15 Temmuz 2025 Salı

Raşidi Xəlifələr Dönəmində İqtisadi Vəziyyət (Hz. Ömər Nümunəsində) | Raşidi Xəlifələr - 7

Xüləfa-i Raşidin dövrü İslam cəmiyyətinin iqtisadi həyatında mühüm dəyişikliklərin baş verdiyi bir mərhələdir. O vaxt iqtisadi vəziyyətdən danışanda bugünkü geniş mənada iqtisadiyyat nəzərdə tutulmurdu. Əsas diqqət dövlətin gəlir mənbələri və bu gəlirlərin necə xərcləndiyinə yönəlirdi. Ticarət, əkinçilik, heyvandarlıq və sənətkarlıq da iqtisadi həyatın ayrılmaz hissəsi olsa da, həmin dövr üçün ən vacib mövzu dövlət büdcəsinin gəlir və xərcləri idi. Bu dövrdə iqtisadi dəyişikliklər əsasən Peyğəmbərimizin (sav) dövründən fərqli olaraq yeni ortaya çıxan tətbiqlərlə bağlı idi və mövzunun böyük bir hissəsi Hz. Ömərin siyasətinə əsaslanırdı. Hz. Osman və Hz. Əli dövründə isə əvvəlki siyasətə ciddi dəyişikliklər edilmədi.

İslam dünyasında iqtisadi mövzularla bağlı qələmə alınan əsərləri ümumən iki böyük başlıq altında toplamaq olar:

  • Kitabül-Xərac (Xərac kitabları): Bu əsərlər əsasən vergilərdən bəhs edir. Əbu Yusufun Kitabül-Xəracı bu mövzuda ilk və ən vacib nümunələrdən biridir. Əbu Yusuf, İmam Əzəmin ən məşhur tələbələrindən hesab olunur.

  • Kitabül-Əmval (Mallar kitabları): Bu əsərlər isə dövlətin ümumi gəlir və xərclər sistemini araşdırır. Bu sahədə ilk əhəmiyyətli nümunələrdən biri, hədis elmi sahəsində də adı çəkilən Əbu Ubeyd əl-Qasım ibn Səllamın Kitabül-Əmval əsəridir. Ondan sonra İbn Zəncəveyhin Kitabül-Əmval əsəri də bu mövzuda əhəmiyyətli mənbədir.

Bundan əlavə, bu məsələlərə dair əsas istinad mənbələri Quran, təfsirlər, fiqh kitabları, hədis topluları, siyər və tarix kitablarıdır.

Dövlətin Əsas Gəlir Mənbələri və Hz. Ömərin Yenilikləri
Hz. Ömər dövründə beytülmalın gəlirləri əsasən üç əsas sahəyə bölünürdü: fey, xüms və sədəqə (zəkat). Xüsusilə fey gəlirləri Hz. Ömərin iqtisadi siyasətinin təməlini təşkil edirdi.

1. Xərac (Torpaq Vergisi)

"Xərac" sözü bugünkü dildə ümumi vergi mənasında işlədilsə də, İslam hüququnda əsasən qeyri-müsəlmanların əkin torpaqlarından alınan vergi mənasındadır. Maraqlıdır ki, bir müsəlman bir qeyri-müsəlmandan xərac torpağı alarsa, torpağın statusu dəyişmir və həmin torpaq üçün xərac vergisi verilməyə davam olunur. Bu, xəracın şəxsdən deyil, torpağın statusundan asılı olduğunu göstərir. Xəracla zəkatın əsas fərqi bundadır: zəkat məhsul vergisidir – məhsul olmadan zəkat düşmür. Amma xərac, torpaq əkilsə də, əkilməsə də müəyyənləşdirilmiş miqdarda alınır.

