Təfsir Elmi Haqqında etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Təfsir Elmi Haqqında etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

21 Aralık 2025 Pazar

Elmi Təfsirlər | Təfsir Elmi Haqqında - 7

Qurani-Kərimin ayələri yalnız zahiri mənalarla məhdudlaşmır. Bu ayələrdə insan psixologiyasından tutmuş cəmiyyətin sosial quruluşuna, iqtisadi hərəkətlilikdən metafizik məsələlərə, hətta ərəb cəmiyyətində mövcud olan adət-ənənələr, əsəbiyyət anlayışı və ədəbi zövqə qədər bir çox incə məqam və dərin nüanslar mövcuddur. Alimlər tez-tez qeyd edirlər ki, riyaziyyat, fizika və biologiya kimi elmi sahələr Qurani-Kərimin ilk baxışda sezilməyən məna qatlarına nüfuz etmək üçün bir pəncərə funksiyası görə bilər. Bəzi alimlər isə “yaş və quru nə varsa, hamısı bu açıq kitabda vardır” məzmunlu ayəni, zahirdə əlaqə görünməsə belə, varlığın bütün qatlarının Quranda müəyyən şəkildə əks olunduğuna işarə kimi dəyərləndirmişlər. Bu baxımdan Qurani-Kərimin bizə təqdim etdiyi açıq (zahiri) mənalarla yanaşı, daha dərin məna elementləri daşıdığını qəbul etmək zəruridir.

Qurani-Kərimi Anlamağın Zəruriliyi

Qurani-Əzimüş-Şanı düzgün anlamaq və ona bütöv bir baxış formalaşdırmaq üçün göstərilən səy üç əsas istiqaməti əhatə etməlidir: danışan (xitab edən), deyilən söz (xitab) və bu sözün ünvanlandığı şəxs (müxatəb). Elmi (bilim) təfsir isə Qurani-Kərimin çox zaman diqqətdən kənarda qalan və ilk baxışda fərq edilməyən izah sahələrindən biridir. Zaman dəyişdikcə, tarixi təcrübə dərinləşdikcə, insanın dünyanı anlama imkanları artdıqca Qurandakı işarələrin və məna qatlarının daha aydın görünməsinə şərait yaranır. Bu əlaqələri görə bilmək, fərqli yaradılışa sahib insanların — kimisinin ədəbi incəliklərdən, kimisinin qeybi işarələrdən, kimisinin isə elmi uyğunluqlardan — hidayət tapmasına və ya imanında yəqin səviyyəsinin artmasına vəsilə ola bilir.

Tarixi İnkişaf və Psixoloji Motivasiya

Elmi təfsir meylinin tarixi çox qədim olmasa da, Qəzali və Fəxrəddin Razi kimi böyük alimlərin öz dövrlərində mövcud olan elmi anlayışları Qurani-Kərim ayələri ilə əlaqələndirən izahlarına rast gəlinir. Lakin müasir dövrdə geniş yayılmış elmi təfsir anlayışı daha çox Qərbdə Maarifçilik dövründən sonra güclənən pozitivizm və elmiçilik axınları ilə bağlıdır. Bu prosesdə təbiət elmlərinin yeganə “dəqiq bilik” sahəsi kimi qəbul edilməsi geniş yayılmışdır. Qərbdə baş verən bu intellektual yüksəliş, eyni zamanda müsəlman cəmiyyətlərinin siyasi, hərbi və iqtisadi baxımdan geriləməsi ilə üst-üstə düşmüş və din anlayışı üzərində ciddi bir daxili hesabat aparmaq ehtiyacını ortaya çıxarmışdır. Bu kontekstdə elmi təfsir, müsəlmanların həm imanlarını qorumaq, həm də Qurani-Kərimin elmi həqiqətlərlə ziddiyyət təşkil etmədiyini göstərmək baxımından psixoloji bir ehtiyac kimi ön plana çıxmışdır. Muhəmməd Abduh və Rəşid Rızanın “Mənar” təfsiri, eləcə də Şah Vəliyullah Dihləvi və Musa Carullah kimi mütəfəkkir və alimlərin çalışmaları din ilə elm arasında uyğunluq qurmaq cəhdlərinin bariz nümunələridir. Lakin bu səylər çox vaxt elmi metodlara və laboratoriya təcrübəsinə birbaşa bələd olmayan şəxslər tərəfindən aparıldığı üçün, tarix boyu bəzən zəif və natamam nəticələrlə kifayətlənmişdir.

Metodoloji Tənqidlər və Cavablar

Elmi təfsir yanaşmasına qarşı ciddi metodoloji tənqidlər mövcuddur. Ən əsas tənqid ondan ibarətdir ki, elm öz mahiyyətinə görə daim yanlışlana bilən (falsifikasiya oluna bilən) nəticələr üzərində qurulur. Müəyyən bir dövrdə irəli sürülən elmi model və izahlar Qurani-Kərim ayələrinin qəti mənası və Allahın muradı kimi təqdim edildikdə, həmin elmi izah sonradan yanlışlandıqda, sanki ayənin özü ilə elm arasında qurulan əlaqə də etibarsızlaşmış kimi bir təsəvvür yarana bilər. Lakin bu tənqid tamamilə rədd edilməsə də, onun yanlış nəticələrə aparmaması üçün diqqətli yanaşmaq lazımdır. Qurandakı ləfzi ayələrlə kainatdakı təkvini ayələr arasında əlaqə, dəyişməsi və inkarı mümkün olmayan, müşahidə və təcrübə ilə təsdiqlənmiş elmi həqiqətlər üzərində qurulmalıdır. Məsələn, Yer kürəsinin forması kimi, hisslərlə təsbit edilə bilən və hər kəsin şahid ola biləcəyi dərəcədə dəqiq elmi faktlar söz mövzusu olduqda, ayələrlə əlaqə qurmaq məqbul sayıla bilər. Hələ hipotez, nəzəriyyə və ehtimal səviyyəsində olan fikirləri mütləq elmi həqiqət kimi təqdim etmək isə yanıldıcı nəticələrə səbəb olur. Bu da təfsir sahəsində həm elmi, həm də metodoloji baxımdan yetkin olmağın nə qədər vacib olduğunu göstərir.

