12 Mayıs 2026 Salı

Qəlbin Dağınıqlığı: Mənəvi Sükunət Yolları

İnsan qəlbi təbiəti etibarilə daim dəyişən, bir haldan digər hala keçən bir quruluşa malikdir. Bəzən sakit və rahat olur, bəzən isə qarışıqlıq və narahatlıq içində qalır. Mənəvi baxımdan qəlbin bu dəyişkən vəziyyətinə “təlvin”, bütün bu qarışıqlıqdan çıxaraq sabitlik və rahatlıq tapmasına isə “təmkin” deyilir. Qəlbi bu dağınıq haldan qorumaq və daxili sakitliyə çatdırmaq üçün insanın öz üzərində işləməsi və müəyyən mənəvi qaydalara diqqət etməsi vacibdir.

Qəlbin ən çox yorulmasına səbəb olan məsələlərdən biri faydasız və mənasız işlərlə məşğul olmaqdır. İnsan hər şeyə qarışmaq, hər xəbəri izləmək, hər mövzu haqqında fikir sahibi olmaq istədikcə daxilən yorulur və fikri dağılır. Bu da həm düşüncəyə, həm də hisslərə təsir edir. Nəticədə insan nə mənəvi rahatlıq tapa bilir, nə də dərin düşünə bilir. Lazımsız məlumatlar və boş söhbətlər qəlbdə yığılıb qalır və xüsusilə ibadət, dua və ya təfəkkür zamanı insanın fikrini yayındırır.

İmam Qəzali də (r.h) bu mövzuda bildirir ki, qəlbi ən çox qarışdıran şeylərdən biri insanın daim ətrafda baş verən lazımsız hadisələrlə maraqlanmasıdır. İnsan eşitdiyi hər sözü və gördüyü hər hadisəni daxilində saxlayır. Sonradan bunlar insanın zehnini məşğul edir və daxili sakitliyini pozur. Buna görə də qəlbin rahatlığı üçün insan özünü lazımsız xəbərlərdən və mənasız məşğuliyyətlərdən müəyyən qədər uzaq tutmalıdır.

Mənəvi sakitliyə çatmaq üçün bir neçə vacib məqam var. İlk olaraq, faydasız işləri azaltmaq lazımdır. İnsan vaxtını və enerjisini ona xeyir verməyən şeylərə sərf etdikcə daxilən yorulur. İkinci vacib məsələ zikrdir. Allahı xatırlamaq və hər hadisəyə mənəvi baxışla yanaşmaq qəlbə rahatlıq verir. Burada söhbət yalnız dil ilə zikr etməkdən yox, insanın düşüncəsində və həyatında bunu hiss etməsindən gedir.

Dua da qəlbin sakitləşməsi üçün ən güclü vasitələrdən biridir. İnsan bilməlidir ki, qəlbi sabit saxlayan yalnız Allahdır. Bu səbəbdən daim dua etmək və Allahdan qəlb rahatlığı istəmək vacibdir. Bundan əlavə, insan özünü xeyirli və faydalı işlərlə məşğul etməlidir. Çünki insanın həyatı boşluq qəbul etmir; əgər o boşluğu yaxşı şeylər doldurmasa, mənasız və faydasız şeylər dolduracaq.

Qəlbin rahatlığı üçün yaxşı insanlarla bir yerdə olmaq da çox önəmlidir. Saleh və düzgün insanlarla ünsiyyət insanın həm düşüncəsinə, həm də mənəviyyatına müsbət təsir edir. Belə mühitdə olmaq insanın daxili sakitliyini gücləndirir və onu mənəvi baxımdan daha sabit edir.

Nəticə olaraq, qəlbin rahat və sabit qalması öz-özünə baş vermir. Bunun üçün insan həm düşüncəsinə, həm də həyatına diqqət etməli, lazımsız şeylərdən uzaq durmalı və mənəviyyatını gücləndirməlidir. İnsan qəlbini faydasız arzular və boş məşğuliyyətlərdən qoruduqca daxili rahatlığa və mənəvi sakitliyə daha yaxın olur.

Qəlbin Dağınıqlığı: Mənəvi Sükunət Yolları

İnsan qəlbi təbiəti etibarilə daim dəyişən, bir haldan digər hala keçən bir quruluşa malikdir. Bəzən sakit və rahat olur, bəzən isə qarışıql...