Hz. Ömərin mühüm qərarlarından biri də fəth olunan torpaqları (məsələn, İraq ərazisindəki Sevad bölgəsi) qənimət kimi əsgərlərə bölüşdürməməsi, yerli əhalinin istifadəsində saxlaması və əvəzində xərac alması idi. Bu məsələ o vaxt sahabələr arasında geniş müzakirə olunmuş, bəzi səhabələr buna etiraz etmişdilər. Onlar, qılıncla əldə etdikləri torpaqların savaşda iştirak etməmiş uşaqlara qalmasının ədalətsiz olduğunu bildirirdilər. Hz. Ömərin əsas məqsədi gələcək nəsillərin əllərində heç bir imkan qalmamasının, insanların kölə vəziyyətinə düşməsinin və torpaqların atıl vəziyyətdə qalmasının qarşısını almaq idi. O deyirdi ki, əgər bu torpaqlar bölünsə, gələcək nəsillərin öz zəhməti ilə bir şey qazanması çətinləşəcək. Bu qərar həm də İslamın yayılmasını asanlaşdıran və insani dəyərləri qoruyan mühüm addım hesab olunur.

Hənəfilər Peyğəmbərimizin (sav) Xeybərdə torpaqları bölüşdürməsi ilə Hz. Ömərin Sevad bölgəsi qərarının hər ikisinin də faydalı nümunə olduğunu qəbul edirlər. İmam Şafii isə torpağın ayədə keçən "mə" (mal) anlayışına daxil olduğunu deyərək qənimət kimi bölüşdürülməli olduğunu iddia etmişdir.

2. Cizyə (Baş Vergisi)

Cizyə qeyri-müsəlmanlardan, əsasən Əhli-Kitabdan alınan vergidir. Quranın Tövbə surəsinin 29-cu ayəsində, Allah (azzə və cəllə) Əhli-Kitabdan cizyə alınmasını açıq şəkildə əmr edir. Bu ayəyə görə, Allah və axirət gününə inanmayan, Allahın və Rəsulunun haram buyurduğunu haram saymayan və haqq dini qəbul etməyən Əhli-Kitabla, cizyə verib təslim olana qədər döyüşmək əmr olunur.

Cizyə bəzən ümumi, bəzən də fərdi şəkildə yığılırdı. Hz. Ömər fəth edilən ərazilərdə qeyri-müsəlman əhalini öz yerlərində saxlayaraq (məsələn, Qüds, Misir, Suriya fəthlərində) bu ayəyə əməl etmişdir. Eyni məntiqi Fatih Sultan Mehmet də İstanbulun fəthində Rum və Erməni əhalini yerində saxlayaraq tətbiq etmişdir.

3. Sədəqə (Zəkat)
Qurani-Kərimdə və ümumən ərəb dilində “sədəqə” sözü bu günkü gündə bizim işlətməyə öyrəşdiyimiz “sədəqə” mənasında deyil, daha çox “zəkat” mənasında işlədilir. Məsələn, Tövbə surəsinin 60-cı ayəsində “İnnəməs-sədəqatu lil-füqara…” (Yəni, zəkatlar yalnız kasıblar üçündür…) deyilir.
Bizim gündəlik dildə “sədəqə” deyib nəzərdə tutduğumuz könüllü yardımların Qurandakı qarşılığı isə əsasən “infaq” sözüdür.
Zəkat dövlət üçün çox önəmli gəlir mənbələrindən biri idi və Hz. Ömər də bu mövzuda ayələr açıq şəkildə mövcud olduğuna görə əhəmiyyətli dəyişikliklər etməmişdi.

4. Ticarət Malları Vergisi (Öşr)
Hz. Ömər dövründə bir yenilik olaraq ticarət mallarından öşr adı ilə vergi tutulmağa başlanmışdı.
Bu vergi yalnız müsəlmanlardan deyil, həm də hərbilərdən (müharibə vəziyyətində olanlardan) və zimmilərdən (İslam dövlətində yaşayan qeyri-müsəlmanlardan) yığılırdı.
Müsəlmanlardan alınan hissə zəkat fonduna yönləndirilirdi, zimmilərdən və hərbilərdən alınan isə fey gəlirlərinə əlavə olunurdu.
Beləliklə, fey gəlirləri cizyə, 
xərac və ticarət malları vergisindən ibarət olmaqla üç əsas qaynağa dayanırdı.