Təsəvvüfi Təfsirlər | Təfsir Elmi Haqqında - 6

Təsəvvüfi təfsir, İslam təfsir ədəbiyyatının ən geniş və ən tanınan sahələrindən biridir. Bu mövzunu düzgün qavramaq üçün əvvəlcə təsəvvüfun nə olduğunu anlamaq lazımdır. Təsəvvüf, qısa desək, Peyğəmbərimizin (s.ə.s.) daxili aləmini, yəni batinini dərk etməyə yönəlmiş bir axtarışdır. Bu yolçuluq, daha Onun sağlığında başlamışdı: səhabələr yalnız Onun sözlərini və davranışlarını izləməklə kifayətlənmirdilər, həm də Onun ruhən çatdığı dərinliyi öz həyatlarına daşımağa çalışırdılar. Bu baxımdan, texniki mübahisələri bir kənara qoysaq, təsəvvüfum tarixini birbaşa Peyğəmbərimizin (s.ə.s.) dövrünə qədər aparmaq mümkündür.

Təsəvvüfun Tarixi Yolu

Təsəvvüfun dəqiq bir tərifi çətin olsa da, ilk dövrlərdə yazılan mənbələrdə onun çox vaxt zöhd anlayışı ilə eyni mənada işlədildiyini görürük. Ümumiyyətlə, təsəvvüfun tarixi üç mərhələdə öyrənilir:

1. Zöhd Dövrü:

Bu, fərdin Peyğəmbərimizin (s.ə.s.) daxili nizamına yaxınlaşmağa çalışdığı mərhələdir. Zöhd sadəcə bir anlayış deyil; təqva, vəra, ibadət, zikr, təfəkkür, nafilə əməllər, dünyadan uzaq durmaq, nəfsi tərbiyə etmək kimi bir çox mənəvi keyfiyyəti özündə toplayan geniş bir ruhani çərçivədir.

2. Təsəvvüf Dövrü:

Bu mərhələ təsəvvüfun artıq müəyyən bir kimlik qazanaraq daha sistemli bir istiqamət alması ilə xarakterizə olunur.

3. Təriqət Dövrü:

Təsəvvüfun tam şəkildə qurumsallaşdığı, fərqli məktəblərin öz yol və qaydalarını, virdlərini, ədəb və üsullarını formalaşdırdığı dövrdür.

Təsəvvüfi Təfsirin Ortaya Çıxması

Qurani-Kərim, insanın mənəviyyatına, əxlaqına, daxili dünyasına və nəfsin arınmasına işarə edən çoxsaylı ayələri özündə cəmlədiyi üçün “cami bir kitab” kimi qəbul olunur. Sufi alimlər də bu ayələrin dərinliklərini, gizli incəliklərini və mənəvi qatlarını izah etmək üçün onlara xüsusi diqqət ayırmışlar. Zamanla bu yanaşma “təsəvvüfi təfsir” kimi ayrıca bir sahənin formalaşmasına gətirib çıxarmışdır.

Təsəvvüfi Təfsirin Üç Şöbəsi

Təsvvüfi təfsir öz daxilində üç əsas istiqamətdə incələnir:

1. Rəvayət yönümlü təsəvvüfi təfsir

Bu yanaşmada ayələrin mənası, Peyğəmbərimizin (s.ə.s.) və səhabələrin nəfsi tərbiyə, əxlaq və ibadət həyatına dair rəvayətlərə söykənərək izah olunur. Riyazət, çilə və bu kimi tətbiqlərə isti baxmayan, daha çox ibadət, zikir və rəvayət əsasında formalaşan əhl-i hadis məktəbi bu növ təfsiri önə çıxarmışdır. İmam Əhməd, İbn Qayyim və İbnül-Cövzi bu istiqamətin nümunələridir.

2. İşari (işarə yönümlü) təsəvvüfi təfsir

Burada rəvayətlər əsas tutulsa da, sufilərin mənəvi yolçuluq zamanı qəlblərinə doğan incə ilham və işarələr də ayələrlə əlaqələndirilərək izah edilir. Təsəvvüfi təfsir deyəndə əsasən bu geniş ədəbiyyat nəzərdə tutulur. Erkən nümunələrə Tüstərinin “Təfsirül-Qur’anil-Əzim”i, Quşeyrinin “Lətaifül-İşarat”ı, İbnül-Ərəbinin geniş təfsiri və İsmayıl Haqqı Bursəvinin möhtəşəm əsəri daxildir.

3. Nəzəri (elmi-fəlsəfi yönümlü) təsəvvüfi təfsir

Təsəvvüf zamanla yalnız praktik yaşantıdan ibarət qalmamış, həm də düşüncə və idrak baxımından sistemli bir elm sahəsinə çevrilmişdir. Nəzəri təsəvvüf məhz bu iddianı daşıyan təfsir fəaliyyətidir. İbnül-Ərəbi bu sahədə dönüş nöqtəsi sayılır. Təkcə sufilər deyil, kəlam və fəlsəfəyə bələd olan alimlər də bu istiqamətin formalaşmasına töhfə vermişlər. Məsələn, Elmalılı Hamdi Yazırın “Haqq Dini Qur’an Dili” əsərində nəzəri sufi düşüncəsinin izləri açıq şəkildə görünür.

