“Təfsir” kəlməsi lüğəvi baxımdan “açmaq”, “izah etmək” mənasını verir və “fəsr” kökündən yaranmışdır. Ancaq termin mənasında təfsir – Uca Allahın insanlara yönəltdiyi vəhyin mənasını anlamağa, bu mənanı həyatına daşımaq istəyən insanlara ilahi məqsədi açmağa xidmət edən bütün elmi və mənəvi səylərin adıdır.
Təfsir ehtiyacının mənşəyi
Qurani-Kərim, Peyğəmbərimizin (s.ə.s.) iyirmi üç illik risalət dövründə həm nazil edilmiş, həm qorunmuş, həm də oxunuş və mənası baxımından izah olunmuşdur. Deməli, Qur’anı anlamaq, onun məqsədini, əxlaqını və insanı yönəltmək istədiyi hədəfi dərk etmək tələbi elə ilk nüzul dövründən mövcud idi.
Qur’anı anlamağın ilk qaynaqları
Qurani-Kərimin mənasının izahında əsas başlanğıc nöqtə elə Qur’anın özüdür. Qur’an özünü izah edən bir kitabdır. Bu baxımdan ilk və təməl təfsir forması belə meydana gəlmişdir:
1. Qur’anın Qur’anla təfsiri:
Bu iki şəkildə baş verir:
-
Siyaq və sibaq – yəni bir ayənin əvvəlində və sonrakında nazil olan ayələr, oradakı mənanın sərhədlərini və məqsədini anlamaqda mühüm ipucudur.
-
Başqa ayə və surələrlə əlaqə – bəzən bir yerdə açıq deyilməyən bir məna, başqa bir ayədə daha aydın ifadə olunur.
Bununla yanaşı, nüzul səbəbini bilmək də (əsbab ən-nüzul) ayənin ilahi məqsədini düzgün müəyyən etmək üçün əsas şərtlərdəndir.
2. Hədis və Sünnə ilə təfsir:
Qur’an insanın davranışlarına, ibadətlərinə, hüquqi münasibətlərinə və əxlaqına dair hökmlər daşıyır. Bu hökmlərin necə icra olunacağını, hansı qayda və zamanla yerinə yetiriləcəyini Peyğəmbər (s.ə.s.) öz əməli nümunəsi ilə göstərmişdir. Məsələn, Qur’an namazı əmr edir, lakin onun qılınma qaydasını Peyğəmbərin əməli təfsir edir.
3. Səhabə sözləri və tətbiqi:
Bütün ayələrin birbaşa başqa ayə və ya hədislə izah edildiyini söyləmək mümkün deyil. Bu zaman səhabələrin sözləri və tətbiqləri, Qur’anın mesajını anlamaqda növbəti nəsillər üçün əsas qaynaq olmuşdur. Onların verdiyi izahlar, nüzul mühitinə şahid olmaları səbəbilə xüsusi etibara malikdir.
Təfsir və Təvil fərqi
İmam Maturidi öz əsərinin başlanğıcında “təfsir”lə “təvil”i bir-birindən ayırır:
-
Təfsir: Allah-Təalanın bir ayə ilə nəyi qəsd etdiyini qəti dəlilə əsaslanaraq izah etməyə çalışmaqdır.
-
Təvil: Əgər bu kəlam Allahın sözü olmasaydı, bir insanın ifadəsi olsaydı, hansı mənalara gəlməsi mümkün olardı – bu yöndə edilən dərin mənəvi və əqli düşüncədir. Təvil qəti iddia deyil, ehtimallar əsasında mənanı açmaq cəhdidir.
Bu fərqi nəzərə alanda aydın olur ki, hər izah iddiası təfsir deyil, bəzən şəxsi bir təvil ola bilər. Əgər bu əlaqəni sübut edən qəti dəlil yoxdursa, bu, təfsirdən çox insanın öz anlayışına söykənən bir yozumdur, təvildir.
Təfsir məktəblərinin formalaşması
Peyğəmbərin (sav) vəfatından sonra artıq yeni vəhy gəlmirdi. Bu isə yeni mənəvi və hüquqi suallara cavab tapmaq üçün mövcud qaynaqlara müraciət etməyi, həm də insan ağlının və elmi səylərinin işə qoşulmasını zəruri etdi. Nəticədə təfsir bir elmi disiplin halına gəldi və müxtəlif istiqamətlərdə məktəblər formalaşdı:
-
Dil təfsiri – Qur’anın ərəb dili ilə nazil olmasına görə, ərəb dilinin incəliklərinə, ədəbi üslubuna, bədii və məntiqi quruluşuna diqqət edən yanaşmadır.
-
Əhkam təfsiri – halal, haram, ibadət və hüquqi məsələlərə yönələn, ayələrin fiqhi tərəfini aydınlaşdıran məktəbdir.
-
Kəlami təfsir – inancla, yəni etiqadi məsələlərlə əlaqəli izahları önə çıxaran yanaşmadır.
-
Rəvayət təfsiri – Peyğəmbərdən (sav), səhabələrdən və ilk nəsillərdən gələn rəvayətləri toplayaraq ayələrə tətbiq edən təfsir formasıdır.
-
Dirayət təfsiri – ağıl, elmi müşahidə, tarix, cəmiyyət və insan psixologiyası kimi elmlərdən istifadə edərək ayələrin məqsədini anlamağa çalışan rasional yanaşmadır.
-
Təsəvvüfi təfsir – ayələrin insan ruhunu tərbiyə edən, əxlaqı saflaşdıran və Allah’a (c.c) yaxınlaşdıran batini mənalarına diqqət yönəldən izah tərzidir.
-
Elmi təfsir – müasir dövrdə yaranan bu yanaşma, təbiət elmləri və yeni kəşflərlə Qur’an mesajı arasında əlaqə qurmağa çalışan istiqamətdir.
Tarix boyu bu məktəblərin hər biri özünəməxsus alimlər və əsərlərlə zənginləşmiş, Qur’anın çoxşaxəli mənəvi və elmi dərinliyinin anlaşılmasına töhfə vermişdir.
Hiç yorum yok:
Yorum Gönder