“Məzhəb” sözü lüğəvi baxımdan “gedilən yol” mənasını verir. İslam düşüncə ənənəsində məzhəblər əsasən iki istiqamətdə formalaşıb: etiqadi və fiqhi, yəni əməli məzhəblər. Burada etiqadla fiqh arasında mühüm bir fərq var. Etiqad sahəsi insanın şəxsi düşüncəsi ilə formalaşdırdığı bir sahə deyil. İmanın əsasları Allah tərəfindən müəyyənləşdirilib və burada əsas olan qəti dəlildir. Buna görə də etiqadi məsələlərdə hər hansı şəxsi yanaşma ilə yeni bir prinsip ortaya qoymaq mümkün deyil. Fiqhdə isə vəziyyət fərqlidir. Fiqhi məsələlərin bir hissəsi qəti hökmlərə əsaslansa da, böyük bir hissəsində zənnilik mövcuddur. Yəni dəlilin necə başa düşülməsi, hansı mənaya dəlalət etməsi və ya bir hədisin Peyğəmbərimizə (sav) aidliyinin hansı dərəcədə təsdiqlənməsi kimi məsələlərdə fərqli yanaşmalar meydana çıxa bilir. Fiqhdəki bu zənniliyi əsasən iki istiqamətdə görürük.
Birincisi, dəlalətdə zənnilikdir. Qurani-Kərim ayələrinin bizə çatması qətidir. Mütəvatir hədislərdə də eyni vəziyyət mövcuddur. Lakin ayə və ya hədisin hansı hökmü ifadə etdiyi bəzən müxtəlif şəkildə başa düşülə bilər. Bir müctəhid eyni ayədən bir hökm çıxara, digər müctəhid isə başqa bir məna görə bilər.
İkincisi isə sübutda zənnilikdir. Qurani-Kərimin bütün ayələri və mütevatir hədislər sübut baxımından qətidir. Ancaq əhəd hədislərin Peyğəmbərimizdən gəlib-gəlməsinin müəyyənləşdirilməsində zənnilik mövcuddur. Buna görə də bir müctəhid müəyyən rəvayəti etibarlı qəbul etdiyi halda, başqa bir müctəhid onu öz hədis meyarlarına uyğun görməyə bilər.
Burada mühüm bir məsələni də qeyd etmək lazımdır. Peyğəmbərimizin (s.ə.s.) hansısa məzhəbə mənsub olduğunu demək doğru deyil. Çünki məzhəblərin əsaslandığı dinin və şəri hökmlərin mənbəyi elə Peyğəmbərimizin özüdür. Səhabələr və sonrakı müsəlmanlar onun gətirdiyi dini öyrənir və tətbiq edirdilər. Ancaq Peyğəmbərimizin bəzi ifadələrinin fərqli formada başa düşülə bilməsi sonradan fiqhi ixtilafların və məzhəblərin meydana çıxmasının əsaslarından birinə çevrilmişdir.
Məzhəblərin meydana gəlməsinin əsas səbəbləri
Əməli məzhəblərin yaranmasını əsasən iki böyük səbəblə izah etmək mümkündür. Birinci səbəb nassların, yəni ayə və hədislərin xüsusiyyətidir. Bəzi dəlillərdə sübut və ya dəlalət baxımından zənnilik mövcuddur. Buna görə də həmin mətnlər müxtəlif şəkildə izah edilə bilir. İkinci səbəb isə müctəhidin xüsusiyyətidir. Müctəhidlərin anlayış səviyyəsi, elmi hazırlığı, istifadə etdikləri üsul, hədislərə yanaşması və malik olduqları rəvayət məlumatı eyni olmayıb. Deməli, məzhəblərin təşəkkülündə üç əsas amil xüsusilə diqqət çəkir:
müctəhidlər arasındakı anlayış fərqləri;
fiqh üsulu və metodologiya fərqləri;
müctəhidlərin malik olduqları hədis məlumatının fərqli olması.
