14 Temmuz 2025 Pazartesi

Hz. Həsən: Xilafəti və Muaviyə ilə Anlaşması | Raşidi Xəlifələr - 5

Hz. Əlinin sui-qəsd nəticəsində şəhid edilməsindən sonra İslam tarixində mühüm bir mərhələ başlamış və Hz. Həsən xilafətə gətirilmişdir. Bu dövr əsasən Muaviyə ilə yaşanan qarşıdurmalar və nəticədə əldə olunan razılaşma ilə yadda qalmışdır. Bu mövzuda əsas diqqət yetirilməli məqam, Hz. Həsənin xilafətə gəlişi, Muaviyə ilə bağladığı müqavilə və bunun arxasında duran səbəblərdir.

Hz. Həsənin Xilafətə Gətirilməsi

Hz. Əlinin vəfatından sonra Kufə əhalisi Hz. Həsənə beyət edərək onu xəlifə seçmişdi. Kufəlilər, ümumiyyətlə, döyüşdən bezdiklərini bildirərək ondan sülh tərəfdarı olmağı istəsələr də, bir qrup insan “Allahın Kitabına, Rəsulullahın sünnəsinə əməl edəcəyik və zəruri olsa, üsyançılarla vuruşacağıq” deyə təkid edirdi. Hz. Həsən isə ümumi bir beyəti qəbul etmiş, şərt qoyaraq “Mənə itaət edəcək, mənim döyüşdüyümlə döyüşəcək, sülh bağladığımla sülh edəcəksiniz” demişdi. Rəvayətlərə görə, Hz. Əli yaralandıqdan sonra yeni müharibə hazırlıqları görülürdü, sui-qəsd baş verəndə Şam əhalisinin İraq tərəfə hücumu gözlənilirdi.

Muaviyə ilə Razılaşmaya Gətirən Şərtlər

Hz. Həsən xilafətin əvvəlində Kufədən çıxaraq Muaviyə ilə üz-üzə gəlmək üçün 40 minlik ordu hazırlamışdı. Lakin ordu içində nizam-intizamın pozulması, Qays ibn Sədin öldürüldüyü xəbərləri və digər qarışıqlıqlar orduda təşviş yaratdı. Mədaində Hz. Həsənin yaralanması ilə ordu tamamilə dağılmış, bəzi başçılar isə Hz. Həsəni Muaviyəyə təslim etmək fikrinə düşmüşdülər.

Gedişatı düzgün qiymətləndirən Hz. Həsən, daha çox qan axıdılmaması üçün Muaviyəyə məktub göndərmişdi. Bəzi mənbələrə görə, Muaviyə də sülh təklifini əvvəlcədən irəli sürmüş və Hz. Həsən də əslində döyüşə meyilli olmamışdır. Razılaşmanı zəruri edən əsas amillər bunlar idi:

  • Qan tökülməsinin qarşısını almaq: Hz. Həsən üçün ən vacib məsələ müsəlman qanının axıdılmaması idi. Muaviyə ilə razılaşmadakı bəzi şərtlər də bununla əlaqəlidir.

  • Kufəlilərin etibarsızlığı: Kufəlilərin mövqeyinin qeyri-sabit olması, ixtilafların davam etməsi təhlükəsi sülhü daha məqbul etmişdi.

  • Ümmətin birliyi: Ümmətin parçalanmaması, birliyin qorunması Hz. Həsənin əsas məqsədlərindən idi. Hətta o, ümmətin rifahı üçün xilafətdən çəkilməyə qərar vermişdi.

Razılaşmanın Şərtləri

Hz. Həsən və Muaviyə arasında bağlanan razılaşmada bir neçə şərt qoyulmuşdu:

  • Kufə beytülmalı Hz. Həsənə veriləcəkdi.

  • Hz. Həsənə beş milyon dirhəm ödənəcəkdi (bəzən bu məbləğin illik verildiyi deyilir).

  • Darabcərd bölgəsinin gəlirləri Hz. Həsənə məxsus olacaqdı.

  • Minbərlərdən Hz. Əlinin lənətlənməsi qadağan ediləcəkdi (bəzi mənbələrdə bu şərtin sonradan pozulduğu da deyilir).

  • Muaviyə özündən sonra varis təyin etməyəcək, xilafət ya Hz. Həsənə, ya da şuraya keçəcəkdi, lakin Muaviyə sonradan oğlu Yezidi varis təyin etdi (fəqət bu bəndin qaynağının sihhətində (doğruluğunda) problemlər var).

  • Hz. Hüseynə iki milyon dirhəm veriləcəkdi.

  • Hz. Həsənin ailəsinə və tərəfdarlarına toxunulmayacaq, təhlükəsizlikləri qorunacaqdı.

  • İdarəçilik Quran, Sünnə və Raşid xəlifələrin yolu əsasında davam etdiriləcəkdi.

  • Heç kim cəzalandırılmayacaqdı.

Nəticə və Hz. Həsənin Vəfatı

Bu razılaşma İslam cəmiyyətində davam edən daxili qarşıdurmaları müvəqqəti də olsa dayandırdı, qan tökülməsinin qarşısı alındı. Hz. Həsən böyük bir fədakarlıq göstərərək xilafətdən əl çəkdi və birliyi üstün tutdu. Razılaşma nəticəsində Hz. Həsən Muaviyədən maddi dəstək aldı və müqabilində xilafətdən çəkildi.

Daha sonra Hz. Həsən Kufədən ayrılıb Mədinəyə getdi. Onun xilafət müddəti ilə bağlı fərqli rəvayətlər olsa da, ümumilikdə Raşid xəlifələr dövrünün otuz ili Hz. Həsənin altı aylıq xilafəti ilə tamamlanmış sayılır.

Hz. Həsən Mədinədə vəfat etdi və Bəqi qəbiristanlığında dəfn olundu. Vəfatı ilə bağlı ən çox müzakirə edilən məsələ isə həyat yoldaşı tərəfindən zəhərləndiyi iddialarıdır. Bəzi mənbələr bu sui-qəsddə Muaviyənin və ya Yezidin rol oynadığını desə də, bunun dəlili yoxdur və bu rəvayətlər uydurmadır.

Hiç yorum yok:

Yorum Gönder

Raşidi Xəlifələr Dönəmində İqtisadi Vəziyyət (Hz. Ömər Nümunəsində) | Raşidi Xəlifələr - 7

Xüləfa-i Raşidin dövrü İslam cəmiyyətinin iqtisadi həyatında mühüm dəyişikliklərin baş verdiyi bir mərhələdir. O vaxt iqtisadi vəziyyətdən d...