24 Temmuz 2025 Perşembe

Həll Prinsipi | Tənqidi Düşüncə - 7

Tənqidi düşüncə müasir dövrdə düzgün qərarlar qəbul etmək, məlumatı dəqiq emal edə bilmək üçün həyati bir bacarıqdır. Bu bacarığın arxasında dayanan əsas dayaqlar – yeddi mühüm prinsip – bir-biri ilə əlaqəli şəkildə işləyir və bu əlaqə bütövlükdə tənqidi düşüncənin gücünü formalaşdırır. Bu prinsiplər içində xüsusi əhəmiyyət kəsb edənlərdən biri də müzakirələrin, fikir proseslərinin dalana dirənməməsi üçün vacib olan Həll Prinsipidir.

Həll Prinsipi Nədir?

Həll prinsipi ondan ibarətdir ki, əgər bir iddia kifayət qədər aydın, əsaslandırılmış və mövcud alternativ iddialara görə daha güclüdürsə, müzakirə artıq bağlanmalıdır. İlk baxışda bu, bəlkə də çox təbii görünür, amma insan təbiətində bəzən psixoloji, ictimai amillər, ya da sadəcə vərdişlər ucbatından həqiqəti qəbul etməkdə bir daxili müqavimət yaranır. Bu prinsip də məhz həmin müqavimətə qarşı xəbərdarlıq rolu oynayır: əgər məsələ ilə bağlı arqumentlər yetərincə güclüdürsə, o zaman məsələni həll olunmuş saymaq və ya qəbul etmək daha sağlamdır.

Bəzən bu prinsip “hökmü təxirə salma” prinsipi ilə ziddiyyət təşkil edir kimi görünə bilər, amma əslində bir-birini tamamlayır. Əgər hansısa məsələ kifayət qədər əsaslandırılmayıbsa, hökmü təxirə salmaq ən düzgün yoldur. Lakin ortada kifayət qədər əsas və sübut varsa, o zaman həmin iddianı qəbul etməkdən çəkinməmək lazımdır.

Tətbiqdə Çətinliklər və Gözlənilən Faydalar

Həll prinsipini həyata keçirmək, açığı, hər zaman asan olmur. Burada əsas maneələrdən biri insanın “mən” hissidir – bəzən adam öz iddiası ilə o qədər bağlanır ki, fikrini dəyişmək və ya yanıldığını etiraf etmək ona çətin gəlir. Bu da müzakirələri sonsuz hala salır, nəticədə danışıqlar faydasızlaşır. Tənqidi düşüncə burada nəfsi tərbiyə etməyi tələb edir: bəzən xoşumuza gəlməsə belə, doğru olanı qəbul edə bilmək və həmin mövzunu artıq bağlamaq səmimiyyət tələb edir.

Əks halda, eyni şeylər təkrar-təkrar müzakirə olunur, nəticə alınmır və söhbətlər mənasızlaşır. İstər siyasət, istər iqtisadiyyat, istərsə də ictimai və ya dini mövzularda artıq həll olunmuş məsələlərin yenidən ortaya atılması, həqiqətdə mövzu bitmiş olsa da, insanlarda sanki heç bir həll yoxdur kimi yanlış təsəvvür yaradır. Halbuki bir çox məsələ kifayət qədər dəlil və əsasla çoxdan həll ola bilərdi – sadəcə bunu qəbul etmək cəsarəti lazımdır.

Hər hansı mövzunun üzərində çox durmadan nəticəyə bağlanması daha faydalıdır. Açıq qalan, həllə qovuşmayan məsələlər həm tənqidi düşüncə prosesini çətinləşdirir, həm də insanın düşüncəsini dalana dirəyir. Bu isə sonda heç nəyin həqiqi mənası qalmadığı hissini – bir növ nihilizmi – yarada bilər. Əlbəttə ki, əgər həll olunmuş məsələdə sonradan yeni fakt, yanlışlıq və ya zəiflik üzə çıxsa, həmin hissə yenidən müzakirəyə açıla bilər.

Tənqidi Düşüncə  Bir Bütöv Sistem Kimi

Tənqidi düşüncə – ancaq bu prinsipləri tətbiq etdikcə işləyən bir bacarıqdır. Necə ki, velosiped sürmək və ya üzgüçülük məşq etdikcə öyrənilir, tənqidi düşüncə də daim məşq və tətbiq tələb edir. Bəzən qarşımıza çıxan müqavimətlərə baxmayaraq, həqiqətin arxasınca getmək və faktlara əsaslanmaq vacibdir.

Unutmayaq ki, tənqidi düşüncə əsla birini alçaltmaq, dağıtmaq və ya sırf tənqid xatirinə tənqid etmək deyil. Əksinə, möhkəm bir bina tikərkən keyfiyyətli materialdan istifadə etmək kimidir – məqsəd dağılacaq yox, dayanıqlı düşüncə inşa etməkdir. Burada tənqid insanlara yox, düşüncələrə yönəlir. Düşüncənin mahiyyəti isə abstrakt olduğu üçün tənqid də konkret şəxsə deyil, fikrə istiqamətlənir. Bu mənada tənqidi düşüncənin dağıdıcı yox, inşaedici bir funksiyası var. Məqsədimiz isə – sağlam, sübuta dayanan inanclar formalaşdırmaq, düzgün iddialarla daha irəli getməkdir.

Hiç yorum yok:

Yorum Gönder

Siyasətin Tarixi Dəyişimi və Təsirləri

Siyasət tarixin müxtəlif dövrlərində fərqli mərhələlərdən keçib, rejimlər (demokratiya, sultanlıq, aristokratiya) dəyişib, hakimiyyət sərhəd...