Qurani-Kərimin yazılı şəkildə qorunmasının əsasları hələ Peyğəmbərimiz (s.ə.s) sağ ikən, həm Məkkə, həm də Mədinə dövründə atılmışdı. Məkkədə vəhyin gəldiyi ilk illərdə vəhy katibliyi məhdud sayda mövcud olsa da, Mədinədə həm yazıb-oxuma bilən səhabələrin sayının artması, həm də imkanların genişlənməsi ilə bu iş daha sistemli və məqsədyönlü bir şəkildə davam etdirildi. Altımışdan çox səhabənin bu missiyanı daşıdığı, Qurani-Kərimin müxtəlif materiallar üzərinə yazıldığı və bu prosesin şəxsən Rəsulullah (s.ə.s) tərəfindən təşviq və tənzim olunduğu rəvayət olunur. Bu faktlar Qurani-Kərimin yalnız hafizlərin yaddaşına buraxılmadığını, həm də yazılı formada qorunduğunu göstərir.
Lakin Qurani-Kərimin kitab halında, iki qapaq arasında tam bir Müshəf şəklində toplanması məsələsinə gəlincə, Peyğəmbərimizdən (s.ə.s) bu istiqamətdə konkret bir göstərişin olmadığı diqqəti cəlb edir. Çünki vəhy davamlı şəkildə gəldiyi üçün tam bir kitab halında yığıla bilməzdi.
Peyğəmbərimizin vəfatından sonra xəlifə seçilən Həzrət Əbu Bəkrin (r.a) dövrü, sabit və asayişli bir dövr deyildi. Mürtədlərlə mübarizə və saxta peyğəmbərlərə qarşı aparılan döyüşlər, müsəlman cəmiyyətində ciddi təlatümlər yaratmışdı. Bu döyüşlərdə, xüsusilə də Qurani-Kərimi əzbər bilən səhabələrin şəhid olması, Həzrət Ömər (r.a) üçün ciddi narahatlıq doğurdu. Qurani-Kərim elə bir irs idi ki, onun qorunması bəşər tarixinin taleyinə təsir edəcək qədər mühüm idi.
Həzrət Ömər, bu narahatlığını Həzrət Əbu Bəkrə çatdıraraq, Qurani-Kərimin dağınıq səhifələrdən toplanaraq bir Müshəf halında yazılı şəkildə qorunmasının vacibliyini irəli sürdü. Əbu Bəkr əvvəlcə tərəddüd etdi. Peyğəmbərin sağlığında edilməmiş bir işi necə edəcəyinə dair ehtiyatlandı. Lakin Həzrət Ömərin israrla xatırlatdığı risklər – hafizlərin şəhid olması, yazılı səhifələrin itməsi və dini mirasın itirilməsi təhlükəsi – Əbu Bəkrin fikrini dəyişdi. Beləcə bu addım, həm ehtiyacdan doğan, həm də ictihadi (ictimai və dini zərurətdən qaynaqlanan) bir qərar olaraq həyata keçirildi. Ən önəmlisi isə bu qərar təkcə iki xəlifənin şəxsi təşəbbüsü ilə qalmadı, səhabələrin ümumi razılığı ilə qəbul edildi.
Bu mühüm və məsuliyyətli iş üçün, həm vəhy katibliyi etmiş, həm də Qurani-Kərimi dərindən bilən səhabələr arasından Zeyd ibn Sabit (r.a) rəhbərliyində bir heyət təşkil edildi. Bu heyət, son dərəcə dəqiq və ehtiyatlı işləməyi qərara aldı. Əsas şərtlərdən biri bu idi ki, kim Qurandan bir parça gətirirsə, onu iki şahidlə təsdiqləməli idi. Bu iki şahid məsələsi bəzən yanlış anlaşılır: burada məqsəd hansı ayənin Qurandan olub-olmaması ilə bağlı şübhə deyildi – səhabələr Qurani-Kərimi çox yaxşı bilirdilər, bu barədə heç bir problem yox idi – əsas məqsəd, gətirilən yazılı parça həqiqətən Rəsulullahın (s.ə.s) hüzurunda və təsdiqi ilə yazılıbsa, bu yazının orijinallığını təmin etmək idi. Çünki Qurani-Kərimin hər bir sözü, ilahi vəhyin bir hissəsi kimi, son dərəcə dəqiqliklə qorunmalı idi.
