Müasir dövrdə geniş yayılmış praktiklərdən biri olan yoqa və meditasiya zahirdə rahatlıq və mənəvi tarazlıq vəd etsə də, bu anlayışların tarixi kökləri və müsəlmanlar üçün hansı məna kəsb etdiyi daha dərindən təhlil edilməyə ehtiyac duyur.
Yoqa – Hinduizm, Buddizm və ümumilikdə Uzaq Şərq mədəniyyətlərinə əsaslanan bir sıra texnika və məşqlər toplusudur. Bu praktika həm fiziki, həm də zehni məşğələləri, o cümlədən nəfəs çalışmalarını özündə birləşdirir və çox zaman fərdi “xilas”a aparan bir yol kimi təqdim olunur. Meditasiya isə, əksər hallarda yoqanın bir hissəsi kimi qəbul edilir və diqqətin daxilə yönəldilməsi, sakitlik və zehni duruluq üzərində cəmlənir. Hər iki fəaliyyətin kökü dini xarakter daşıyan mərasimlərə dayanır. Bununla belə, bu gün bir çox insan onları sırf rahatlama, idman və ya sağlamlıq məqsədilə etdiyini qeyd edir və dini bir çərçivəyə salmır.
İslam düşüncəsində, bir davranış və ya rəmz hər hansı bir batil inanc sisteminə və ya dini ənənəyə bağlıdırsa, müsəlman fərd olaraq bu mövzuda həssaslıq göstərməliyik. Peyğəmbərimiz Hz. Muhəmməd (s.ə.s.) bu məsələdə xüsusilə diqqətli idi və müsəlman cəmiyyətinin digər dinlərdən fərqli və müstəqil bir kimliklə formalaşmasına böyük önəm verirdi. Onun həyatında bu istiqamətdə göstərdiyi nümunələr kifayət qədərdir:
-
Məkkədə müşriklərə, Mədinədə isə yəhudilərə fərqlilik göstərmiş, onlara bənzəməməyi tövsiyə etmişdir.
-
Saç düzümündən tutmuş, bığ və saqqal formasına qədər bir sıra sahələrdə digərlərinə bənzəməməyi önə çəkmişdir.
-
Aşura günü yəhudilərin oruc tutduğunu gördükdə “Biz Musaya sizdən daha yaxınuq” buyuraraq, həmin günü oruc tutmağı təşviq etmiş, lakin onlara bənzəməmək üçün bir gün əvvəl və ya bir gün sonra da oruc tutulmasını tövsiyə etmişdir.
-
Namazın qadağan olunduğu müəyyən vaxtlardan biri də, başqa dinlərə mənsub şəxslərin ibadət etdikləri zamanla üst-üstə düşməmək prinsipinə əsaslanır.
Bu kimi nümunələr bizə göstərir ki, İslam təkcə inanc sistemində deyil, gündəlik həyatdakı davranış və simvolik seçimlərdə də fərqlilik və özünəməxsusluğu qorumağa çağırır.
Peyğəmbərimizin (s.ə.s.) “Kim bir qövmə bənzəyərsə, o da onlardandır” (Əbu Davud) kəlamı, bu kimi məsələlərə yanaşmada bizə əsaslı bir ölçü verir. Əgər hər hansı bir davranış və ya ritual dini kökə sahibdirsə, zamanla məzmunu dəyişsə belə, müsəlmanın buna qarşı ehtiyatlı olması və həssas davranması vacibdir. Müasir dövrdə yoqa və meditasiya “universal mədəniyyət” adı ilə təqdim olunur və psixoloji rahatlıq, stressin azaldılması, hətta intiharın qarşısının alınması kimi faydaları ilə təşviq edilir. “Qədim hikmətlər” adı ilə bu praktikalar cazibədar göstərilsə də, əgər onların mənşəyi başqa bir dinə aid ritual xarakteri daşıyırsa – ki, bu haqda ümumi razılıq mövcuddur – o zaman müsəlman bu fəaliyyətlərdən uzaq durmalıdır. İslam başqasına məxsus dini simvol və davranışlardan istifadəyə qarşı prinsipial mövqe tutur. Belə olan halda, müsəlmanlar təsirlənən deyil, təsir edən olmalı, öz kimliyini qorumalı və bu məsələlərdə ayıq-sayıq davranmalıdır.
Bu vəziyyət, memarın öz binasını tikərkən, sırf estetik cəhətdən cəlbedici görünür deyə, başqa bir mədəniyyətə – məsələn bir məbədə – məxsus simvol və rəmzləri istifadə etməsinə bənzəyir. Bu simvollar zahirdə faydalı və cazibədar görünsə də, nəticə etibarilə həmin memarın orijinal və təmiz kimliyinə kölgə sala bilər.
Hiç yorum yok:
Yorum Gönder