Tənqidi Düşüncə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Tənqidi Düşüncə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

24 Temmuz 2025 Perşembe

Həll Prinsipi | Tənqidi Düşüncə - 7

Tənqidi düşüncə müasir dövrdə düzgün qərarlar qəbul etmək, məlumatı dəqiq emal edə bilmək üçün həyati bir bacarıqdır. Bu bacarığın arxasında dayanan əsas dayaqlar – yeddi mühüm prinsip – bir-biri ilə əlaqəli şəkildə işləyir və bu əlaqə bütövlükdə tənqidi düşüncənin gücünü formalaşdırır. Bu prinsiplər içində xüsusi əhəmiyyət kəsb edənlərdən biri də müzakirələrin, fikir proseslərinin dalana dirənməməsi üçün vacib olan Həll Prinsipidir.

Həll Prinsipi Nədir?

Həll prinsipi ondan ibarətdir ki, əgər bir iddia kifayət qədər aydın, əsaslandırılmış və mövcud alternativ iddialara görə daha güclüdürsə, müzakirə artıq bağlanmalıdır. İlk baxışda bu, bəlkə də çox təbii görünür, amma insan təbiətində bəzən psixoloji, ictimai amillər, ya da sadəcə vərdişlər ucbatından həqiqəti qəbul etməkdə bir daxili müqavimət yaranır. Bu prinsip də məhz həmin müqavimətə qarşı xəbərdarlıq rolu oynayır: əgər məsələ ilə bağlı arqumentlər yetərincə güclüdürsə, o zaman məsələni həll olunmuş saymaq və ya qəbul etmək daha sağlamdır.

Bəzən bu prinsip “hökmü təxirə salma” prinsipi ilə ziddiyyət təşkil edir kimi görünə bilər, amma əslində bir-birini tamamlayır. Əgər hansısa məsələ kifayət qədər əsaslandırılmayıbsa, hökmü təxirə salmaq ən düzgün yoldur. Lakin ortada kifayət qədər əsas və sübut varsa, o zaman həmin iddianı qəbul etməkdən çəkinməmək lazımdır.

Tətbiqdə Çətinliklər və Gözlənilən Faydalar

Həll prinsipini həyata keçirmək, açığı, hər zaman asan olmur. Burada əsas maneələrdən biri insanın “mən” hissidir – bəzən adam öz iddiası ilə o qədər bağlanır ki, fikrini dəyişmək və ya yanıldığını etiraf etmək ona çətin gəlir. Bu da müzakirələri sonsuz hala salır, nəticədə danışıqlar faydasızlaşır. Tənqidi düşüncə burada nəfsi tərbiyə etməyi tələb edir: bəzən xoşumuza gəlməsə belə, doğru olanı qəbul edə bilmək və həmin mövzunu artıq bağlamaq səmimiyyət tələb edir.

Əks halda, eyni şeylər təkrar-təkrar müzakirə olunur, nəticə alınmır və söhbətlər mənasızlaşır. İstər siyasət, istər iqtisadiyyat, istərsə də ictimai və ya dini mövzularda artıq həll olunmuş məsələlərin yenidən ortaya atılması, həqiqətdə mövzu bitmiş olsa da, insanlarda sanki heç bir həll yoxdur kimi yanlış təsəvvür yaradır. Halbuki bir çox məsələ kifayət qədər dəlil və əsasla çoxdan həll ola bilərdi – sadəcə bunu qəbul etmək cəsarəti lazımdır.

Hər hansı mövzunun üzərində çox durmadan nəticəyə bağlanması daha faydalıdır. Açıq qalan, həllə qovuşmayan məsələlər həm tənqidi düşüncə prosesini çətinləşdirir, həm də insanın düşüncəsini dalana dirəyir. Bu isə sonda heç nəyin həqiqi mənası qalmadığı hissini – bir növ nihilizmi – yarada bilər. Əlbəttə ki, əgər həll olunmuş məsələdə sonradan yeni fakt, yanlışlıq və ya zəiflik üzə çıxsa, həmin hissə yenidən müzakirəyə açıla bilər.

