Modernizm Qərbin özünəməxsus tarixi, ictimai və mədəni şəraiti daxilində meydana çıxmış bir düşüncə formasıdır. Onun əsas xüsusiyyətləri dünyəvilik, tərəqqi düşüncəsi, insan həyatını daha rahat və komfortlu etmək istəyi və rasional yanaşmanın ön plana çıxarılmasıdır. Zaman keçdikcə modern düşüncə yalnız fəlsəfə və elm sahəsində qalmamış, siyasətdən iqtisadiyyata, ictimai həyatdan mədəniyyətə qədər bir çox sahəyə təsir etmişdir. Qərbin siyasi və hərbi gücünün artması, müstəmləkəçilik və digər təsir vasitələri nəticəsində bu düşüncə İslam dünyasına da daxil olmuşdur. Müsəlman mütəfəkkirlər modernizmlə qarşılaşdıqda əsasən iki istiqamətdə hərəkət etmişlər. Birinci yanaşmada müasir Qərb dəyərlərinin İslam düşüncəsi daxilində qarşılığının tapılmasına və hər iki tərəfin uzlaşdırılmasına çalışılmışdır. İkinci yanaşmada isə müasir düşüncə və rasionallıqla uyğun gəlmədiyi düşünülən ayə, hədis və ya fiqhi hökmlərin yeni şəkildə şərh edilməsinə, müəyyən hökmlərin tarixi şəraitlə məhdudlaşdırılmasına və bəzən onların dini düşüncənin kənarına çıxarılmasına cəhd göstərilmişdir. Burada nəzərə alınmalı əsas məsələlərdən biri həmin dövrün psixoloji vəziyyətidir. İslam dünyasının hərbi, siyasi və texnoloji baxımdan Qərb qarşısında geriləməsi müsəlman cəmiyyətlərində müəyyən özgüvən itkisi yaratmışdı. Buna görə də bəzi ziyalılar yaranmış vəziyyətdən çıxış yolunu Qərbdə mövcud olan dəyərlərin İslam dünyasına uyğunlaşdırılmasında görürdülər.
Demokratiya və şura məsələsi
İslam modernizminin diqqət çəkən xüsusiyyətlərindən biri Qərbdə meydana çıxmış bəzi anlayışların İslami terminlərlə eyniləşdirilməsidir. Bunun ən məşhur nümunələrindən biri demokratiya ilə şura arasında qurulan əlaqədir. Demokratiyada siyasi hakimiyyətin müəyyənləşdirilməsində xalqın iştirakı əsas götürülür. Cəmiyyət üzvləri səsvermə yolu ilə öz siyasi seçimlərini ifadə edirlər. Şura isə klassik İslam siyasi və fiqhi düşüncəsində məsləhətləşmə prinsipini ifadə edir. Tarixi baxımdan şura hər zaman bütün əhalinin birbaşa səsverməsi mənasında işlədilməmiş, daha çox elm, təcrübə və ictimai nüfuza malik şəxslərlə məsləhətləşməni nəzərdə tutmuşdur. Buna görə demokratiya ilə şuranı tamamilə eyni anlayış kimi təqdim etmək düzgün deyil. Aralarında müəyyən oxşarlıqlar olsa da, hər iki anlayış fərqli tarixi və fəlsəfi mühitlərdə meydana gəlmişdir. Bənzər yanaşmanı azadlıq, bərabərlik və insan hüquqları kimi anlayışlarda da görmək mümkündür. Müasir dövrdə bəzi müsəlman mütəfəkkirlər bu anlayışların İslam düşüncəsindəki qarşılığını tapmağa və onları müasir siyasi terminologiya ilə uyğunlaşdırmağa çalışmışlar.
İslam modernizminin əsas məktəbləri
İslam modernizmini vahid bir düşüncə məktəbi kimi qəbul etmək düzgün olmaz. Müxtəlif coğrafiyalarda onun fərqli formaları meydana çıxmışdır. Ümumilikdə üç əsas istiqamətdən danışmaq mümkündür:
Misir məktəbi: Cəmaləddin Əfqani, Muhəmməd Abduh, Rəşid Rza və Əli Əbdürrəziq.
Hindistan yarımadası məktəbi: Seyyid Əhməd Xan, Muhəmməd İqbal və sonrakı dövrdə Fəzlur Rəhman.
Osmanlı-Türk mühiti: xüsusilə Mehmet Akif Ersoy kimi müəlliflər.
