Fiqh etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Fiqh etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

6 Nisan 2026 Pazartesi

Sünnə Çərçivəsində Təkfir Məsələsi

Təkfir məsələsi İslam ümmətində çoxdan bəri qəlbləri yaralayan, bu gün də aktual olaraq müzakirə edilən çətin mövzulardan biridir. Əsas problem odur ki, bəzi anlayışların müəyyən qruplar tərəfindən özəlləşdirilməsi, siyasiləşdirilməsi, hətta kommersiya məqsədilə istismar edilməsi belə məsələlərin kökünə od atır. Məsələn, “Hizbullah” və ya “Cihad” kimi Qurani anlayışların tək bir zümrənin adına yazılması, yaxud “Əhli-Beyt” kimi bir sözün kafelərə ad olması bu anlayışların mahiyyətini boşaldır və müsəlmanlar arasında yeni acılara səbəb olur.

Təkfir nədir?

“Təkfir” kəlməsi sözlükdə “örtmək, gizlətmək, nankor olmaq” mənasını verən “küfr” kökündən gəlir. Termin baxımından isə, təkfir – bir şəxsi, zahirdə mömin bilinən halda, küfrdə ittiham etmək deməkdir. Alimlərə görə, təkfir odur ki, peyğəmbərin (sav) gətirdiyi və şübhəsiz şəkildə bilinən bir dini əsasın inkarını edən kimsənin küfrünə hökm verilir (Matüridi, Təvilatü’l-Quran, IX, 383-384; Qadı Abdülcəbbar, əl-Muxtəsər, I, 223). Bu, artıq iman dairəsindən çıxmış biri üçün keçərlidir; əks halda, zatən kafir olanı yenidən kafir elan etməyin mənası yoxdur.

Qurani-Kərim “təkfir” terminini birbaşa işlətmir, lakin dindən dönmə (irtidat) ilə bağlı ayələr açıq şəkildə göstərir ki, bu cür addım Allah qatında və möminlər nəzərində ağır cinayətdir. Hədislər isə təkfir mövzusunda vacib məqamları izah edir, Quranın mücməl buraxdığı yerləri açıqlayır.

Əhli Sünnə Vəl Camaatın Yanaşması

Əhli Sünnə Vəl Camaat hər hansı məzhəb və ya siyasi hizb deyil; əksinə, Allah Rəsulunun (s.ə.s.) təbliğ etdiyi, səhabə və tabiinin yaşadığı o təmiz yolu davam etdirən anlayışdır. Bu yol – ümmətin əməl etməli olduğu ana yoldur.

Peyğəmbərimiz (s.ə.s.) bir hədisində ümmətinin 73 firqəyə ayrılacağını, onlardan birinin nicat tapacağını, digərlərinin isə zəlalətdə olacağını xəbər vermişdir. “Qurtuluşa çatan firqə” – fırqə-i naciə – isə onun sözləri ilə desək, “mənim və səhabəmin üzərində olduğu yol”dur. Burada əsas məqam “biz fırqə-i naciəyik” deməkdən daha çox, hər bir müsəlmanın özünü bu yolun üzərinə çıxarmaq üçün səy göstərməsidir. Heç kimin haqqı yoxdur ki, Peyğəmbərin “gecəsi gündüz kimi aydın” dediyi bu yolu daraltsın və ya qaraltsın.

Görülən Dörd Əsas Sapma

Tarixdən günümüzə qədər təkfir məsələsində dörd əsas ifrat və yanlış mövqe müşahidə olunur:

  • Xəvaric düşüncəsi: Təkfir mövzusunda sərhəd tanımayan, öz düşüncəsinə uyğun gəlməyən hər kəsi asanlıqla küfrlə ittiham edən düşüncədir. Tarixdə Hz. Əli və Hz. Muaviyəni belə kafir elan ediblər. Onlara görə, özlərindən başqa müsəlman yoxdur. Bu düşüncə başladımı, dayanmaq bilməz və axırda sahibini də məhv edər. Hz. Əlinin xəvaricə “cahil qardaşlar” deməsi Əhli Sünnənin nə qədər geniş baxışlı olduğuna sübutdur. Bu gün də insanlara “cəsus”, “satqın” kimi damğa vuran bəzi düşüncələrdə bu xəvaric ruhunun izlərini görmək olur.

  • Mürciə baxışı: Mürciə tərəfdarları təkfirdə olduqca geniş yanaşır, əməlin imanla əlaqəsini kəsirlər. Onlara görə, bir insan açıq-aşkar kafirliyini desə belə, onu müsəlman saymaqdan imtina etməzlər. Xəvaric bir uc, Mürciə isə başqa bir uc nöqtədir.

  • Mötəzilə: Bu yanaşma böyük günah işləyənin kafir olmadığını, lakin tam mömin də sayılmadığını irəli sürür. Belələri iki hal arasında “fasiq” mövqeyində yerləşdirilir. Tövbə etmədən ölsə, əbədi cəhənnəmdə qalacağına inanılır. Bu düşüncənin izlərini bu gün bəzən “modern” görünən, ağılçılığı şüar edən qruplarda görmək olur. Tez-tez “ənənə uydurmadır” deyərək klassik mənbələri aşağılamaq meyili bu düşüncə ilə uzlaşır.

  • Şiə yanaşması: Şiə məntiqində isə uydurma tarix üzərindən səhabə və tabiini, o nəsli sevənləri belə küfrdə ittiham etmək halları var. Əhli Beyt sevgisinin siyasiləşdirilməsi ilə ümmətin böyük qismi qərəzli şəkildə hədəf alınır.

Təkfirin Şərtləri və Hökmləri

Təkfir məsələsində Quran, hədislər və alimlərin təhlilləri əsas götürülməlidir.

Hədislərdə təkfirə dair bir neçə önəmli qayda var:

  • “Lə iləhə illəllah, Muhəmmədun Rəsulullah” deyib namaz qılan, zəkat verən insanların canı-malı qorunur. Üsamə hədisəsində olduğu kimi, şəhadət kəlməsini deyən şəxsi qorxudan belə öldürmək Peyğəmbərimiz (s.ə.s.) tərəfindən qətiyyətlə qadağan edilmişdir; çünki zahiri əsas götürmək vacibdir.

  • Qibləyə yönəlib namaz qılan, müsəlman qardaşımız sayılan şəxslərin malına-canına toxunmaq olmaz.

  • İki müsəlman bir-biri ilə qılıncla üz-üzə gəlsə, öldürən də, ölən də cəhənnəmdədir.

  • Hər müsəlmanın qanı, malı və namusu digərinə haramdır.

