Təsəvvüfi təfsir, İslam təfsir ədəbiyyatının ən geniş və ən tanınan sahələrindən biridir. Bu mövzunu düzgün qavramaq üçün əvvəlcə təsəvvüfun nə olduğunu anlamaq lazımdır. Təsəvvüf, qısa desək, Peyğəmbərimizin (s.ə.s.) daxili aləmini, yəni batinini dərk etməyə yönəlmiş bir axtarışdır. Bu yolçuluq, daha Onun sağlığında başlamışdı: səhabələr yalnız Onun sözlərini və davranışlarını izləməklə kifayətlənmirdilər, həm də Onun ruhən çatdığı dərinliyi öz həyatlarına daşımağa çalışırdılar. Bu baxımdan, texniki mübahisələri bir kənara qoysaq, təsəvvüfum tarixini birbaşa Peyğəmbərimizin (s.ə.s.) dövrünə qədər aparmaq mümkündür.
Təsəvvüfun Tarixi Yolu
Təsəvvüfun dəqiq bir tərifi çətin olsa da, ilk dövrlərdə yazılan mənbələrdə onun çox vaxt zöhd anlayışı ilə eyni mənada işlədildiyini görürük. Ümumiyyətlə, təsəvvüfun tarixi üç mərhələdə öyrənilir:
1. Zöhd Dövrü:
Bu, fərdin Peyğəmbərimizin (s.ə.s.) daxili nizamına yaxınlaşmağa çalışdığı mərhələdir. Zöhd sadəcə bir anlayış deyil; təqva, vəra, ibadət, zikr, təfəkkür, nafilə əməllər, dünyadan uzaq durmaq, nəfsi tərbiyə etmək kimi bir çox mənəvi keyfiyyəti özündə toplayan geniş bir ruhani çərçivədir.
2. Təsəvvüf Dövrü:
Bu mərhələ təsəvvüfun artıq müəyyən bir kimlik qazanaraq daha sistemli bir istiqamət alması ilə xarakterizə olunur.
3. Təriqət Dövrü:
Təsəvvüfun tam şəkildə qurumsallaşdığı, fərqli məktəblərin öz yol və qaydalarını, virdlərini, ədəb və üsullarını formalaşdırdığı dövrdür.
Təsəvvüfi Təfsirin Ortaya Çıxması
Qurani-Kərim, insanın mənəviyyatına, əxlaqına, daxili dünyasına və nəfsin arınmasına işarə edən çoxsaylı ayələri özündə cəmlədiyi üçün “cami bir kitab” kimi qəbul olunur. Sufi alimlər də bu ayələrin dərinliklərini, gizli incəliklərini və mənəvi qatlarını izah etmək üçün onlara xüsusi diqqət ayırmışlar. Zamanla bu yanaşma “təsəvvüfi təfsir” kimi ayrıca bir sahənin formalaşmasına gətirib çıxarmışdır.
Təsəvvüfi Təfsirin Üç Şöbəsi
Təsvvüfi təfsir öz daxilində üç əsas istiqamətdə incələnir:
1. Rəvayət yönümlü təsəvvüfi təfsir
Bu yanaşmada ayələrin mənası, Peyğəmbərimizin (s.ə.s.) və səhabələrin nəfsi tərbiyə, əxlaq və ibadət həyatına dair rəvayətlərə söykənərək izah olunur. Riyazət, çilə və bu kimi tətbiqlərə isti baxmayan, daha çox ibadət, zikir və rəvayət əsasında formalaşan əhl-i hadis məktəbi bu növ təfsiri önə çıxarmışdır. İmam Əhməd, İbn Qayyim və İbnül-Cövzi bu istiqamətin nümunələridir.
2. İşari (işarə yönümlü) təsəvvüfi təfsir
Burada rəvayətlər əsas tutulsa da, sufilərin mənəvi yolçuluq zamanı qəlblərinə doğan incə ilham və işarələr də ayələrlə əlaqələndirilərək izah edilir. Təsəvvüfi təfsir deyəndə əsasən bu geniş ədəbiyyat nəzərdə tutulur. Erkən nümunələrə Tüstərinin “Təfsirül-Qur’anil-Əzim”i, Quşeyrinin “Lətaifül-İşarat”ı, İbnül-Ərəbinin geniş təfsiri və İsmayıl Haqqı Bursəvinin möhtəşəm əsəri daxildir.
3. Nəzəri (elmi-fəlsəfi yönümlü) təsəvvüfi təfsir
Təsəvvüf zamanla yalnız praktik yaşantıdan ibarət qalmamış, həm də düşüncə və idrak baxımından sistemli bir elm sahəsinə çevrilmişdir. Nəzəri təsəvvüf məhz bu iddianı daşıyan təfsir fəaliyyətidir. İbnül-Ərəbi bu sahədə dönüş nöqtəsi sayılır. Təkcə sufilər deyil, kəlam və fəlsəfəyə bələd olan alimlər də bu istiqamətin formalaşmasına töhfə vermişlər. Məsələn, Elmalılı Hamdi Yazırın “Haqq Dini Qur’an Dili” əsərində nəzəri sufi düşüncəsinin izləri açıq şəkildə görünür.
Batini Təfsirə Tənqid
Yuxarıda qeyd olunan üç əsas təsəvvüfi təfsir növü ümumən təfsir üsuluna, Qur’an dilinə, ləfz–məna əlaqəsinə və ərəb dilinin qaydalarına riayət edir. Lakin onlardan ayrılıb başqa bir istiqamətə çevrilmiş batini təfsir bu qaydalara sadiq qalmır. Batini yanaşma, ayənin açıq mənası ilə əlaqəsi olmayan məna yükləmələri etməyə meyillidir və buna görə də ciddi məna qarışıqlığı yarada bilər. Sünni ənənə bu səbəbdən batini təfsiri elmilikdən uzaq və davamlılığı olmayan bir yol kimi dəyərləndirmişdir.
Müasir Dövrdə Vəziyyət
Bugün də təsəvvüf ənənəsi və müxtəlif təriqətlər (Mövləvilik, Nəqşibəndilik və s.) fəaliyyətini davam etdirdiyi üçün, bu çevrələrdən olan alimlər Qur’an ayələrinə öz mənəvi dünyalarından yanaşaraq izahlar yazmağa davam edirlər. Müasir dövrdə yazılan bu əsərlərin çoxu əsasən işari təfsir nümunələri kimi ortaya çıxır.
Hiç yorum yok:
Yorum Gönder