İslam düşüncəsində sünnə yalnız müəyyən ibadət və davranış formalarını ifadə edən bir anlayış deyil. Əksinə, sünnə dinin doğru anlaşılması, Quranın izah edilməsi və müsəlmanın həyatının formalaşması baxımından əsas mənbələrdən biridir. Buna görə də sünnənin mahiyyətini düzgün anlamaq üçün əvvəlcə bu anlayışın müxtəlif İslam elmlərində hansı mənalarda istifadə edildiyinə diqqət yetirmək lazımdır.
Sünnə anlayışı və onun müxtəlif elmlərdəki mənası
Hadis elmi baxımından sünnə dedikdə Hz. Peyğəmbərin (s.ə.s.) sözləri, əməlləri və onun hüzurunda baş verən hadisələrə münasibəti nəzərdə tutulur. Peyğəmbərin (sav) söylədikləri qövli sünnə, etdiyi əməllər feili sünnə, başqalarının etdiyi bir işi görüb onu təsdiqləməsi və ya etiraz etmədən qəbul etməsi isə təqriri sünnə adlandırılır. Bu mənada sünnə Hz. Peyğəmbərin dini həyatının və peyğəmbərlik təcrübəsinin böyük bir hissəsini əhatə edir.
Fiqh elmində isə sünnə termini bir qədər fərqli məna daşıyır. Burada sünnə fərz səviyyəsində qəti şəkildə vacib olmayan, lakin Hz. Peyğəmbərdən nəql edilən və müsəlman üçün örnək təşkil edən əməlləri ifadə edir. Xüsusilə Hənəfi fiqh ənənəsində əməllər onların davamlılığı və bağlayıcılıq dərəcəsinə görə müxtəlif mərtəbələrdə qiymətləndirilmişdir. Vacib, sünnəti-müəkkədə və sünnəti-qeyri-müəkkədə kimi bölgülər də məhz bu çərçivədə formalaşmışdır.
Kəlam və üsuluddin baxımından isə sünnə daha geniş məna daşıyır və çox vaxt bidətin qarşılığı olaraq işlədilir. Burada sünnə dedikdə yalnız müəyyən əməllər deyil, Resulullahdan (s.ə.s.) gələn etiqadi prinsiplər, səhabənin dini anlayışı və müsəlman ümmətinin əsas xətti nəzərdə tutulur. Bu baxımdan Əhli-sünnə düşüncəsində dinin etiqadi və əməli əsasları Quran, Sünnə və səhabə nəslindən gələn dini anlayış üzərində formalaşmışdır.
“Quran bizə yetər” düşüncəsi
Müasir dövrdə tez-tez rast gəlinən fikirlərdən biri də “Quran bizə yetər, başqa mənbəyə ehtiyac yoxdur” düşüncəsidir. İlk baxışda bu ifadə Qurana verilən böyük dəyərin göstəricisi kimi görünə bilər. Lakin məsələ daha dərindən araşdırıldıqda bunun Quranın özünün təqdim etdiyi din anlayışı ilə uyğun gəlmədiyi görünür. Bu yanaşma yeni bir fikir də deyil. İslam tarixinin ilk dövrlərindən etibarən yalnız Quranla kifayətlənmək və hədisləri dini dəlil kimi qəbul etməmək meyillərinə rast gəlinmişdir. Bu mövzuda İmran ibn Husaynla bağlı nəql edilən hadisə diqqətəlayiqdir. Rəvayətə görə, bir şəxs ondan yalnız Qurandan danışmasını və hədislərdən istifadə etməməsini tələb edir. İmran ibn Husayn isə həmin şəxsə namazların rükət saylarını, namazın bütün təfərrüatlarını, zəkatın miqdarlarını və digər bir çox dini hökmü yalnız Quran mətnindən göstərməsini istəyir. Əslində bu nümunə məsələnin əsas nöqtəsini göstərir. Quran dinin təməl kitabıdır, lakin Quranda bir çox hökmün ümumi prinsipi bildirilmiş, onların praktiki izahı isə Peyğəmbərimizin (s.ə.s.) sünnəsinə buraxılmışdır. Məsələn, Quran namaz qılmağı əmr edir, lakin namazın bütün rükətlərini, qılınma formasını və digər təfərrüatlarını ayrı-ayrılıqda açıqlamır. Eyni vəziyyət zəkat, həcc və başqa ibadətlərdə də müşahidə olunur. Bu səbəbdən Hz. Peyğəmbərin vəzifəsi sadəcə Quran ayələrini insanlara çatdırmaqdan ibarət olmamışdır. O, eyni zamanda həmin ayələri açıqlamış, tətbiq etmiş və müsəlmanlara necə yaşanacağını göstərmişdir. Başqa sözlə, sünnə Quranın həyatda təcəssüm etmiş formasıdır.
