12 Temmuz 2025 Cumartesi

Hz. Osman: Xilafət Dönəmi və Fitnələr | Raşidi Xəlifələr - 3

İslam tarixində ən çox müzakirə olunan və bəzən də ən çox sual doğuran dövrlərdən biri Hz. Osman (r.a) dövrüdür. Onun xəlifəlik illəri həm siyasi, həm də ictimai çətinliklərlə yadda qalıb. Hz. Osmanın Peyğəmbərə (sav) yaxınlığı, səhabələr arasında xüsusi mövqeyi və İslam tarixindəki yeri bu dövrü daha da mürəkkəb edir. Çünki insanlar bu qədər dəyərli və nüfuzlu bir səhabənin dövründə necə bu qədər fitnələrin və narazılıqların yarandığını başa düşməkdə çətinlik çəkiblər.

Hz. Osmanın xəlifəliyi ümumilikdə 12 il davam edib. Bu illərin ilk yarısı — təxminən 6 il — ümumiyyətlə uğurlu sayılır. Hətta bəzi tarixçilərin fikrincə, bu dövrdə insanlar Hz. Osman üçün Hz. Ömərdən də artıq məhəbbət bəsləyiblər. Onun yumşaq təbiətli, əliaçıq və fədakar olması, dövlət xəzinəsindən maaş almayan yeganə xəlifə kimi bütün sərvətinin böyük hissəsini müsəlmanlar yolunda xərcləməsi bu sevgini daha da artırıb. İlk illərin uğurunun başqa bir səbəbi isə Hz. Ömərin geridə qoyduğu möhkəm dövlət idarəçiliyi olub. Hz. Osman bu quruluşu qorumağa çalışaraq işləri əvvəlcə sabit saxlayıb.

Ancaq ikinci 6 ildə vəziyyət dəyişməyə başlayıb. Xüsusilə xəlifəliyinin son illərində (hicri 33, 34 və 35-ci illər) hadisələr tam nəzarətdən çıxıb və nəticədə müsəlmanların xəlifəsi öz evində üsyançılar tərəfindən şəhid edilib. Hətta şəhid edildikdən sonra onu dərhal dəfn etməyə də imkan verməyiblər, cənazəsi bir neçə gün yerdə qalıb və sonda gizli şəkildə dəfn edilib.

Hz. Osmanla bağlı səsləndirilən ittihamlarla əlaqədar tarixçilər arasında müxtəlif baxışlar var. Bəzi iddiaların həqiqət payı olsa da, bir çoxunun sübut olunmadığı, bəzilərinin isə süni şəkildə şişirilir. Bu ittihamlar əksər hallarda insanları ona qarşı qızışdırmaq üçün vasitəyə çevrilib. Məsələn, məşhur islam alimi Əbu Bəkir İbnül-Ərəbi əl-Malikinin "Əl-Avasım Minəl-Qavasım" adlı əsərində Hz. Osmana yönələn 21 başlıca ittiham ayrıca qeyd olunub. Hz. Osman isə bu ittihamların sadə bir insanı belə öldürməyi haqq etmədiyini söyləyib.

Əsas iradlardan bəzilərini belə sadalaya bilərik:

  • Ubeydullah ibn Ömər məsələsi: Hz. Ömərin qatili və ona kömək edənləri heç bir məhkəmə olmadan öldürən oğlu Ubeydullaha qisas verilməməsi çox müzakirə olunub. Hz. Osman bu məsələni öz cibindən diyət ödəməklə bağlayıb. O, həm də dövlət başçısı olaraq zərərçəkənin sahibi mövqeyində qatilə əfv vermək haqqı olduğunu söyləyib.

  • Qurani-Kərimin tək bir ləhcə ilə yazılması: Hz. Osman Quranın müxtəlif ləhcələrdə oxunmasının qarşısını almaq üçün onu Qureyş ləhcəsində toplatdırıb, digər nüsxələri isə yandırıb. Bu addım bəzilərini narahat edib.

  • Yeni otlaq yerlərinin ayrılması: Əhalidən toplanan zəkat artdıqca mal-qara sayı da çoxalıb, buna görə yeni himalar (otlaq və quruluq sahələri) yaradılıb. Bu torpaqların bəzilərinin bəzi şəxslərə verilməsi isə narazılıq yaradıb.