Misir məktəbi və xilafət məsələsi
Misir mərkəzli İslam modernizminin ən məşhur simaları Cəmaləddin Əfqani, Məhəmməd Abduh və Rəşid Rzadır. Sonrakı dövrdə Əli Əbdürrəziq və Əhməd Əmin kimi müəlliflər də bu istiqamətdə müxtəlif fikirlər irəli sürmüşlər. Bu məktəbdə diqqətimizi çəkən məsələlərdən biri İslam birliyi ilə xilafətə münasibət arasındakı gərginlikdir. Bir tərəfdən müsəlmanların siyasi və mədəni birliyindən danışılırdı, digər tərəfdən isə həmin dövrdə xilafəti təmsil edən Osmanlı dövlətinə qarşı kifayət qədər tənqidi münasibət mövcud idi. Bu baxımdan İslam birliyi ideyası ilə mövcud siyasi reallığa münasibət arasında müəyyən ziddiyyət yaranırdı.
Hindistan məktəbi və müstəmləkəçilik məsələsi
Hindistan yarımadasında modernist düşüncənin ən mühüm simalarından biri Seyyid Əhməd Xan olmuşdur. O, İslam düşüncəsinin müasir elm və Qərb mədəniyyəti ilə yenidən uzlaşdırılmasını müdafiə edirdi. Sonrakı dövrdə Fəzlur Rəhman məsələyə daha çox İslam elmlərinin və Quranın təfsir metodologiyasının yenidən qurulması prizmasından yanaşmışdır. Muhəmməd İqbal isə daha çox fəlsəfə, təsəvvüf və insanın yaradıcı iradəsi üzərindən İslam düşüncəsinin yenidən qurulması fikrini inkişaf etdirmişdir. Bu məktəbin mübahisəli tərəflərindən biri Britaniya hakimiyyətinə münasibət olmuşdur. Bəzi modernistlər ingilis idarəçiliyini yalnız işğal kimi deyil, eyni zamanda yeni elm, təhsil və idarəçilik formalarının Hindistana gəlməsi kimi də qiymətləndirmişlər. Bu isə müstəmləkəçiliyə münasibətdə İslam dünyasında ciddi fikir ayrılıqlarına səbəb olmuşdur.
Osmanlı-Türk mühitində modernizm
Osmanlının son dövrlərində də İslam dünyasının niyə gerilədiyi və Qərbin niyə inkişaf etdiyi məsələsi geniş müzakirə olunurdu. Mehmet Akif Ersoyun:
“Doğrudan-doğruya Qurandan alıb ilhamı,fikri həmin dövrün düşüncə atmosferini yaxşı ifadə edir. Buradakı əsas fikir İslamı tamamilə dəyişmək deyil, onu dövrün insanının anlayacağı şəkildə izah etmək idi. Bununla belə, bu yanaşma sonradan müxtəlif istiqamətlərdə şərh edilmişdir. Qərbin sənaye, elm və texnologiya sahəsində üstünlüyü müsəlman ziyalılar arasında belə bir sual yaratmışdı: Qərb niyə inkişaf etdi, İslam dünyası isə niyə geridə qaldı? Bəzi ziyalılar Qərbin inkişafını kilsənin hakimiyyətinin zəifləməsi ilə əlaqələndirdikləri üçün oxşar bir islah prosesinin İslam dünyasında da lazım olduğunu düşünmüşlər.
Əsrin idrakına söylətməliyik İslamı”
Qərbin inkişafı ilə bağlı yanaşmalar
Modernist düşüncədə diqqətimizi çəkən başqa bir məsələ Qərbin inkişafının səbəblərinin bəzən həddindən artıq sadələşdirilməsidir. Məsələn, “Qərb dini arxa plana keçirdi və buna görə inkişaf etdi” kimi bir izah tarixi prosesləri tam əhatə etmir. Avropadakı elmi və sənaye inkişafının dini, siyasi, iqtisadi və coğrafi olmaqla çoxsaylı səbəbləri olmuşdur. Protestantlığın yayıldığı İngiltərə, Hollandiya və Almaniyanın bəzi bölgələrinin inkişafı bu müzakirələrdə tez-tez nümunə kimi göstərilir. Digər tərəfdən, Avropanın iqtisadi yüksəlişini müstəmləkəçilik tarixindən ayrı düşünmək də mümkün deyil. Asiya, Afrika və Amerika qitələrində əldə olunan sərvətlər, ticarət yolları, təbii ehtiyatlar və müstəmləkə iqtisadiyyatı Avropa dövlətlərinin güclənməsində mühüm rol oynamışdır. Buna görə də məsələyə yalnız “Qərb çalışdı, Şərq isə çalışmadı” kimi yanaşmaq kifayət etmir. İslam dünyasının geriləməsinin səbəblərini araşdırarkən siyasi parçalanma, iqtisadi problemlər, təhsil sisteminin vəziyyəti, hərbi texnologiya, beynəlxalq ticarət yollarının dəyişməsi və müstəmləkəçilik kimi faktorların hamısı birlikdə nəzərə alınmalıdır.