  • Peyğəmbərimiz (s.ə.s.): “Bir şəxs qardaşına ‘kafir’ deyirsə, bu söz havada qalmaz, əgər qarşı tərəf kafir deyilsə, o söz deyənə qayıdar” buyurub (Müslim). Bu səbəbdən alimlər “bir kafiri səhvən müsəlman saymaq, bir müsəlmanı əsassız yerə kafir saymaqdan daha məqbuldur” deyiblər.

Kimsəni küfrdə ittiham etməklə ağır nəticələr ortaya çıxır: nikah pozulur, kəsdiyi halal sayılmır, miras və digər hüquqlar düşür. Buna görə bu mövzu dərin bilgi tələb edir.

Alimlərin Bu Məsələyə Yanaşması

Böyük İslam alimlərinin fikirlərinə baxanda ümumi ruh budur:

  • İmam Əbu Hənifə bidət əhlinin xətasını tənqid edir, lakin onları asanlıqla təkfir etməyi düzgün saymır. (Fiqhu’l-Əkbər, Aliyyu’l-Qari Şərhi, s. 429)

  • İmam Şafii bidət əhlinin belə şahidliyini rədd etməyib, onları müsəlman dairəsindən çıxarmayıb.

  • İmam Qəzali təvil xətasının təkfirə səbəb olmadığını vurğulayıb.

  • İbn Teymiyyə isə açıq şəkildə deyir: “Heç bir müsəlmanı etdiyi xətaya görə təkfir etmək olmaz... Bu ancaq şəri dəlillərlə mümkündür.” (İbn Teymiyyə, Məcmuu’l-Fətava, 12/180, 17/78)

  • İmam Təhavi, Təqiyuddin Subki, İbn Rəcəb əl-Hənbəli, Əbu Basir, Şəvkani, İbn Hazm kimi adlar da eyni ruhda izah verib: Təkfir yalnız açıq, qəti dəlillə ola bilər, zənnə əsaslana bilməz. (Əbu’l Həsən Taqiyyuddin əs-Subki, “Fətava’s-Subki”, 2/586; İbn Rəcəb əl-Hənbəli, Camiu’l-Ulum və’l-Hikəm, s. 118: Şəvkani, “əs-Seylü’l Cərrar alə Hadaiki’l Əzhar”, 4/578; İbn-i Hazm,” əl-Fisal fi’l Miləli və’n-Nihəl”, 3/138)

Təkfirin Caiz Olmadığı Hallar

Təkfir məsələsində çox incə məqamlar var və hər kəs bilməlidir ki, bəzi hallarda kimisə küfrdə ittiham etmək əsla doğru deyil. Aşağıdakı vəziyyətlərdə heç kimə kafir damğası vurmaq olmaz:

  • Bir insan açıq şəkildə iman gətirdiyini bildirirsə, onu təkfir etmək olmaz.

  • Qibləsi Kəbə olan, namaz qılan və ya az da olsa qılmağa çalışan heç kəs təkfir edilə bilməz.

  • Alimlər arasında ixtilaflı olan məsələlər heç vaxt təkfir səbəbi olmur.

  • Kimisə dolayısı ilə, müxtəlif məntiq oyunları ilə təkfir etmək düzgün deyil.

  • Şübhəyə, ehtimala əsaslanaraq kimsə küfrdə ittiham edilə bilməz.

  • Cəhalət səbəbindən yanlış bir inancı daşıyan insana əvvəlcə haqq öyrədilməlidir, dərhal təkfir olmaz.

Təkfirin Mümkün Olduğu Hallar

Əgər insan aşağıdakı hallarda açıq şəkildə qəsdən belə edirsə, o zaman təkfir məsələsi gündəmə gələ bilər:

  • Allahın varlığını, birliyini, sifətlərini inkar edirsə;

  • Peyğəmbərlik anlayışını (bütün peyğəmbərləri və ya bir peyğəmbəri) rədd edirsə;

  • Axirətə, qiyamətə, cənnət və cəhənnəmə inanmırsa;

  • Qurani-Kərimin hamısını və ya bir hissəsini inkar edirsə;

  • Təvatür dərəcəsində sabit olan hədisləri və sünnətləri inkar edirsə;

  • Beş vaxt namaz, Ramazan orucu, həcc kimi açıq-aydın dini əməlləri inkar edirsə;

  • İslam dəyərlərinə, məsələn, azana gülür, lağ edirsə;

  • Haramı halal, halalı haram hesab edirsə (məsələn, zina və ya faiz halaldır deyirsə);

  • Açıq-aşkar kafirlərə məxsus ibadətləri bilərək edirsə (məsələn, günəşə, bütlərə sitayiş etmək);

  • İmanla uyğun gəlməyən sözləri bilərək deyirsə (küfr sözləri);

  • Səhabəyə söyür, hörmətsizlik edir, hamısını küfrdə ittiham edirsə (lakin onların bəşər olaraq xətalarını danışmaq onları alçaltmaq deyil);

  • Allahın hökmlərini bilərək tərk edib başqa qanunlara razı qalırsa (məsələn, mirası Quranla deyil, başqa qanunla bölməyi tələb edirsə).

Küfr Felləri və Küfr Sözləri

Küfr əməlləri (əfal-i küfr) və küfr sözləri (əlfaz-ı küfür) işləyən hər kəs bir anda təkfir edilmir. Burada da əsas məsələ niyyət və şüurdur. Əgər açıq-aşkar, bilərək, iman əsaslarına zidd şəkildə edilirsə, o zaman təkfir edilə bilər; əks halda öncə xəbərdarlıq vacibdir.

Ən açıq küfr əməllərinə misal:

  • Allahdan başqasına səcdə etmək;

  • Büt və ya bir insana, Allahı ucaltdığı kimi hörmət etmək, qurban kəsmək;

  • Quranı bilərək murdar yerə atmaq, hörmətsizlik etmək;

  • Allahın qanunlarını kənara atıb bəşər qanunları ilə hökm etmək və bunu qəbul etmək;

  • Şəriəti inkar edən qanunlar çıxarmaq və onlara razı olmaq;

  • Kafirləri dost bilib onlara vəlayət dərəcəsində dəstək olmaq;

  • Sehrlə məşğul olmaq və bunda bir problem görməmək;

  • Qəbir ətrafında dolaşıb ondan bir şey istəmək (“Ya filankəs, mənə pul ver” demək);

  • Küfr əhlinin ibadətlərinə qəsdən qatılmaq;

  • İslam məscidlərini qəsdən dağıtmaq;

  • Müşriklər üçün sinaqoq, kilsə tikmək;

  • Bilə-bilə dəstəmazsız namaz qılıb bunu fəzilət kimi göstərmək (yəni ibadətləri dəyişdirmək).

Küfr Sözləri Nədir?