Tənqidi Düşüncə  Bir Bütöv Sistem Kimi

Tənqidi düşüncə – ancaq bu prinsipləri tətbiq etdikcə işləyən bir bacarıqdır. Necə ki, velosiped sürmək və ya üzgüçülük məşq etdikcə öyrənilir, tənqidi düşüncə də daim məşq və tətbiq tələb edir. Bəzən qarşımıza çıxan müqavimətlərə baxmayaraq, həqiqətin arxasınca getmək və faktlara əsaslanmaq vacibdir.

Unutmayaq ki, tənqidi düşüncə əsla birini alçaltmaq, dağıtmaq və ya sırf tənqid xatirinə tənqid etmək deyil. Əksinə, möhkəm bir bina tikərkən keyfiyyətli materialdan istifadə etmək kimidir – məqsəd dağılacaq yox, dayanıqlı düşüncə inşa etməkdir. Burada tənqid insanlara yox, düşüncələrə yönəlir. Düşüncənin mahiyyəti isə abstrakt olduğu üçün tənqid də konkret şəxsə deyil, fikrə istiqamətlənir. Bu mənada tənqidi düşüncənin dağıdıcı yox, inşaedici bir funksiyası var. Məqsədimiz isə – sağlam, sübuta dayanan inanclar formalaşdırmaq, düzgün iddialarla daha irəli getməkdir.

Mühakiməni Gecikdirmək Prinsipi | Tənqidi Düşüncə - 6

Tənqidi düşüncənin vacib mərhələlərindən biri də mühakiməni gecikdirmək prinsipidir. Bu prinsip, hər hansı bir mövzu barədə fikir bildirməzdən əvvəl özümüzü yoxlamaq, mövzunu ölçüb-biçmək deməkdir. Əslində, tənqidi düşüncə prosesi başdan-ayağa bir süzgəcdən keçirmə, tərəziyə qoyma işidir; burada həm bizim öz düşüncələrimiz, iddialarımız və inanclarımız, həm də başqalarının fikirləri dəyərləndirilir. Üstəlik, bu proses təkbaşına yox, qarşılıqlı fikir mübadiləsi içində baş verir.

Bilməməyin Təbiiliyi və Müasir Zamanların Çətinliyi

Bugünkü gündəlik həyatımızda, oxuduğumuz mətnlərdə, xüsusilə də sosial şəbəkələrdə tez-tez düşünmədən reaksiya vermə vərdişi formalaşa bilir. Halbuki bu reaksiyaların çoxu tənqidi düşüncə ilə yaxından-uzaqdan əlaqəli deyil. Tənqidi düşüncənin əsas əngəllərindən biri, kifayət qədər məlumata malik olmadığımız məsələlərdə də hökm verməyə meyilli olmağımızdır. Əslində, tam məlumatımız olmayan bir mövzuda fikir bildirməmək qədər normal bir şey yoxdur. Lakin müasir dövrdə bu, çox vaxt çətin olur. Çünki hər məsələdə söz sahibi olmaq bir növ intellekt göstəricisi kimi görünə bilir. Bu isə tənqidi düşüncə bacarığının önündə böyük bir əngəl yaradır. Hətta yaxşı bildiyimizi düşündüyümüz sahələrdə də, əgər yetərincə məlumata sahib deyiliksə, dərhal qəti mühakimə formalaşdırmaq düzgün deyil. Əgər müəyyən qədər bilgimiz varsa, təbii ki, fikir bildirə bilərik. Amma bunu da qəbul etməliyik ki, belə bir mühakimə ya müvəqqətidir, ya da əslində möhkəm əsaslara dayanmaya bilər.

Mühakimə Verməyin Məsuliyyəti və Sübut Borcu

Hər hansı bir iddia, fikir və ya inanc haqqında doğru ya da yanlış hökm vermək tənqidi düşüncənin əsas məqsədlərindən biridir. Amma bu, böyük məsuliyyət tələb edir. Əgər bir şeyin doğru olduğunu deyiriksə, həmin an sübut yükü bizim üzərimizə düşür. Yanlış olduğunu iddia ediriksə, yenə də bu yanlışlığı əsaslandırmaq bizim borcumuzdur. Yəni əgər kifayət qədər faktımız, əsasımız yoxdursa, hökm vermək məcburiyyətində deyilik.