Batini Təfsirə Tənqid

Yuxarıda qeyd olunan üç əsas təsəvvüfi təfsir növü ümumən təfsir üsuluna, Qur’an dilinə, ləfz–məna əlaqəsinə və ərəb dilinin qaydalarına riayət edir. Lakin onlardan ayrılıb başqa bir istiqamətə çevrilmiş batini təfsir bu qaydalara sadiq qalmır. Batini yanaşma, ayənin açıq mənası ilə əlaqəsi olmayan məna yükləmələri etməyə meyillidir və buna görə də ciddi məna qarışıqlığı yarada bilər. Sünni ənənə bu səbəbdən batini təfsiri elmilikdən uzaq və davamlılığı olmayan bir yol kimi dəyərləndirmişdir.

Müasir Dövrdə Vəziyyət

Bugün də təsəvvüf ənənəsi və müxtəlif təriqətlər (Mövləvilik, Nəqşibəndilik və s.) fəaliyyətini davam etdirdiyi üçün, bu çevrələrdən olan alimlər Qur’an ayələrinə öz mənəvi dünyalarından yanaşaraq izahlar yazmağa davam edirlər. Müasir dövrdə yazılan bu əsərlərin çoxu əsasən işari təfsir nümunələri kimi ortaya çıxır. 

Dilçiliklə Bağlı Təfsirlər | Təfsir Elmi Haqqında - 5

Hər hansı bir mətnə və ya nitqə yaxınlaşanda, əvvəlcə sözün özünə – yəni ləfzə – diqqət etmək qaçılmazdır. Çünki məna ilə aramızdakı körpü məhz ləfzdir. Bu körpünü düzgün qurmadan doğru məna ilə təmas qurmaq mümkün olmaz. Amma yalnız ləfzdə ilişib qalmaq, sözün arxasındakı iradəyə, mətləbə keçə bilməmək də başqa bir yanlışlıqdır. Buna görə də alimlər, məna haqqında nəticə çıxarmazdan əvvəl, məhz o mənaya yol açan dilin imkanlarını, ustalığını və hədlərini diqqətlə araşdırmağı vacib bilmişlər.

Qur’an və ərəb dilinin özünəməxsus rolu

Qur’an-ı Kərim ərəb dilində nazil olub. İlahi bir kəlam olduğu üçün bütün dillərin fövqünə ucalır, amma insanla ünsiyyət tərəfi ərəb dilinin sözləri, ifadələri, ədəbi incəlikləri və qrammatik quruluşu ilə həyata keçir. Buna görə də Qur’anı düzgün anlamaq istəyən, yəni bu mövzularda ixtisaslaşmaq istəyən kəs, mütləq ərəb dilinin imkanlarını və işlənmə xüsusiyyətlərini nəzərə almalıdır. Qur’andakı sözlər ya birbaşa ərəb dilində yaranmış, ya da zamanla ərəb dünyasına daxil olub mədəniyyət içində ərəb dilinin bir parçasına çevrilmiş ifadələrdir. Qur’an bütövlükdə həmin dövrün ərəblərinin tanıdığı, istifadə etdiyi sözlərə söykənir. Cümlə quruluşundan, zamirlərin müraciət etdiyi məqamlardan tutmuş, sifətlərin istifadəsinə, deyimlərə, atalar sözlərinə qədər hər şey ərəb dilinin o günə qədər formalaşmış bütün imkanlarını əks etdirir.

Nüzul mühiti və dilin yaşayan təbiəti

Qur’anın məqsədini, mesajını və məna qatlarını anlamaq üçün, onun nazil olduğu dövrdəki ərəb dilinə müraciət etmək zəruridir. Bu, ilk nəsil müsəlmanlarının Qur’anı necə anladığını yoxlamağa imkan verir. Sonrakı nəsillər də öz anlama tərzlərini qiymətləndirmək və məna üzərində hər hansı təhrifə yol verib-vermədiklərini sınamaq üçün bu dilə dönmək məcburiyyətində qalıblar. Bu prosesdə Cahiliyyə dövrü şeirləri adətən bir növ “dil lüğəti” funksiyası görüb. Çünki dil – canlı bir varlıq kimidir; sözlər onun hüceyrələridir. Bəziləri zamanla yox olur, bəziləri isə məna dəyişiklikləri yaşayır. Bu dəyişmələri izləmək isə gələcək nəsillərin Qur’anın məqsədini düzgün qavraması üçün çox önəmlidir. Unutmayaq ki, Qur’an ərəb dilinin ilk böyük yazılı mənbəyidir. Qaya yazıları və digər arxeoloji parçalar mövcud olsa da, onlar dilin tam mənzərəsini verəcək qədər geniş deyil. Bu baxımdan Qur’an – həm ədəbi gözəlliyi, həm fövqəladə bəlağəti, həm də dil imkanlarını bütövlükdə nümayiş etdirməsi ilə – ərəb dilinin ən güclü qaynağıdır.

Dilçilik yönümlü təfsirin sahələri

Erkən dövrlərdən etibarən alimlər, Qur’anın mətnini doğru anladıqlarını göstərmək üçün dil məsələlərinə xüsusi diqqət ayırıblar. Bu fəaliyyətlər öz içində müxtəlif sahələrə bölünüb:

  1. Müfrədatü’l-Qur’an – Qur’andakı sözlərin lüğəvi qatlarını, məna dəyişmələrini araşdırır. Məsələn: Rağib İsfəhaninin “Müfrədat”ı.

  2. Ğaribü’l-Qur’an – nadir işlənən, başqa dillərdən keçmiş və ya ərəblər arasında geniş yayılmamış sözləri incələyir.

  3. İ’rabü’l-Qur’an / Məani’l-Qur’an – qrammatik quruluşu mərkəzə alır.

  4. Məcazü’l-Qur’an – sözlərin məcazi mənalarını, deyimləri, atalar sözlərini araşdırır. Misal: Şərif ər-Radinin “Məcazü’l-Qur’an”ı.