Məsələn, müəyyən bir hədis bir imama çatdığı halda, digər imama çatmaya bilərdi. Bu da onların verdiyi hökmlərin fərqli olmasına səbəb ola bilərdi. Bir hədisin müəyyən imama çatıb-çatmadığını müəyyənləşdirərkən ən etibarlı mənbələrdən biri həmin imamın tələbələri və onun elmi məktəbini davam etdirən alimlərdir. Çünki müəllimin üsulunu və hansı rəvayətləri bildiyini ən yaxşı onlar tanıyırdılar. Buna nümunə kimi İmam Əbu Hənifə (r.h) ilə tələbəsi İmam Əbu Yusuf (r.h) arasında ailə vəqfləri ilə bağlı məsələ göstərilə bilər. İmam Əbu Hənifə müəyyən şərtlər daxilində ailə vəqfinin satıla biləcəyini düşünürdü. Daha sonra İmam Əbu Yusufa vəqfin satılmaması ilə bağlı səhih bir hədis çatdıqda o, müəlliminin bu hədisdən xəbəri olsaydı əvvəlki görüşündən dönəcəyini bildirmiş və hökmü həmin rəvayət əsasında tətbiq etmişdi. Bu nümunə onu göstərir ki, məzhəb daxilində də yeni bir dəlil ortaya çıxdıqda hökmün yenidən qiymətləndirilməsi mümkün olub.
Müctəhid imamların hədis biliyi və Əhli-hədis – Əhli-rəy mübahisəsi
Fiqh tarixində bəzi müctəhidlərin, xüsusilə İmam Əbu Hənifənin hədis biliyi haqqında zaman-zaman yanlış fikirlər səsləndirilib. Məsələn, İbn Xəldunun Əbu Hənifədən on yeddi ayrı “müsnəd” əsərinin nəql olunması ilə bağlı məlumatı bəzən yanlış şəkildə təqdim edilərək guya Əbu Hənifənin cəmi on yeddi hədis bildiyi iddia edilmişdir. Halbuki belə bir fikir elmi baxımdan mümkün deyil. Çünki müctəhid səviyyəsinə çatmaq üçün yüzlərlə hökm hədisinə, onların ravilərinə və tətbiqinə bələd olmaq tələb olunur. İmam Əbu Hənifə hicri 80-ci ildə doğulmuş və 150-ci ildə vəfat etmişdir. O, tabiinin və təbəi-tabiiinin yaşadığı elmi mühitdə yaşamışdı. Tələbəsi Əbu Yusufun topladığı bəzi rəvayətləri ona təqdim etdiyi, Əbu Hənifənin isə rəvayət zəncirindəki problemləri və ya hədisin mətnindəki qüsurları göstərdiyi barədə məlumatlar mövcuddur.
Məzhəb imamlarından nəql edilən məşhur bir prinsip də budur: “Səhih hədis gördüyünüz zaman mənim görüşümü buraxıb onunla əməl edin.” Ancaq bu ifadəni çox sadə şəkildə başa düşmək düzgün olmaz. Çünki hər hansı fiqhi görüşə zidd görünən bir hədis tapıldıqda dərhal “imam bu hədisi bilmirdi” deyərək onun görüşünü tərk etmək olmaz. Əvvəlcə həmin hədisin imama çatıb-çatmadığı araşdırılmalıdır. İkinci məsələ isə odur ki, həmin rəvayət imamın öz hədis qəbul etmə meyarlarına görə də səhih sayılırmı? Məsələn, İmam Buxarinin öz hədis üsuluna əsasən səhih qəbul etdiyi bir rəvayət, İmam Əbu Hənifənin qəbul etdiyi şərtlərə uyğun olmaya bilər. Burada biri səhih hədisi qəbul edib, digəri hədisi rədd edir kimi sadə bir yanaşma doğru olmaz. Hər ikisi öz metodologiyası daxilində elmi ictihad aparır. Bu məqamı Zafer Əhməd Təhanəvi çox gözəl ifadə edir. Onun yanaşmasına görə, İmam Buxarinin rəvayət və nəql tərəfi daha güclü olduğu halda, İmam Əbu Hənifənin mənbələrdən hökm çıxarma, yəni istinbat tərəfi daha güclüdür.