Önyarqı ilə Təəssübküşlik Arasındakı Həssas Sərhəd

Mühakiməni gecikdirmək prinsipi, insanı tamamilə önyarğısız edəcək deyə bir qayda yoxdur. Önyarqı bəzən bizim nəzarətimizdə olmur və bu, özlüyündə pis bir şey də deyil. Əsas məsələ odur ki, bir mövzuda önyarqımız varsa, bunun fərqində olaraq hərəkət edək. Bilmədiyimiz məsələlərdə iddiamız, bildiklərimiz qədər olmalıdır. Problem o vaxt yaranır ki, önyarqımızı sanki sübut edilmiş bir həqiqət kimi müdafiə edir və bundan dönmürük. Bu isə artıq təəssübkeşliyə gətirib çıxarır. Tənqidi düşüncə isə təəssübkeşliyə yer buraxmır.

Qütbləşmənin Qarşısını Almaq və Arada Qalan Rəng Çalarlarını Görə Bilmək

Mühakiməni gecikdirmək prinsipinə əməl edilmədikdə, cəmiyyət demək olar ki, hər mövzuda dərhal qütbləşir. İnsanlar ya “hə” deyənlərə, ya “yox” deyənlərə, ya dəstəkləyənlərə, ya da qarşı çıxanlara bölünür. Arada qalan bütün incə çalarlar itib gedir. Halbuki sağlam bir tənqidi düşüncə mühiti qurulsaydı, insanlar həm bu çalarları görə bilər, həm də əksər məsələlərdə nə qədər məlumatsız olduqlarının fərqinə varardılar. Bu da bizə öz mövqelərimizin də yalnız qara və ağdan ibarət olmadığını başa düşmək imkanı verərdi.

14 Temmuz 2025 Pazartesi

İnsaflılıq Prinsipi | Tənqidi Düşüncə - 5

Tənqidi düşüncə öyrənmək istəyən hər kəsin riayət etməli olduğu yeddi əsas prinsipdən biri də İnsaflılıq Prinsipidir. Bu prinsip tənqidi düşüncə mədəniyyətinin formalaşmasında xüsusi əhəmiyyət daşıyır, çünki düşüncənin yalnız şəxsi deyil, həm də ictimai tərəfinin olduğunu göstərir.

İnsaflılıq Prinsipi nədir?
İnsaflılıq o deməkdir ki, bir fikri müzakirə edərkən və ya dəyərləndirərkən, qarşımızdakının dediklərini mümkün qədər düzgün və tam başa düşməyə çalışmalıyıq. Bu, istər birbaşa söhbət etdiyimiz insan, istərsə də oxuduğumuz bir mətn və ya artıq danışmış birinin fikri olsun – fərq etmir. Əgər hər hansı bir fikirlə razı deyilsək də, onu tənqid etməzdən əvvəl həmin fikrin ən güclü halını tapıb anlamalıyıq.

Belə yanaşma bizi fikirləri ucuzlaşdıraraq, məsələn, sadəcə kiminsə ifadə tərzinə, danışıq səhvlərinə və ya yazı qaydalarına ilişərək mövzudan yayınmaqdan qoruyur. Əksinə, bu prinsip bizə öyrədir ki, əgər həqiqətən tənqidi yanaşma tətbiq etmək istəyiriksə, fikir kim tərəfindən və necə deyilməsindən asılı olmayaraq, onun məğzinə fokuslanmalıyıq. Bu, çoxlarının tez-tez etdiyi – zəif bir fikri dərhal darmadağın etmək istəyindən bizi uzaqlaşdırır.

Niyə vacibdir?
İnsaflılıq prinsipi tənqidi düşüncənin təməlində duran “doğruya çatmaq” məqsədi ilə birbaşa bağlıdır. Bu prinsipi tətbiq edəndə:

  • Qarşımızdakı insanın da bizim kimi doğrunu axtaran, düşünən biri olduğunu qəbul edirik.

  • Fikri məntiqsiz jestlərlə, lağla və ya qarşı tərəfin demədiyi sözləri ona aid edərək zəiflətməkdən qaçırıq.

  • Bilirik ki, bəzən insan doğru bir şeyi səhv ifadə edə bilər. Əgər insaflı olsaq, o düzgün fikri tapıb dəqiq şəkildə müzakirəyə çıxara bilərik.