Quranın sünnəyə verdiyi mövqe
Sünnənin dini baxımdan bağlayıcı olmasının ən mühüm əsaslarından biri Quranın özündə Hz. Peyğəmbərə itaətin açıq şəkildə əmr edilməsidir. Nisa surəsinin 65-ci ayəsində Allah-Təala insanlar aralarındakı ixtilaflarda Hz. Peyğəmbəri hakim qəbul etmədikcə, onun verdiyi hökmə qəlblərində sıxıntı hiss etmədən tam şəkildə təslim olmadıqca həqiqi iman sahibi ola bilməyəcəklərini bildirir. Bu ayə göstərir ki, Peyğəmbərin hökmü müsəlman üçün sadəcə tövsiyə xarakterli deyil. Hz. Peyğəmbər həyatda olduğu dövrdə insanlar dini məsələlərdə birbaşa ona müraciət edirdilər. Onun vəfatından sonra isə bu müraciətin qarşılığı bizə gəlib çatan səhih sünnədir. Buna görə də sünnəyə müraciət etmək əslində Hz. Peyğəmbərin dini izahına müraciət etmək deməkdir. Qur’anda bəzi ayələrin möhkəm, bəzilərinin isə mütəşabih olması da peyğəmbəri izaha olan ehtiyacı göstərir. Çünki vəhyi ilk qəbul edən, onun məqsədini ən yaxşı bilən və onu insanlara tətbiqi şəkildə göstərən şəxs Hz. Peyğəmbərdir. Bu baxımdan “yalnız Qur’an qorunub, dinin digər izah və tətbiqlərinin heç biri qorunmayıb” demək də ciddi bir problem yaradır. Çünki namazın qılınma forması, azan, həcc mərasimləri, zəkatın tətbiqi və bir çox dini praktika əsrlər boyu sünnə vasitəsilə müsəlman ümmətində qorunaraq nəsildən-nəslə ötürülmüşdür.
Sünnə və vəhy əlaqəsi
Sünnənin mövqeyini daha yaxşı başa düşmək üçün vəhy anlayışını yalnız Quran mətni ilə məhdudlaşdırmamaq lazımdır. Quranın özündə Allahın peyğəmbərlərlə müxtəlif yollarla əlaqə qurduğu bildirilir. Vəhy bəzən mələk vasitəsilə, bəzən birbaşa ilham və bildiriş şəklində, bəzən də başqa üsullarla gerçəkləşmişdir. Bu baxımdan İslam alimləri Quran vəhyini vəhy-i mətluv, yəni tilavət edilən vəhy, sünnə ilə əlaqəli ilahi bildirişləri isə vəhy-i qeyri-mətluv, yəni Quran mətni şəklində tilavət edilməyən vəhy anlayışı ilə izah etmişlər.
