12 Temmuz 2025 Cumartesi

Hz. Əli və Xilafət Dönəmi | Raşidi Xəlifələr - 4

Hz. Ömər zamanında İslam dövləti idarə baxımından möhkəm idi, ortaya çıxan problemlər dərhal nəzarət altına alınırdı. Ancaq Hz. Osman dövründə bu problemlər getdikcə böyüyərək daha da mürəkkəbləşdi. Peyğəmbərimizin (sav) vəfatından hələ 25 il belə keçməmişdi, sahabə nəsli də hələ həyatda idi, amma baş verən hadisələr çoxlarına ağır və anlaşılmaz gəldi.

Hz. Osman dövründə İslam torpaqları sürətlə genişləndi, fərqli tayfa və qövmlər müsəlman oldu, amma bu yeni vəziyyət bir çox yeni məsələni də özü ilə gətirdi. İslamı qəbul edənlərin dərhal kamil bir müsəlman olması real deyildi. İslamı tam qəbul edib, içsəlləşdirmək vaxt tələb edirdi və bu da bəzi narahatlıqlar yaratdı. Hz. Osman idarəçilikdə Hz. Ömər qədər sərt və prinsipial olmadığından problemlər dərinləşdi. “Birinci Fitnə” adlanan bu qarışıqlıq Hz. Osman’ın dönəmində başladı və Hz. Əlinin dövrünü də əhatə etdi.

Hz. Osman’a qarşı irəli sürülən ittihamların böyük hissəsi valilər məsələsi ilə bağlı idi. Ümeyyə oğullarından valilər seçilməsi xalq arasında ciddi narazılığa səbəb oldu. Hz. Ömərin məmurlara qarşı sərt mövqeyi ilə müqayisədə, Hz. Osman valilərə daha yumşaq davranırdı ki, bu da ona qarşı yönələn əsas tənqidlərdən biri idi.

Hz. Osman’ın Şəhid Edilməsi və Hz. Əlinin Mövqeyi

Nəhayət, bəzi əyalətlərdən gələn üsyançılar Hz. Osman’ın evini mühasirəyə aldılar və onu 82 yaşında şəhid etdilər. Onu öldürməyə cəhd edənlərdən biri Hz. Əlinin ögey oğlu və Hz. Əbu Bəkrin oğlu Muhəmməd ibn Əbu Bəkr idi ki, bu da tarix üçün acı bir təsadüfdür. Rəvayətə görə, Muhəmməd ibn Əbu Bəkr qılıncını Hz. Osman’ın boğazına dirəyir, amma Hz. Osman ona “Əgər atan Əbu Bəkr səni belə görsəydi nə deyərdi?” deyəndə, Muhəmməd utanıb geri çəkilir və bundan peşmanlıq duyur, lakin yarımçıq qoyduğu işi digərləri tamamlayır.

Hz. Əli, Hz. Osman’ı bəzən tənqid etsə də, ona qarşı çıxmağı heç vaxt düşünməmişdi. Hətta Misirlilər ona xəlifə olmağı təklif etsələr də, Hz. Əli bu təklifləri qəbul etməmişdi. O, əksinə, Hz. Osman’ı yanlış qərarlardan çəkindirməyə, üsyançıları dayandırmağa çalışmışdı. Oğulları Hz. Həsən və Hz. Hüseyni Hz. Osman’ın mühafizəsi üçün göndərmiş, hətta onlar bu mühasirə zamanı yaralanmışdılar. Lakin Hz. Əli vəziyyətin bu dərəcəyə çatacağını, Hz. Osman’ın öldürüləcəyini gözləmədiyi üçün özü birbaşa müdaxilə etməmişdi. Üsyançıların əvvəlcə sadə şikayətlərlə gəlməsi, gah dağılıb gah da yenidən toplaşmaları, hətta Hz. Osman ilə birlikdə namaz qılmaları bu işi əvvəlcədən tam anlamağı çətinləşdirirdi.

O dövrdə Ümeyyə ailəsi Hz. Osman hələ sağ ikən Hz. Əliyə qarşı təbliğata başlamışdı. Muaviyə də Hz. Osman şəhid edildikdən sonra artıq Hz. Əliyə qarşı bir duruş sərgiləməyə başlamışdı. 