  • Lazım gələrsə, “əgər sən bu fikri başqa cür desəydin, mən buna qarşı çıxmazdım” deməkdən çəkinmirik.

  • Hədəfimiz şəxsi hücum yox, həqiqətən məntiqli və əsaslı bir tənqiddir – əgər bir qüsur varsa, məhz fikrin içindəki səhvləri tapıb göstəririk.

  • Qarşımızdakını da, özümüzü də ağıllı və dürüst mövqe sahibi kimi qəbul edirik.

  • Əgər birinin arqumentləri doğru olarsa, buna inanmağa hazırıq və bunu açıqca göstəririk.

  • Tələbat olarsa, başqasının arqumentini daha məntiqli formaya salıb, əsaslandırıb sonra tənqid edirik ki, tənqid hədəfə dəysin.

  • Bu yanaşma müzakirəni daha sağlam və şəxsi hücumdan uzaq saxlayır.

  • Həm anlamaq, həm də özümüzü düzgün başa salmaq üçün qarşılıqlı tətbiq edilməlidir.

  • Sual vermək, suallara cavab tapmaq və sağlam ünsiyyət üçün insaflılıq labüddür.

İnsaflılıq prinsipi, açıq sözlülük kimi həm şərh, həm də təqdimat prinsipi sayılır. Əgər bir arqumentdə səhv varsa, tənqidi təqdimatda emosiyaya sərf etməkdənsə, birbaşa həmin səhvi analiz etmək daha məqsədəuyğundur. Bu isə tənqidi düşüncənin əsas addımlarından biridir.

Sübut Yükü Prinsipi | Tənqidi Düşüncə - 4

Tənqidi düşüncənin əsas prinsiplərindən biri də sübut yüküdür. Bu prinsip çox vaxt ya düzgün başa düşülmür, ya da nəzərdən qaçırılır. Halbuki, mahiyyət etibarilə çox sadədir: əgər hər hansı bir iddian varsa, onu əsaslandırmaq sənin üzərinə düşür. Əvvəllər buna “iddia edən isbat etməlidir” deyirdilər və bu, hüquqda da belədir — bir şeyi iddia edirsənsə, bunu təsdiqləyəcək sübut təqdim etməlisən. Yoxsa iddian boş qalır.

Sübut Nə Olmalıdır?

Hər sübut qəbul edilmir. Əvvəla, sübut yetərli qədər olmalıdır. Bir-iki əlaqəsiz misalla böyük iddianı doğrultmaq olmaz. Sübut iddia ilə birbaşa bağlı olmalıdır; şəxsi hisslər, yuxular, təsadüfi fikirlər sübut sayıla bilməz. Bundan başqa, təqdim olunan sübut iddianın doğruluğuna ya da yanlışlığına real təsir edə bilməlidir. Bəzən çox material toplanır, amma nəticə dəyişmir, bu halda həmin materialın elə də dəyəri yoxdur.

Böyük iddialar böyük sübut tələb edir. Ona görə də, iddialar ya daha dəqiq olmalı, ya da onları möhkəmləndirəcək dəlillər tapılmalıdır. Əks halda, heç kim sübutsuz iddianı qəbul etmək məcburiyyətində deyil.

Sübut Yükü Niyə Vacibdir?

Sübut yükü yalnız bizim öz dediklərimizə aid deyil. Kiminsə dediyini də qiymətləndirəndə bu prinsipə baxmalıyıq: yetərli sübut yoxdursa, iddianın doğruluğuna inanmaq üçün əsas da yoxdur. Təkcə inanmaq kifayət deyil — əgər başqasını inandırmaq istəyirsənsə, sübut gətirməlisən.

Tənqidi düşüncə, əslində, mübahisə və dialoq üzərində qurulur. Burada əsas məsələ söz oyunu yox, mövqeni sübut edə bilməkdir. Retorika müvəqqəti təsir edə bilər, amma gerçəkliyi ortaya qoymaz. Əgər sübut yoxdursa, danışılan söz sadəcə havada qalır. Sübut yükü prinsipi “doğrunun axtarışı” prinsipinə də bağlıdır. Əgər sübut axtarılmırsa, demək ki, həqiqəti tapmaq cəhdindən də imtina edilib.