Təhrim surəsində Hz. Peyğəmbərin ailəsi daxilində baş verən bir hadisədən bəhs edilir və Allahın ona müəyyən bir məlumat verdiyi bildirilir. Halbuki həmin məlumatın necə bildirildiyi Qur’anın başqa ayələrində ayrıca qeyd edilmir. Bu da peyğəmbərə Quran mətni xaricində vəhyin endirildiyini açıq şəkildə göstərir. Eyni məntiq əvvəlki peyğəmbərlərdə də görünür. Hz. Musa (ə.s) Tövrat ona nazil edilməzdən əvvəl peyğəmbərlik vəzifəsi almış, Allahdan göstərişlər qəbul etmiş və möcüzələrlə dəstəklənmişdir. Deməli, peyğəmbərlə Allah arasındakı vəhy əlaqəsini yalnız nazil edilmiş kitabın mətni ilə məhdudlaşdırmaq doğru olmaz. Ancaq burada mühüm bir incəliyi də nəzərə almaq lazımdır. Hz. Peyğəmbərin bütün gündəlik davranışlarını eyni səviyyədə dini hökm kimi görmək doğru yanaşma deyil. Peyğəmbərin bir tərəfdən vəhyi təbliğ edən və dini açıqlayan rəsul, digər tərəfdən isə insan kimi yaşadığı ictimai və gündəlik həyatı var idi. Məsələn, bəzi savaş taktikaları, müəyyən dövrün adətləri, kənd təsərrüfatı və ya gündəlik həyatla bağlı bəzi qərarlar onun bəşəri təcrübəsi çərçivəsində qiymətləndirilmişdir. Bədir döyüşündə ordunun yerləşdirilməsi ilə bağlı səhabələrin fikirlərinin nəzərə alınması da bunun məşhur nümunələrindəndir.
Sünnənin növləri və gündəlik həyata təsiri
İslam alimləri sünnələri onların dini xarakterinə görə müxtəlif qruplara ayırmışlar. Bu bölgülərdən biri Sünəni-Hüda və Sünəni-Zəvaid bölgüsüdür. Sünəni-Hüda dinin şüarları, ibadət həyatı və dini kimliklə birbaşa əlaqəli olan sünnələrdir. Bunlara əməl etmək müsəlmanın dini həyatının qorunmasına və peyğəmbəri yolun davam etdirilməsinə xidmət edir. Sünəni-Zəvaid isə Hz. Peyğəmbərin (sav) insan olaraq yaşadığı dövrün gündəlik adətləri, geyim tərzi, yemək və içmək vərdişləri kimi məsələlərlə bağlıdır. Müsəlman bunlara Hz. Peyğəmbərə sevgi və ona bənzəmək niyyəti ilə əməl edərsə savab qazana bilər. Lakin bunların hamısını dini baxımdan məcburi görmək düzgün deyil. Hz. Peyğəmbərin İslamdan əvvəl mövcud olan adət və tətbiqlərə münasibəti də eyni olmamışdır. Bəzi tətbiqləri tamamilə aradan qaldırmış, bəzilərini dəyişdirərək İslami bir məna qazandırmış, bəzilərini isə dinin prinsiplərinə zidd olmadığı üçün olduğu kimi davam etdirmişdir. Faiz sisteminin qadağan edilməsi, həcc ibadətinin cahiliyyə əlavələrindən təmizlənməsi və misvak kimi faydalı adətlərin qorunması buna nümunə göstərilə bilər.
Sünnənin həyatımızdakı yeri
Sünnəyə yalnız “edilsə savab olan bəzi əlavə əməllər” kimi baxmaq onun mahiyyətini daraltmaq deməkdir. Sünnə bir tərəfdən dinin necə başa düşüləcəyini göstərən metod, digər tərəfdən isə İslamın gündəlik həyatda necə yaşanacağını nümayiş etdirən peyğəmbəri örnəklikdir. Bununla belə, sünnəyə bağlılıq da şüurlu və ölçülü olmalıdır. Dinin fərzləri ilə sünnələri, dini mahiyyətli sünnələrlə adət xarakterli davranışları bir-birindən ayırmaq lazımdır. Əks halda ya sünnə lazım olduğundan zəif mövqeyə salına, ya da dini baxımdan bağlayıcı olmayan bəzi məsələlər dinin dəyişməz hökmü kimi təqdim edilə bilər. Sünnə ilə münasibətdə əsas məsələ Hz. Peyğəmbərin (sav) yalnız zahiri davranışlarını təqlid etmək deyil, onun din anlayışını, əxlaqını, ibadət şüurunu və Allah qarşısındakı təslimiyyətini öz həyatımızda yaşatmağa çalışmaqdır. Quran bizə yolu göstərir, Sünnə isə həmin yolun necə gediləcəyini öyrədir. Bu ikisini bir-birindən ayırmaq əvəzinə, onları bir-birini tamamlayan iki əsas mənbə kimi anlamaq İslam düşüncəsinin bütövlüyünü qorumaq baxımından daha doğru yanaşmadır.
Hiç yorum yok:
Yorum Gönder