  • Əbu Zərrin sürgün edilməsi: Cəmiyyətin sərvət bölgüsünü sərt tənqid edən Əbu Zərr əl-Ğifari zənginlərə qarşı sərt sözlərinə görə Mədinədən Rəbəzəyə sürgün edilib. Təbii ki, bu sürgünü Əbu Zərr özü də qəbul edib. Hz. Osman isə yalnız fətva verə biləcəyini, insanlara təqva tələb edə bilməyəcəyini deyib.

  • Hakəm bin əl-Asın geri gətirilməsi: Peyğəmbərin vaxtında Məkədə zülm etdiyinə görə Taifə sürgün edilən əmisi Hakəmi və ailəsini Hz. Osman Mədinəyə qaytarıb, onlara imtiyazlar tanıyıb. Bu isə Əbu Zərrin sürgünü ilə ziddiyyət təşkil edərək qəzəb doğurub.

  • Bəzi dini fətvalar: Həccdə namazı qısaltmadan qılması, ikinci azanı əlavə etməsi, xütbəni namazdan qabaq oxutdurması kimi addımlar "bidət" adlandırılıb. Halbuki bu etdikləri bir ictihad idi və dəlilləri mövcud idi.

  • Peyğəmbərin üzüyünü itirməsi: Abdest alarkən Peyğəmbərin üzüyünü itirməsi bəziləri tərəfindən "uğursuzluq" kimi qəbul edilib.

  • Bədir və Rıdvan beyətlərində iştirak etməməsi: Bu ittiham isə açıq-aşkar böhtandır. Çünki Hz. Osman Bədir döyüşündə Peyğəmbərin əmri ilə xəstə həyat yoldaşının başında qalıb. Rıdvan beyəti isə Hz. Osman Məkkəlilər tərəfindən saxlanıldığı üçün onun xilasına görə edilmişdi. Hətta Peyğəmbər Hz. Osmanın adından da özü beyət edib.

  • Qohumlarını vəzifəyə gətirməsi: Hz. Osmana qarşı ən sərt tənqid məhz bu məsələ ilə bağlıdır. Ondan əvvəlki rəhbərlər öz qohumlarını yüksək vəzifələrə gətirməmişdi. Halbuki Hz. Osman yaxın qohumlarını mühüm valiliklərə təyin edib. Məsələn, Vəlid ibn Uqbə, Səid ibn əl-As, Abdullah ibn Amir və Abdullah ibn Səad ibn Əbi Sərh kimi şəxslər. Bəzilərinin keçmişində problemli hadisələr, hətta irtidat etmiş olmaları cəmiyyətdə böyük narazılıq yaradıb. Hz. Osman isə onları bacarıqlı hesab etdiyini, onlardan bəzilərinin həmçinin Peyğəmbərin də qohumlarından olduğunu, Peyğəmbərin də qohumlarından birini idarəçi təyin etdiyini, bunu qadağan edən heç bir ayə və ya hədis olmadığını və qohumluq bağlarını qorumağın vacibliyini əsas gətirib. Amma tənqidçilər Hz. Ömərin qohumları rəhbərliyə gətirməməklə sözlərini və təyin olunan şəxslərin özbaşına davranışlarını daha əsaslı səbəb kimi göstəriblər.  Bunu da qeyd edək ki, necə ki, Hz. Osman 4 valini öz qohumundan seçmişdi, həmçinin Hz. Əli də öz dönəmində 4 valini öz qohumlarından seçdi. Amma niyəsə ona etiraz edənlər, Hz. Əliyə etiraz etmirlər. Buradan da görünür ki, məsələləri haqq deyil, məsələləri təəssübkeşlikdir.

Fitnə hadisələrinin əsl səbəbləri və pərdəarxası məqamları üzərində dayananda görünür ki, məsələ sadəcə səthi ittihamlardan ibarət deyil, cəmiyyətin içində baş verən dərin dəyişikliklərlə bağlıdır.

Fitnəyə meyilli bir mühitin yaranması: Peyğəmbərin nurundan uzaqlaşan, əvvəlki sadəlik və səmimiyyətini itirən cəmiyyətdə kiçik problemlər belə böyüyərək qarşıdurmalara yol açıb. İranlıların, yəhudilərin və xristianların bölgədə mövcudluğu, onların əvvəlki adət-ənənələrinin təsiri də bu prosesə təkan verib.

