6 Kasım 2025 Perşembe

Müsəlman Depressiyaya Düşərmi?

“Müsəlman depressiyaya düşərmi?” sualı ilk baxışdan maraqlı görünsə də, ümumiləşdirici yanaşma olduğu üçün yanıldıcıdır və bizi doğru nəticəyə gətirmir. Belə tərz suallar və yanaşmalar, insanın daxili dünyasına mənfi təsir edə bilər və əksinə, onu daha da dərin ruhi sıxıntılara sürükləyə bilər. Buna görə də, xüsusilə ruhi və psixoloji mövzularda ümumi mühakimələrdən çəkinmək lazımdır.

Unutmamalıyıq ki, hər bir insan kimi bir müsəlman da zaman-zaman ruh düşkünlüyü və psixoloji pozuntular yaşaya bilər. Bu hal yalnız adi insanlar üçün deyil, eyni zamanda elm sahibi, düşüncəli və yüksək mənəvi səviyyədə olan şəxslər üçün də keçərlidir. Depressiya – bir zəiflik deyil, bir xəstəlik və ruhi bir gərginlik halıdır. Əslində, səhabələr dövründə də bu gün “depressiya” adlandırdığımız vəziyyətin bənzəri ruhi sıxıntılar müşahidə olunmuşdur. Hədis mənbələrinə nəzər saldıqda görürük ki, bəzi səhabələr Peyğəmbərimizə (s.ə.s) yaxınlaşıb belə demişlər: “Qəlbim daralır, içimdə çıxara bilmədiyim bir ağırlıq var, heç nədən ləzzət ala bilmirəm, əvvəllər Quran oxuyarkən ürəyim titrəyərdi, indi isə bu halı hiss etmirəm, imanla bağlı ağlıma pis fikirlər gəlir, içimdə dərin şübhələr yaranır...” Bu ifadələr, əslində, bu gün depressiya adlandırılan halın əlamətlərini xatırladır. Həzrət Peyğəmbər (s.ə.s) onların duyğularını dinləmiş, bəzən də səhabələrin dilə gətirə bilmədikləri vesvəsələri özü dilə gətirərək onları rahatlaşdırmışdır. Müalicə olaraq isə bir neçə yol göstərmişdir:

  • Ruqyə (dua, surə və ya ayələr oxuyaraq şəfa axtarma) üsulunu tətbiq etmişdir.

  • Bəzilərinə yetimlərlə maraqlanmağı, bəzilərinə qəbiristanlığa gedərək təfəkkür etməyi və istiğfar etməyi, bəzilərinə yaşlıları ziyarət edib ibrət götürməyi, bəzilərinə isə kainatdakı ayələri seyr etməyi tövsiyə etmişdir.

Bütün bunlar göstərir ki, Peyğəmbərimiz (s.ə.s) ruhi problemləri görməzdən gəlməmiş, əksinə, onları qəbul edərək həll yolları təklif etmişdir.

Müsəlmanların da ruhi və psixoloji çətinliklərlə qarşılaşa biləcəyini nəzərə alaraq, aşağıdakı məsələlərə diqqət yetirilməlidir:

  1. İman Zəifliyi Xətası
    Depressiyaya düşən bir şəxsə “imanı zəifdir” kimi yanaşmaq çox yanlışdır. Bu cür yanaşma, əksinə, həmin şəxsin yükünü daha da ağırlaşdıra bilər. Unutmayaq ki, iman və elm baxımından yüksək səviyyədə olan insanlar da belə hallarla üzləşə bilərlər.

  2. Müalicə və Diaqnoz Mərhələsi
    “Niyə belə oluram?” deyə üsyan etmək əvəzinə, bu halı bir xəstəlik kimi qəbul edib səbəbini araşdırmaq və düzgün müalicə yolları axtarmaq lazımdır. Necə ki, bədənimizin xəstəliyi üçün həkimə gedirik, eyni şəkildə ruh sağlamlığı da xüsusi diqqət və mütəxəssis dəstəyi tələb edir.

  3. Mütəxəssis Dəstəyi Almaq
    Əgər yaşadığımız ruhi sıxıntının səbəbini anlaya və ya həll edə bilməmişiksə, çəkinmədən bu sahədə ixtisaslaşmış mütəxəssislərə müraciət etməliyik. Bu, sadəcə həkimə getmək qədər təbii və zəruri bir addımdır. Allahın yerüzünə qoyduğu səbəblərdən istifadə etmək bir vəzifədir.

  4. Vəsvəsələrin Rolu
    Xüsusilə imanlı insanların dini inanc sahəsində yaşadıqları vesvəsələr, ruhi təzyiqləri və depressiya hallarını daha da dərinləşdirə bilər. Bu kimi hallarda həm mənəvi dəstək, həm də psixoloji yardım eyni anda vacib ola bilər.

  5. Problemlə Üzləşmək
    Mövcud problemi gizlətmək və görməzdən gəlmək çıxış yolu deyil. Əsl həll, həmin hal ilə üzləşmək və bu istiqamətdə səlahiyyətli və layiqli şəxslərdən kömək almaqdır. Peyğəmbərimizin (s.ə.s) “Allah yaratdığı hər bir xəstəliyin dərmanını da yaratmışdır” (Əbu Davud) hədisi bu istiqamətdə həm ümid, həm də mübarizə ruhu aşılayır.

Əgər ətrafımızda ruhi sıxıntı yaşayan insanlar varsa, onlara biganə qalmamalı, əlimizdən gələn mənəvi və praktiki dəstəyi göstərməliyik. Bugün biz bu vəziyyətdə olmaya bilərik, lakin sabah eyni imtahanla qarşılaşacağımızı heç kim inkar edə bilməz. Əsas məsələ – heç bir çətinliyin, o cümlədən ruhi sıxıntıların da altında əzilməmək üçün şüurlu bir şəkildə mübarizə aparmaqdır.

Hiç yorum yok:

Yorum Gönder

Bitməyən Bir Səfər: Tapmış Olmaq Bitirmiş Olmaqdır?

Dini həyat sadəcə müəyyən mərasimlər və rituallardan ibarət bir dövr deyil, əksinə, davamlı bir səfərdir. Bu yolçuluğun arxasında dayanan ik...