Tənqidi düşüncənin vacib mərhələlərindən biri də mühakiməni gecikdirmək prinsipidir. Bu prinsip, hər hansı bir mövzu barədə fikir bildirməzdən əvvəl özümüzü yoxlamaq, mövzunu ölçüb-biçmək deməkdir. Əslində, tənqidi düşüncə prosesi başdan-ayağa bir süzgəcdən keçirmə, tərəziyə qoyma işidir; burada həm bizim öz düşüncələrimiz, iddialarımız və inanclarımız, həm də başqalarının fikirləri dəyərləndirilir. Üstəlik, bu proses təkbaşına yox, qarşılıqlı fikir mübadiləsi içində baş verir.
Bilməməyin Təbiiliyi və Müasir Zamanların Çətinliyi
Bugünkü gündəlik həyatımızda, oxuduğumuz mətnlərdə, xüsusilə də sosial şəbəkələrdə tez-tez düşünmədən reaksiya vermə vərdişi formalaşa bilir. Halbuki bu reaksiyaların çoxu tənqidi düşüncə ilə yaxından-uzaqdan əlaqəli deyil. Tənqidi düşüncənin əsas əngəllərindən biri, kifayət qədər məlumata malik olmadığımız məsələlərdə də hökm verməyə meyilli olmağımızdır. Əslində, tam məlumatımız olmayan bir mövzuda fikir bildirməmək qədər normal bir şey yoxdur. Lakin müasir dövrdə bu, çox vaxt çətin olur. Çünki hər məsələdə söz sahibi olmaq bir növ intellekt göstəricisi kimi görünə bilir. Bu isə tənqidi düşüncə bacarığının önündə böyük bir əngəl yaradır. Hətta yaxşı bildiyimizi düşündüyümüz sahələrdə də, əgər yetərincə məlumata sahib deyiliksə, dərhal qəti mühakimə formalaşdırmaq düzgün deyil. Əgər müəyyən qədər bilgimiz varsa, təbii ki, fikir bildirə bilərik. Amma bunu da qəbul etməliyik ki, belə bir mühakimə ya müvəqqətidir, ya da əslində möhkəm əsaslara dayanmaya bilər.
Mühakimə Verməyin Məsuliyyəti və Sübut Borcu
Hər hansı bir iddia, fikir və ya inanc haqqında doğru ya da yanlış hökm vermək tənqidi düşüncənin əsas məqsədlərindən biridir. Amma bu, böyük məsuliyyət tələb edir. Əgər bir şeyin doğru olduğunu deyiriksə, həmin an sübut yükü bizim üzərimizə düşür. Yanlış olduğunu iddia ediriksə, yenə də bu yanlışlığı əsaslandırmaq bizim borcumuzdur. Yəni əgər kifayət qədər faktımız, əsasımız yoxdursa, hökm vermək məcburiyyətində deyilik.
Önyarqı ilə Təəssübküşlik Arasındakı Həssas Sərhəd
Mühakiməni gecikdirmək prinsipi, insanı tamamilə önyarğısız edəcək deyə bir qayda yoxdur. Önyarqı bəzən bizim nəzarətimizdə olmur və bu, özlüyündə pis bir şey də deyil. Əsas məsələ odur ki, bir mövzuda önyarqımız varsa, bunun fərqində olaraq hərəkət edək. Bilmədiyimiz məsələlərdə iddiamız, bildiklərimiz qədər olmalıdır. Problem o vaxt yaranır ki, önyarqımızı sanki sübut edilmiş bir həqiqət kimi müdafiə edir və bundan dönmürük. Bu isə artıq təəssübkeşliyə gətirib çıxarır. Tənqidi düşüncə isə təəssübkeşliyə yer buraxmır.
Qütbləşmənin Qarşısını Almaq və Arada Qalan Rəng Çalarlarını Görə Bilmək
Mühakiməni gecikdirmək prinsipinə əməl edilmədikdə, cəmiyyət demək olar ki, hər mövzuda dərhal qütbləşir. İnsanlar ya “hə” deyənlərə, ya “yox” deyənlərə, ya dəstəkləyənlərə, ya da qarşı çıxanlara bölünür. Arada qalan bütün incə çalarlar itib gedir. Halbuki sağlam bir tənqidi düşüncə mühiti qurulsaydı, insanlar həm bu çalarları görə bilər, həm də əksər məsələlərdə nə qədər məlumatsız olduqlarının fərqinə varardılar. Bu da bizə öz mövqelərimizin də yalnız qara və ağdan ibarət olmadığını başa düşmək imkanı verərdi.
Hiç yorum yok:
Yorum Gönder