Fitnə dövrləri insanın həm imanının, həm əxlaqının, həm də düşüncəsinin ciddi sınaqdan keçdiyi zamanlardır. Belə dövrlərdə haqq ilə batili bir-birindən ayırmaq çətinləşir, hadisələrə obyektiv yanaşmaq və ədalətli mövqe tutmaq getdikcə ağırlaşır. İnsanlar çox vaxt öz düşüncələrini mütləq həqiqət hesab edir, fərqli fikirləri və səmimi tənqidləri qəbul etmək istəmirlər. Nəticədə qarşılıqlı anlaşma zəifləyir, sözlər yanlış başa düşülür, bəzən də bilərəkdən təhrif edilir. Məhz belə şəraitdə insanın əsas vəzifəsi emosiyalara, şəxsi münasibətlərə və ətrafındakı insanların təsirinə qapılmadan haqqı və ədaləti qorumaqdır. Lakin burada mühüm bir sual yaranır: Həqiqəti hər zaman və hər şəraitdə söyləmək lazımdır, yoxsa bəzi hallarda susmaq daha doğru seçimdir?
İslam əxlaqında susmaqla danışmaq arasında çox incə bir sərhəd var. Hər susmağı hikmət, hər danışmağı isə cəsarət hesab etmək düzgün deyil. Bəzən insanın susması onun təmkinli və uzaqgörən olduğunu göstərir, bəzən isə həmin susqunluğun arxasında qorxu, şəxsi maraq və məsuliyyətdən yayınmaq dayanır. Haqsızlıq qarşısında susmaq haqqında işlədilən «dilsiz şeytan» ifadəsi də məhz bu təhlükəyə diqqət çəkir. Ancaq bunun əksi də mümkündür. İnsan danışarkən həqiqəti müdafiə etdiyini düşünə bilər, halbuki söylədikləri ilə haqsızlığa haqq qazandıra, ədalətsizliyi müdafiə edə və ya daha böyük zərərə səbəb ola bilər. Deməli, məsələ sadəcə danışmaq və ya susmaq deyil. Əsas məsələ nə zaman, hansı məqsədlə, hansı üslubda danışmağın və hansı vəziyyətdə susmağın doğru olduğunu müəyyən etməkdir. İnsan söylədiyi sözlərə görə məsuliyyət daşıdığı kimi, söyləməli olduğu həqiqəti bilərəkdən gizlətdiyinə görə də mənəvi məsuliyyət daşıyır.
Burada ən vacib məsələlərdən biri niyyətdir. İnsan başqalarının niyyətini mühakimə etməzdən əvvəl öz niyyətini sorğulamalıdır. Çünki zahirən haqqı müdafiə edən bir davranışın arxasında belə nəfsin istəkləri gizlənə bilər. Məsələn, bir alim və ya din xadimi cəmiyyətdə baş verən haqsızlığa etiraz edərək "İsraillə ticarəti dayandırın!" deyə çağırış edirsə, ilk növbədə özünə sual verməlidir: Mən bunu həqiqətən dini, insani və əxlaqi məsuliyyətimə görə edirəm, yoxsa insanların rəğbətini qazanmaq, cəsarətli və haqqı müdafiə edən biri kimi tanınmaq istəyirəm? Məqsədim həqiqətin və ədalətin qorunmasıdır, yoxsa şəxsi nüfuzumun artması? Bu suallara səmimi cavab vermək hər zaman asan deyil. Çünki insan başqalarını aldatmasa belə, bəzən özünü aldada bilir. Ona görə də haqqı müdafiə edən şəxsin ilk vəzifələrindən biri öz nəfsi ilə hesablaşmaq, niyyətini şöhrət, tərif və şəxsi mənfəət arzusundan mümkün qədər uzaq tutmaqdır.
İslam düşüncəsində "Hər doğru hər yerdə söylənməz" prinsipi də bu mövzuda xüsusi əhəmiyyət daşıyır. Ancaq bu ifadəni həqiqəti gizlətmək üçün bəhanəyə çevirmək olmaz. Burada məqsəd həqiqətdən imtina etmək deyil, onu hikmətlə ifadə etməkdir. Çünki doğru bir söz belə yanlış zamanda, uyğun olmayan mühitdə və ya düzgün seçilməmiş üslubda söyləndikdə gözlənilən faydanı verməyə bilər. Hətta bəzən mövcud problemi həll etmək əvəzinə daha böyük qarşıdurmalara səbəb ola bilər. Xüsusilə dini bilikləri insanlara çatdıran, cəmiyyəti maarifləndirən və insanlara doğru yol göstərməyə çalışan şəxslər bu məsələdə daha diqqətli olmalıdırlar. Onların məsuliyyəti yalnız həqiqəti bilməkdən və söyləməkdən ibarət deyil. Həmin həqiqətin kimə, nə zaman, hansı şəraitdə və necə çatdırılacağını da düşünməlidirlər. Çünki hikmət yalnız doğru olanı bilmək deyil, doğru olanı düzgün şəkildə tətbiq edə bilməkdir. Lakin burada diqqət edilməli başqa bir məqam da var. Həqiqətin söylənməsi nəticəsində kimlərinsə narahat olması həmin həqiqətin ifadə edilməməsi üçün əsas sayıla bilməz. Əgər meyarımız insanların narahat olmaması olsaydı, tarix boyunca peyğəmbərlərin apardığı mübarizəni də izah etmək mümkün olmazdı. Peyğəmbərlər insanları tövhidə, ədalətə və doğru yola dəvət etdikdə mövcud nizamdan faydalanan insanların ciddi etirazları ilə qarşılaşmışdılar. Məkkə müşrikləri də Həzrət Muhəmmədin (s.