yaxın ayəsi birbaşa səhabələrlə bağlıdır: onların gözəl xüsusiyyətlərini, bəzən xətalarını və bunlardan necə ibrət alınacağını açıq şəkildə göstərir. Qurandakı bu yanaşma insanın xəta edə biləcəyini qəbul edir, lakin dərhal düzəlməyi öyrədir. Məsələn, Cümə, Ənfal, Ali İmran, Tövbə, Nur və Əhzab surələrində səhabələrin həyatından nümunələr var ki, onların xətaları belə bir dərs olaraq bizə çatdırılır.

Bununla yanaşı, Quran səhabələrin üstün cəhətlərini də xüsusi vurğulayır:

  1. Onlar tarix boyu ən xeyirli bir topluluq olaraq təqdim olunur (Ali İmran, 110).

  2. Səmimi və saf iman sahibi olduqları bildirilir (Ənfal, 74).

  3. İmanlarını sözlə deyil, əməllə təsdiq ediblər (Həşr, 8).

  4. Allah tərəfindən razılıq almış bir nəsildir (Tövbə, 100).

  5. Təqvanı həyatlarının əsas istiqaməti seçmişlər (Fəth, 26).

  6. İmanı yalnız qəbul etməmiş, onu sevərək mənəvi yetkinliyə çatmışlar (Hucurat, 7).

  7. Möminlərə qarşı mərhəmətli, inkarçılara qarşı isə sərt olmuşlar (Fəth, 29).

  8. İbadəti sevda kimi həyatlarına qatmışlar (Fəth, 29).

  9. Mal-dövlətlərini və canlarını Allah yolunda fəda etməkdən çəkinməmişlər (Tövbə, 88).

  10. Özlərini deyil, başqalarını üstün tutmağı bilən isar ruhuna sahib olmuşlar (Həşr, 9).

  11. İman yolundakı fədakarlıqları ilə Cənnətə layiq görülmüş və bunun müjdəsini Rəbbimizdən almışlar (Hədid, 10).

Quran Qissələrinin Səhabəyə Təsiri

Quran qissələri insan xarakterini inşa etmək üçün nazil olub. Hər bir qissə nümunə olaraq ya müsbət bir obrazı, ya da mənfi bir misalı göstərir. Səhabələrin iman dünyasının formalaşmasında bu qissələrin təsiri böyük olub. Xüsusilə beş qissə onların iman yolunu işıqlandırıb:

  1. Fironun sehrbazları (Əraf, 103-126): Bu qissə şərtsiz imanı öyrədir. Sehrbazlar Fironun təhdidlərinə baxmadan möcüzəni görəndə tərəddüdsüz iman etdilər və imanları üçün hər şeyi fəda etdilər. Bu, səhabəyə heç bir dünya qarşılığı gözləmədən iman etməyi təlqin etdi.

  2. Talut-Calut qissəsi (Bəqərə, 246-251): Bu hadisə itaətin önəmini göstərir. İtaət və intizamla sayın deyil, əsl əqidənin qalib gələcəyini nümayiş etdirdi. Səhabələr də bu prinsipi Hudeybiyə və digər hadisələrdə yaşayaraq mənimsədilər.

  3. Əshab-ı Kəhf (Kəhf, 9-22): Bir neçə gəncin zalım hakimə qarşı duraraq bəhanəsiz iman yolunu seçməsi Məkkə səhabələrinə güc verdi. Bədir döyüşündə də səhabələr say azlığına baxmayaraq Peyğəmbərə (s.ə.s.) tam təslim oldular.

  4. Əshab-ı Uxdud (Büruc, 4-9): Gəncin minlərlə insanın imanına vəsilə olmaq üçün canını fəda etməsi səhabələrə dünyəvi qarşılıq gözləmədən xidməti öyrətdi. Süheyb Rumi bütün malını verib Peyğəmbərə (s.ə.s.) qovuşmaqla buna canlı nümunədir.

  5. Əshab-ı Qaryə (Yasin, 13-29): Həbibi Nəccarın qövmünün hidayəti üçün canını fəda etməsi səhabələrə isar ruhunu – başqalarının imanına görə öz rahatlığından keçməyi – öyrətdi. Rəsulullahın (s.ə.s.) vəfatından sonra səhabələrin dünyanın hər tərəfinə yayılması da bunun ən gözəl sübutudur.

Təsəttür: Əsarət ya Azadlıq?

İnsan övladı, var olduğu gündən bəri “azadlıq” və “əsarət” anlayışlarını müzakirə etmiş, bu anlayışları çox vaxt fiziki sərhədlərlə izah etm...