Bu yazıda, Peyğəmbərimiz Hz. Muhəmmədin (s.ə.s.) adi bir gününün necə keçdiyini – xüsusilə də Ramazan ayı olmayan bir cümə axşamını – qısaca təsvir etməyə çalışacağıq. Məqsədimiz Onun gündəlik həyatına bir qədər də yaxınlaşıb bəzi mühüm məqamları daha aydın başa düşməkdir.
Sübh namazı və ondan sonrakı məclis
Peyğəmbərimizin (s.ə.s.) günü, Mədinə məscidinin müəzzini Abdullah ibn Ümmü Məktumun səsləndirdiyi azanla açılırdı. Çox vaxt artıq oyanıq olurdu, bəzən isə azan səsinə qalxırdı. Dəstəmaz alıb bir qədər uzanır, bu zaman belə zikr və dua ilə məşğul olurdu. Sonra Bilal-i Həbəşi bir azan daha oxuyar, Peyğəmbərimiz hansı xanımının otağındadırsa (çox vaxt Hz. Aişənin otağı yaxın idi, amma 9 otaq mövcud idi) ordan çıxardı. Ənəs ibn Malikdən (r.a) gəlib çatmış rəvayətə görə, O, Məscid-i Nəbəviyə çox asta addımlarla gedərdi ki, görənlər Onu izləyib feyz alsınlar.
Namaz vaxtı çatanda iqamə oxunar, Allah Rəsulu (s.ə.s.) imam kimi önə keçər, camaata düz saf tutmağı, çiyin-çiyinə, ayaq-ayağa durmağı tövsiyə edərdi. Bu, təkcə namazın deyil, həyatın da bir nizamda olmasının simvolu idi. Hz. Ömərin (r.a) də bu mövzuda camaatı düzəltmək üçün arxa sıralarda saf düzənini yoxladığı məlumdur.
Sübh namazında adətən 40-50 ayə oxuyardı. Bəzən daha uzun çəkərdi. Hz. Aişə (r.a.) deyir ki, Rəsulullah Quranı o qədər açıq-aşkar və aydın oxuyardı ki, sözləri saymaq mümkün olardı. Bir çox səhabə sadəcə Onun arxasında namaz qılmaqla Quranı əzbərləmişdir. Sübh namazı təxminən 20-25 dəqiqə çəkərdi.
Namaz bitəndə hamı öz yerində zikrini, təsbihini edərdi. Peyğəmbərimiz də orada oturur, bəzən yarım saat, bəzən bir saata qədər zikr və dua ilə məşğul olardı. Səhabələr də Onu izləyər, eyni ilə edərdi. Osmanlı dövründə bu təsbihatın camaatla edilməsi də insanların fərdi şəkildə etməməsi ehtimalına qarşı düşünülüb.
Zikrini tamamladıqdan sonra camaata üz tutar, çox vaxt suallar verər, yuxuları soruşar və yozardı. Bəzən özü də gördüyü yuxunu danışar, ya da Mədinədə baş verən bir hadisəni izah edərdi. Çöl tərəfdən gələnlər sual verdikcə, səhabələr daha çox öyrənərdi.
Suallara dair nümunələr:
-
Biri Peyğəmbərimizin (s.ə.s.) nəsəb kökünü soruşmuş, O da: “Mən atam İbrahimin duası, qardaşım İsanın müjdəsi, anam Aminənin yuxusuyam” – demişdi.
-
Başqa biri babası Əbdülmuttəlib haqqında soruşmuş, Peyğəmbərimiz də 8 yaşında babasının yanında keçən xatirələrini bölüşmüşdü.
-
Bir sual da valideynlərinin axirət vəziyyəti ilə bağlı idi. Rəsulullah onların hənif (tövhid əhli) olduqlarını bildirmişdi.
Bu söhbət bəzən bir saata qədər davam edər, səhabələr üçün ruhani bir qida olardı.
Duha namazı və günlük işlər
Söhbət bitdikdən sonra Peyğəmbərimiz (s.ə.s.) yerində oturur, duha vaxtı girəndə 2 rükət duha namazı qılardı. Bəzən isə mühüm səbəblərdən dərhal məsciddən ayrıldığı da olurdu – məsələn, İla hadisəsi zamanı bir ay xanımları ilə danışmadığı vaxtlarda belə söhbətlər olmamışdı.
Namazdan sonra, yəni təxminən saat 7:30-8 arası hansı xanımının evində qalıbsa ora geri qayıdar, “Nə var?” deyə soruşar, varsa səhər yeməyi yeyərdi. Əgər süfrədə bir şey yox idisə, “Allah bu gün bizə ruzi verməyibsə, oruc tutarıq” deyərək oruca niyyətlənərdi. Lakin bu seçdiyimiz cümə axşamı günü Peyğəmbərimiz (s.ə.s.) oruclu deyildi.
Təxminən saat 8:30-dan sonra Mədinə küçələrində idi: xəstə ziyarət edər, ehtiyacı olanlara baş çəkər, bazarı nəzarətdə saxlayar, Mədinənin idarə işlərinə baxardı. Peyğəmbərimiz (s.ə.s.) yeriyərkən dik durar, addımlarını sürətlə atar, israf etmədən, ehtişam göstərmədən yeriyərdi.
Zöhr və Əsr namazları
Peyğəmbərimiz günorta, əgər yaydırsa namazdan əvvəl, qışdırsa sonra bir qədər yuxu (qaylulə) edərdi. Zöhrün ilk sünnətini evində qılar, məscidə gedər, fərzi camaatla qıldırar, sonra ya yerində, ya da evində zikrini edərdi. Zöhrdən sonra son sünnəti də evində qılardı, bunu, evlərin qəbiristan olmaması tövsiyəsinə uyğun edərdi.
Hicrətin altıncı ilindən sonra Peyğəmbərimiz (s.ə.s.) xüsusilə cümə axşamı günorta vaxtını qadınlara ayırardı. Məscid böyüdükcə qadınlar suallarını rahat soruşa bilmədiyi üçün xüsusi bir gün təyin edilmişdi. Peyğəmbərimiz bu vaxtda qadınlarla bir saata qədər söhbət edər, suallarını cavablayardı.
Sonra yenə işlərinə dönər, məktublar, Suffa tələbələrinin təhsili kimi işlərlə məşğul olardı.
Əsr vaxtı yenə məsciddə olar, namazını qılar, sonra xanımlarını ziyarət edərdi. Bu ziyarətlər həm ailəvi, həm də dini tərbiyə baxımından əhəmiyyətli idi.
Axşam və işa namazları
Axşam namazını camaatla qıldırar, o gecə hansı xanımının evində qalacaqsa, digər xanımlarını da ora toplayar, birlikdə söhbət edər, axşam yeməyini yeyərdi. Yemək çox vaxt sadə olardı – bir stəkan süd, bir neçə xurma kifayət edərdi.
İşa namazından sonra isə əgər zərurət yoxdursa, artıq danışmaz, birbaşa evinə çəkilər və gecə həyatına başlayardı...
Bu qısa xülasə, Peyğəmbərimizin (s.ə.s.) gündəlik həyatına dair kiçik bir pəncərədir. Onun bu gözəl nizamını öyrənib həyatımıza daşımaq bizim üçün böyük bir qazanc olar.
Hiç yorum yok:
Yorum Gönder