ə.s.) dəvətindən narahat olur, onun insanların arasına ayrılıq saldığını iddia edirdilər. Onlar ata-babalarından qalan ənənələrə bağlı olduqlarını, Kəbəyə xidmət etdiklərini və öz ibadətlərini yerinə yetirdiklərini əsas gətirərək bu dəvətə qarşı çıxırdılar. Halbuki insanların narahatlığı həqiqətin yanlış olduğunu göstərmir. Bəzən həqiqət məhz mövcud yanlış düşüncələri, vərdişləri və ədalətsiz münasibətləri dəyişdirdiyi üçün narahatlıq yaradır. Ona görə də burada əsas ölçü insanların narahat olub-olmaması deyil, söylənilən sözün doğuracağı fayda və zərərdir. İslam fiqhində bu məsələ məsləhət və məfsədət anlayışları ilə izah olunur. Məsləhət faydanı və insanların mənafeyini, məfsədət isə zərəri və fəsadı ifadə edir. İnsan hər hansı məsələ ilə bağlı mövqe bildirərkən düşünməlidir ki, onun sözləri ədalətin bərqərar olmasına, yanlışlığın aradan qaldırılmasına və insanların doğru istiqamətə yönəlməsinə xidmət edəcək, yoxsa vəziyyəti daha da ağırlaşdıracaq? Burada mühüm olan birilərinin həqiqətdən narahat olması deyil, sözün real nəticələridir. Eyni zamanda ehtimal olunan zərər də hər zaman susmaq üçün kifayət qədər əsaslı səbəb deyil. Çünki bəzən susmağın nəticələri danışmağın nəticələrindən daha ağır olur. Deməli, həm danışmağın, həm də susmağın mümkün nəticələri ədalət və məsuliyyət prinsipləri əsasında qiymətləndirilməlidir.
Digər tərəfdən, insan öz qorxularını da hikmət adı altında gizlədə bilər. Bəzən "Fitnə yaranmasın", "Münasibətlərimiz pozulmasın", "İnsanlar məndən inciməsin", "Mənə olan hörmət və sevgiləri azalmasın" kimi düşüncələr insanı həqiqəti söyləməkdən çəkindirir. İlk baxışdan bu yanaşma ehtiyatlı və düşünülmüş davranış kimi görünə bilər. Ancaq insanın susmasının əsas səbəbi şəxsi rahatlığını, nüfuzunu və ətrafındakı insanların sevgisini itirməməkdirsə, bunu hikmət adlandırmaq doğru olmaz. Çünki hikmətlə qorxaqlıq eyni şey deyil. Hikmət həqiqətin necə və nə zaman ifadə edilməli olduğunu müəyyənləşdirir, qorxaqlıq isə çox vaxt həqiqətin ümumiyyətlə ifadə edilməməsinə səbəb olur. İnsan bəzən danışarkən öz nəfsinə xidmət etdiyi kimi, susarkən də nəfsinin istəklərini qorumuş ola bilər. Ona görə də yalnız danışmaq deyil, susmaq qərarı da ciddi niyyət və vicdan mühakiməsindən keçirilməlidir.
Burada ən təhlükəli məqamlardan biri fitnənin qarşısını almaq adı ilə haqsızlığın normallaşdırılmasıdır. Əgər cəmiyyətdə yanlış bir hadisə baş verirsə və insanlar yalnız münasibətləri pozmamaq, tənqid olunmamaq və şəxsi rahatlıqlarını qorumaq üçün susurlarsa, zaman keçdikcə həmin yanlışlıq adi hala çevrilə bilər. Belə vəziyyətdə susmaq artıq problemin həllinə deyil, onun davam etməsinə xidmət edir. Halbuki fitnənin qarşısını almaq yalnız qarşıdurmadan uzaq durmaq demək deyil. Bəzən fitnənin böyüməməsi üçün məhz vaxtında və düzgün şəkildə həqiqəti söyləmək lazımdır. Əsas məsələ həmin həqiqətin necə ifadə edilməsi və hansı nəticələrə səbəb olacağının nəzərə alınmasıdır.
Nəticə olaraq, fitnə dövrlərində insanın ən böyük sınaqlarından biri haqqı qoruyarkən hikməti itirməməkdir. Nə hər məsələdə susmaq doğru mövqedir, nə də hər həqiqəti düşünmədən və nəticələrini nəzərə almadan söyləmək. İnsan danışarkən öz niyyətini sorğulamalı, sözlərinin fayda və zərərini qiymətləndirməli, ədalətdən uzaqlaşmamalıdır. Eyni zamanda insanların rəğbətini itirməkdən, tənqid olunmaqdan və ya münasibətlərin pozulmasından qorxduğu üçün həqiqəti gizlətməməlidir. Həqiqəti müdafiə etmək yalnız onu yüksək səslə söyləmək deyil, lazım gəldikdə şəxsi maraqlarından imtina edərək onun arxasında dayanmaqdır. Əsl hikmət də məhz burada özünü göstərir: nə qorxu səbəbindən haqqı gizlətmək, nə də düşünülməmiş sözlərlə daha böyük zərərə yol açmaq. Əsas olan həqiqəti səmimi niyyətlə, ədalətlə, məsuliyyətlə və hikmətlə müdafiə edə bilməkdir.
Hiç yorum yok:
Yorum Gönder