  5. İcazü’l-Qur’an – Qur’anın dil möcüzəsini, üstün bədii xüsusiyyətlərini tədqiq edir. Misal: Bədiüzzamanın “İşarətü’l-İcaz”ı.

  6. Müşkilü’l-Qur’an – bir-birinə çox oxşayan, sinonim kimi görünən, lakin incə fərqlər daşıyan sözləri araşdırır. Misal: İbn Quteybənin “Tə’vilü Müşkilü’l-Qur’an”ı.

  7. Müasir semantik və linqvistik araşdırmalar – kök mənalarını, mənaların tarixi inkişafını izləyən müasir dil çalışmalarını əhatə edir.

Bu sahədə dərin dil incəlikləri əks etdirən nümunəvi təfsirlər arasında Zəməxşərinin “Kəşşaf”ı, Əbu Suudun “İrşadü Əqli’s-Səlim”i və yaxın dövrlərdən Fəxrəddin Kabanın “Haşiyə alə Cəlaleyn”ini qeyd etmək olar.

Niyə dilçilik hər bir İslam elminin təbii tələbatıdır?

Dilçilik yönümlü təfsirin məqsədi, müsəlmanların təfsirdə sırf dil xətalarına görə yanlış nəticəyə düşməsinin qarşısını almaqdır. Çünki Qur’anın mənasını hər hansı bir elm sahəsi – istər kəlam, istər fiqh, istər əxlaq, istərsə də təsəvvüf və s. – yenə məhz sözlərin imkanları daxilində dərk edir. Məsələn, Üsulü-fiqh bir ifadənin əmr, qadağa yoxsa xəbər olduğunu dilin vurğusundan müəyyənləşdirir. Fiqh hökmləri – fərz, vacib, müstəhəb kimi kateqoriyalar – də sözlərin gətirdiyi incəliklərə əsaslanır. Buna görə də istənilən elm sahəsində Qur’anla işləyən bir alim, dilin rəhbərliyindən kənara çıxa bilməz. Dil – bütün digər elmlərin özünü inkişaf etdirməsi üçün zəruri olan vasitədir.

Kəlami Təfsir: Tərifi və Örnəkləri | Təfsir Elmi Haqqında - 4

Təfsir elmi mahiyyətcə geniş, fərqli sahələri özündə birləşdirən bir elm sahəsidir. Bu genişliyin təbii nəticəsi olaraq, kəlam yönümlü təfsir də bu elmin ayrılmaz bir parçasıdır. Bunun əsas səbəbi isə Qurani-Kərim ayələrinin böyük bir qisminin məzmun etibarilə əqidə ilə bağlı məsələlərə toxunmasıdır. Ayələr yalnız əxlaq və hüquqi hökmlərdən bəhs etmir; eyni zamanda dərin etiqadi mesajlar da daşıyır. Üstəlik, Allahın kəlamı olan Qurani-Kərim çoxqatlı bir mətn olduğu üçün hər ayənin zahiri mənasının arxasında əlavə mənəvi qatlar mövcuddur.

Qurani-Kərimə yanaşarkən ayələrin ilk baxışda fiqh, kəlam və ya əxlaqla əlaqəli görünən tərəfləri nəzərə alınır. Amma zahirən fiqhi hökmlərdən bəhs edən bir ayənin belə daha arxa planda əqidə və əxlaq baxımından önəmli dərinliklər daşıdığı olur. Quranda inanc, əxlaq və əməli həyat bir-birindən ayrılmayan şəkildə vəhdət təşkil edir. Bu səbəbdən, bu sahələri sərhədlərlə ayırmaq doğru deyil; heç bir ayəni sırf bir sahənin mövzusu kimi görmək mümkün deyil. Qurani-Kərimin “cami” – yəni hərtərəfli və bütüncül – bir mətn olmasının bir səbəbi də budur. İslam elmləri tarixən bir-birinə təsir etmiş və ortaq mövzular paylaşmışdır. Məsələn, bəzi fiqh məsələləri əqidə ilə kəsişə, bəzən də siyər bilgiləri olmadan müəyyən əqidə mübahisələrini anlamaq mümkün olmaya bilər.

Kəlam elmi meydana gəldiyi vaxtdan etibarən təfsirlə təbii şəkildə əlaqədə olmuşdur. Köklü bir elm olduğu üçün kəlam yönümlü təfsir də ən erkən təfsir növlərindən biri kimi formalaşmışdır. Əhkam (hökm) təfsirləri və dil təfsirləri ilə yanaşı paralel şəkildə inkişaf etmişdir. Əhkam təfsirlərində daha çox miras, nikah, ibadət və s. kimi zahiri olaraq fiqhə aid ayələr seçilərək şərh edilir. Amma yalnız əqidə mövzulu ayələri toplayıb qalanını kənara qoyan kəlam təfsirləri demək olar ki, yoxdur. Bunun əvəzində, kəlam təfsirlərində etiqadi məsələlər daha geniş, daha dərin və təfərrüatlı şəkildə işlənir.