Modernistlərin dini mətnlərə yanaşması
İslam modernizminin ən ciddi müzakirə mövzularından biri Quran və hədislərin necə şərh edilməsidir. Modernist yanaşmada ağıl və elmi bilik mühüm mövqeyə sahibdir. Problem isə müasir elmi və ya fəlsəfi yanaşmanın dini mətnlər üzərində mütləq hakim meyara çevrildiyi zaman ortaya çıxır. Bəzi modernist müəlliflər müasir elmlə uyğun gəlmədiyini düşündükləri hədislərə daha tənqidi yanaşmış və onların bir hissəsini qəbul etməmişlər. Ayələrə münasibətdə isə əsasən iki yanaşma ortaya çıxmışdır. Birinci yanaşmada ayələr məcazi və simvolik şəkildə şərh edilir. İkinci yanaşmada isə müəyyən hökmlərin yalnız Quranın nazil olduğu dövrün sosial və tarixi şəraitinə aid olduğu irəli sürülür. Beləliklə, dini mətnlərin mənasını müəyyənləşdirən əsas meyarın nə olması məsələsi ortaya çıxır: klassik İslam üsulu, yoxsa müasir insanın ağlı və dəyərləri? İslam modernizmi ətrafında aparılan mübahisələrin böyük hissəsi məhz bu sual üzərində qurulmuşdur.
Mələk, cin və digər qeyb məsələləri
Modernist düşüncənin fərqli yanaşdığı mövzulardan biri də qeyb aləmidir. Klassik İslam etiqadında mələklər, cinlər, şeytan, axirət və digər qeyb məsələləri real varlıq və hadisələr kimi qəbul edilir. Bəzi modernist müəlliflər isə bunları daha çox simvolik şəkildə izah etməyə çalışmışlar. Məsələn, mələklərin xeyir qüvvələrini, şeytanın isə insan daxilindəki şər meyllərini ifadə edən simvollar olduğu kimi şərhlər irəli sürülmüşdür. Bunun əsas səbəbi qeyb aləminin müasir empirik elm metodları ilə müşahidə edilməsinin mümkün olmamasıdır. Ancaq burada mühüm bir metodoloji məsələ ortaya çıxır. Əgər yalnız beş duyğu ilə müşahidə edilən şeyləri qəbul etsək, dinin qeyb anlayışının böyük hissəsi mənasını itirmiş olar. Buna görə klassik İslam düşüncəsi ağlın və elmin əhəmiyyətini qəbul etsə də, onların sahəsini və sərhədini də müəyyənləşdirir.
Fiqhi hökmlər: çoxarvadlılıq və köləlik nümunələri
Modernist müzakirələrdə fiqhi hökmlər də mühüm yer tutur. Çoxarvadlılıq məsələsində bəzi müəlliflər Nisa surəsindəki ədalət şərtindən çıxış edərək bu hökmün faktiki olaraq tətbiq edilməsinin mümkün olmadığını düşünmüşlər. Klassik fiqhdə isə çoxarvadlılıq əmr və ya vacib deyil, müəyyən şərtlər daxilində icazə verilmiş bir hökm kimi qəbul edilir. Köləlik və cariyəlik məsələsində də oxşar mübahisə mövcuddur. İslam kölə azad etməyi müxtəlif yollarla təşviq etmiş və kölələrin hüquqlarını tənzimləmişdir. Bununla yanaşı, klassik fiqh sistemində köləlik birdəfəlik və açıq bir hökmlə haram elan edilməmişdir. Müasir dövrdə köləlik faktiki olaraq aradan qalxdığı üçün bu mövzu daha çox tarixi və hüquqi müstəvidə müzakirə edilir. Burada əsas metodoloji sual belədir: Müasir cəmiyyətin qəbul etmədiyi bir hökmün dini hökmü dəyişirmi, yoxsa hökmün tətbiq şəraiti ortadan qalxdığı üçün praktik olaraq tətbiq edilməməsi başqa bir məsələdir? Bu iki məsələni bir-birindən ayırmaq lazımdır.
