21 Aralık 2025 Pazar

Elmi Təfsirlər | Təfsir Elmi Haqqında - 7

Qurani-Kərimin ayələri yalnız zahiri mənalarla məhdudlaşmır. Bu ayələrdə insan psixologiyasından tutmuş cəmiyyətin sosial quruluşuna, iqtisadi hərəkətlilikdən metafizik məsələlərə, hətta ərəb cəmiyyətində mövcud olan adət-ənənələr, əsəbiyyət anlayışı və ədəbi zövqə qədər bir çox incə məqam və dərin nüanslar mövcuddur. Alimlər tez-tez qeyd edirlər ki, riyaziyyat, fizika və biologiya kimi elmi sahələr Qurani-Kərimin ilk baxışda sezilməyən məna qatlarına nüfuz etmək üçün bir pəncərə funksiyası görə bilər. Bəzi alimlər isə “yaş və quru nə varsa, hamısı bu açıq kitabda vardır” məzmunlu ayəni, zahirdə əlaqə görünməsə belə, varlığın bütün qatlarının Quranda müəyyən şəkildə əks olunduğuna işarə kimi dəyərləndirmişlər. Bu baxımdan Qurani-Kərimin bizə təqdim etdiyi açıq (zahiri) mənalarla yanaşı, daha dərin məna elementləri daşıdığını qəbul etmək zəruridir.

Qurani-Kərimi Anlamağın Zəruriliyi

Qurani-Əzimüş-Şanı düzgün anlamaq və ona bütöv bir baxış formalaşdırmaq üçün göstərilən səy üç əsas istiqaməti əhatə etməlidir: danışan (xitab edən), deyilən söz (xitab) və bu sözün ünvanlandığı şəxs (müxatəb). Elmi (bilim) təfsir isə Qurani-Kərimin çox zaman diqqətdən kənarda qalan və ilk baxışda fərq edilməyən izah sahələrindən biridir. Zaman dəyişdikcə, tarixi təcrübə dərinləşdikcə, insanın dünyanı anlama imkanları artdıqca Qurandakı işarələrin və məna qatlarının daha aydın görünməsinə şərait yaranır. Bu əlaqələri görə bilmək, fərqli yaradılışa sahib insanların — kimisinin ədəbi incəliklərdən, kimisinin qeybi işarələrdən, kimisinin isə elmi uyğunluqlardan — hidayət tapmasına və ya imanında yəqin səviyyəsinin artmasına vəsilə ola bilir.

Tarixi İnkişaf və Psixoloji Motivasiya

Elmi təfsir meylinin tarixi çox qədim olmasa da, Qəzali və Fəxrəddin Razi kimi böyük alimlərin öz dövrlərində mövcud olan elmi anlayışları Qurani-Kərim ayələri ilə əlaqələndirən izahlarına rast gəlinir. Lakin müasir dövrdə geniş yayılmış elmi təfsir anlayışı daha çox Qərbdə Maarifçilik dövründən sonra güclənən pozitivizm və elmiçilik axınları ilə bağlıdır. Bu prosesdə təbiət elmlərinin yeganə “dəqiq bilik” sahəsi kimi qəbul edilməsi geniş yayılmışdır. Qərbdə baş verən bu intellektual yüksəliş, eyni zamanda müsəlman cəmiyyətlərinin siyasi, hərbi və iqtisadi baxımdan geriləməsi ilə üst-üstə düşmüş və din anlayışı üzərində ciddi bir daxili hesabat aparmaq ehtiyacını ortaya çıxarmışdır. Bu kontekstdə elmi təfsir, müsəlmanların həm imanlarını qorumaq, həm də Qurani-Kərimin elmi həqiqətlərlə ziddiyyət təşkil etmədiyini göstərmək baxımından psixoloji bir ehtiyac kimi ön plana çıxmışdır. Muhəmməd Abduh və Rəşid Rızanın “Mənar” təfsiri, eləcə də Şah Vəliyullah Dihləvi və Musa Carullah kimi mütəfəkkir və alimlərin çalışmaları din ilə elm arasında uyğunluq qurmaq cəhdlərinin bariz nümunələridir. Lakin bu səylər çox vaxt elmi metodlara və laboratoriya təcrübəsinə birbaşa bələd olmayan şəxslər tərəfindən aparıldığı üçün, tarix boyu bəzən zəif və natamam nəticələrlə kifayətlənmişdir.

Metodoloji Tənqidlər və Cavablar

Elmi təfsir yanaşmasına qarşı ciddi metodoloji tənqidlər mövcuddur. Ən əsas tənqid ondan ibarətdir ki, elm öz mahiyyətinə görə daim yanlışlana bilən (falsifikasiya oluna bilən) nəticələr üzərində qurulur. Müəyyən bir dövrdə irəli sürülən elmi model və izahlar Qurani-Kərim ayələrinin qəti mənası və Allahın muradı kimi təqdim edildikdə, həmin elmi izah sonradan yanlışlandıqda, sanki ayənin özü ilə elm arasında qurulan əlaqə də etibarsızlaşmış kimi bir təsəvvür yarana bilər. Lakin bu tənqid tamamilə rədd edilməsə də, onun yanlış nəticələrə aparmaması üçün diqqətli yanaşmaq lazımdır. Qurandakı ləfzi ayələrlə kainatdakı təkvini ayələr arasında əlaqə, dəyişməsi və inkarı mümkün olmayan, müşahidə və təcrübə ilə təsdiqlənmiş elmi həqiqətlər üzərində qurulmalıdır. Məsələn, Yer kürəsinin forması kimi, hisslərlə təsbit edilə bilən və hər kəsin şahid ola biləcəyi dərəcədə dəqiq elmi faktlar söz mövzusu olduqda, ayələrlə əlaqə qurmaq məqbul sayıla bilər. Hələ hipotez, nəzəriyyə və ehtimal səviyyəsində olan fikirləri mütləq elmi həqiqət kimi təqdim etmək isə yanıldıcı nəticələrə səbəb olur. Bu da təfsir sahəsində həm elmi, həm də metodoloji baxımdan yetkin olmağın nə qədər vacib olduğunu göstərir.

Hiç yorum yok:

Yorum Gönder

Oruc: Gizli və Fərdi Bir İbadət

Oruc, zahirdə ibadətlərin içində daha sadə görünə bilər. Məsələn, namaz gündə beş dəfə qılınmalı, bəzən səfərdə, bəzən xəstəlik halında belə...