Müasir dövrün gətirdiyi psixoloji gərginliklər və bədənə dair şikayətlər insanları fərqli müalicə üsullarına yönəldir. Son illərdə diqqət çəkən bu üsullardan biri də hipnoz və şüuraltının təmizlənməsi ilə bağlıdır. Amma bu mövzuda həm dini, həm də elmi cəhətdən düzgün yanaşma vacibdir.
Hipnoz – insanın şüuraltında dərinləşmiş və özü belə fərqində olmadığı düşüncə, hiss və davranış nümunələrinin xüsusi zehni diqqət və rahatlama halında, yəni oyaqlıqla yuxu arasında bir vəziyyətdə, tədricən və sistemli şəkildə ortaya çıxarılıb dəyişdirilməsidir. Bu üsul həm psixoloji, həm də bəzi bədənlə bağlı narahatlıqların müalicəsində istifadə oluna bilər. Fobiyalar, panik ataklar, yuxu pozğunluqları, stress, asılılıqlar, seksual problemlər, piylənmə, hətta miqren kimi sahələrdə tətbiq olunur. Şüuraltı isə insanın uşaqlıqdan və ya həyatının müxtəlif mərhələlərində yaşadığı, amma fərqində olmadığı duyğu və düşüncələrin yığıldığı bir növ yaddaş sahəsidir. Buradakı “gizli” izlər insanın davranışlarını və emosional reaksiyalarını mənfi göstərə bilər. Xüsusilə uşaqlıq travmaları bu sahədə dərin izlər buraxa bilər.
Ruh da bədən kimi xəstələnə bilər və bu zaman da mütəxəssis yardımı almaq lazım gəlir. Əsas məsələ odur ki, tətbiq olunan üsul həm halal, həm də elmi cəhətdən əsaslı olmalıdır. Ən vacib şərtlərdən biri isə işi bilən və bu sahədə ixtisaslaşmış şəxslərə müraciət edilməsidir. Tibbi biliyi olmayan şəxslərin müdaxiləsi ciddi fəsadlar törədə bilər.
Dini yöndən hipnozla müalicənin halal sayılması üçün beş əsas meyar önəmlidir:
-
Tibbi cəhətdən qəbul olunmuş üsul olması: Yəni bu üsul elmi cəhətdən təsdiq olunmalı və mütəxəssislər tərəfindən qəbul edilməlidir.
-
Yalnız müalicə məqsədilə istifadə olunması: Hipnoz şəxsi məqsədlər, manipulyasiya və ya psixoloji təsir üçün istifadə edilməməlidir. Niyyətin saf olması əsas şərtdir.
-
Xəstənin razılığı: Hipnoz tətbiq olunmazdan əvvəl xəstənin açıq şəkildə razılığı alınmalıdır. Razılığı olmayan və ya razılıq verə bilməyən şəxslərdə (məsələn, uşaqlarda) xüsusi ehtiyat və əlavə dəyərləndirmə tələb olunur.
-
Tətbiq edənin peşəkar olması: Hipnozu həyata keçirən şəxs sahənin mütəxəssisi olmalıdır. Hz. Peyğəmbərin (sav) buyurduğu kimi, tibbi biliyi olmayan şəxsin müdaxiləsi nəticəsində zərər verilməsi məsuliyyət doğurur.
-
Həqiqi ehtiyac və riskin nəzərə alınması: Hipnoz çox incə və həssas bir sahədir. Ona görə də, ehtiyac yoxdursa və ya risk yüksəkdirsə, tətbiq olunmamalıdır. Şüuraltına edilən səhv müdaxilələr bəzən düzəldilməsi çətin nəticələrə səbəb ola bilər.
Hiç yorum yok:
Yorum Gönder