Hər Zaman Sübut Lazımdırmı?

Bəzi hallar var ki, sübuta ehtiyac yoxdur. Məsələn, kimin çay, kimin qəhvə sevməsi şəxsi seçimdir, onu sübut etmək tələb olunmur. Amma məsələ başqalarına təsir edən qərarlara, məsələn bir həkimin dərman yazmasına və ya müəllimin qiymət verməsinə gəldikdə, sübut mütləqdir. Peşəkar və ya elmi iddialar həmişə əsaslandırılmalıdır. Hətta bir sahədə mütəxəssis olan biri belə, başqa sahədə sübutsuz danışa bilməz.

Sübutun Gücü və Tez-Tez Edilən Yanlışlıq

Sübutlar da dərəcə-dərəcədir — "ya tam var, ya tam yoxdur" deyil, arada fərqli gücə malik sübutlar ola bilər. Bir mövzu ilə bağlı zəif dəlildən tutmuş çox güclü dəlilə qədər pillələr mövcuddur.

Bir səhv anlayış da budur ki, sübut yoxdur deyə bir iddia dərhal yanlış sayılmamalıdır. Əgər sübut təqdim olunmayıbsa və sən də əksini iddia edirsənsə və sübut gətirə bilmirsənsə, o iddia “boşluqda qalır”. O halda ya əks sübut tapılmalı, ya da iddia müvəqqəti qəbul edilir. Yəni, sübut yükü əsaslandırmanın hansı tərəfdə olduğunu göstərir. Kim iddia edirsə, sübut gətirməli, əks tərəf isə əksini isbat etmək istəsə, o da sübut təqdim etməlidir.

Bu ayrımı düzgün anlamaq, tənqidi düşüncə vərdişini daha sağlam və real edir.

Açıq Sözlülük Prinsipi | Tənqidi Düşüncə - 3

Tənqidi düşüncənin əsas prinsiplərindən biri də açıq sözlülük prinsipidir. Bu prinsip, düşünmənin mahiyyətinə və başqaları ilə ünsiyyətimizə dair çox vacib məqamları ortaya qoyur. Xəta payı prinsipi və doğrunu axtarışı prinsipindən sonra açıq sözlülük, tənqidi düşüncə üçün üçüncü əsas dayaqdır.

Düşüncənin Sosial Təbiəti və Dilin Rolu

Çoxlarının düşündüyünün əksinə olaraq, düşünmək təkbaşına baş verən bir iş deyil. Beynimiz, cəmiyyətdən və fiziki dünyadan ayrı mövcud olan bir varlıq deyil. Əslində düşüncə, içimizdə sanki bir dialoq kimidir və dil vasitəsilə formalaşır. Dil yalnız fikrimizi başqalarına çatdırmaq üçün bir vasitə deyil, həm də fikrin özünü yaradan bir mexanizmdir. Biz dili valideynlərimizdən, ətrafımızdan öyrənirik və bu səbəbdən də heç bir zaman tam tənha düşünə bilmirik; beynimizdəki fikirlər əslində başqalarından eşitdiklərimizin səsidir.

Fikirlərimizi yalnız daxildə saxlamaqla kifayətlənmirik; onları müdafiə edəndə, başa salanda, bəzən də xəyali bir mübahisə aparanda üzə çıxarırıq. Bu proses həm öz inanclarımızı görməyə, həm də dünyanı daha yaxşı anlamağa imkan yaradır.

Açıq Sözlülüyün Tənqidi Düşüncədə Yeri

Fikirlər nə qədər aydın ifadə olunarsa, gerçəkliklə əlaqəsi də bir o qədər sağlam olar. Açıq sözlü olmaq tənqidi düşüncə üçün vacibdir və bunun bir neçə əsas səbəbi var:

  • Xətaları Göstərmək və Düzəltmək: Fikirlərimizi açıq şəkildə bildirdikdə, başqaları bizi başa düşə bilir və varsa, xətalarımızı görə bilir. Elə həmçinin, başqalarının açıq dediklərindəki boşluqları da biz görə bilirik. Əgər hər kəs susub öz-özünə danışsa, bu xətaları görmək və düzəltmək mümkün olmaz.