Hz. Əlinin Xəlifə Olması və Qanunilik Məsələsi

Hz. Osman qətlə yetiriləndən sonra üsyançılar yeni xəlifə seçməkdə tərəddüd etdilər. Talha, Zübeyr və Hz. Əliyə müraciət etdilər. Onların heç biri üsyançılar tərəfindən hakimiyyətə gətirilmək istəmirdi, hamısı imtina etdi. Lakin üsyançılar Hz. Əlini məcbur edib, hətta Mədinəni yandırıb-dağıtmaqla hədələyərək xəlifəliyi qəbul etdirdilər. Hz. Əli isə yalnız Mədinəlilər də beyət etsələr qəbul edəcəyini bildirdi və bu şərtlə xəlifə oldu.

Hz. Əlinin xilafətə gəlişi əvvəlki xəlifələrdən fərqli olaraq çox çətin və qarışıq bir şəraitdə baş verdi. Bu prosesdə üsyançıların böyük təsiri olduğu üçün Hz. Əli taxtda olduğu müddətcə daim qanunilik problemi ilə üzləşdi. Əvvəlkilər fəthlər və abadlıq işləri ilə məşğul idisə, Hz. Əli isə hakimiyyətini qəbul etdirmək, daxili birliyi qorumaq uğrunda daimi mübarizə aparmalı oldu.

Hz. Əlinin Qarşılaşdığı Əsas Çətinliklər

1. Qanunilik Problemi:
Hz. Əlinin xilafəti dövründə ən böyük problem məhz qanunilik məsələsi idi. Cəmiyyətin əhəmiyyətli bir hissəsi – təxminən yarısı – Hz. Əlinin hakimiyyətə gəlmə tərzini qəbul edə bilmədi, bir qismi ona beyət etməkdən imtina etdi, bir qismi isə Hz. Osmanı öldürənlərin Hz. Əlinin ətrafında olması bəhanəsi ilə geri çəkildi.

2. Siyasi Təcrübə və Dəstək Çatışmazlığı:
Hz. Əbu Bəkr və Hz. Ömər dövründə Haşimoğullarının dövlət idarəçiliyində önəmli yer tutmaması da Hz. Əlinin ailəsinin arxa planda qalmasına gətirib çıxarmışdı.
Hz. Əlinin vergi və zəkat yığımında sərt davranması, cəmiyyətdə ona qarşı narazılıq yaratmışdı.
Hz. Əli, Hz. Ömər kimi sərt idarəçi olmağa çalışsa da, Ömər kimi tam dəstəyi yox idi. Xüsusilə Şam və Misirin bir hissəsi ona beyət etməmişdi. Geniş dəstək olmadan sərt idarə üsulu işləmirdi, bəlk də, daha ehtiyatlı davranmalı idi.
Hz. Əli, əsas dəstəyi Haşimoğulları və Ənsardan alırdı. Digər tayfa və qruplara kifayət qədər yaxınlıq göstərməməsi onun sosial dayaqlarını daraltdı. Bu vəziyyət Hz. Osmanın Ümeyyə oğullarına güvənməsinə bənzədildi – çətin anlarda Hz. Əlinin yanında yalnız yaxınları qaldı.

3. İdarəçilik və Valilərin Dəyişdirilməsi:
Hz. Osman dövründə Ümeyyə oğullarına verilən valiliklər Hz. Əli hakimiyyətə gələr-gəlməz dəyişdirilməli idi. Çünki o, əvvəllər də Hz. Osmanı buna görə tənqid edirdi.
Hz. Əli isə “Sabah vəzifədən alacağım birini bu gün niyə yerində saxlayım?” deyərək valiləri dərhal dəyişdi. Muğirə ibn Şubə ona əvvəlcə valilərdən beyət almasını, sonra dəyişiklik etməsini məsləhət gördü, amma Hz. Əli bunu qəbul etmədi.
O da Hz. Osman kimi öz qohumlarından və Ənsardan bəzi şəxsləri vəzifəyə gətirdi. Bu addım Hz. Osman qədər sərt tənqid edilməsə də, eyni qaydada “qohumbazlıq” kimi qiymətləndirildi. Hz. Əli bunu Peyğəmbər dövründə və əvvəlki xilafət dövrlərində bu insanların kənarda saxlanmasını “əvəzləmək” üçün etdiyini bildirdi. Amma vəzifəyə gətirdikləri təbii ki bacarıqlı şəxslər idi.