Bir alim öz məzhebi baxışına uyğun təfsir yazırsa, həmin təfsir artıq kəlam yönümlü bir məzmun qazanır. Çünki məzheb — ardıcıllıq, sistemlilik və izah edilə bilən metodologiya deməkdir. Erkən dövrün ən önəmli nümunələrindən biri Əbu Mənsur Maturidinin “Təvilatül-Qur’an” adlı əsəridir. Bu əsər həm dirayət təfsirinin ilk nümunələrindən sayılır, həm də İmam Maturidinin fiqh və əqidəni bir arada izah etməsi ilə seçilir. Burada əqidə mövzuları fiqhdən daha geniş şəkildə işlənir. Digər mühüm kəlam təfsirləri də bunlardır:

  • Zəməxşəri – “Kəşşaf”: Mötəzilə düşüncəsini əks etdirən, etiqadi ayələri öz məzhəbinə görə izah edən məşhur təfsir.
  • Fəxrəddin Razi – “Təfsiri-Kəbir”: Kəlam mövzularını son dərəcə dərindən təhlil edən, demək olar ki, bir kəlam kitabı qədər geniş təfsir.
  • Nəsəfi – “Mədarik”: “Kəşşaf”la kəsişsə də, Maturidi əqidəsinin izlərini daşıyan mətn.
  • Beyzavi – “Ənvarut-Tənzil”: Dil baxımından “Kəşşaf”dan bəhrələnmiş, amma əqidə yönü ilə Əşari kimliyi olan təfsir.
  • Şiə təfsirləri: Şərif Razi, Seyyid Mürtəza və müasir dövrdə Təba Təbainin əsərləri Qurani-Kərimi Şiə düşüncəsi ilə uzlaşdırmağa fokuslanır.

Bu gün də təfsir yazmaq ənənəsi davam edir və xüsusilə əqidə ilə bağlı ayələrin necə anlaşılması məsələsi aktuallığını qoruyur. Son dövrdə “məzhəblərə ehtiyac varmı?” sualı ətrafında gedən müzakirələr kəlam təfsirlərinə yanaşmanı müəyyən qədər dəyişdirib. Modernist yanaşma hər kəsin Qurani-Kərimlə birbaşa qarşılaşmasını və öz anladığı şəkildə dəyər verməsini təklif edir. Bu isə iki əsas nəticəyə gətirib çıxarıb:

  1. Daha sadələşdirilmiş və çox vaxt fəlsəfi təsirlərlə yoğrulmuş fərdi əqidə modelləri.
  2. “Məmzuc” — yəni qarışıq yanaşma: müxtəlif məzhəblərdən, filosoflardan və Şiə–Sünni ənənələrindən seçmə şəkildə özünə uyğun olanı götürmək.

Bu cür yanaşmalar hər nə qədər fərdi baxımdan cazibədar görünsə də, elmi metodologiya baxımından ciddi boşluqlar yaradır. Bununla belə, bu gün də məzhəbi ardıcıllığı qoruyan müfəssirlər var və onlar sistemli şəkildə kəlam mövzularını izah etməyə davam edirlər. Məsələn, Şiə alimi Təba Təbainin “Əl-Mizan” təfsiri və Türkiyədə Elmalılı Hamdi Yazırın təfsiri bu cür sistemli yanaşmanın müasir nümunələridir. Ömər Nasuhi Bilmənin təfsiri də Maturidi baxışını davam etdirən mühüm bir əsərdir.

Nəticə etibarilə, kəlam yönümlü təfsir ənənəsi bu gün də yaşayır. Sadəcə mövzuya yanaşma forması dəyişib və Qurani-Kərimin icazı — yəni möcüzəvi tərəfi — ilə əqidə məsələləri arasında yeni əlaqələr qurularaq inkişaf etdirilir.

Əhkam Təfsiri və Tarixi Mərhələləri | Təfsir Elmi Haqqında - 3

Təfsir tarixi, hələ Peyğəmbərimizin (sav) sağlığında başlayıb Səhabə nəsli ilə davam edən bir prosesdir. Bu dövrü izləməyimizə imkan verən əsas mənbələrdən biri İbn Abbasdan (r.a.) nəql edilən rəvayətlərdir. Firuzəbadi kimi alimlər müxtəlif mənbələrdən bu rəvayətləri toplayaraq “İbn Abbas Təfsiri” adı altında bir araya gətiriblər. İbn Abbasın özü başdan sona müstəqil bir təfsir kitabı yazmasa da, Tabiin dövrünün bir çox tələbəsinə verdiyi izahatlar sonradan toplanaraq demək olar ki, Qurani-Kərimin tam bir təfsirini ortaya çıxarmışdır. Bu rəvayətlər, həm Səhabənin ayələrə baxışını göstərir, həm də onların fikir ayrılıqlarını və üstün tutduqları izahları anlamağa şərait yaradır. Lakin isnad baxımından hər rəvayətin ayrıca qiymətləndirilməli olduğu da alimlər tərəfindən xüsusi vurğulanır.

Qurani-Kərimi başdan sona təfsir etməyə girişib əsəri günümüzə gəlib çatan ilk alim isə Muqatil bin Süleymandır. Onun Təfsiri-Kəbir adlı əsəri, tam bir təfsirin bizə qədər yetişmiş ən qədim nümunəsi hesab edilir. Sələf nəslinin təfsirlə məşğulluğunu göstərən başqa bir mühüm inkişaf isə hədis kitablarının təfsir bölmələrinin genişlənməsi və əsbabü nüzul rəvayətlərinin elm dünyasına daxil olmasıdır. Müasir araşdırmalar göstərir ki, çox erkən dövrlərdən etibarən hədislər yazıya alınmağa başlanmış və bu rəvayətlərin mühüm bir hissəsi təfsir mövzularını təşkil etmişdir.

Fəthlərin genişlənməsi, əhalinin artması və müxtəlif bölgələrə yayılma, insanların Qurani-Kərimin mənasını anlamağa daha çox ehtiyac yaratmışdı. Bu mərhələdə bütün İslami elmlərdə nəzərəçarpan bir sıçrayış baş verdi və ixtisaslaşma prosesi başladı. Alimlər artıq ümumi şəkildə hər şeylə məşğul olmaq yerinə, maraq və qabiliyyətlərinə uyğun şəkildə fiqh, kəlam və hədis kimi sahələrdə dərinləşməyə başladılar. Bununla yanaşı, elmlərin sağlam şəkildə inkişaf etməsi üçün möhkəm bir üsul zəmininin formalaşması da vacib idi. Əvvəlcə şəhərlərin adı ilə tanınan elmi yönümlər (Kufə, Mədinə məktəbləri kimi) zamanla müəyyən alimlərin qurduğu üsul çərçivələri ilə birlikdə məzhəb kimliyi qazanmağa başladı. İxtisaslaşma və üsulun formalaşması ilə birlikdə, Qurana yönələn təfsir fəaliyyəti də fərqli istiqamətlərə ayrıldı. Məsələn, fiqh sahəsində ixtisaslaşan alim, təbii olaraq Qurandakı hüquqi məzmunu daha dərindən işləyərək öz sahəsinə uyğun bir təfsir formalaşdırmış olurdu.