Tarixdə daha sonra ortaya çıxan “Qurani-Kərim məxluqdurmu?” mübahisəsi, Mötəzilə ilə yaşanan hadisələr və digər siyasi-elmi gərginliklər Hənəfi alimləri ilə Əhli-hədis arasında müəyyən qarşıdurmalar yaratdı. Bunun nəticəsində “Əhli-rəy” və “Əhli-hədis” kimi bir-birinə qarşı qoyulan anlayışlar formalaşdı. Əslində isə hər iki məktəb Qurana və Sünnəyə əsaslanırdı. Fərq onların dini mətnlərdən hökm çıxararkən istifadə etdikləri metodlarda idi.
Niyə bu gün dörd əsas əməli məzhəb var?
İctihad yalnız dörd məzhəb imamı ilə başlamayıb. Səhabə dövründə də çox sayda müctəhid mövcud idi. İbnül-Hümamın qeyd etdiyi məlumatlara əsasən səhabələr arasında təxminən iyirmiyə yaxın mütləq müctəhid var idi. Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Əli, Abdullah ibn Məsud, Muaz ibn Cəbəl və İbn Abbas (Allah hamısından razı olsun) kimi səhabələr bunların ən məşhurlarındandır. Sonrakı dövrlərdə də Süfyan əs-Səvri, İmam Əvzai, Həsən Bəsri, İmam Təbəri və başqa böyük alimlərin öz fiqhi məktəbləri olmuşdur. Burada təbii olaraq belə bir sual meydana çıxır: əgər bu qədər müctəhid olubsa, niyə bu gün əsasən Hənəfi, Şafii, Maliki və Hənbəli məzhəbləri mövcuddur? Bunun əsas səbəbi digər alimlərin görüşlərinin tamamilə yox olması deyil. Onların bir çox görüşü fiqh kitablarında hələ də mövcuddur. Lakin həmin məzhəbləri sistemli şəkildə davam etdirən tələbə silsilələri zamanla kəsilib. Bir məzhəbin yaşaması üçün yalnız onun qurucusunun görüşlərinin kitabda qalması kifayət etmir. Həmin görüşləri sistemləşdirən, yeni məsələlərə tətbiq edən, izah edən və sonrakı nəsillərə ötürən güclü bir elmi məktəb lazımdır. Dörd məzhəbin əsas üstünlüklərindən biri də məhz budur. Hənəfi məzhəbi İmam Əbu Hənifənin rəhbərlik etdiyi geniş elmi mühitdə formalaşmışdır. Əbu Yusuf, İmam Muhəmməd, İmam Züfər və Həsən ibn Ziyad kimi böyük alimlər bu məktəbin formalaşmasına töhfə veriblər. Xüsusilə İmam Muhəmmədin əsərləri vasitəsilə Hənəfi fiqhi sonrakı nəsillərə sistemli formada çatdırılıb. Maliki məzhəbi də İmam Malikin elmi irsi və tələbələri vasitəsilə qorunub. Sonrakı dövrdə “əl-Müdəvvənə” kimi böyük əsərlər bu məzhəbin fiqhi sisteminin formalaşmasında əsas rol oynayıb. Şafii məzhəbinin isə xüsusi üstünlüklərindən biri İmam Şafiinin öz üsulunu və fiqhi görüşlərini şəxsən yazıya almasıdır. Onun “ər-Risalə” əsəri fiqh üsulunun ən mühüm klassik mənbələrindən biridir. “əl-Umm” isə onun fiqhi görüşlərini əhatə edən əsas əsərlərdən sayılır. Beləliklə, dörd məzhəbin günümüzə qədər gəlib çatmasının səbəbi onların arxasında güclü elmi ənənənin, tələbə silsiləsinin və zəngin yazılı ədəbiyyatın formalaşmasıdır.
Hökm çıxarma üsullarındakı fərqlər
Fiqh üsulunda əsas dəlillər Qurani-Kərim, Sünnə, icma və qiyasdır. Bununla belə, bu dəlillərin necə başa düşülməsi və hansı hallarda hansına üstünlük verilməsi məzhəblər arasında fərqlənə bilər.
Ayə və hədislərin təsnifatı
Fiqh üsulunda Qurani-Kərimdəki ayələr açıqlıq və qapalılıq dərəcələrinə görə müxtəlif kateqoriyalara ayrılır. Məsələn, zahir, nass, müfəssər və möhkəm kimi anlayışlar mətnin mənasının nə qədər açıq olduğunu göstərir. Xəfi, müşkil, mücməl və mütəşabih isə müəyyən izaha ehtiyac olan ifadələri göstərir. Bütün bunlar müctəhidin ayədən hökm çıxararkən hansı metodologiyadan istifadə etdiyini müəyyənləşdirir.