Küfr sözləri əsasən dörd formada təzahür edir:

  1. İstehza – dini bir əsasla lağ etmək;

  2. İstixfaf – dini prinsipləri kiçiltmək;

  3. İstihkar – dini və müqəddəs dəyərlərə açıq-aşkar söyüş və hörmətsizlik etmək;

  4. İstinkar – açıq dini hökmləri inkar etmək və ya söymək.

Buna misal olaraq, Allah, İslam, mələklər, peyğəmbərlərlə lağ etmək; “Allahdan qorxmuram” demək; “Müsəlman olmasaydım yaxşıydı”, “Yəhudiyəm” demək; içki, faiz kimi haramları halal görmək; “İslam bu dövrə yaraşmır” demək kimi sözlər misaldır.

Hətta düşünmədən işlədilən “Allah gəlsə də xilas edə bilməz”, “Allah mallah tanımıram”, “Öküz əleyhissəlam” kimi ifadələr də çox təhlükəli ifadələrdir və küfrün qapılarıdır.

Əsas Qaydalar

  • Təkfir parçalayır, Tövhid birləşdirir. Kim ki "Əhli Tövhiddir" deyir, bunu unutmamalıdır.

  • Təkfir Allahın və Rəsulunun haqqıdır; qəti dəlil (nass) olmadan olmaz.

  • Təkfir yalnız açıq vəhyin inkarı ilə olar, təvilə söykənən təkfir əsassızdır.

  • Təkfir bıçaq kimidir – bir dəfə çəkildimi, havada qalmaz, ya qarşıya, ya sahibinə dəyər.

  • Tənqidlə təkfir bir-birinə qarışdırılmamalıdır. Böyük alimlər bir-birini tənqid edib, amma təkfir etməyiblər.

Sonda unutmamalıyıq ki, Lə iləhə illəllah kəlməsi Allah qatında əzəmətlidir. Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, bir insan bu kəlməni inanmadan belə desə, qanı-malı qorunur. Miqdad İbn Əmr (r.a) rəvayətindən də öyrənirik ki, hətta savaşda belə bu kəlməni deyən birini öldürmək insanı böyük günaha salar (Müslim, Nəvəvi Şərhi). Bu, tövhid kəlməsinin dəyərini bizə açıq şəkildə göstərir.

29 Ocak 2026 Perşembe

Təziyənin (Yas) Sünnədəki Yeri

Sünnə, həyatımızın hər sahəsini istiqamətləndirən ilahi bir yol göstəricidir. Təziyə də bu istiqamətdə, həyatımızda xüsusi yer tutan bir sünnətdir. Bu məsələyə dair Peyğəmbərimizin (s.ə.s) və onun seçkin səhabələrinin bizə öyrətdiyi iki əsas mesaj var:

  • Təziyə, dünyasını dəyişmiş şəxsin yaxınları ilə həmrəylik göstərmək, onların dərdinə şərik olmaq və təsəlli vermək üçündür. Bu məqsədə zidd olan davranışlardan uzaq durmaq vacibdir.

  • Təziyəyə gedən insanlar üçün bu məkan, ölümü xatırlamaq və dünyəvi təlaşdan bir anlıq ayrılıb, qəflətdən ayılmaq fürsətidir. Bu təsiri aradan qaldıran hər şeydən çəkinmək lazımdır.

Təəssüf ki, bu prinsiplərə əməl olunmadıqda, təziyə mərasimləri bəzən lüks, təlaş dolu bir tədbirə çevrilir. Nəticədə, nə yas sahibinə acısını yaşamağa fürsət verilir, nə də gələnlər öz payına düşən dərsi ala bilirlər.

Yas Sahibləri və Yemək Məsələsi

Cənazə sahiblərinin kədərini rahat yaşaması, özünü ifadə etməsi təbii bir ehtiyacdır. Şübhəsiz ki, insanlar üç günlük təziyə müddətində yeməksiz-susuz qala bilməz. Yemək bişəcək, ehtiyaclar qarşılanacaq. Amma burada diqqət edilməli olan mühüm bir məsələ var: Sünnət bizə öyrədir ki, cənazənin birbaşa yaxınları bu günlərdə yemək məsələləri ilə məşğul olmamalıdır. Onların başlıca işi təziyələri qəbul etmək və itkinin kədərini yaşamaq olmalıdır.

Əlbəttə ki, ev əhli öz ailəsi üçün yemək hazırlaya bilər. Amma bu yeməklər bir ziyafətə, camaatı yığmağa yönəlməməlidir. Əsas məqsəd acı yaşayan insanlara yük olmaq deyil, onların yükünü azaltmaqdır.

İslam Alimlərinin Məsələyə Baxışı

Bu məsələdə məzhəblərin də maraqlı və faydalı fikirləri var:

Hanəfi Məzhəbi:

  • İbnü’l-Hümam qeyd edir ki, cənazə sahiblərinin camaata yemək verməsi məkruhdur. Ziyafət sevincli günə aiddir, kədərli günə yox.

  • Cərir ibn Abdullah bildirir ki, səhabələr bu cür toplaşmaları cahiliyyə adəti kimi qəbul edərdi. Hətta bu, haram olan niyaha (yüksək səslə ağı deyib baş yarmaq və s.) ilə eyniləşdirilirdi.

  • Hələbi də cənazə sahibinin yemək verməsini məkruh sayır. Amma qonşuların və qohumların yas sahiblərinə yemək bişirib gətirməsi bəyənilən bir əməldir.

  • Bəzzazi isə bildirir ki, ölünün 1-ci, 3-cü, 7-ci günündə yemək bişirilməsi məkruhdur. Hətta bəzən qəbrə yemək aparmaq, Quran oxutmaq adı ilə süfrələr açmaq da belədir. Əgər bu yeməklər ehtiyac sahiblərinə verilirsə, bu müstəsnadır və savabdır.

Şafii Məzhəbi:

  • İmam Şafii hesab edir ki, qonşular və qohumlar cənazə evinə bir gecə-gündüz yemək hazırlayıb aparsalar, bu gözəl və sünnətə uyğun bir davranışdır.

  • İmam Nəvəvi isə deyir ki, bu məsələdə əsas olan ölü sahiblərinin yemək verməməsidir. Belə bir adət nə sünnətdir, nə də tövsiyə olunur. Əgər qadınlar ağı deyib ağlaşmaq üçün yığışıblarsa, onlara yemək vermək caiz deyil, çünki bu günahda vasitə olmaq deməkdir.