Bu prosesin ilk nəzərə çarpan məhsullarından biri Əhkam təfsiridir. Əhkam təfsiri, mövzu mərkəzli təfsirin ən erkən nümunəsi kimi qəbul edilə bilər. Yəni Qurani-Kərimin tamamını təfsir etmək əvəzinə, müəyyən bir mövzunu əsas götürərək həmin mövzuya aid ayələrin izahı aparılır. Mövzunun genişliyi və ya dar olması fərq etmir; əsas məsələ, bir sahədəki ixtisaslaşmanın təfsirə yön verməsidir. Müasir dövrdə bu yanaşma daha da genişlənərək dinlər tarixi və digər sahələr üzrə mövzulu təfsirlərin yaranmasına səbəb olmuşdur. İslam həyatımıza üç əsas istiqamət ilə daxil olur: inanclar (kəlam/əqidə), hökmlər (fiqh) və əxlaq (təsəvvüf). Əhkam təfsiri adından da göründüyü kimi, bu komponentlərdən “hökmlər” sahəsinə fokuslanır.

Əhkam təfsiri iki əsas mövzunu əhatə edir:

1. İbadətlər (insanın Allahla münasibəti):
Namaz, oruc, zəkat kimi ibadətlərin şərtləri, rükünləri və detalları bu bölmədə izah edilir. İnsanın Rəbbinə qarşı məsuliyyətlərini tanıması üçün əsas qaynaqlardan biridir.

2. Muaməlat (insan-insan münasibətləri):
Cəmiyyət həyatı, sosial münasibətlər və hüquqi mövzular bu hissədə müzakirə olunur. Evlilik, miras, ticari münasibətlər, halal-haram çərçivəsi, nikah və müxtəlif əqdlər kimi hökmlər bu qisimə daxildir. Bugünkü terminlərlə desək, İslamın hüquq və sosial nizamını formalaşdıran sahədir.

Qurandakı 6236 ayənin hamısı hüquqi məzmun daşımır. Buna görə də fiqh alimləri daha çox öz sahələrinə uyğun ayələri araşdırmış və bu istiqamətdə təfsir nümunələri ortaya çıxarmışlar. Əhkam təfsirinin ortaya çıxmasının bir səbəbi də, dövrün ehtiyaclarının hüquqi və ictimai izahları daha çox tələb etməsi idi.

Erkən dövrdə Muqatil bin Süleymanın kiçik ölçülü əhkam xarakterli təfsiri ilk nümunələrdən sayılır. Məzhəblərə görə ən tanınmış əhkam təfsirləri isə bunlardır:

  • Əbu Cəfər Təhavinin “Əhkamül-Quran”ı: Hənəfi məzhəbinə aid olub günümüzə böyük ölçüdə gəlib çatan ilk geniş əhkam təfsiridir.

  • Cəssasın “Əhkamül-Quran”ı: Hənəfi ənənəsinin ən məşhur hüquqi təfsir əsərlərindən biridir.

  • İmam Qurtubinin “Əl-Cəmiu li-Əhkam’il-Qur’an”ı: Ən mötəbər və ən geniş əhkam təfsirlərindən biri hesab edilir. Qurandakı bütün ayələri ardıcıl şəkildə təfsir edir, lakin hüquqi ayələrə daha geniş yer ayırması və məzhəblərarası müqayisələri diqqətlə işləməsi səbəbilə “əhkam təfsiri” olaraq tanınır.

Bu ənənə tarixdə dayanıb qalmamış, müasir dövrdə də davam etmişdir. Məsələn, Konyalı Muhəmməd Vəchə Əfəndinin Əhkam-ı Quraniyə'si, Muhəmməd Əli Sabuninin və Həmdi Döndürenin Əhkamül-Quran əsərləri bu davamlı ənənənin yeni nümunələri kimi ortaya çıxmışdır.

Təfsir Elminin Xüsusiyyətləri və Şöbələri | Təfsir Elmi Haqqında - 2

Təfsir, İslam elmləri arasında özünəməxsus bir yer tutur və onu digər elmlərdən fərqləndirən əsas cəhət onun cami – yəni birləşdirici və əhatəli elm olmasıdır. Təfsir, bir çox elm sahəsinin biliklərini öz daxilində toplayan, onları əlaqələndirən və mənalandıran geniş bir elmi sahədir.

Tarix boyu Qur’an təfsiri ilə məşğul olmaq sadəcə dini biliklə kifayətlənmirdi. Bu sahədə yetkin səviyyəyə çatmaq üçün həm İslam elmlərində, həm də bəzi təbiət və dil sahələrində ciddi bilik sahibi olmaq zəruri sayılırdı. Məsələn, Ömər Nəsuhi Bilmənin Təbaqətül-Müfəssirin adlı əsərində qeyd edilir ki, bir insanın təfsir yaza biləcək səviyyəyə gəlməsi üçün ən azı 15 elm sahəsindən faydalanması tələb olunurdu. Bu sahələrə aşağıdakılar daxil idi:

  • Əsas İslam elmləri: Siyər, Hədis, Fiqh, Kəlam, Təsəvvüf.