  • Bilik və Anlayış Boşluqlarını Aşkar Etmək: Əgər bir məsələni aydın izah edə bilmiriksə, deməli ya bilik, ya da anlayış çatışmazlığımız var. Bunu aradan qaldırmağın yolu isə yenə də açıq danışmaqdır.

  • Ünsiyyətin və Fikrin Mənası: Ümumi sözlər, üstüörtülü danışmaq nə fikri dəyişməyə imkan verir, nə də sağlam dialoq yaradır. Əgər kimsə açıq danışmırsa, qarşı tərəf də eyni şəkildə davranır və nəticədə ünsiyyətin öz mənasını itirir. Təkbaşına içimizdə qalan fikirlər isə çox vaxt natamam və səhv olur. Onları ortaya çıxarmağın yeganə yolu səmimi və açıq ifadədir.

Açıq Sözlü Olmağın Çətinliyi və Zəruriliyi

Açıq sözlü olmaq həmişə asan deyil. Fikirlərimizi açıqlayanda, xüsusilə sosial şəbəkələrdə və ya iş mühitində, bəzən tənqidə, linçə, alçaldılmağa məruz qala bilərik. Bu risklər hər zaman mövcuddur və nəzərə alınmalıdır.

Amma bütün bunlara baxmayaraq, açıq sözlü olmaq zəruridir:

  • Fikrin Dəyəri: Bəzən bu cür narahat təcrübələr yaşamaq fikrimizin arxasında dayandığımızı və ona dəyər verdiyimizi göstərir.

  • Həqiqət Axtarışı: Açıq sözlülük prinsipi deyir ki, bəzən başqaları bizi dəstəkləməsə də, həqiqətə yaxın olmaq üçün fikrimizi deməkdən çəkinməməliyik.

  • Özümüzə Xəyanət Etməmək: Əgər bildiyimizi tam demir, üstünü örtür, ima ilə keçiriksə, əslində öz düşüncə gücümüzə xəyanət etmiş oluruq.

Açıq Sözlülük: İzah və Təqdimat Prinsipi

Açıq sözlülük həm izah, həm də təqdimat baxımından önəmlidir.

  • İzah Prinsipi Kimi: Bir şeyi açıq şəkildə izah etməyə çalışanda, əslində nə qədərini başa düşdüyümüzü də görürük. Bu səbəbdən tələbələr çox vaxt yazmaqdan və ya danışmaqdan çəkinir — çünki danışarkən öz biliyimizin dərinliyini də dərk edirik. Açıq danışmaq insanın baxış bucağını genişləndirir.

  • Təqdimat Prinsipi Kimi: Fikirlərimizi qarşı tərəfə aydın çatdırmaq, onların bizi düzgün anlamasına imkan verir. Əgər dediklərimiz aydın deyil, heç kim üçün başadüşülən deyilsə, nə qədər dəyərli olsa da, bir məna daşımır. Tənqidi düşüncə də məhz bu aydınlıqdan doğur.

Doğrunun Axtarışı Prinsipi | Tənqidi Düşüncə - 2

Tənqidi düşünmənin əsas prinsiplərindən biri də “doğrunun axtarışı prinsipi” adlanır. Əslində düşüncələrimizdə xəta payı qoymağın və ya xəta ehtimalını qəbul etməyin səbəblərindən biri də məhz budur. Çünki tənqidi düşüncədə məqsəd yalnız kimsəni tənqid etmək və ya kiminsə dediklərinin bizə uyğun olub-olmadığını ölçmək deyil, daha çox həqiqətə yaxın olanı tapmaqdır.

Tənqidi düşüncə nədir və məqsədi nədir?

Tənqidi düşüncənin mahiyyəti kimsəni yaxşı və ya pis göstərməkdən ibarət deyil. Əsas məqsəd hər hansı bir məsələ haqqında mümkün qədər düzgün nəticəyə gəlməkdir. Bunu bir şəhər xəritəsinə bənzətmək olar: xəritənin özü deyil, onunla şəhəri, küçələri, binaları tanımaq dəyərlidir. Eləcə də düşünmək də məqsədsiz olmamalıdır — məqsəd doğruya çatmaqdır. Böyük mövzular da ola bilər, gündəlik məsələlər də — əsas məsələ hansı fikrin daha güclü olduğunu seçib ayırmaqdır.