Sünnətdən Əsaslı Bir Nümunə

Peyğəmbərimizə (s.ə.s) Cəfər ibn Əbu Talibin Mütə döyüşündə şəhid olduğu xəbəri çatanda, o, dərhal səhabələrə göstəriş verdi ki, Cəfərin ailəsi üçün yemək hazırlasınlar. Çünki bu ailə elə bir dərdin içində idi ki, yemək düşünəcək halda deyildilər. Bu nümunə bizə əsas meyarı göstərir: Hüzndə olan insanları yükləmək deyil, yükünü bölüşmək lazımdır.

Zamanımızın Külfətləri və Təkliflər

Təəssüf ki, bu gün bəzi bölgələrdə təziyə mərasimləri ciddi maddi yükə çevrilib. Bölgələrdə üç gün ərzində yüzlərlə. Bu isə ailələri ağır borc altına salır, hətta bəziləri bankdan kredit belə götürür. Halbuki təziyə bir ibadət, bir dərs və bir təskinlik məkanıdır — maddi yarış sahəsi deyil.

Bu səbəblə aşağıdakı tövsiyələrə əməl olunması faydalı olar:

  1. Yas sahibləri yemək və qonaqlıq işləri ilə məşğul edilməməlidir.

  2. Yeməyi qonşular, qohumlar və dostlar hazırlayıb, sadə və riyasız şəkildə təqdim etməlidirlər.

  3. Təziyəyə gedənlər əsasən yemək vaxtı deyil, daha münasib saatları seçməlidirlər.

  4. Dərnəklər, fondlar və bələdiyyələr bu məsələdə israf etmədən və nümayişə yol vermədən köməkçi ola bilərlər.

  5. Maddi imkanı zəif olan ailələr yemək verməyə məcbur olmadıqlarını bilməli, bu səbəbdən borc altına girməməlidirlər.

Unutmayaq ki, təziyə mərasimlərinin əsil məqsədi ölümü xatırlamaq və təsəlli tapmaqdır. Bu ruhiyyəni pozacaq hər bir haldan uzaq durmaq lazımdır.

20 Aralık 2025 Cumartesi

İslami Hökmlərdə Zamanla Dəyişmə

Fiqh – yəni İslam hüququ – günümüzdə tez-tez müzakirəyə çıxarılan sahələrdən biridir. Xüsusilə də fiqhin müasir problemlərə həqiqətən cavab verib-verə bilmədiyi, dəyişən zamanın dini hökmlərə necə təsir etdiyi kimi suallar gündəmdədir. Bu müzakirələrin mərkəzində dayanan əsas məsələ, zaman dəyişdikcə İslam hökmlərinin də dəyişib-dəyişməyəcəyidir. Məcəllədə işlədilən məşhur bir prinsip var: “Zaman dəyişdikcə hökmlərin də dəyişməsi inkar edilə bilməz.” Bu qayda, hökmlərin tamamilə sabit deyil, müəyyən çərçivələr daxilində dəyişə biləcəyini göstərir. Amma bu dəyişiklik hər adamın öz fikrinə görə deyil, elm və metodologiya çərçivəsində, fiqh əhlinin müəyyənləşdirdiyi qaydalara uyğun şəkildə dəyərləndirilir.

Mutəqaddimun və Mutəaxxirun Ulema Fərqi

Əlimizdəki fiqh irsində mütəxəssislər “mutəqaddimun” (ilk dövr alimləri) və “mutəaxxirun” (sonrakı dövr alimləri) kimi iki əsas qrupdan danışırlar. Bu fərqin yaranmasında zamanın dəyişməsi, insanların yaşayış tərzinin, ticarət əlaqələrinin, ictimai münasibətlərin fərqlənməsi kimi amillər mühüm rol oynayıb. Məsələn, Hənəfi məzhəbinin ilk əsas mənbələrindən olan Zahirür-rivayə əsərində yer alan bəzi hökmlər, sonrakı dövrlərdə dəyişən şəraitə görə fərqli şəkildə tətbiq olunmuşdur. Bu fərqlərin formalaşmasında üç əsas səbəb xüsusi əhəmiyyət daşıyır: örf, məsləhət və sədd-i zərayi prinsipi (pisliyə yol açan vasitələri bağlamaq). Bir dövrdə insanlar üçün zərərli hesab edilən və ona görə qadağan edilən bir məsələ, başqa bir zamanda artıq həmin təhlükəni daşımadığı üçün icazəli hesab oluna bilir. Eyni şəkildə, bir vaxtlar cəmiyyətin xeyrinə olan bir hökm sonradan fəsada çevrilə bilər və o zaman hökm də dəyişməlidir.

Hansı Hökmlər Dəyişə Bilər, Hansıları Yox?

İslam hüququnda bütün hökmlər dəyişən deyil. Əsas dəyişməzlik prinsipi (adəmi-təbəddül) bunu tələb edir. Yəni dinin təməl hökmləri zamanla dəyişmir və dəyişdirilməməlidir. Dəyişiklik yalnız səbəbi dəyişən hökmlərdə mümkündür. Bu kateqoriyaya daxil olanlar əsasən bunlardır:

  1. Örfə əsaslanan hökmlər: Örf dəyişdikcə bu hökmlər də dəyişə bilər. Məsələn, əvvəllər bir mənzilin bir otağını görmək alış-verişdə görmə muxayyərliyini aradan qaldırmaq üçün kifayət sayılırdı. Amma müasir şəraitdə bu məntiq artıq keçərli deyil.
  2. Sədd-i zərayi əsaslı hökmlər: Yəni pisliyə aparan yolları bağlamaq məqsədi ilə verilmiş hökmlər.
  3. Məsləhət və zərurətə əsaslanan hökmlər: Zamanla insanların ehtiyacları, zərurət anlayışı dəyişə bildiyindən bu hökmlər də dəyişə bilir.

İllət və Hikmət Fərqi

Fiqhin əsas prinsiplərindən biri budur: hökmlər hikmətlərə deyil, illətlərə əsaslanır. Yəni bir hökmün varlığını tələb edən əsas səbəb (illət) nədirsə, hökm ona görə müəyyən edilir. Hikmət – yəni hökmün arxasındakı fayda – şəxsdən şəxsə, dövrdən dövrə dəyişə bildiyi üçün hökmün əsası ola bilməz. Məsələn:

  • İllət: Qırmızı işıq yanırsa dayanmaq hökmü var. İllət – qırmızı işığın özüdür.
  • Hikmət: Qəzaların qarşısını almaq.

Hökmləri hikmət üzərində qurmaq dinin sərhədlərini şəxsi düşüncələrə təhvil vermiş olar və bu, dini qaydaları əsassız şəkildə dəyişdirməyə gətirib çıxarar. Təsəttür kimi açıq-aşkar nasslarla müəyyən olunmuş məsələlərdə “zaman dəyişib” deyərək hökmləri yumşaltmaq isə dini təhrif etmək deməkdir.