Bu ehtiyatlı yanaşmanın əsasında, həm Peyğəmbərin (sav) vəhyin yazımına birbaşa nəzarət etməsi, həm də bəzi fərdlərin (məsələn, Abdullah ibn Sə’d ibn Əbi Sərh kimi) müdaxilələrinə qarşı erkən tədbirlərin görülməsi dayanırdı. Belə hallar isə ümumi prosesin etibarlılığına xələl gətirməmişdi.
Tövbə surəsinin son iki ayəsi ilə bağlı məşhur bir rəvayət də bu prosesin təfərrüatlarına işıq tutur. Həmin ayələrin yazılı surətdə yalnız Əbu Huzeymə əl-Ənsaridə olduğu deyilir. Bunu bəhanə edərək Qurani-Kərimin etibarlılığına kölgə salmaq istəyənlər olur. Halbuki məsələ aydındır: heç kim bu ayələrin Qurandan olub-olmadığını sorğulamırdı, çünki başqa səhifələrdə də və səhabənin hifzində də bu ayələr var idi, sadəcə həmin yazının Peyğəmbərin (s.ə.s) hüzurunda yazılıb-yazılmadığı təsdiqlənməli idi. Əbu Huzeymənin bu sahədə etibarına əsaslanaraq (çünki Peyğəmbər onun şahidliyini iki nəfərin şahidliyinə bərabər tutmuşdu), həmin ayələr də Müshəfə daxil edildi.
Əlbəttə, bəzi şəxsi zəiflik və ya səhvlərin olması ehtimalı istisna deyil, çünki səhabələr məsum deyildilər. Ancaq bu cür ehtimalların qarşısını almaq üçün həm Peyğəmbərin birbaşa nəzarəti, həm də sapma əlamətləri göstərənlərin erkən mərhələdə prosessdən uzaqlaşdırılması prosesi sağlamlaşdırdı.
Ayə və surələrin sıralaması məsələsi də diqqətə layiqdir. Bu ardıcıllıq səhabələrin şəxsi qərarı idimi, yoxsa vəhyə əsaslanan bir sıralama? Alimlərin bu məsələdəki araşdırmaları, Qurani-Kərimin təkcə məzmununun deyil, həm də sıralamasının ilahi mənbəli olduğunu göstərir. Bu sıralama sonradan təşkil edilmiş süni bir düzülüş deyil, bilavasitə Peyğəmbərin (s.ə.s) göstərişləri ilə formalaşmış bir tərtibdir. Buna dair bir sıra dəlillər də mövcuddur.
Qurani-Kərimin Müshəf halına gətirilməsi zamanı son dərəcə həssaslıq göstərilmişdi – Allahın kəlamı olmayan heç bir söz, işarə, say və s. Müshəfə əlavə edilməmişdi. Həzrət Əbu Bəkr dövründə hazırlanan bu ilk Müshəf, təəssüf ki, bu günə gəlib çatmayıb. Onun qorunması ardıcıl şəkildə əvvəl Həzrət Ömərə, daha sonra da Həzrət Həfsəya keçdi və Həzrət Osmanın dövründəki ikinci cəm prosesində əsas qaynaq kimi istifadə olundu. Bu Müshəfin məzmun baxımından bu gün əlimizdəki Qurani-Kərimlə eyni olması heç bir şəkildə sual altına alınmır.
Bütün bu proseslər nəticəsində Qurani-Kərim həm əzbər, həm də yazılı şəkildə qorunaraq, müsəlman ümmətinin ortaq mətni halına gəldi və gələcək nəsillərə də qüsursuz şəkildə çatdırıldı. Bu, sadəcə bir mətnin deyil, bir vəhyin əmanətidir.
Hiç yorum yok:
Yorum Gönder