Mətnlərin fərqli başa düşülməsi
Peyğəmbərimizin (sav) “Alıcı ilə satıcı ayrılmadıqları müddətdə seçim haqqına sahibdirlər” mənasındakı hədisi bunun gözəl nümunədir. Buradakı “ayrılmaq” sözünün mənası haqqında fərqli yanaşmalar olub. Bəzi müctəhidlər bunu alıcı və satıcının fiziki olaraq alış-veriş yerindən ayrılması kimi başa düşüblər. İmam Malik isə burada söhbətin fiziki ayrılmaqdan deyil, alış-veriş razılaşmasının tamamlanmasından getdiyini qəbul edib. İmam Əbu Hənifənin də bu ifadəni müqavilədən ayrılmaq mənasında şərh etdiyi bildirilir. Çünki fiziki ayrılma əsas götürülsə, məsələn, bir gəmidə birlikdə səfər edən iki nəfərin ayrılması praktik olaraq mümkün olmaya bilər. Bu, eyni hədisin fərqli fiqhi nəticələrə necə gətirib çıxara bildiyini göstərir.
Mürsəl hədislər məsələsi
Mürsəl hədis tabiinin səhabənin adını qeyd etmədən birbaşa Peyğəmbərimizdən (sav) rəvayət etdiyi hədisdir. Hədis alimlərinin böyük bir qismi belə rəvayətləri zəif hesab edib. Hənəfilər və Malikilər isə rəvayətçilərin etibarlılığına və digər müəyyən şərtlərə əsaslanaraq mürsəl hədisləri qəbul edə biliblər. İmam Şafii isə bütün mürsəl rəvayətləri eyni səviyyədə qəbul etməyib. Müəyyən ravilərin, xüsusilə etibarlılığı və hədis məlumatı ilə seçilən şəxslərin mürsəllərinə ayrıca yanaşıb.
Səhabənin əməli ilə rəvayət etdiyi hədis arasındakı münasibət
Namazda rükuya gedərkən və rükudan qalxarkən əllərin qaldırılması məsələsi də məzhəblər arasında metodoloji fərqi göstərən nümunələrdəndir. Abdullah ibn Ömərdən əllərin qaldırılması ilə bağlı rəvayət nəql olunub. Bununla yanaşı, onun müəyyən dövrdə özünün bunu etmədiyinə dair də məlumatlar mövcuddur. Hənəfi üsulunda belə bir vəziyyətdə səhabənin öz əməli xüsusi əhəmiyyət daşıya bilər. Çünki səhabənin öz rəvayət etdiyi hədisin hökmünün dəyişdiyini və ya həmin hədisdə başqa bir məna olduğunu bildiyi ehtimal edilir. İmam Şafiinin metodologiyasında isə səhabənin şəxsi əməli onun nəql etdiyi Peyğəmbər hədisindən üstün tutulmur. Çünki səhabə öz şəxsi ictihadında səhv edə bilər, amma Peyğəmbərdən nəql etdiyi rəvayət ayrıca dəlildir.
Bir-birinə zidd görünən dəlillərin həlli
Bəzən iki səhih dəlil zahirən bir-birinə zidd görünə bilər. Belə halda müctəhidlər müəyyən üsul qaydalarına müraciət edirlər. Hənəfi üsulunda bu proses ümumilikdə belə izah edilə bilər: əvvəlcə nəsx ehtimalı araşdırılır. Yəni iki hökmdən birinin əvvəl, digərinin isə daha sonra gəlib-gəlmədiyi müəyyənləşdirilir; əgər tarix məlum deyilsə, tərcih mərhələsinə keçilir, burada rəvayətçilərin xüsusiyyətləri, rəvayətin gücü və digər amillər nəzərə alınır; əgər hər iki dəlili qorumaq mümkündürsə, cəm və təlif edilir, yəni iki rəvayət elə izah olunur ki, hər ikisi ilə əməl etmək mümkün olsun; bunların heç biri mümkün olmadıqda isə həmin iki dəlil haqqında müəyyən qədər təvəqquf edilir və məsələ ilə bağlı başqa dəlillərə müraciət olunur. Bu metodlar göstərir ki, fiqhi hökmlər sadəcə bir ayə və ya hədisi oxuyaraq dərhal nəticə çıxarmaqla formalaşmayıb. Bunun arxasında çox geniş bir metodoloji sistem mövcuddur.