Müctəhidlərin Fikir Dəyişmələri

Tarix boyu müctəhid alimlər zaman, məkan və şərait dəyişdikcə bəzi məsələlərdə görüşlərini yeniləmişlər. Məşhur misal: İmam Şafii Misirdə başqa, İraqda başqa fətvalar vermişdir (qövli qədim və qövli cədid). Digər bir nümunə: Qur’an öyrətməyə görə pul almaq ilk dövrlərdə caiz sayılmırdı. Sonrakı dövrdə isə dini elmlərin yox olma təhlükəsi və müəllimlərin dolanışıq çətinliyi səbəbindən caiz görülmüşdür.

Müasir Dövrdə İctihad

Bu gün tam mənada müctəhid yetişməsinin mümkünlüyü nəzəri baxımdan inkar edilməsə də, praktik olaraq çox çətindir. Çünki müasir alimlər də etiraf edirlər ki, mövcud şəraitdə hərtərəfli ictihad etmədən keçinmək olmur və müəyyən mənada hər kəs bir sahədə əvvəlkilərə istinad etməyə məcburdur. Fiqhin məqsədi dünyanı fiqhə uydurmaqdır, fiqhi dünyanın dəyişən tələblərinə görə əymək deyil.

16 Kasım 2025 Pazar

Hipnoz və Şüuraltının Təmizlənməsi: Dini Hökm və Praktik Şərtlər

Müasir dövrün gətirdiyi psixoloji gərginliklər və bədənə dair şikayətlər insanları fərqli müalicə üsullarına yönəldir. Son illərdə diqqət çəkən bu üsullardan biri də hipnoz və şüuraltının təmizlənməsi ilə bağlıdır. Amma bu mövzuda həm dini, həm də elmi cəhətdən düzgün yanaşma vacibdir.

Hipnoz – insanın şüuraltında dərinləşmiş və özü belə fərqində olmadığı düşüncə, hiss və davranış nümunələrinin xüsusi zehni diqqət və rahatlama halında, yəni oyaqlıqla yuxu arasında bir vəziyyətdə, tədricən və sistemli şəkildə ortaya çıxarılıb dəyişdirilməsidir. Bu üsul həm psixoloji, həm də bəzi bədənlə bağlı narahatlıqların müalicəsində istifadə oluna bilər. Fobiyalar, panik ataklar, yuxu pozğunluqları, stress, asılılıqlar, seksual problemlər, piylənmə, hətta miqren kimi sahələrdə tətbiq olunur. Şüuraltı isə insanın uşaqlıqdan və ya həyatının müxtəlif mərhələlərində yaşadığı, amma fərqində olmadığı duyğu və düşüncələrin yığıldığı bir növ yaddaş sahəsidir. Buradakı “gizli” izlər insanın davranışlarını və emosional reaksiyalarını mənfi göstərə bilər. Xüsusilə uşaqlıq travmaları bu sahədə dərin izlər buraxa bilər.

Ruh da bədən kimi xəstələnə bilər və bu zaman da mütəxəssis yardımı almaq lazım gəlir. Əsas məsələ odur ki, tətbiq olunan üsul həm halal, həm də elmi cəhətdən əsaslı olmalıdır. Ən vacib şərtlərdən biri isə işi bilən və bu sahədə ixtisaslaşmış şəxslərə müraciət edilməsidir. Tibbi biliyi olmayan şəxslərin müdaxiləsi ciddi fəsadlar törədə bilər.

Dini yöndən hipnozla müalicənin halal sayılması üçün beş əsas meyar önəmlidir:

  1. Tibbi cəhətdən qəbul olunmuş üsul olması: Yəni bu üsul elmi cəhətdən təsdiq olunmalı və mütəxəssislər tərəfindən qəbul edilməlidir.

  2. Yalnız müalicə məqsədilə istifadə olunması: Hipnoz şəxsi məqsədlər, manipulyasiya və ya psixoloji təsir üçün istifadə edilməməlidir. Niyyətin saf olması əsas şərtdir.

  3. Xəstənin razılığı: Hipnoz tətbiq olunmazdan əvvəl xəstənin açıq şəkildə razılığı alınmalıdır. Razılığı olmayan və ya razılıq verə bilməyən şəxslərdə (məsələn, uşaqlarda) xüsusi ehtiyat və əlavə dəyərləndirmə tələb olunur.

  4. Tətbiq edənin peşəkar olması: Hipnozu həyata keçirən şəxs sahənin mütəxəssisi olmalıdır. Hz. Peyğəmbərin (sav) buyurduğu kimi, tibbi biliyi olmayan şəxsin müdaxiləsi nəticəsində zərər verilməsi məsuliyyət doğurur.

  5. Həqiqi ehtiyac və riskin nəzərə alınması: Hipnoz çox incə və həssas bir sahədir. Ona görə də, ehtiyac yoxdursa və ya risk yüksəkdirsə, tətbiq olunmamalıdır. Şüuraltına edilən səhv müdaxilələr bəzən düzəldilməsi çətin nəticələrə səbəb ola bilər.

6 Kasım 2025 Perşembe

Yoqa və Meditasiya: Dini Kimlik və Həssasiyyət

Müasir dövrdə geniş yayılmış praktiklərdən biri olan yoqa və meditasiya zahirdə rahatlıq və mənəvi tarazlıq vəd etsə də, bu anlayışların tarixi kökləri və müsəlmanlar üçün hansı məna kəsb etdiyi daha dərindən təhlil edilməyə ehtiyac duyur.

Yoqa – Hinduizm, Buddizm və ümumilikdə Uzaq Şərq mədəniyyətlərinə əsaslanan bir sıra texnika və məşqlər toplusudur. Bu praktika həm fiziki, həm də zehni məşğələləri, o cümlədən nəfəs çalışmalarını özündə birləşdirir və çox zaman fərdi “xilas”a aparan bir yol kimi təqdim olunur. Meditasiya isə, əksər hallarda yoqanın bir hissəsi kimi qəbul edilir və diqqətin daxilə yönəldilməsi, sakitlik və zehni duruluq üzərində cəmlənir. Hər iki fəaliyyətin kökü dini xarakter daşıyan mərasimlərə dayanır. Bununla belə, bu gün bir çox insan onları sırf rahatlama, idman və ya sağlamlıq məqsədilə etdiyini qeyd edir və dini bir çərçivəyə salmır.

İslam düşüncəsində, bir davranış və ya rəmz hər hansı bir batil inanc sisteminə və ya dini ənənəyə bağlıdırsa, müsəlman fərd olaraq bu mövzuda həssaslıq göstərməliyik. Peyğəmbərimiz Hz. Muhəmməd (s.ə.s.) bu məsələdə xüsusilə diqqətli idi və müsəlman cəmiyyətinin digər dinlərdən fərqli və müstəqil bir kimliklə formalaşmasına böyük önəm verirdi. Onun həyatında bu istiqamətdə göstərdiyi nümunələr kifayət qədərdir:

  • Məkkədə müşriklərə, Mədinədə isə yəhudilərə fərqlilik göstərmiş, onlara bənzəməməyi tövsiyə etmişdir.

