Qurani-Kərimin yazıya alınması prosesi Rəsulullahın (s.ə.s.) həyatda olduğu dövrdə başlamışdı. Bu prosesin izləri artıq Məkkə dövründə də müşahidə olunur və hicrətə qədər davam etmişdi. Lakin hicrətdən sonra Mədinədə müsəlmanların yeni bir cəmiyyət qurması ilə yazıya alma fəaliyyəti də daha təşkilatlanmış şəkildə davam etmişdir. Hətta hicrətdən öncə belə, Rafi ibn Malik (r.a.) kimi səhabələrin bəzi ayələri yazılı vərəqlər şəklində Mədinəyə apardığına dair məlumatlar vardır.
Peyğəmbərimizin (sav) Mədinədə müstəqil bir ictimai nizam qurması və dövlət strukturunun təşəkkülü ilə birlikdə vəhyin katibliyi də rəsmi bir forma almış, katiblərin sayı tədricən artmışdır. Xüsusilə Məkkənin fəthindən sonra bu sahədə ciddi bir genişlənmə baş vermişdir.
Mədinə Dövründə Yazı Mədəniyyətinin Artması
Mədinə dövrü, təkcə siyasi baxımdan deyil, həm də ictimai və hüquqi baxımdan İslamın formalaşma mərhələsi olmuşdur. Ayə sayında da bu dövrdə əhəmiyyətli artım müşahidə edilir. Çünki sosial həyatın, ailə münasibətlərinin, ticarətin, miras və vəsiyyət kimi hüquqi məsələlərin tənzimlənməsi zərurəti meydana çıxmışdı. Beləliklə, əhkam (hökmlə bağlı) ayələrin yazıya alınması daha da əhəmiyyət kəsb etmişdi.
Bu dövrdə nazil olan bəzi ayələr müsəlmanları yazı öyrənməyə, sənədləşdirməyə təşviq etmiş, hətta bunu müəyyən mənada məsuliyyət və vəzifə halına gətirmişdi. Alış-verişin yazılı şəkildə sənədləşdirilməsi, vəsiyyətlərin yazılması ilə bağlı göstərişlər, İslam cəmiyyətində yazı mədəniyyətinin yayğınlaşdığını göstərir. Belə bir mühitdə Qurani-Kərimin yazıya alınmaması düşünülə bilməzdi.
Əsas Məqam: Quran Peyğəmbərimizin Həyatında Tam Şəkildə Yazıya Alınıb
Qurani-Kərim bütöv şəkildə Rəsulullah (s.ə.s.) sağ ikən yazıya alınmışdır. Məkkədə başlayan yazıyaalma prosesi Mədinədə həm ardıcıl, həm də sistemli şəkildə davam etmişdir. Həm vəhyin tez-tez gəlməsi, həm də Peyğəmbərimizin (sav) yazıya önəm verməsi bu prosesi gücləndirmişdir.
Yazılı Qurana Dair Nümunə və Sübutlar
Mədinə dövründə Qurani-Kərimin yazılı forması ilə bağlı çoxsaylı nümunə və işarələr mövcuddur:
-
Məktublaşmalar: Hicrətdən sonra nazil olan ayələrin Məkkədə qalan müsəlmanlara məktub vasitəsilə göndərilməsi bu fəaliyyətin göstəricisidir. Məsələn, Bəqərə surəsinin 97-ci ayəsinin Məkkədəki möminlərə çatdırılması nəticəsində hicrət edənlərin sayı artmışdır.
-
Dövlət rəhbərlərinə məktublar: Rəsulullahın (s.ə.s.) Kisra, Herakl, Nəcaşi kimi dövlət başçılarına göndərdiyi məktublarda Qurandan ayələrə yer verilməsi bu ayələrin yazılı formalarının mövcudluğuna dəlalət edir. Eyni hal müxtəlif qəbilə başçılarına göndərilən məktublarda da müşahidə olunur.
-
Vəhy katibləri: Peyğəmbərimizin yanındakı vəhy katibləri yalnız onun üçün deyil, həm də özləri üçün ayələri istinsah edərək şəxsi səhifələr hazırlamışdılar. Bu fəaliyyət Məkkə dövründən bəri davam edirdi.
-
Yazılı müshəflərə hörmət: Bəzi səhabələr yazı bilməsələr də, yazı bilənlərin hazırladığı müshəfləri evlərində təbərrük məqsədilə saxlayırdılar.
-
Muska istifadəsi: Qurandan ayələrin yazılaraq müska halında boyuna taxılması və bu yolla bərəkət axtarılması, ayələrin yazılı şəkildə dövriyyədə olduğunu göstərir.
-
Salman əl-Farisi nümunəsi: Fars mənşəli müsəlmanların Fatihə surəsinin farsca tərcüməsini tələb etməsi və Peyğəmbərimizin buna icazə verməsi, yazılı mətnin fərqli coğrafiyalara qədər yayıldığını göstərir.
-
Evdə saxlanan yazılı parçalar: Rəsulullahın xanımı Hz. Aişənin otağında ayələrin yazılı səhifələrinin saxlanması da bu həqiqətin mühüm sübutlarındandır.
Quranın Tam Yazıya Alındığını Göstərən Bəzi Dəlillər
-
"Üç dəfə cəm edilməsi" rəvayətləri: Hakim ən-Nisaburi və Haris əl-Muhasibi kimi alimlərin verdiyi məlumata görə, Qurani-Kərim üç dəfə cəm olunmuşdur. İlk dəfə, Peyğəmbərin sağlığında, ayələrin yazıya alınması ilə reallaşmışdır.
-
Hz. Əbu Bəkr (r.a) dövründəki Müshəfin cəmi: Qurani-Kərimin Rəsulullahdan sonra Hz. Əbu Bəkrin əmri ilə bir kitab halına gətirilməsi (müshəf halına salınması), ayələrin artıq yazılı şəkildə mövcud olduğunu göstərir. Zeyd ibn Sabitin rəhbərliyi ilə bu işi yerinə yetirən heyət, hər bir yazılı parçanın Rəsulullahın nəzarətində yazıldığını təsdiqləyən iki şahid tələb etmişdir. Bu isə Qurani-Kərimin hər ayəsinin Peyğəmbərin həyatı dövründə yazıya alındığını göstərən çox mühüm tarixi sənəddir.
Quranın Etibarlılığı: Yazı iləmi, Yoxsa Şifahi Yol ilə?
Əlbəttə, Qurani-Kərimin yazıya alınması, xüsusilə müasir dövrdə irəli sürülən şübhələrə qarşı mühüm bir zəmanətdir. Əlyazmaları, karbon testləri, qədim daş kitabələr və məktublar bu mətnin orijinallığını təsdiqləyir. Lakin Qurani-Kərimin etibarlılığını təmin edən ən mühüm amil onun yazılı şəkildə ötürülməsi deyil.
Ən mühüm zəmanət – mütəvatirlikdir.
Qurani-Kərim, nəsildən-nəslə, minlərlə səhabə və tabein tərəfindən şifahi və yazılı şəkildə ötürülmüş, oxunmuş və qorunmuşdur. Onun hər ayəsi minlərlə nəfər tərəfindən öyrənilmiş, oxunmuş və ötürülmüşdür. Bu da onu həm yazılı, həm də hafizələrdə yaşayan bir kitab halına gətirmişdir.
Hiç yorum yok:
Yorum Gönder