Məzhəb fərqlərinin yaratdığı rahatlıq və fiqhi bütövlük
Məzhəblər arasındakı fərqli ictihadlar İslam hüququnun böyük üstünlüklərindən biridir. Bu fərqlilik müxtəlif şəraitlərdə müsəlmanlara müəyyən rahatlıq və çıxış yolu təqdim edir. Məsələn, səfər, xəstəlik və ya ciddi zərurət hallarında Hənəfi məzhəbinə mənsub bir insan müəyyən şərtlər daxilində namazların birləşdirilməsi məsələsində Şafii və ya Hənbəli məzhəbinin görüşündən istifadə edə bilər. Bu baxımdan məzhəblərin müxtəlifliyi İslam fiqhinin çevikliyini göstərir. Ancaq burada mühüm bir sərhəd var. İnsan yalnız özünə ən rahat gələn hökmləri seçərək dini həyatını bunun üzərində qurmamalıdır. Buna “rüxsət axtarışı” və ya “rüxsət ovçuluğu” deyilir. Fiqhdə əsas olan, imkan daxilində əzimətlə, yəni daha ehtiyatlı və əsas hökmə uyğun şəkildə əməl etməkdir.
Digər mühüm məsələ təlfiqdir. Təlfiq bir ibadətin daxilində müxtəlif məzhəblərin asan hökmlərini birləşdirərək nəticədə heç bir məzhəbə görə düzgün olmayan bir əməl ortaya çıxarmaqdır. Məsələn, Hənəfi məzhəbində qan çıxması dəstəmazı pozur, Şafii məzhəbində isə pozmur. Şafii məzhəbində qarşı cinsə dəri təması müəyyən şərtlərdə dəstəmazı pozduğu halda, Hənəfi məzhəbində pozmur. Bir insanın eyni dəstəmazda qan çıxdıqda “bu məsələdə Şafii məzhəbini götürürəm”, qarşı cinsə toxunduqda isə “burada Hənəfi məzhəbini götürürəm” deməsi nəticədə hər iki məzhəbə görə də problemli vəziyyət yaradır. Məhz bu cür yanaşma təlfiq adlandırılır. Bu şəkildə təlfiq də caiz deyil.
Nəticə
Bütün bunlara baxdıqda görürük ki, əməli məzhəblər sonradan dinə əlavə olunmuş və ya Qurandan və Sünnədən ayrı şəkildə formalaşmış sistemlər deyil. Əksinə, məzhəblər Qurani-Kərim və Sünnədən hökm çıxarmaq üçün əsrlər ərzində formalaşmış elmi metodologiyalardır. Müctəhid imamlar qarşılarına çıxan məsələlər haqqında şəxsi zövqlərinə əsasən hökm verməyiblər. Onlar ayələri, hədisləri, səhabə tətbiqlərini, icmanı, qiyası, ərəb dilinin xüsusiyyətlərini və çoxsaylı digər üsul prinsiplərini birlikdə nəzərə alıblar. Bu səbəbdən məzhəblər arasındakı fərqləri “biri doğrudur, digəri yanlışdır” formasında qiymətləndirmək əvəzinə, onların eyni mənbələrdən fərqli elmi metodlarla hökm çıxaran fiqh məktəbləri olduğunu anlamaq daha doğrudur. Əslində məzhəb müxtəlifliyi İslam fiqhinin zənginliyini və müxtəlif şəraitlərdə tətbiq edilə bilmə qabiliyyətini göstərən ən mühüm xüsusiyyətlərindən biridir. İslam fiqhi bu baxımdan əsrlər boyu formalaşmış, çox ciddi elmi süzgəclərdən keçmiş və müsəlmanların ibadətdən ailə həyatına, ticarətdən ictimai münasibətlərə qədər gündəlik həyatını tənzimləyən böyük və sistemli bir hüquq irsidir.
Hiç yorum yok:
Yorum Gönder