İslam dünyasında məzhəblər mövzusu əsrlərdir müzakirə olunan bir məsələdir. Bəziləri onların dini parçalayaraq insanları bölməsini iddia edir, bəziləri isə əksinə, məzhəblərin dində asanlıq və anlaşılma üçün vacib bir vasitə olduğunu deyirlər. Bu məsələni düzgün anlamaq üçün əvvəlcə məzhəblərin mahiyyətinə baxmaq lazımdır.
Bəzilərinin düşündüyü kimi (fiqhi) məzhəblər insanları bir-birinə qarşı qoymaq üçün deyil. Əksinə, onların ortaya çıxma səbəbi “Allah bizdən nə istəyir?” sualına cavab tapmaqdır. Quranda da qeyd edilən tənqid, məzhəblərin varlığına qarşı deyil, dini şəxsi arzulara uyğunlaşdıraraq insanları parçalamağa yönələnlərə qarşıdır.
Tarixdə xristian məzhəbləri arasında böyük müharibələr olub və bu dinin birliyinə ciddi zərbə vurub. İslamda isə belə bir vəziyyət yaranmayıb. Çünki İslam məzhəblərinin təməlində qarşıdurma yox, Quran və Sünnəyə əsaslanan fərqli izahlar dayanır. Bu səbəbdən min ildən artıqdır ki, İslam dünyasında məzhəb müxtəlifliyi qorunub və bundan sonra da qorunacaq.
Məzhəbləri bir ordunun bölmələri kimi təsəvvür etmək olar: quru qoşunları, hava qüvvələri və dəniz donanması bir məqsəd uğrunda işlədiyi kimi, məzhəblər də eyni hədəfə – Allahın razılığına xidmət edir. Onların üsullarında fərqlilik olsa da, əsas məqsədləri birdir.
Bəziləri deyir ki, “Mən yalnız Qurana baxaram, hökmümü özüm çıxararam, məzhəbə ehtiyacım yoxdur.” Amma bu yanaşma çox risklidir. Qurandakı ayələrin hamısını əzbər bilmək, minlərlə hədisi dərk etmək, ərəb dilinin incəliklərinə yiyələnmək lazımdır ki, düzgün hökm verilə bilsin. Bu isə sadə bir müsəlman üçün mümkün deyil. Necə ki, tibbi kitab oxuyan bir insan həkim ola bilmir, dini hökmləri də mütəxəssislər – yəni müctəhid imamlar müəyyənləşdirir.
Bəzən belə bir sual verilir: “Peyğəmbərin (s.ə.s) məzhəbi var idi mi?” Əslində o dövrdə məzhəb anlayışı yox idi. Amma Quran və Sünnəyə əsaslanan təfsir və hökmləri sonrakı əsrlərdə böyük imamlar – İmam Əbu Hənifə, İmam Şafii, İmam Malik və digərləri sistemləşdiriblər. Yəni məzhəblər başqa bir din gətirməyib, Peyğəmbərin (s.ə.s) sözlərini və davranışlarını şərh edib insanlara təqdim edib.
Bu imamların elmi səviyyəsi və mənəvi dərinliyi ilə sadə insanların müqayisə olunması mümkün deyil. Onlar yüz minlərlə hədisi əzbər bilən, Qurandakı hər ayənin incəliyinə hakim alimlər olub. Üstəlik, mənəvi həyatları da onların elmindən geri qalmayıb. Buna görə də bu insanların ictihadı ilə, gündəlik iş-güclə məşğul olub dini biliklərə dərindən yiyələnməmiş bir müsəlmanın şəxsi fikri eyni ola bilməz.
Məzhəbləri rədd edənlərin əksəriyyətinin gerçək niyyətinin səmimi olmadığı görünür. Çünki onların çoxu dini biliklərdən uzaq, namazı belə bəzən qılmayan insanlardır. Onların istəyi, dini öz istəklərinə uyğunlaşdırmaq, haramların ağırlığından qurtulmaqdır. Bu isə dini dəyişdirmək cəhdindən başqa bir şey deyil.
Məzhəblər arasındakı fərqlər əsas məsələlərdə deyil, daha çox təfərrüatlarda ortaya çıxır. “Lə iləhə illəllah, Muhəmmədun Rəsulullah” kimi əqidə məsələlərində bütün məzhəblər yekdildir, eynidir. Fərqliliklər isə insanların şəraitinə görə dini asanlaşdırmaq üçündür. Məsələn, şəhər həyatında Hanəfi məzhəbinin qaydaları daha rahat ola bilər, kənd mühitində isə Şafii məzhəbi praktik görünə bilər.
Məzhəblər arasında keçid mümkündür, amma bu məsələ ciddi bir alimdən alınan fətva ilə olmalıdır. Yəni zərurət halında başqa məzhəbin hökmündən faydalanmaq olar, amma bu “istədiyim zaman dəyişdirim” şəklində olmamalıdır. Müsəlmanın məqsədi dini asanlaşdırmaq üçün bəhanə axtarmaq deyil, daha çox savab və Allahın razılığına nail olmaq olmalıdır.
Hiç yorum yok:
Yorum Gönder