4. Paytaxtın Kufəyə Köçürülməsi:

Hz. Əli dövlətin paytaxtını Mədinədən Kufəyə daşıdı. Çünki o dövrdə Kufə və Bəsrə həm vergi, həm də hərbi baxımdan əsas mərkəzlər idi. Mədinə isə daha çox dini ziyarət yerinə çevrilmişdi.
Ancaq bu addım Hz. Əli üçün ciddi problemlər doğurdu. Çünki Mədinə həm də hakimiyyətin qanunilik mərkəzi idi. Kufə isə qarışıq əhali ilə sabitliyi zəif bir şəhər kimi tanınırdı.

Əsas Döyüşlər

1. Cəməl Döyüşü:
Hz. Əliyə beyət etməyən, Hz. Osman’ın qətlinin qisasını almaq istəyən Hz. Aişə, Talha və Zübeyr Mək­kədə toplaşdı. Onların arasında Hz. Əlinin hakimiyyətə gəliş formasını qəbul etməyənlər və Osmanı öldürənlərin Əlinin tərəfində olmasına narazı qalanlar da var idi.
Talha və Zübeyr əvvəlcə Hz. Əliyə beyət etsələr də, sonradan valilik istədilər. İstəkləri yerinə yetirilmədiyi üçün onlarda narazılıq yarandı. Həm də Hz. Osmanın qisasını tələb edirdilər
Muaviyə isə bu hadisədən öz xeyrinə istifadə etdi. O, bu dəstənin Şama gəlməsini istəmədi, çünki onların dağınıq halda olması özünə zərər verə bilərdi. 
Döyüş nəticəsində Cəməl tərəfdarları məğlub oldu, Talha və Zübeyr münafiqlər tərəfindən şəhid edildi (şəhid edilməmişdən qabaq ikisi də Hz. Əliyə qarşı çıxdıqları üçün tövbə etdi), Hz. Aişə siyasətdən çəkildi və Hz. Əliyə qarşı çıxdığı üçün tövbə etdi. Hz. Əli isə müharibədən sonra qarşı tərəfdəki insanları “xətaya düşmüş mömin qardaşlar” adlandıraraq, qənimət arxasınca düşənləri tənqid etdi.

2. Siffin Döyüşü və Hakəmlik:
Cəməldən sonra Hz. Əlinin əsas hədəfi Muaviyə idi. Günlərlə davam edən bir savaş başladı.
Amr ibn As döyüşün gedişatını dəyişdi. Quran səhifələrini qaldıraraq “hakimlik” təklif etdi. Bəziləri bunu Muaviyəni məğlubiyyətdən xilas etmək üçün taktika kimi görsə də, bəzi mənbələr Amr ibn Asın məqsədinin qan tökülməsini dayandırmaq olduğunu bildirir.
Hakimlər (Hz. Əli tərəfindən Əbu Musa Əl-Əşari, Muaviyə tərəfindən Amr ibn As) qərara gəldilər ki, hər ikisi də vəzifədən kənarlaşdırılsın, yeni xəlifə seçimini ümmət etsin. Fəqət münafiqlər bu məsənin də olmasına icazə vermədilər (Amr ibn Asın bu mərhələlərdə hiylə işlətməsi rəvayətləri uydurmadır).
Hakəmlik, əksinə, birliyi təmin etmədi, yeni parçalanmalara səbəb oldu və xaricilərin meydana çıxmasına yol açdı. Muaviyə isə bunu əsas gətirərək özünü xəlifə elan etdi və ətrafında dəstəyi böyütdü.

Hz. Əlinin Şəhid Olması
Hakəmlikdən sonra Hz. Əli xariciləri daha yaxın təhlükə kimi gördü və onlarla Nəhrəvanda savaşaraq onları dağıtdı və Muaviyəni ikinci plana keçirdi. Bir sübh namazı vaxtı Hz. Əli sui-qəsd nəticəsində şəhid oldu.

Hiç yorum yok:

Yorum Gönder

Süni İntellekt və İnsan

Süni İntellekt əslində tam mənada bir zəkaya (intellekt) sahib deyil, əksinə, riyazi hesablamalar və alqoritmik mexanizmlər üzərində qurulmu...