Bu gün bir çox insan üçün qənaətkarlıq, təvazökarlıq və səmimiyyət kimi klassik dəyərlər ya mənasız görünür, ya da sadəlövhlük kimi qiymətləndirilir. Halbuki, bu dəyərlərin dövrü keçməyib; sadəcə dövrün ruhuna uyğun şəkildə yenidən dərk olunmağa ehtiyac var. Cəmiyyətlərin geriləməsinin səbəbini daim xarici qüvvələrdə axtarmaq, bəlkə də, öz daxili halımıza baxmamaq üçün bir bəhanədir. Əslində bizi geri salan, bəzən içimizdəki dərk əksikliyi və iradə zəifliyidir.
Uzun müddət maddi rifahdan uzaq qalan cəmiyyətlər zamanla xoşbəxtlik meyarlarını dəyişdirir və rifahın gətirdiyi təcrübədən məhrum olduqları üçün o təcrübəyə bağlı əxlaqi həssaslıqlarını da itirməyə başlayırlar. Dərin yoxsulluq, bəzən başa düşməkdə çətinlik çəkdiyimiz bir düşüncə tərzi və mədəniyyət formalaşdırır. Məsələn, çox yoxsul cəmiyyətlərdə çirkin və antisanitar mühitlərin adi qəbul edilməsi müşahidə olunur. Halbuki, maddi çirkliliklə yoxsulluq arasında məcburi bir bağ yoxdur; insan az imkanla da təmiz və nizamlı yaşaya bilər. Bu isə göstərir ki, uzunmüddətli yoxsulluq cəmiyyətin bəzi əxlaqi sütunlarını aşındırır, dəyərlərin mənasını dəyişdirir.
Zənginlik, İstehsal və Sömürgəçilik
Bir cəmiyyətin rifaha qovuşması üçün yalnız sərvət yox, bu sərvəti formalaşdıracaq bilik, əməyin təşkili və istehsal vasitələri lazımdır. Tarix boyu böyük sivilizasiya sıçrayışlarının arxasında artıq əmək və bu əmək vasitələrinin cəmləşməsi dayanır. Lakin Sənaye İnqilabı və Coğrafi Kəşflərdən sonra sömürgəçiliyin xarakteri dəyişdi. Artıq məsələ yalnız fiziki zənginliyin ələ keçirilməsi deyildi; insanların zehninin də mənimsənilməsi bu prosesə daxil oldu. Bir xalqın üstünlük qazanması üçün digərlərinin insanlıqdan uzaqlaşdırılmasına ehtiyac yoxdur. Bir cəmiyyətin rifahı mütləq şəkildə başqa bir cəmiyyətin fəlakəti üzərində qurulmalı deyil. Daha ədalətli bölüşmə modelləri mümkündür və insanlar bu istiqamətdə düşünməlidirlər.
Zənginlik və Dindarlıq Arasında Əlaqə
İslam baxımından nə zənginlik, nə də yoxsulluq təriflənmir. Əsas məsələ insanın Allahla olan bağını qorumasıdır. Həm zənginlik, həm də yoxsulluq insanı dindən uzaqlaşdıra bilər. Bu baxımdan əxlaqi zəifliklər var-dövlətlə və ya onun yoxluğuyla deyil, insanın iç dünyasıyla bağlıdır. Məsələn, təkəbbür təkcə varlılara və rəhbərlərə xas deyil; ən sadə insan da bəzən daha yüksək mövqe sahibi olanlardan daha təkəbbürlü ola bilər.
Yaxşılıq və yardım isə miqyasla ölçülmür. Peyğəmbərin buyurduğu kimi, bir insana təbəssüm etmək, yolda maneə olan bir daşı götürmək, həyat yoldaşına sevgi ilə bir tikə vermək – bunların hamısı sadə, amma mənəvi baxımdan dəyərli əməllərdir. Bunlar “yoxsul təsəllisi” deyil, çünki təbəssüm ehtiyacı və mehribanlıq istəyi və ya sünnədə olan digər məsələrlər, məsləhətlər yoxsulluqla bağlı deyil.
Xoşbəxtlik, Rifah və Cəmiyyətin Daxili Tarazlığı
Bəli, xoşbəxtlik müəyyən qədər rifahla bağlı ola bilər. Ancaq bu, bir qayda deyil. Bəzən rifah artdıqca gözləntilər də artır və bu, insanı daha da narazı və narahat edə bilər. Cəmiyyətdə rifahın ümumi yayılması xoşbəxtlik göstəricilərinə təsir etsə də, bu rifah ədalətli bölüşdürülməzsə, daxili narazılıqlar qaçılmaz olar. Amma bu da dəyişməz qanun deyil; çox şey cəmiyyətin dəyərləri və yönəldiyi mənəvi mərkəzdən asılıdır.
Siyasi Hakimiyyət və Müasir Dünya Nizamı
Siyasi güc çox zaman maddi güc üzərindən qurulur. Müasir dövrdə isə “özünüidarə” anlayışı belə, bir seçim və ya təbii haqq kimi deyil, müəyyən tarixlərin və güc münasibətlərinin nəticəsi kimi dəyərləndirilir. İnsanların dillərinin, mədəniyyətlərinin sıradan çıxarılması, iqtisadi imkanlarının məhdudlaşdırılması və əməyə kimliyinin itirilməsi, yad olması – bunların hamısı müasir dünyanın reallıqlarıdır. Halbuki insanlar daha yaxşı yaşamaq üçün bir-birilərinə bu qədər sərt və qəddar davranmaq məcburiyyətində deyillər.
Bugünkü dünyanın quruluş mərhələsi əsasən Coğrafi Kəşflərlə başlayıb. Bu dövrdə pulun istiqaməti dəyişdi, sərvəti və gücü formalaşdıran vasitələr yeniləndi. Qərb bu dəyişikliklərdən faydalanaraq rifahı öz içində yaydı, digərləri isə bu yeni nizamın çarxlarında ya məğlub oldu, ya da sömürülməklə qarşılaşdı. Ona görə də, zənginliyin formalaşma mərhələlərini və onun bir cəmiyyətdə yaratdığı dəyişiklikləri başa düşmədən müasir dünyanın necə qurulduğunu anlamaq mümkün deyil.
Hiç yorum yok:
Yorum Gönder