Müasir dövrdə İslam dünyasının üzləşdiyi siyasi məğlubiyyətlər, şəhərlərin işğalı və ictimai çöküşlər, müsəlmanların öz-özünə “biz harada səhv etdik?” sualını verməsinə səbəb olub. Bu sual ətrafında müxtəlif cavablar formalaşıb və onlardan biri də “Qurana dönüş” ideyası — yəni “Qurançılıq” adlandırılan yanaşmadır. Bu baxış tərzi, 1400 illik İslam düşüncə irsini tamamilə kənara qoyaraq, yalnız Quranı tək mənbə sayır və onu lüğət və fərdi təhlillərlə anlamağa, çağdaş problemlərə bu yolla cavab tapmağa çalışır.
Qurançılıq Yanaşmasının Təhlükəli Təsəvvürləri
Bu düşüncə formasının əsas təməl fərziyyəsi ondan ibarətdir ki, guya tarix boyunca müsəlmanlar Quranı ya dövrlərin şərtləri səbəbindən, ya da zamanla formalaşmış təfsir ənənəsinin yönləndirməsi ilə düzgün başa düşə bilməyiblər. Buna görə də, Qurana yönələn bu yeni yanaşma, əvvəlki fikri sərvətləri mötərizəyə alaraq, birbaşa oxuma və nəticə çıxarma iddiasındadır.
Amma bu yanaşmanın ciddi çatışmazlıqları var:
• Quran bir mətn olaraq mövcuddur və bu mətnin mənası, yalnız onun dilinin (ərəb dili) və nazil olduğu dövrün şərtləri nəzərə alınmaqla doğru başa düşülə bilər. Quranın möhtəşəmliyi, onun təkcə sonsuz mənalar təqdim etməsində deyil, düzgün və sistemli şəkildə anlaşılmasındadır. Min illərlə davam edən təfsir ənənəsi, məhz bu anlaşmanı formalaşdırmaq üçün yaranıb.
• Şərh irsindən yan keçmək, əslində, Quranı müasir ideoloji nəzəriyyələrin (məsələn, sekulyar yaxud solçu ideyaların) prizmasından oxumaq deməkdir. Bu isə Quranın öz mənasını deyil, oxuyanın əvvəlcədən daşıdığı fikirləri Quranın içərisinə yerləşdirməsinə gətirib çıxarır. Bu cür oxuma tərzi, insanı İslam düşüncəsinin zənginliyindən qopararaq başqa dünya baxışlarına tabe edir.
• Zəif və parçalanmış bir düşüncə ilə yanaşmaq, Quranı komplekssiz şəkildə anlamağa çalışan, lakin fikri əsaslardan, məntiqi bütövlükdən məhrum yanaşmalara yol açır. Ənənəvi İslam düşüncəsində insan, Allah və kainat arasındakı münasibətlər müəyyən üsullarla izah edilib. Amma Qurançılıq bu əsaslı üsulları görməzdən gəldiyi üçün, bəzi ayələrdən “demokratiya”, “bələdiyyəçilik” kimi uydurma və səthi nəticələr çıxarılır.
Quran və Peyğəmbərin Ayrılmaz Bağı
Quran heç birimizin deyil, birbaşa Allah Rəsulunun qəlbinə nazil olub. Peyğəmbərin Quranla olan rabitəsi sadəcə oxuma və təbliğdən ibarət deyildi; onun düşüncəsi, baxış bucağı, davranışları Quranın ruhuna tam şəkildə uyğunlaşmışdı. Bu baxımdan Quranı Peyğəmbərin həyatından, sünnəsindən, zamanından ayırmaq mümkün deyil.
Qurana doğru və sağlam münasibət, yalnız Peyğəmbərin yolu ilə getməklə və müsəlmanca yaşamaqla mümkündür. Amma bununla yanaşı, içində yaşadığımız dövrün reallıqlarını düzgün qiymətləndirmək də son dərəcə vacibdir. Əks halda, şəraitdən qopmuş təfsirlər insanı yanlış addımlara sürükləyə bilər. Məsələn, bəzi selefi qrupların kontekst nəzərə almadan cihad çağırışları etməsi, bu şərtin nə qədər həyati olduğunu göstərir.
