14 Temmuz 2025 Pazartesi

Doğrunun Axtarışı Prinsipi | Tənqidi Düşüncə - 2

Tənqidi düşünmənin əsas prinsiplərindən biri də “doğrunun axtarışı prinsipi” adlanır. Əslində düşüncələrimizdə xəta payı qoymağın və ya xəta ehtimalını qəbul etməyin səbəblərindən biri də məhz budur. Çünki tənqidi düşüncədə məqsəd yalnız kimsəni tənqid etmək və ya kiminsə dediklərinin bizə uyğun olub-olmadığını ölçmək deyil, daha çox həqiqətə yaxın olanı tapmaqdır.

Tənqidi düşüncə nədir və məqsədi nədir?

Tənqidi düşüncənin mahiyyəti kimsəni yaxşı və ya pis göstərməkdən ibarət deyil. Əsas məqsəd hər hansı bir məsələ haqqında mümkün qədər düzgün nəticəyə gəlməkdir. Bunu bir şəhər xəritəsinə bənzətmək olar: xəritənin özü deyil, onunla şəhəri, küçələri, binaları tanımaq dəyərlidir. Eləcə də düşünmək də məqsədsiz olmamalıdır — məqsəd doğruya çatmaqdır. Böyük mövzular da ola bilər, gündəlik məsələlər də — əsas məsələ hansı fikrin daha güclü olduğunu seçib ayırmaqdır.

Fikirlərin seçilməsi və müqayisə olunması

Bir mövzu ətrafında onlarla fərqli fikirə rast gələ bilərik — kitablar, sosial media, dost söhbətləri, reklamlardan gələn mesajlar və sair. Bu qədər fikirin dəyəri eyni deyil və onları ayırd etmək lazımdır. Hansı fikir daha əsaslıdır, hansı daha az xəta ehtiva edir — bunları müəyyənləşdirmək önəmlidir. Düzdür, hər zaman xəta ehtimalı var, amma bu, sadəcə “səhv ola bilər” deməklə kifayətlənməməli, əksinə səhvi tapmaq üçün səy göstərilməlidir. Bunun üçün də fərqli baxışları qarşılaşdırmaq vacibdir. Eyni məsələyə bir neçə yöndən baxmadan tənqidi düşünmək mümkün deyil. Bu da göstərir ki, tənqidi düşüncə ölçülü və mərhələli düşünməyi tələb edir.

“Hər şey səhvdirsə, bəs doğruya necə çatmaq olar?” paradoksu

Bəzən “Əgər hər düşüncədə xəta payı varsa, onda heç vaxt doğruya çata bilmərik” kimi bir fikir yarana bilər. Ancaq bu, yanlışdır. Tənqidi düşüncə bizə ortaq şəkildə qəbul edilə biləcək doğrulara gəlmək imkanı verir. Bəli, bütün fikirlər insana məxsusdur və xəta ehtimalı var, amma bəziləri daha möhkəm əsaslana və müdafiə oluna bilir. Tənqidi düşüncə üsulları da məhz bu fərqi tapmaq üçündür.

Rahatlıq zonasından çıxmaq və fikir dəyişmək cəsarəti

Doğrunun ardınca getmək bəzən narahatlıq yaradır, çünki özümüzə çox düzgün bildiyimiz şeylər belə tənqid süzgəcindən keçməyə bilər. Amma doğrunun xatirinə bu əziyyətə dəyər. Əgər doğruya can atırıqsa, düz bildiyimiz yanlışlardan qopmağı bacarmalıyıq. Hətta yeni tapılan doğrularda belə müəyyən boşluqlar ola bilər, amma heç olmasa yanlışları ayırıb irəliləyirik.

Fikir dəyişmək zəiflik deyil, əksinə güclü düşünmənin əlamətidir — təki bu dəyişiklik məntiqə və əsaslara söykənsin. Doğrunun axtarışı üçün fikir dəyişməliyik, sosial təzyiqə və ya ani maraqlara görə yox. Bu, digər baxışları öyrənmək və öz düşüncəmizi yeniləmək fürsəti verir.

Başqalarına söz haqqı vermək

Doğrunun ardınca getmək yalnız öz fikrimizi deyil, başqalarının fərqli fikirlərini də eşitməyi tələb edir. Tənqidi düşüncə mühiti formalaşdırmaq üçün fərqli düşünənləri dinləmək və onları başa düşməyə cəhd etmək lazımdır. Məqsəd mütləq haqlı çıxmaq deyil, düzgün düşüncə tərzinə sahib olmaqdırsa, qarşı tərəfə söz haqqı verib onları diqqətlə dinləmək şərtdir. Səhv varsa, o da ancaq belə üzə çıxar. İnsanların fərqli düşüncələrə sahib olması bir növ rəhmət kimidir və bundan düzgün istifadə edə bilmək tənqidi düşüncənin əsl qazancıdır.

Bu prinsip, digər tənqidi düşüncə prinsipləri ilə də sıx bağlıdır.

Hiç yorum yok:

Yorum Gönder

Bitməyən Bir Səfər: Tapmış Olmaq Bitirmiş Olmaqdır?

Dini həyat sadəcə müəyyən mərasimlər və rituallardan ibarət bir dövr deyil, əksinə, davamlı bir səfərdir. Bu yolçuluğun arxasında dayanan ik...