  • Saç düzümündən tutmuş, bığ və saqqal formasına qədər bir sıra sahələrdə digərlərinə bənzəməməyi önə çəkmişdir.

  • Aşura günü yəhudilərin oruc tutduğunu gördükdə “Biz Musaya sizdən daha yaxınuq” buyuraraq, həmin günü oruc tutmağı təşviq etmiş, lakin onlara bənzəməmək üçün bir gün əvvəl və ya bir gün sonra da oruc tutulmasını tövsiyə etmişdir.

  • Namazın qadağan olunduğu müəyyən vaxtlardan biri də, başqa dinlərə mənsub şəxslərin ibadət etdikləri zamanla üst-üstə düşməmək prinsipinə əsaslanır.

Bu kimi nümunələr bizə göstərir ki, İslam təkcə inanc sistemində deyil, gündəlik həyatdakı davranış və simvolik seçimlərdə də fərqlilik və özünəməxsusluğu qorumağa çağırır.

Peyğəmbərimizin (s.ə.s.) “Kim bir qövmə bənzəyərsə, o da onlardandır” (Əbu Davud) kəlamı, bu kimi məsələlərə yanaşmada bizə əsaslı bir ölçü verir. Əgər hər hansı bir davranış və ya ritual dini kökə sahibdirsə, zamanla məzmunu dəyişsə belə, müsəlmanın buna qarşı ehtiyatlı olması və həssas davranması vacibdir. Müasir dövrdə yoqa və meditasiya “universal mədəniyyət” adı ilə təqdim olunur və psixoloji rahatlıq, stressin azaldılması, hətta intiharın qarşısının alınması kimi faydaları ilə təşviq edilir. “Qədim hikmətlər” adı ilə bu praktikalar cazibədar göstərilsə də, əgər onların mənşəyi başqa bir dinə aid ritual xarakteri daşıyırsa – ki, bu haqda ümumi razılıq mövcuddur – o zaman müsəlman bu fəaliyyətlərdən uzaq durmalıdır. İslam başqasına məxsus dini simvol və davranışlardan istifadəyə qarşı prinsipial mövqe tutur. Belə olan halda, müsəlmanlar təsirlənən deyil, təsir edən olmalı, öz kimliyini qorumalı və bu məsələlərdə ayıq-sayıq davranmalıdır.

Bu vəziyyət, memarın öz binasını tikərkən, sırf estetik cəhətdən cəlbedici görünür deyə, başqa bir mədəniyyətə – məsələn bir məbədə – məxsus simvol və rəmzləri istifadə etməsinə bənzəyir. Bu simvollar zahirdə faydalı və cazibədar görünsə də, nəticə etibarilə həmin memarın orijinal və təmiz kimliyinə kölgə sala bilər.

18 Eylül 2025 Perşembe

Zövcə Axtararkən Edilən Xətalar və Həll Yolları

Əgər biz bu mövzunu dərindən düşünsək, görərik ki, gənclərin ideal həyat yoldaşı axtarışında qarşılaşdıqları çətinliklərin kökündə bəzən özləri belə fərqinə varmadan etdikləri bir sıra xətalar dayanır. Bu yazıda bu xətaları sadəcə sadalamaq yox, həm də onlardan nəticə çıxarmağa çalışacağıq. Çünki bir insanın ailə qurması – sadəcə evlənmək deyil, bir ömürlük məsuliyyətə "bəli" deməkdir.

1. Evliliyin məğzini və mənəvi tərəfini bilməmək

Bir çox gənc evlənmək istəyir, amma evliliyin mənəvi yükündən və dini çərçivəsindən xəbərsizdir. Sadəcə “evlənim, düzələr” düşüncəsi ilə yola çıxmaq ciddi səhvlərə gətirib çıxarır. Əgər bir insan evliliyin ibadət tərəfini, daşıdığı məsuliyyəti bilmirsə, o zaman necə bir yoldaş axtardığını da düzgün müəyyən edə bilmir. Düzgün niyyətə düzgün məlumat və baxış əlavə olunmadıqca nəticə də sağlam olmur.

2. Qeyri-real gözləntilər

Bəzən gənclər zehnində o qədər ideal bir obraz yaradırlar ki, real həyatda belə bir insanın olması demək olar ki, mümkün deyil. İnsanlıq keyfiyyətləri yerində olan bir insan tapılsa da, xırda qüsurlar üzündən geri çevrilirlər. Halbuki, əsas olan o şəxsin ümumi mənada (məsələn, 60-70 faiz səviyyəsində) uyğun olmasıdır. Qalan məsələlər isə zamanla birlikdə həll edilə bilər. Əsas iki xüsusiyyət – mərhəmət və uyğunluqdur. Bu ikisi yoxdursa, həyat bir yükə çevrilə bilər.

3. Təcrübədən istifadə etməmək

Ətrafında illərin təcrübəsi olan insanlar var, amma gənclər ya onlara qulaq asmır, ya da danışılanları önəmsəmir. Halbuki həyatda bəzi addımlar var ki, onları sınamış insanların tövsiyələri bizə ciddi şəkildə yol göstərə bilər. Böyüklərin fikrini almaq zəiflik deyil, əksinə, uzaqgörənlikdir.

4. Doğru tanışlıq mühitlərinin olmaması

Bir insanın tanınması və tanınması üçün legitim, yəni halal yolların olması vacibdir. Amma günümüzdə sosial çevrə zəifdir, insanlar bir-birindən xəbərsizdir. Yaxın ətrafda, məscid, dərnək, mədrəsə, dərsxana və ya ictimai fəaliyyətlərdə iştirak etmək bu baxımdan önəm daşıyır. Kiminsə sizi tanıması üçün, sizin də ortada olmağınız, əlaqə qurmağınız vacibdir. Ailənin böyük üzvləri, müəllimlər və dini rəhbərlər bu məsələdə laqeyd olmamalıdırlar, əks halda cavabdehlik daşıyırlar.

5. Tələsik qərarlar vermək

Bəzi gənclər, xüsusilə təhsil dövründə, həyat şərtləri tam formalaşmadan evlənməyə can atırlar. Halbuki, evlilik üçün ideal yaş deyil, "yetkin vaxt" var. O an gəldikdə atılan addım yerində və sabit olar. Əks halda, həm özləri, həm də ailələr üçün çətinliklər qaçılmazdır.