Fikirlərin seçilməsi və müqayisə olunması

Bir mövzu ətrafında onlarla fərqli fikirə rast gələ bilərik — kitablar, sosial media, dost söhbətləri, reklamlardan gələn mesajlar və sair. Bu qədər fikirin dəyəri eyni deyil və onları ayırd etmək lazımdır. Hansı fikir daha əsaslıdır, hansı daha az xəta ehtiva edir — bunları müəyyənləşdirmək önəmlidir. Düzdür, hər zaman xəta ehtimalı var, amma bu, sadəcə “səhv ola bilər” deməklə kifayətlənməməli, əksinə səhvi tapmaq üçün səy göstərilməlidir. Bunun üçün də fərqli baxışları qarşılaşdırmaq vacibdir. Eyni məsələyə bir neçə yöndən baxmadan tənqidi düşünmək mümkün deyil. Bu da göstərir ki, tənqidi düşüncə ölçülü və mərhələli düşünməyi tələb edir.

“Hər şey səhvdirsə, bəs doğruya necə çatmaq olar?” paradoksu

Bəzən “Əgər hər düşüncədə xəta payı varsa, onda heç vaxt doğruya çata bilmərik” kimi bir fikir yarana bilər. Ancaq bu, yanlışdır. Tənqidi düşüncə bizə ortaq şəkildə qəbul edilə biləcək doğrulara gəlmək imkanı verir. Bəli, bütün fikirlər insana məxsusdur və xəta ehtimalı var, amma bəziləri daha möhkəm əsaslana və müdafiə oluna bilir. Tənqidi düşüncə üsulları da məhz bu fərqi tapmaq üçündür.

Rahatlıq zonasından çıxmaq və fikir dəyişmək cəsarəti

Doğrunun ardınca getmək bəzən narahatlıq yaradır, çünki özümüzə çox düzgün bildiyimiz şeylər belə tənqid süzgəcindən keçməyə bilər. Amma doğrunun xatirinə bu əziyyətə dəyər. Əgər doğruya can atırıqsa, düz bildiyimiz yanlışlardan qopmağı bacarmalıyıq. Hətta yeni tapılan doğrularda belə müəyyən boşluqlar ola bilər, amma heç olmasa yanlışları ayırıb irəliləyirik.

Fikir dəyişmək zəiflik deyil, əksinə güclü düşünmənin əlamətidir — təki bu dəyişiklik məntiqə və əsaslara söykənsin. Doğrunun axtarışı üçün fikir dəyişməliyik, sosial təzyiqə və ya ani maraqlara görə yox. Bu, digər baxışları öyrənmək və öz düşüncəmizi yeniləmək fürsəti verir.

Başqalarına söz haqqı vermək

Doğrunun ardınca getmək yalnız öz fikrimizi deyil, başqalarının fərqli fikirlərini də eşitməyi tələb edir. Tənqidi düşüncə mühiti formalaşdırmaq üçün fərqli düşünənləri dinləmək və onları başa düşməyə cəhd etmək lazımdır. Məqsəd mütləq haqlı çıxmaq deyil, düzgün düşüncə tərzinə sahib olmaqdırsa, qarşı tərəfə söz haqqı verib onları diqqətlə dinləmək şərtdir. Səhv varsa, o da ancaq belə üzə çıxar. İnsanların fərqli düşüncələrə sahib olması bir növ rəhmət kimidir və bundan düzgün istifadə edə bilmək tənqidi düşüncənin əsl qazancıdır.

Bu prinsip, digər tənqidi düşüncə prinsipləri ilə də sıx bağlıdır.

Xəta Payı Prinsipi | Tənqidi Düşüncə - 1

Tənqidi düşüncə insana həm öz fikirlərini formalaşdırarkən, həm də başqalarının fikirlərini qiymətləndirərkən buraxa biləcəyi xətaları minimuma endirməyi öyrədir. Bu prosesin əsasını təşkil edən yeddi mühüm prinsiplərdən birincisi və ən vacibi Xəta Payı Prinsipidir. Bu prinsip əslində gündəlik həyatda tez-tez qarşılaşdığımız, amma çox vaxt nəzərə almadığımız bir həqiqəti yada salır: insan ağlının və qavrayışının təbiətində var olan məhdudiyyətlər.