Divan Təşkilatı və Sərvətin Paylanması
Fey gəlirlərinin artması ilə Hz. Ömər (r.a) bu sərvəti müsəlmanlar arasında daha ədalətli şəkildə bölüşdürmək üçün Divan Təşkilatını yaratdı. Bu qurum tarixdə çox orijinal və düşünülmüş bir mexanizm hesab olunur.
İlk illərdə gəlirlər daha çox Mədinədə ehtiyacı olanlara üstünlük verilərək paylanırdı.
Hz. Ömər bu bölüşdürməni illik “atiyə” (maaş deyil, illik verilən yardım) və aylıq ərzaq yardımı şəklində təşkil etmişdi.
O, iştirak etdiyi döyüşlərə və İslama xidmətlərinə görə insanları beş təbəqəyə ayırmışdı.
Peyğəmbərimizin (sav) sağ qalan xanımlarına illik 10.000 dirhəm verilirdi.
Bədir döyüşündə iştirak edənlərə isə illik 5.000 dirhəm atiyə ayrılmışdı.
Həmçinin hər bir müsəlmana aylıq iki cəlib miqdarında ərzaq verilirdi və kölələr də bu ərzaq yardımından faydalanırdı.
Uşaqların divan dəftərinə qeydiyyatı əvvəlcə süddən kəsildikdən sonra aparılırdı, amma bəzi anaların uşaqları süddən tez ayırdığı məlum olanda, doğulan kimi qeydiyyata alınması qərara alındı.
Məkkəlilər kimi “ümumiyyətlə İslam cəmiyyətinə qarışmayan” və ya cihada qatılmayan bədəvi müsəlmanlara (Ərabül-Müslimin) isə ümumiyyətlə illik atiyə və aylıq ərzaq yardımı verilmirdi, amma ehtiyac düşdükdə beytülmaldan kömək ala bilirdilər.
Bu qurum bəzən səhvən “Divanül-Ceyş” (Ordu Divanı) adlandırılsa da, əsl adı “Divanül-Ata” (Atiyə Divanı) idi.

Hz. Ömərin İrsi
Hz. Ömərin bütün bu islahatları yalnız dövrünün iqtisadi həyatını dəyişmədi, həm də gələcək nəsillərə və yazılacaq əsərlərə örnək olacaq bir sistem və düşüncə tərzi qoyub getdi. Məsələn, Əbu Ubeyd əl-Qasım ibn Səllam Kitabül-Əmval əsərini yazarkən fey, xüms və sədəqə başlıqları ilə məhz Hz. Ömərin sisteminə əsaslanıb.
Bu isə göstərir ki, Hz. Ömərin qurduğu sistem dərin Quran biliklərinə, Peyğəmbərin (sav) sünnətinə bağlılığa söykənirdi.
Hz. Ömərin divan təşkilatındakı təbəqələşdirmə yanaşması, sonrakı dövrdə İbn Sədin Təbəqat kitabında da Bədir əhlindən başlayaraq səhabələri mərhələlərə ayırmasında və soy kitablarında Qureyş qəbiləsini Bəni Haşimdən başlayaraq təsvir etməsində də öz təsirini göstərmişdir.
Bu, Hz. Ömərin təkcə dövlət idarəçiliyində deyil, həm də dini dərinliyi və uzaqgörənliyi ilə seçilən böyük bir şəxsiyyət olduğunu sübut edir.

Hiç yorum yok:

Yorum Gönder

Süni İntellekt və İnsan

Süni İntellekt əslində tam mənada bir zəkaya (intellekt) sahib deyil, əksinə, riyazi hesablamalar və alqoritmik mexanizmlər üzərində qurulmu...