Qəbiləçilik hissinin yenidən güclənməsi: Xüsusilə Ümeyyəoğulları ilə Haşimoğulları arasındakı keçmiş çəkişmə və Qureyşlilərlə qeyri-Qureyşli tayfalar arasındakı gərginlik, cəmiyyəti iki yerə bölüb. Peyğəmbərdən (sav) sonra Qureyşə niyə itaət etməli olduqlarını sual edən qeyri-Qureyşli tayfalar öz mövqelərini axtarmağa başlayıblar.

Seçkin səhabələrin narazı salınması: Hz. Osman üçün ən böyük çətinliklərdən biri də Mədinə cəmiyyətinin dayağı sayılan aparıcı səhabələri özündən uzaqlaşdırması olub. Beləliklə, həm onların dəstəyini itirib, həm də Ümeyyə oğullarına arxalanmaq məcburiyyətində qalıb. Bir neçə nümunə:

  • İbn Məsud və Übey ibn Kab kimi səhabələrin maaşlarının kəsilməsi (Quran nüsxələri məsələsinə görə).

  • Hz. Aişənin maaşının azaldılması (bərabərlik məsələsinə görə).

  • Amr ibn As-ın valilikdən uzaqlaşdırılması.

  • Hz. Əlinin narazı salınması və baş verənlərin ortasında çaşqın qalması.

  • Abdurrəhman ibn Avf-ın dəstəyini geri çəkməsi.

İdarəetmədəki xətalar:

  • Hz. Ömərin əksinə olaraq, Hz. Osman seçkin səhabələrin Mədinədən çıxmasına şərait yaradıb və nəticədə ətrafında məsləhətləşə biləcəyi şəxslər ciddi şəkildə azalıb.

  • Fəthlərin həddindən artıq genişləndirilməsi və bu torpaqların idarə edilməsinin çətinləşməsi əlavə yük yaradıb.

  • Hz. Ömərin istəmədiyi bədəvilərin fəthlərə qoşulmasına icazə verilməsi, ordu nizamını pozub, bədəviləri qənimətə alışdırıb və onları fitnəyə açıq hala gətirib.

  • Qənimətlərin satışı ilə bağlı qaydaların yumşaldılması, əsgərlərin döyüşdən çox ticarətə meyil etməsinə səbəb olub.

Fəthlərin dayanması: Bu da fitnənin əsas səbəblərindən sayılır. Fəthlər davam edəndə cəmiyyətin diqqəti xarici düşmənlərə yönəlirdi, fəthlər dayandıqda isə daxili narazılıqlar ön plana keçdi.

Gizli əl (Abdullah ibn Səbə): Bəzi mənbələrdə bu dövrdəki qarışıqlığın başında yəmənli yəhudi əsilli Abdullah ibn Səbənin dayandığı açıq şəkildə görünür. Bu barədə "Həqiqətə Açılan Qapı" kitabında ətraflı şəkildə qeyd etmişik.

Hz. Osman isə Mədinədə mühasirədə olarkən vəziyyətin bu qədər böyüyəcəyini təxmin etməmiş, sui-qəsdə qədər gedəcəyini təsəvvür etməmişdi. Əslində nə Mədinə camaatı, nə də üsyançıların özləri hadisələrin bu həddə çatacağını gözləyirdilər. Onun ən böyük xətası bəlkə də problemləri müvəqqəti addımlarla yoluna qoymağa çalışması, davamlı bir həll mexanizmi qura bilməməsi idi. İstefa verməsi istənəndə isə, “Allahın mənə geyindirdiyi xilafət libasını siz istəmirsiniz deyə çıxarmaram” deyərək bu təklifi qəbul etməyib.

O dövrün müsəlman cəmiyyəti üçün bir xəlifənin necə və nə zaman vəzifədən alınmalı olduğu, səlahiyyətləri məhdudlaşdırılmalı olduğu ilə bağlı oturuşmuş bir qayda yox idi. Bu dövr tarixdə Əl-Fitnətül-Ula — yəni "ilk böyük fitnə" kimi tanınır və Hz. Osmanın şəhidliyi ilə nəticələnib. Yaşananlar həm xətalarıyla, həm də öyrədici dərsləri ilə İslam tarixində gələcək nəsillərə önəmli ibrət olaraq qalıb.

Hiç yorum yok:

Yorum Gönder

Süni İntellekt və İnsan

Süni İntellekt əslində tam mənada bir zəkaya (intellekt) sahib deyil, əksinə, riyazi hesablamalar və alqoritmik mexanizmlər üzərində qurulmu...