Məalçılıq və fərdi Quran oxusu
İslam modernizmi ilə əlaqəli müzakirələrdən biri də Quranın yalnız tərcüməsi, yəni meal üzərindən dini anlamağa çalışan yanaşmadır. Protestant reformasının əsas xüsusiyyətlərindən biri Bibliyanın kilsənin şərh monopoliyasından çıxarılaraq insanların öz dillərində oxumasına imkan yaradılması idi. İslam dünyasında da sonrakı dövrlərdə buna müəyyən mənada bənzəyən yanaşmalar meydana çıxmışdır. Bu yanaşmada hər bir insanın Quranı birbaşa oxuyaraq dini özü anlaya biləcəyi fikri ön plana çıxır. Burada problem Quran oxumağın özü deyil. Əksinə, Quranı oxumaq və mənasını öyrənmək müsəlman üçün olduqca əhəmiyyətlidir. Problem Quranın təfsirində hədis, sünnə, səhabələrin anlayışı, ərəb dili, nüzul səbəbləri, fiqh üsulu və əsrlər boyunca formalaşmış elmi irsin tamamilə kənara qoyulmasıdır. Çünki belə olduqda eyni ayəni hər insan öz şəxsi düşüncəsinə uyğun şəkildə şərh edə bilər. Bu isə vahid dini mətnin saysız-hesabsız fərdi yozumlara açılmasına səbəb olur. Burada düzgün yanaşma insanın Quranı oxuması ilə yanaşı, onu anlamaq üçün İslam elmlərinin formalaşdırdığı metodlardan da istifadə etməsidir.
Təcdid və reform arasındakı fərq
İslam düşüncəsində çox qarışdırılan anlayışlardan biri təcdid ilə reform anlayışıdır. Təcdid sözünün mənası yeniləməkdir. Lakin buradakı yeniləmə dinin özünü dəyişmək mənasına gəlmir. Əksinə, zamanla unudulmuş və ya zəifləmiş dini anlayışı yenidən onun əsli ilə əlaqələndirmək deməkdir. Başqa sözlə, təcdid dini dövrə uyğunlaşdırmaq deyil, insanı dinin əsas prinsipləri ilə yenidən tanış etməkdir. Reform anlayışında isə dinin müəyyən hissələrinin dövrün şərtlərinə uyğun şəkildə dəyişdirilməsi düşüncəsi daha güclüdür. Bu iki yanaşma arasında ciddi fərq vardır. Fiqhdə zaman və şəraitin dəyişməsi nəzərə alınır. Lakin bu dəyişiklik fiqh üsulu və şəri dəlillər daxilində həyata keçirilir. Məsələn, səfər, təhlükəsizlik, ticarət, tibbi məsələlər və yeni texnologiyalarla bağlı hökmlərin tətbiqində şəraitin dəyişməsi nəzərə alına bilər. Ancaq bu, dini hökmlərin yalnız müasir dəyərlərlə uyğun gəlmədiyi üçün tamamilə ləğv edilməsi mənasına gəlmir. Buna görə təcdidlə reform arasında əsas fərq metodologiyadadır. Təcdid dinin öz əsaslarına qayıdaraq yenilənməsini nəzərdə tutur, reform isə bəzən dini mətn və hökmlərin müasir düşüncəyə uyğunlaşdırılması istiqamətində hərəkət edir.
Nəticə
Ümumilikdə İslam modernizmini İslam dünyasının Qərbin siyasi, hərbi, elmi və texnoloji üstünlüyü ilə qarşılaşmasından sonra meydana çıxan bir düşüncə reaksiyası kimi qiymətləndirmək mümkündür. Modernist müsəlman mütəfəkkirlərin əsas məqsədlərindən biri İslam dünyasının geriləməsinin səbəblərini tapmaq və müsəlman cəmiyyətlərini yenidən gücləndirmək idi. Lakin bu prosesdə mühüm bir metodoloji problem ortaya çıxmışdır: İslam müasir dövrə görə şərh edilməlidir, yoxsa müasir dövr İslamın əsas prinsipləri çərçivəsində qiymətləndirilməlidir? Mübahisənin əsas nöqtəsi məhz budur. Müasir dünyanın elmindən, texnologiyasından və faydalı təcrübəsindən istifadə etmək zəruridir. Lakin bunu edərkən dinin əsas mənbələrinin və əsrlər ərzində formalaşmış elmi metodologiyanın yalnız müasir Qərb dəyərlərinə uyğun olmadığı üçün kənara qoyulması düzgün olmaz. İslam düşüncəsində dəyişən ilə dəyişməyəni bir-birindən ayırmaq lazımdır. İctihad və fiqh vasitəsilə yeni məsələlərə cavab tapmaq mümkündür. Bununla yanaşı, dini mətnlərin və əsas etiqadi prinsiplərin yalnız dövrün hakim düşüncəsinə uyğunlaşdırılması dinin öz mahiyyətinin dəyişdirilməsi təhlükəsini yaradır. Bu səbəbdən daha sağlam yol reform adı altında dini yenidən qurmaq deyil, təcdid anlayışı çərçivəsində İslamın əsaslarını qoruyaraq onları hər dövrdə düzgün şəkildə anlamaq və izah etməkdir.