27 Mayıs 2025 Salı

Faizsiz Kredit

Qarşımıza çıxan reklamlarda tez-tez eşitdiyimiz şey: Faizsiz Kreditdir. 

Görəsən, doğurdan da, biz bu təklif olunan məhsulları kreditlə aldıqda faizsizmi olur?

İlk olaraq bunu qeyd edək ki, İslam dinində faiz haramdır və ən böyük günahlardan birisidir (bax: Bəqərə / 275). Ona görə də, bir müsəlman digər günahlardan qaçdığı kimi, bu günahdan da maksimum şəkildə uzaq qalmalıdır, çünki bilir ki, bu günahı işləməklə Allah və Rəsuluna (s.ə.v) savaş açmış olur (bax: Bəqərə / 279).

Halhazırda şirkətlər də məhsullarını satarkən kreditli satışlarında faiz işlədirlər. Bəzi şirkətlər bunu açıq şəkildə edir. Bəziləri isə gizli edir.

Təbii ki, bu kimi hallara görə şirkətlər bilirlər ki, normal halda bir müsəlman faizli olacaq bir kreditə girməz. Ona görə də, “faizsiz kredit” təklif edirlər. Məsələnin iç üzü nədir bəs? Əgər buradakı kreditdə faiz yoxdursa, niyə caiz olmasın ki? 

Faizsiz kredit dedikləri satış necə işləyir - gəlin buna baxaq. Biz bir məhsulu alırıq, deyirlər ki, (məsələn) qiyməti 1000 manatdır, əgər hər ay vaxtında ödənişi etsək, o zaman qiyməti elə 1000 manat olan məhsulu əlavə heç bir şey ödəmədən aylıq ödənişlə (kreditlə) əldə etmiş olarıq. Fəqət əgər gecikdirsək aylıq ödənişi, o zaman, məhsulun qiymətinin üzərinə faiz gələcək. Baxın bu fasid olan əqddir!

Bu məsələ açıldıqda insanların ilk etiraz etdiyi məsələ də elə bu olur ki, “mən onsuz da gecikdirməyəcəm ki, vaxtı vaxtında ödənişimi edib faizə düşməyəcəm.” 

Birincisi; haradan bilirsiz ki, ödənişi gecikdirməyəcəksiniz? Qeybdən, gələcəkdən sizə bir xəbərmi gəldi? Gələcəkdə başınıza nəyin gələcəyini haradan bilirsiniz.

İkincisi (və önəmli olan hissə); 

Məsələ sizin gecikdirib gecikdirməməyinizdə deyil. Məsələ fasid bir əqdə imza atmış olmağınızdadır. İslam hüququna görə belə bir əqd fasiddir (yəni ki, hər kəsin anlayacağı dildə desək: içərisində caiz olmayan (haram) şeylər olduğundan keçərli olmayan, xətalı müqavilədir). Çünki belə bir alış-veriş etdiyinizdə orada olan müqavilədəki şərtlərə imza atırsınız. O imza atdığınız şərtlərin içərisində də bu haram olan faiz maddəsi/maddələri keçir ki, belə bir maddəyə imza atmaq caiz deyil (haramdır). Beləcə fasid bir əqdə (müqaviləyə) imza atırsınız. Yəni siz məhsulun ödənişini gecikdirməsəniz belə artıq harama düşmüş olursunuz, çünki haram olan maddəli bir müqaviləyə imzanızı atmısınız.

Bir başqa məsələyə də burada toxunaq. Faizli kreditlə aylıq ödəniş zamanı qiymətin fərqli olması satışını bir-birindən fərqləndirmək lazımdır.

Faizli kreditdə bayaq da dediyimiz kimi, əgər məhsulun qiyməti məsələn 1000 manatdırsa, 1000 manata danışılıbsa, aylıq ödənişdə gecimə olduqda bu qiymət qalxır.

Fəqət deyək ki, belə bir danışıq olsa: “Bu məhsulu nağd olaraq satıram 1000 manata. Amma aylıq ödənişlə satıram 1500 manata.” Əgər burada, aylıq ödəniş gecikdirilsə də 1500 manat olan qiymət dəyişməyəcəksə, o zaman bu satış caizdir. Çünki burada faiz yoxdur. Sadəcə məhsula fərqli satış növlərinə görə fərqli qiymət qoyulmasıdır. Aylıq ödəniş geciksə də 1500 manat dəyişib qalxmayacaq. Ona görə də, bunları bir-birindən fərqləndirmək lazımdır.

Son olaraq, bir sualı daha cavablandıraq: bəs, doğurdan da, əgər kreditdə faiz olmazsa, gecikdirərək də, faiz gəlməyəcəksə üzərinə, o zaman bu alış-veriş caiz olarmı?*

Cavab olaraq deyərik ki, aylıq ödənişlə məhsul almaqda problem yoxdur ki, belə bir alış-veriş də caiz olmasın. Əsas məsələ burada faizin olmamasıdır.

Və təbii ki, faizlə yanaşı digər fiqhi məsələlərə də həmişə baxmaq lazımdır alış-veriş də. Biz burada faizli kredit məsələsini danışdıq. Fəqət alış-verişin də hər bir sahədə olduğu kimi öz hüquqi qaydaları, fiqhi var ki, onları da həmişə göz önündə saxlamaq lazımdır.

*Ölkəmizdə elə bir şirkət yoxdur ki, doğurdan da, məhsulunu faizsiz kreditlə versin. Hamısının arxa planında (müqaviləsində) yuxarıda yazdığımız fasid əqd yatır (əgər bunun əksi varsa, o zaman bizə də həmən şirkətin müqavilələrini göndərərək xəbərdar edə bilərsiniz).

Vəlhəmdulilləh.

Hiç yorum yok:

Yorum Gönder

Süni İntellekt və İnsan

Süni İntellekt əslində tam mənada bir zəkaya (intellekt) sahib deyil, əksinə, riyazi hesablamalar və alqoritmik mexanizmlər üzərində qurulmu...