Qurançılığın Ağır Bədəlləri
Bu təmayül İslam dünyasında bir çox mənfi nəticələr doğurub:
• Cəmiyyətin dərin strukturlarını anlamaqda acizlik, bir çox sahədə səhv qərarlara səbəb olub.
• İslam irsini özgələrdən öyrənmək vəziyyətinə gətirib çıxarıb. Öz irsimizə biganə qaldığımız üçün onu qərblilər və ya qeyri-müsəlmanlar vasitəsilə öyrənmək kimi acı bir reallıqla qarşılaşmışıq.
• Problemlərin “idxal” edilməsi — məsələn, ərəb dünyasından tərcümə edilən kitablarla onların problemləri bizə daşınıb, yaxud Qərbin siyasi və sosial məsələləri bizim üçün də “məsələ” halına gəlib. Bu da düşüncə dərinliyindən məhrum, kompleksli bir təqlidçiliyi doğurur.
• Dini dəyərlərlə işləyən bir sekulyarizm ortaya çıxır. Qurançılıq bəzən dinin içini boşaldaraq, onu sırf fərdi və zehni bir məşğuliyyətə çevirir. Daxili tərbiyə və mənəvi yetişmə prosesi arxa plana atıldıqda, şərh səyləri nəfsin təsiri altına düşə bilir.
Qurançılıq və Digər Dindarlıq Yanaşmaları
Qurançılıq, bir növ, dəyişən dünyaya uyğun yeni bir din forması yaratmaq cəhdi kimi ortaya çıxıb. Digər tərəfdən, nurçuluq, süleymançılıq və müxtəlif təriqətlər, məşrəblər isə daha çox mövcud dini anlayışı qoruyub saxlamağa yönəlmişdir. Bu yanaşmalar dəyişən şərtlər içində öz mövqelərini itirməməyə çalışırlar. Amma onlar da çox zaman düşüncə istehsal etmək yerinə, sadəcə sabit bilinən davranışları təkrarlamaqla kifayətlənirlər.
Qurançılıq isə qorunası bir mirasın olmadığını iddia edir və bu səbəblə əvvəlki düşüncələri problemli sayaraq yeni anlamlar yaratmağa çalışır. Lakin nəzəri bir çərçivəsi olmadığı üçün ya ənənədən gizli şəkildə bəhrələnir, ya da yaşadığı mühitin ideyalarını Quranın içində axtarır. Bu isə onu asanlıqla yönləndirilə bilən və kontrol edilə bilən bir axına çevirir.
Yenə də qeyd etməliyik ki, Qurançılıq adlanan hər bir cərəyan təhrif olunmuş deyil. İçində səmimi və ənənə ilə yoğrulmuş insanlar da ola bilər. Amma bu yanaşma “təkfirçiliyə” çevrildikdə və cəmiyyətin ümumi dini qəbulunu rədd etdikdə, nəticədə bir növ düşüncəsizliyə gətirib çıxarır.
Üçüncü Yol: Mirası və Zamanı Anlamaq
Əslində ortada iki uçurum var: biri Qurançılığın təkəbbürlü inkarı, digəri isə təfəkkürsüz qoruyuculuq. Doğru yol isə bu iki yanaşma arasında bir tarazlıq yaratmaqdan keçir. Həm dini mirasımıza sahib çıxmalı, həm də müasir dövrün reallıqlarını dərk edərək yeni sözlər deməyə cəhd etməliyik. Amma bu “yeni söz” arxasında möhkəm bilik, metodoloji hazırlıq və mənəvi dərinlik olmazsa, bu cəhdlər təhlükəli səviyyəyə çatar və çatır.
Hiç yorum yok:
Yorum Gönder