6. Ailə münasibətlərini zəiflətmək

Əgər bir insan ailəsi ilə – istər valideynlər, istərsə də geniş ailə üzvləri ilə münasibətlərini pozarsa, bu, evlilik yolunda böyük maneə yaradır. Ailə, insanın arxasıdır. Bu dəstək olmadan doğru qərar vermək və həyata keçirmək çətinləşir. Ona görə ailə bağlarını qorumaq, sileyi-rəhim kimi dəyərlərə sahib çıxmaq çox önəmlidir.

7. Səhvlərdən ibrət almaq

Bəzən gənclər valideynlərinin və ya başqalarının evliliklərində gördükləri səhvləri tənqid etsələr də, öz həyatlarında eyni davranışları təkrarlayırlar. Tənqid etmək kifayət etmir, o səhvlərdən dərs çıxarılmalıdır. Əks halda, tarix özünü təkrar edər.

8. Qədərə və təvəkkülə olan zəiflik

Əgər insan bütün halal yollarla çalışır, niyyətini təmiz tutur və yenə də bir nəticə əldə etmirsə, bu zaman narahat olmaq yerinə təvəkkül etməyi bacarmalıdır. Ola bilər ki, Allahın (c.c.) onun üçün yazdığı daha gözəl bir plan var. Biz əlimizdən gələn hər şeyi etdikdən sonra, qalanı Ona buraxmaq – imanın tələbi və rahatlığın açarıdır.

Nəticə

Bu mövzuda düşünərkən, göz önünə bir toxumu gətirmək olar. Toxumun bitməsi üçün düzgün torpaq, qayğıkeş qulluq və zaman lazımdır. Evlilik də eynilə budur. Ailə qurmaq istəyən bir insan öz daxilində niyyətini düzəltməli, real gözləntilərlə yola çıxmalı, təcrübəyə qulaq asmalı, sosial çevrəsini genişləndirməli, səbirlə addımlamalı, ailəsinə arxa çevirməməli və ən əsası Allah’a təvəkkül etməlidir.

Unutmayaq: yaxşı insanlar çoxaldıqca yollar da yaxşılarla kəsişər. Cəmiyyətin bu “daşqın və qaranlıq” dövründə ailə – Nuhun gəmisi kimidir. Allah hər bir gəncə cənnət ətri verən evlər qurmağı nəsib etsin - amin.

31 Ağustos 2025 Pazar

Məzhəblər Dini Bölürmü?

İslam dünyasında məzhəblər mövzusu əsrlərdir müzakirə olunan bir məsələdir. Bəziləri onların dini parçalayaraq insanları bölməsini iddia edir, bəziləri isə əksinə, məzhəblərin dində asanlıq və anlaşılma üçün vacib bir vasitə olduğunu deyirlər. Bu məsələni düzgün anlamaq üçün əvvəlcə məzhəblərin mahiyyətinə baxmaq lazımdır.

Bəzilərinin düşündüyü kimi (fiqhi) məzhəblər insanları bir-birinə qarşı qoymaq üçün deyil. Əksinə, onların ortaya çıxma səbəbi “Allah bizdən nə istəyir?” sualına cavab tapmaqdır. Quranda da qeyd edilən tənqid, məzhəblərin varlığına qarşı deyil, dini şəxsi arzulara uyğunlaşdıraraq insanları parçalamağa yönələnlərə qarşıdır.

Tarixdə xristian məzhəbləri arasında böyük müharibələr olub və bu dinin birliyinə ciddi zərbə vurub. İslamda isə belə bir vəziyyət yaranmayıb. Çünki İslam məzhəblərinin təməlində qarşıdurma yox, Quran və Sünnəyə əsaslanan fərqli izahlar dayanır. Bu səbəbdən min ildən artıqdır ki, İslam dünyasında məzhəb müxtəlifliyi qorunub və bundan sonra da qorunacaq.

Məzhəbləri bir ordunun bölmələri kimi təsəvvür etmək olar: quru qoşunları, hava qüvvələri və dəniz donanması bir məqsəd uğrunda işlədiyi kimi, məzhəblər də eyni hədəfə – Allahın razılığına xidmət edir. Onların üsullarında fərqlilik olsa da, əsas məqsədləri birdir.

Bəziləri deyir ki, “Mən yalnız Qurana baxaram, hökmümü özüm çıxararam, məzhəbə ehtiyacım yoxdur.” Amma bu yanaşma çox risklidir. Qurandakı ayələrin hamısını əzbər bilmək, minlərlə hədisi dərk etmək, ərəb dilinin incəliklərinə yiyələnmək lazımdır ki, düzgün hökm verilə bilsin. Bu isə sadə bir müsəlman üçün mümkün deyil. Necə ki, tibbi kitab oxuyan bir insan həkim ola bilmir, dini hökmləri də mütəxəssislər – yəni müctəhid imamlar müəyyənləşdirir.

Bəzən belə bir sual verilir: “Peyğəmbərin (s.ə.s) məzhəbi var idi mi?” Əslində o dövrdə məzhəb anlayışı yox idi. Amma Quran və Sünnəyə əsaslanan təfsir və hökmləri sonrakı əsrlərdə böyük imamlar – İmam Əbu Hənifə, İmam Şafii, İmam Malik və digərləri sistemləşdiriblər. Yəni məzhəblər başqa bir din gətirməyib, Peyğəmbərin (s.ə.s) sözlərini və davranışlarını şərh edib insanlara təqdim edib.

Bu imamların elmi səviyyəsi və mənəvi dərinliyi ilə sadə insanların müqayisə olunması mümkün deyil. Onlar yüz minlərlə hədisi əzbər bilən, Qurandakı hər ayənin incəliyinə hakim alimlər olub. Üstəlik, mənəvi həyatları da onların elmindən geri qalmayıb. Buna görə də bu insanların ictihadı ilə, gündəlik iş-güclə məşğul olub dini biliklərə dərindən yiyələnməmiş bir müsəlmanın şəxsi fikri eyni ola bilməz.

Məzhəbləri rədd edənlərin əksəriyyətinin gerçək niyyətinin səmimi olmadığı görünür. Çünki onların çoxu dini biliklərdən uzaq, namazı belə bəzən qılmayan insanlardır. Onların istəyi, dini öz istəklərinə uyğunlaşdırmaq, haramların ağırlığından qurtulmaqdır. Bu isə dini dəyişdirmək cəhdindən başqa bir şey deyil.

Məzhəblər arasındakı fərqlər əsas məsələlərdə deyil, daha çox təfərrüatlarda ortaya çıxır. “Lə iləhə illəllah, Muhəmmədun Rəsulullah” kimi əqidə məsələlərində bütün məzhəblər yekdildir, eynidir. Fərqliliklər isə insanların şəraitinə görə dini asanlaşdırmaq üçündür. Məsələn, şəhər həyatında Hanəfi məzhəbinin qaydaları daha rahat ola bilər, kənd mühitində isə Şafii məzhəbi praktik görünə bilər.

