29 Ocak 2026 Perşembe

Təziyənin (Yas) Sünnədəki Yeri

Sünnə, həyatımızın hər sahəsini istiqamətləndirən ilahi bir yol göstəricidir. Təziyə də bu istiqamətdə, həyatımızda xüsusi yer tutan bir sünnətdir. Bu məsələyə dair Peyğəmbərimizin (s.ə.s) və onun seçkin səhabələrinin bizə öyrətdiyi iki əsas mesaj var:

  • Təziyə, dünyasını dəyişmiş şəxsin yaxınları ilə həmrəylik göstərmək, onların dərdinə şərik olmaq və təsəlli vermək üçündür. Bu məqsədə zidd olan davranışlardan uzaq durmaq vacibdir.

  • Təziyəyə gedən insanlar üçün bu məkan, ölümü xatırlamaq və dünyəvi təlaşdan bir anlıq ayrılıb, qəflətdən ayılmaq fürsətidir. Bu təsiri aradan qaldıran hər şeydən çəkinmək lazımdır.

Təəssüf ki, bu prinsiplərə əməl olunmadıqda, təziyə mərasimləri bəzən lüks, təlaş dolu bir tədbirə çevrilir. Nəticədə, nə yas sahibinə acısını yaşamağa fürsət verilir, nə də gələnlər öz payına düşən dərsi ala bilirlər.

Yas Sahibləri və Yemək Məsələsi

Cənazə sahiblərinin kədərini rahat yaşaması, özünü ifadə etməsi təbii bir ehtiyacdır. Şübhəsiz ki, insanlar üç günlük təziyə müddətində yeməksiz-susuz qala bilməz. Yemək bişəcək, ehtiyaclar qarşılanacaq. Amma burada diqqət edilməli olan mühüm bir məsələ var: Sünnət bizə öyrədir ki, cənazənin birbaşa yaxınları bu günlərdə yemək məsələləri ilə məşğul olmamalıdır. Onların başlıca işi təziyələri qəbul etmək və itkinin kədərini yaşamaq olmalıdır.

Əlbəttə ki, ev əhli öz ailəsi üçün yemək hazırlaya bilər. Amma bu yeməklər bir ziyafətə, camaatı yığmağa yönəlməməlidir. Əsas məqsəd acı yaşayan insanlara yük olmaq deyil, onların yükünü azaltmaqdır.

İslam Alimlərinin Məsələyə Baxışı

Bu məsələdə məzhəblərin də maraqlı və faydalı fikirləri var:

Hanəfi Məzhəbi:

  • İbnü’l-Hümam qeyd edir ki, cənazə sahiblərinin camaata yemək verməsi məkruhdur. Ziyafət sevincli günə aiddir, kədərli günə yox.

  • Cərir ibn Abdullah bildirir ki, səhabələr bu cür toplaşmaları cahiliyyə adəti kimi qəbul edərdi. Hətta bu, haram olan niyaha (yüksək səslə ağı deyib baş yarmaq və s.) ilə eyniləşdirilirdi.

  • Hələbi də cənazə sahibinin yemək verməsini məkruh sayır. Amma qonşuların və qohumların yas sahiblərinə yemək bişirib gətirməsi bəyənilən bir əməldir.

  • Bəzzazi isə bildirir ki, ölünün 1-ci, 3-cü, 7-ci günündə yemək bişirilməsi məkruhdur. Hətta bəzən qəbrə yemək aparmaq, Quran oxutmaq adı ilə süfrələr açmaq da belədir. Əgər bu yeməklər ehtiyac sahiblərinə verilirsə, bu müstəsnadır və savabdır.

Şafii Məzhəbi:

  • İmam Şafii hesab edir ki, qonşular və qohumlar cənazə evinə bir gecə-gündüz yemək hazırlayıb aparsalar, bu gözəl və sünnətə uyğun bir davranışdır.

  • İmam Nəvəvi isə deyir ki, bu məsələdə əsas olan ölü sahiblərinin yemək verməməsidir. Belə bir adət nə sünnətdir, nə də tövsiyə olunur. Əgər qadınlar ağı deyib ağlaşmaq üçün yığışıblarsa, onlara yemək vermək caiz deyil, çünki bu günahda vasitə olmaq deməkdir.

Sünnətdən Əsaslı Bir Nümunə

Peyğəmbərimizə (s.ə.s) Cəfər ibn Əbu Talibin Mütə döyüşündə şəhid olduğu xəbəri çatanda, o, dərhal səhabələrə göstəriş verdi ki, Cəfərin ailəsi üçün yemək hazırlasınlar. Çünki bu ailə elə bir dərdin içində idi ki, yemək düşünəcək halda deyildilər. Bu nümunə bizə əsas meyarı göstərir: Hüzndə olan insanları yükləmək deyil, yükünü bölüşmək lazımdır.

Zamanımızın Külfətləri və Təkliflər

Təəssüf ki, bu gün bəzi bölgələrdə təziyə mərasimləri ciddi maddi yükə çevrilib. Bölgələrdə üç gün ərzində yüzlərlə. Bu isə ailələri ağır borc altına salır, hətta bəziləri bankdan kredit belə götürür. Halbuki təziyə bir ibadət, bir dərs və bir təskinlik məkanıdır — maddi yarış sahəsi deyil.

Bu səbəblə aşağıdakı tövsiyələrə əməl olunması faydalı olar:

  1. Yas sahibləri yemək və qonaqlıq işləri ilə məşğul edilməməlidir.

  2. Yeməyi qonşular, qohumlar və dostlar hazırlayıb, sadə və riyasız şəkildə təqdim etməlidirlər.

  3. Təziyəyə gedənlər əsasən yemək vaxtı deyil, daha münasib saatları seçməlidirlər.

  4. Dərnəklər, fondlar və bələdiyyələr bu məsələdə israf etmədən və nümayişə yol vermədən köməkçi ola bilərlər.

  5. Maddi imkanı zəif olan ailələr yemək verməyə məcbur olmadıqlarını bilməli, bu səbəbdən borc altına girməməlidirlər.

Unutmayaq ki, təziyə mərasimlərinin əsil məqsədi ölümü xatırlamaq və təsəlli tapmaqdır. Bu ruhiyyəni pozacaq hər bir haldan uzaq durmaq lazımdır.

Hiç yorum yok:

Yorum Gönder

Təsəttür: Əsarət ya Azadlıq?

İnsan övladı, var olduğu gündən bəri “azadlıq” və “əsarət” anlayışlarını müzakirə etmiş, bu anlayışları çox vaxt fiziki sərhədlərlə izah etm...