  • Dil və ədəbiyyat: Ərəb dili, bəlağət, fəsahət, şeir və ifadə qaydaları.

  • Yardımçı elmlər: Məntiq, dinlər tarixi, cahiliyyə dövrü ərəblərinin mədəniyyəti və Hicaz tarixinin əsasları.

Bu qədər geniş hazırlıq tələbi səbəbindən, alimlər adətən ömürlərinin sonrakı mərhələlərində – təcrübə və yetkinlik qazandıqdan sonra təfsir yazmağa başlamışlar. Müfəssir, bir mənada bir çox elmdə mahir şəxs olmalı idi. Məsələn, Fəxrəddin Razi kimi alimlər, təfsirlərində bu gün “pozitiv elmlər” adlandırdığımız sahələrdən – meteorologiya, geologiya, fizika, biologiya və tibbdən belə istifadə edərək ayələr arasında dərin və mənalı əlaqələr qurmuşlar. Müasir dövrdə isə təfsir sahəsində yazılan magistr və doktorluq işləri, bəzən “mütəxəssislik” səviyyəsi kimi qəbul edilir. Lakin bu, klassik dövrdəki müfəssir anlayışından daha məhdud bir mənaya malikdir.

Qurani-Kərimdə dinin əsasını təşkil edən və hər kəs tərəfindən qəbul edilən möhkəm ayələr var ki, onları başa düşmək üçün təfsirə müraciət etmək zəruri deyil. Məsələn, dünyanın keçici olması, insanın imtahan üçün yaradıldığı və axirət mükafat-cəzası kimi məsələlər sadə oxunuşla belə anlaşılandır. Lakin ayələrin nazil olma şəraiti, hansı hadisə və dövr üçün nəzərdə tutulduğu, yaxud hansı hökmün kimə aid olduğu kimi incə məsələlərdə təfsir qaçılmaz olur. Təfsir bu zaman ilahi məqsədi düzgün anlamağa və ondan çıxarılan hökmlərin doğruluğunu yoxlamağa imkan yaradır.

Təfsir elmini dərinləşdirən və müfəssirə istiqamət verən bir sıra əsas anlayışlar mövcuddur:

  • Əsbabün-nüzul (Nazil olma səbəbləri): Ayələrin hansı səbəbdən nazil olduğunu öyrənmək, həmin ayənin hansı hallarda tətbiq oluna biləcəyini anlamağa kömək edir. Nüzul səbəbi yalnız tarixi hadisə deyil, həm də oxşar vəziyyətlərdə istifadə edilə biləcək prinsipləri göstərir.

  • Münasibət elmi: Qurandakı ayə və surələr arasında daxili əlaqəni araşdırır. Qurani-Kərimin ardıcıllığı tarixə görə deyil, mənəvi və mövzu axışına görə qurulduğundan, bu elm onun içindəki harmoniya və sistemliliyi üzə çıxarır.

  • İsrailiyyat: İslamdan əvvəlki səmavi kitablardan gələn və bəzən peyğəmbərlərə dair əlavə məlumatlar ehtiva edən rəvayətlərdir. Bunlardan yalnız Qurana zidd olmayanları istinad üçün qəbul olunur. Məsələn, “insanlığın 7000 il yaşı var” kimi məlumatlar İsrailiyyat mənşəlidir və dini hökm sayılmır.

  • Qiraət fərqləri: Qurandakı müxtəlif oxunuş formaları (mütəvatir və şazz qiraətlər) bəzən mənada incə fərqlər yaradır və ayələrin ifadə gücünü artırır.

  • Yardımçı anlayışlar: “Məcazül-Qur’an” (məcazlı ifadələr) və “ğaraibül-Qur’an” (az işlənən sözlər) kimi mövzular da təfsirin vacib tərkib hissəsidir və Qurani-Kərimin dil zənginliyini başa düşmək üçün mühümdür.

Ənənəvi olaraq təfsirlər iki istiqamətdə qiymətləndirilir:

  • Rəvayət təfsiri: Peyğəmbər (sav) və səhabələrdən gələn rəvayətlərə əsaslanır.

  • Dirayət təfsiri: Müfəssirin öz elmi düşüncəsinə və məntiqi təhlilinə söykənir.

Lakin bu iki sahəni sərhədlərlə ayırmaq tam düzgün deyil. Çünki əslində əksər təfsirlər hər iki yanaşmanı birləşdirir – müfəssir həm rəvayətlərdən istifadə edir, həm də onları ağıl, məntiq və kontekst baxımından izah edir. Təfsir üsulu isə, Qurani-Kərimin nazil olma tarixi, surələrin say və bölgüsü, qiraət fərqləri kimi mövzulara toxunur. Bəzi alimlər hesab edir ki, yalnız təfsirə aid ayrıca “üsul”dan danışmaq çətindir, çünki təfsirdə istifadə edilən qaydaların çoxu Üsulül-fiqh elminə əsaslanır. Məsələn, “bir sözün əsas mənası onun zahiri mənasıdır” prinsipi fiqh üsulundan gəlir və təfsirə də eyni ilə tətbiq olunur.

Təfsir Elmi: Tərifi və Ekolları | Təfsir Elmi Haqqında - 1

“Təfsir” kəlməsi lüğəvi baxımdan “açmaq”, “izah etmək” mənasını verir və “fəsr” kökündən yaranmışdır. Ancaq termin mənasında təfsir – Uca Allahın insanlara yönəltdiyi vəhyin mənasını anlamağa, bu mənanı həyatına daşımaq istəyən insanlara ilahi məqsədi açmağa xidmət edən bütün elmi və mənəvi səylərin adıdır.