Məzhəblər arasında keçid mümkündür, amma bu məsələ ciddi bir alimdən alınan fətva ilə olmalıdır. Yəni zərurət halında başqa məzhəbin hökmündən faydalanmaq olar, amma bu “istədiyim zaman dəyişdirim” şəklində olmamalıdır. Müsəlmanın məqsədi dini asanlaşdırmaq üçün bəhanə axtarmaq deyil, daha çox savab və Allahın razılığına nail olmaq olmalıdır.

27 Mayıs 2025 Salı

Faizsiz Kredit

Qarşımıza çıxan reklamlarda tez-tez eşitdiyimiz şey: Faizsiz Kreditdir. 

Görəsən, doğurdan da, biz bu təklif olunan məhsulları kreditlə aldıqda faizsizmi olur?

İlk olaraq bunu qeyd edək ki, İslam dinində faiz haramdır və ən böyük günahlardan birisidir (bax: Bəqərə / 275). Ona görə də, bir müsəlman digər günahlardan qaçdığı kimi, bu günahdan da maksimum şəkildə uzaq qalmalıdır, çünki bilir ki, bu günahı işləməklə Allah və Rəsuluna (s.ə.v) savaş açmış olur (bax: Bəqərə / 279).

Halhazırda şirkətlər də məhsullarını satarkən kreditli satışlarında faiz işlədirlər. Bəzi şirkətlər bunu açıq şəkildə edir. Bəziləri isə gizli edir.

Təbii ki, bu kimi hallara görə şirkətlər bilirlər ki, normal halda bir müsəlman faizli olacaq bir kreditə girməz. Ona görə də, “faizsiz kredit” təklif edirlər. Məsələnin iç üzü nədir bəs? Əgər buradakı kreditdə faiz yoxdursa, niyə caiz olmasın ki? 

Faizsiz kredit dedikləri satış necə işləyir - gəlin buna baxaq. Biz bir məhsulu alırıq, deyirlər ki, (məsələn) qiyməti 1000 manatdır, əgər hər ay vaxtında ödənişi etsək, o zaman qiyməti elə 1000 manat olan məhsulu əlavə heç bir şey ödəmədən aylıq ödənişlə (kreditlə) əldə etmiş olarıq. Fəqət əgər gecikdirsək aylıq ödənişi, o zaman, məhsulun qiymətinin üzərinə faiz gələcək. Baxın bu fasid olan əqddir!

Bu məsələ açıldıqda insanların ilk etiraz etdiyi məsələ də elə bu olur ki, “mən onsuz da gecikdirməyəcəm ki, vaxtı vaxtında ödənişimi edib faizə düşməyəcəm.” 

Birincisi; haradan bilirsiz ki, ödənişi gecikdirməyəcəksiniz? Qeybdən, gələcəkdən sizə bir xəbərmi gəldi? Gələcəkdə başınıza nəyin gələcəyini haradan bilirsiniz.

İkincisi (və önəmli olan hissə); 

Məsələ sizin gecikdirib gecikdirməməyinizdə deyil. Məsələ fasid bir əqdə imza atmış olmağınızdadır. İslam hüququna görə belə bir əqd fasiddir (yəni ki, hər kəsin anlayacağı dildə desək: içərisində caiz olmayan (haram) şeylər olduğundan keçərli olmayan, xətalı müqavilədir). Çünki belə bir alış-veriş etdiyinizdə orada olan müqavilədəki şərtlərə imza atırsınız. O imza atdığınız şərtlərin içərisində də bu haram olan faiz maddəsi/maddələri keçir ki, belə bir maddəyə imza atmaq caiz deyil (haramdır). Beləcə fasid bir əqdə (müqaviləyə) imza atırsınız. Yəni siz məhsulun ödənişini gecikdirməsəniz belə artıq harama düşmüş olursunuz, çünki haram olan maddəli bir müqaviləyə imzanızı atmısınız.

Bir başqa məsələyə də burada toxunaq. Faizli kreditlə aylıq ödəniş zamanı qiymətin fərqli olması satışını bir-birindən fərqləndirmək lazımdır.

Faizli kreditdə bayaq da dediyimiz kimi, əgər məhsulun qiyməti məsələn 1000 manatdırsa, 1000 manata danışılıbsa, aylıq ödənişdə gecimə olduqda bu qiymət qalxır.

Fəqət deyək ki, belə bir danışıq olsa: “Bu məhsulu nağd olaraq satıram 1000 manata. Amma aylıq ödənişlə satıram 1500 manata.” Əgər burada, aylıq ödəniş gecikdirilsə də 1500 manat olan qiymət dəyişməyəcəksə, o zaman bu satış caizdir. Çünki burada faiz yoxdur. Sadəcə məhsula fərqli satış növlərinə görə fərqli qiymət qoyulmasıdır. Aylıq ödəniş geciksə də 1500 manat dəyişib qalxmayacaq. Ona görə də, bunları bir-birindən fərqləndirmək lazımdır.

Son olaraq, bir sualı daha cavablandıraq: bəs, doğurdan da, əgər kreditdə faiz olmazsa, gecikdirərək də, faiz gəlməyəcəksə üzərinə, o zaman bu alış-veriş caiz olarmı?*

Cavab olaraq deyərik ki, aylıq ödənişlə məhsul almaqda problem yoxdur ki, belə bir alış-veriş də caiz olmasın. Əsas məsələ burada faizin olmamasıdır.

Və təbii ki, faizlə yanaşı digər fiqhi məsələlərə də həmişə baxmaq lazımdır alış-veriş də. Biz burada faizli kredit məsələsini danışdıq. Fəqət alış-verişin də hər bir sahədə olduğu kimi öz hüquqi qaydaları, fiqhi var ki, onları da həmişə göz önündə saxlamaq lazımdır.

*Ölkəmizdə elə bir şirkət yoxdur ki, doğurdan da, məhsulunu faizsiz kreditlə versin. Hamısının arxa planında (müqaviləsində) yuxarıda yazdığımız fasid əqd yatır (əgər bunun əksi varsa, o zaman bizə də həmən şirkətin müqavilələrini göndərərək xəbərdar edə bilərsiniz).

Vəlhəmdulilləh.

Təsəttür: Əsarət ya Azadlıq?

İnsan övladı, var olduğu gündən bəri “azadlıq” və “əsarət” anlayışlarını müzakirə etmiş, bu anlayışları çox vaxt fiziki sərhədlərlə izah etm...