Rəsulullahın (s.ə.s) ata və anasının axirətdəki vəziyyəti
tarix boyunca geniş müzakirələrə səbəb olmuş mühüm məsələlərdən biridir. Təəssüf
ki, bəzi ayələrin və hədislərin bu mövzu ilə bağlı yanlış təfsir edildiyi, bəzi
hallarda isə səbəbi-nüzul (nazil olma səbəbi) olaraq təqdim edilən məlumatların
da səhv olduğu müşahidə olunur.
Bu məsələyə yanaşmada üç əsas mövqe mövcuddur:
1.
Əhli-nicatdırlar – Yəni Cənnətlikdirlər.
Onların fətrət dövründə yaşadıqları və iman edənlər kimi qurtuluşa çatdıqları
bildirilir. Bu fikir İslam alimlərinin əksəriyyəti tərəfindən qəbul olunmuşdur.
2.
Əhli-küfrdürlər – Yəni şirk içində
yaşayıb öldüklərinə görə cəhənnəm əhlidirlər.
3.
Sükut mövqeyi – Bu görüşə görə onların
axirət halı barədə qəti söz demək düzgün deyil; ən münasib yol susmaqdır.
Bu məsələni müzakirə edərkən Peyğəmbərimizə (s.ə.s) nisbət verilən üç rəvayət xüsusilə ön plana çıxır:
- Ənəs ibn Malikdən nəql edilən rəvayətə görə, bir şəxs atasının aqibətini soruşur. Peyğəmbərimiz “atan cəhənnəmdədir” buyurur. O şəxs bu cavabdan kədərlənincə, Rəsulullah (s.ə.s) “mənim atam da, sənin atan da cəhənnəmdədir” deyə cavab verir. Bu rəvayət Müslim, Əbu Davud və Əhməd ibn Hənbəl tərəfindən nəql edilmişdir.
- Abdullah ibn Məsudun nəqlində, iki mömin qadın cahiliyyə dövründə vəfat edən analarının aqibətini soruşur. Peyğəmbər (s.ə.s), onların şirk üzərində öldüklərini və qız uşaqlarını diri-diri basdırdıqlarını deyərək “ananız cəhənnəmdədir” buyurur. Qadınlar kədərlənəndə “mənim anam da sizin analarınızla birlikdədir” deyir (Suyuti, ət-Təzim və’l-minnə fi ənnə əbəvəyi Rəsulilləh fi’l-cənnə).
- Əbu Hüzəyn əl-Uqaylidən gələn rəvayətdə, bir şəxs anasının axirət vəziyyətini soruşur. Rəsulullah (s.ə.s) “sənin anan cəhənnəmdədir” deyir. O şəxs Peyğəmbərin anası haqqında da soruşanda, “sən ananın mənim anamla birlikdə olmasına razı deyilsənmi?” – cavabını verir.
Bu hədislər üzərində edilən şərhlər və mülahizələr aşağıdakı kimidir:
- Bəzi alimlər bu sualların Peyğəmbəri çətin vəziyyətə salmaq məqsədilə Məkkə müşrikləri tərəfindən təşkilli şəkildə soruşdurulduğunu qeyd edirlər. Məqsəd onu öz inanc sistemlərinə çəkmək və ya ictimai nüfuzunu sarsıtmaq idi.
- Peyğəmbər (s.ə.s) belə cavablar verərkən həm həqiqəti deməli, həm də qarşı tərəfə zərər verməməli və düşmənlərə material verməməli idi.
- “Cəhənnəmdədir” ifadəsi qəti hökm deyil. Çünki Quranın bəyanına görə hər bir insan “cəhənnəmi görəcək” (Məryəm, 71). Bu, sadəcə cəhənnəmə uğramaq və ya onu görmək anlamına gələ bilər.
- Bu ifadələrdə "tövriyə" sənəti ola bilər. Yəni Peyğəmbər (sav) bir söz deyib, amma qarşı tərəf onu fərqli başa düşüb. Məsələn:
- “Qoca qadınlar cənnətə girməz” – amma cavan halda girərlər.
- Hicrət əsnasında “biz Səna xalqıyıq” – yəni “bir damla sudan yaranmışıq”.
- Hz. İbrahimin zövcəsinə “bacım” deməsi – din bacısı mənasında.
- Hz. Əbu Bəkrin hicrət əsnasında Rəsulullahı (sav) “bizi yola aparan” adlandırması – dünyəvi deyil, ilahi rəhbərlik mənasında.
Bu məsələdə İmam Nəvəvi də həmin cavabların mütləq
deyil, müşriklərin istismarına yol verməmək üçün deyildiyi fikrindədir.
Fiqhül-Əkbər və “Mətə aləl küfr” ifadəsi
İmam Əbu Hənifənin “Fıqhül-Əkbər” adlı məşhur əqidə risaləsində
yer alan “küfr üzrə öldülər” (mətə aləl küfr) ifadəsinin əslində müstənsix
(nüsxəçi) xətası olduğu ortaya qoyulmuşdur. Zahid əl-Kövsərinin
araşdırmalarına görə, bəzi nüsxələrdə orijinal ifadə “mə mətə ələl küfr”
(küfr üzrə ölmədilər) şəklindədir. Yəni "mə" inkar ədatı
sonradan təhrif edilmiş və ya yanlışlıqla silinmişdir və nəticədə məna tam dəyişmişdir. Ali əl-Qari kimi bəzi
alimlər bu yanlış nüsxəni əsas almışlar. Lakin Süleymaniyə Kitabxanasındakı əlyazmalarda
“küfr üzrə ölmədilər” ifadəsi açıq şəkildə yer almaqdadır.
Rəsulullahın (sav) Valideynlərinin Nicatına Dair Müsbət Rəvayətlər
Bu məsələyə dair müsbət rəvayətlər də vardır:
- Buxari rəvayətində, Peyğəmbər (s.ə.s) belə buyurur: “Mən nəsildən-nəsilə süzülərək, Adəmin övladlarının ən xeyirli soyundan peyğəmbər olaraq göndərildim”. İbn Teymiyyənin şərhinə görə, Allah Adəmdən Qiyamətə qədər gələcək bütün insanlara baxmış, ən xeyirli və təmizini seçərək onu Xatəmün-Nəbiyyin etmişdir.
- İbn Sədin rəvayətində Rəsulullah (s.ə.s) belə deyir: “Mən Adəmdən bəri iffətli və nikahlı nəsillərdən gəlmişəm”. Buradakı “nikah” sözü yalnız əxlaqi deyil, eyni zamanda iman vurğusudur.
- Beyhəqi rəvayətində: “Mən cahiliyyə dövrünün iffətsizliyindən və zina edənlərdən deyil, halal və təmiz bir nikahdan dünyaya gəlmişəm”. Bu rəvayətlər göstərir ki, Rəsulullahın (s.ə.s) həm ata, həm də ana tərəfdən gələn soyu imanlı, iffətli və nikahlı bir nəsildir. Nəticədə bu təmiz kökdən gələn meyvə – yəni Peyğəmbərin (sav) özü və Əhli-Beyti də təmizdir.
Hiç yorum yok:
Yorum Gönder