Xəta Payının Mənbəyi və Qaçılmazlığı

Xəta payı prinsipi insan beynindən çıxan hər bir düşüncənin təbii olaraq müəyyən məhdudiyyətlər daşıdığını xatırladır. Bu məhdudiyyətlərin bir neçə əsas səbəbi var:

  • Beynin Reallığı Dəyişdirməsi: Beynimiz ətraf mühiti olduğu kimi deyil, müəyyən qədər işləyərək qavrayır. Bu isə hər şeyi tam və dəqiq anlamamağımıza gətirib çıxarır.

  • Məhdud Qabiliyyət: Dil, vaxt, bilik və qavrama bacarığımızın müəyyən həddi var. Yorğunluq, aclıq və bənzər hallar bu məhdudiyyətləri daha da daraldaraq düşüncəmizə təsir edir.

  • Şəxsi Baxış Buçağı: Reallıq nə qədər obyektiv olsa da, biz onu həmişə öz dar baxış bucağımızdan dəyərləndiririk. Bildiklərimiz və düşüncə tərzimiz bizə ancaq subyektiv bir mənzərə təqdim edir. Bu baxış dəyişə bilər, inkişaf edə bilər, amma hər şeyi əhatə edən tam, mütləq bir baxış insana xas deyil.

  • Düşüncədəki Əyriliklər: Reallığı anlamaq və ifadə etmək istədikdə, soyutlaşdırma, ümumiləşdirmə, qısaltma kimi proseslər qaçılmaz olur. Necə ki, bir şəhərin xəritəsi həmin şəhərin bütöv reallığını tam əks etdirə bilmir, düşüncə də hər zaman müəyyən təhriflərlə müşayiət olunur. Təfərrüata endikcə səhvlər azalır, amma heç vaxt tam yox olmur.

Tənqidi Düşüncədə Xəta Payının Əhəmiyyəti

Xəta buraxmaq və ya xəta ehtimalını qəbul etmək əslində mənfi bir şey deyil, əksinə inkişaf üçün vacib bir işarədir. Çünki:

  • Daimi İnkişaf: Xəta payını qəbul etmək göstərir ki, hələ düzəldiləsi və inkişaf etdiriləsi məqamlar var.

  • Obyektiv Düşüncənin Sərhədləri: Bir fikrin nə qədər doğru görünməsindən asılı olmayaraq, subyektiv olduğundan tam həqiqəti əks etdirmir. Əvvəlki alimlərin yazılarının sonunda “Allahu a`ləm” (“Doğrusunu Allah bilir”) deməsi də insanın məhdud biliyinə işarədir.

  • Xətaların Düzəldilməsi: Bir düşüncə nə qədər reallığa yaxın olsa, o qədər faydalıdır. Əslində düşüncənin irəliləməsi də həm özümüzün, həm də başqalarının xətalarını aradan qaldırmaqla mümkün olur.

  • Sağlam Münazirə Mühiti: Xəta ehtimalını qəbul etmək, müzakirələrin daha sağlam şəkildə getməsi üçün əsas şərtdir. Hər kəsin xəta edə biləcəyini qəbul etmək başqalarının yanlışlarına qarşı həddindən artıq sərt reaksiyanı da azaldır.

  • Birlikdə Düşünmək və İrəliləmək: Bilik sahəsinin genişliyi heç kəsin təkbaşına hər şeyi əhatə edə bilməyəcəyini göstərir. Tənqidi düşüncə isə bir-birimizin xətalarını göstərərək və düzəldərək irəliləməyə şərait yaradır. 

  • Mükəmməl Sayılan Əsərlərdə Belə Xəta: Çox dəyər verilən, bəzən müqəddəsləşdirilən əsərlər belə insan əli ilə yazıldığı üçün xəta ehtiva edir. Bunu nəzərə almamaq o əsərlərdən dərs götürməyə və daha irəli getməyə mane olur. 

Sünnənin Mahiyyəti və "Quran Bizə Yetər" Düşüncəsi

İslam düşüncəsində sünnə yalnız müəyyən ibadət və davranış formalarını ifadə edən bir anlayış deyil. Əksinə, sünnə dinin doğru anlaşılması, ...