Təfsir ehtiyacının mənşəyi

Qurani-Kərim, Peyğəmbərimizin (s.ə.s.) iyirmi üç illik risalət dövründə həm nazil edilmiş, həm qorunmuş, həm də oxunuş və mənası baxımından izah olunmuşdur. Deməli, Qur’anı anlamaq, onun məqsədini, əxlaqını və insanı yönəltmək istədiyi hədəfi dərk etmək tələbi elə ilk nüzul dövründən mövcud idi.

Qur’anı anlamağın ilk qaynaqları

Qurani-Kərimin mənasının izahında əsas başlanğıc nöqtə elə Qur’anın özüdür. Qur’an özünü izah edən bir kitabdır. Bu baxımdan ilk və təməl təfsir forması belə meydana gəlmişdir:

1. Qur’anın Qur’anla təfsiri:
Bu iki şəkildə baş verir:

  • Siyaq və sibaq – yəni bir ayənin əvvəlində və sonrakında nazil olan ayələr, oradakı mənanın sərhədlərini və məqsədini anlamaqda mühüm ipucudur.

  • Başqa ayə və surələrlə əlaqə – bəzən bir yerdə açıq deyilməyən bir məna, başqa bir ayədə daha aydın ifadə olunur.
    Bununla yanaşı, nüzul səbəbini bilmək də (əsbab ən-nüzul) ayənin ilahi məqsədini düzgün müəyyən etmək üçün əsas şərtlərdəndir.

2. Hədis və Sünnə ilə təfsir:
Qur’an insanın davranışlarına, ibadətlərinə, hüquqi münasibətlərinə və əxlaqına dair hökmlər daşıyır. Bu hökmlərin necə icra olunacağını, hansı qayda və zamanla yerinə yetiriləcəyini Peyğəmbər (s.ə.s.) öz əməli nümunəsi ilə göstərmişdir. Məsələn, Qur’an namazı əmr edir, lakin onun qılınma qaydasını Peyğəmbərin əməli təfsir edir.

3. Səhabə sözləri və tətbiqi:
Bütün ayələrin birbaşa başqa ayə və ya hədislə izah edildiyini söyləmək mümkün deyil. Bu zaman səhabələrin sözləri və tətbiqləri, Qur’anın mesajını anlamaqda növbəti nəsillər üçün əsas qaynaq olmuşdur. Onların verdiyi izahlar, nüzul mühitinə şahid olmaları səbəbilə xüsusi etibara malikdir.

Təfsir və Təvil fərqi

İmam Maturidi öz əsərinin başlanğıcında “təfsir”lə “təvil”i bir-birindən ayırır:

  • Təfsir: Allah-Təalanın bir ayə ilə nəyi qəsd etdiyini qəti dəlilə əsaslanaraq izah etməyə çalışmaqdır.

  • Təvil: Əgər bu kəlam Allahın sözü olmasaydı, bir insanın ifadəsi olsaydı, hansı mənalara gəlməsi mümkün olardı – bu yöndə edilən dərin mənəvi və əqli düşüncədir. Təvil qəti iddia deyil, ehtimallar əsasında mənanı açmaq cəhdidir.

Bu fərqi nəzərə alanda aydın olur ki, hər izah iddiası təfsir deyil, bəzən şəxsi bir təvil ola bilər. Əgər bu əlaqəni sübut edən qəti dəlil yoxdursa, bu, təfsirdən çox insanın öz anlayışına söykənən bir yozumdur, təvildir.

Təfsir məktəblərinin formalaşması

Peyğəmbərin (sav) vəfatından sonra artıq yeni vəhy gəlmirdi. Bu isə yeni mənəvi və hüquqi suallara cavab tapmaq üçün mövcud qaynaqlara müraciət etməyi, həm də insan ağlının və elmi səylərinin işə qoşulmasını zəruri etdi. Nəticədə təfsir bir elmi disiplin halına gəldi və müxtəlif istiqamətlərdə məktəblər formalaşdı:

  1. Dil təfsiri – Qur’anın ərəb dili ilə nazil olmasına görə, ərəb dilinin incəliklərinə, ədəbi üslubuna, bədii və məntiqi quruluşuna diqqət edən yanaşmadır.

  2. Əhkam təfsiri – halal, haram, ibadət və hüquqi məsələlərə yönələn, ayələrin fiqhi tərəfini aydınlaşdıran məktəbdir.

  3. Kəlami təfsir – inancla, yəni etiqadi məsələlərlə əlaqəli izahları önə çıxaran yanaşmadır.

  4. Rəvayət təfsiri – Peyğəmbərdən (sav), səhabələrdən və ilk nəsillərdən gələn rəvayətləri toplayaraq ayələrə tətbiq edən təfsir formasıdır.

  5. Dirayət təfsiri – ağıl, elmi müşahidə, tarix, cəmiyyət və insan psixologiyası kimi elmlərdən istifadə edərək ayələrin məqsədini anlamağa çalışan rasional yanaşmadır.

  6. Təsəvvüfi təfsir – ayələrin insan ruhunu tərbiyə edən, əxlaqı saflaşdıran və Allah’a (c.c) yaxınlaşdıran batini mənalarına diqqət yönəldən izah tərzidir.

  7. Elmi təfsir – müasir dövrdə yaranan bu yanaşma, təbiət elmləri və yeni kəşflərlə Qur’an mesajı arasında əlaqə qurmağa çalışan istiqamətdir.

Tarix boyu bu məktəblərin hər biri özünəməxsus alimlər və əsərlərlə zənginləşmiş, Qur’anın çoxşaxəli mənəvi və elmi dərinliyinin anlaşılmasına töhfə vermişdir.

Təvilin Hüdudları: İslamda Əxlaq və Təsəttür Ölçüsü

İslamda əxlaq məsələsini yalnız insanın şəxsi düşüncəsi və ya “məncə belə daha doğrudur” yanaşması ilə müəyyənləşdirmək mümkün deyil. İnsan ...