İslam düşüncə tarixində “Əhli-Sünnə” anlayışı sıradan bir dini kimlik deyil, həm ideoloji, həm də ictimai cəhətdən formalaşmış, zəngin və çoxqatlı bir mövqenin ifadəsidir. Bu anlayış, zaman keçdikcə yalnız məzhəb kimliyi ilə deyil, həm də siyasi və elmi duruşu ilə fərqlənmiş və geniş bir ortaq zəmində İslam toplumunun böyük əksəriyyətini öz ətrafında birləşdirmişdir. Lakin müasir dövrdə bu anlayış bəzən mənasını itirmiş, bəzən də dar çərçivədə yozularaq mahiyyətindən uzaqlaşdırılmışdır.
Əhli-Sünnənin Ortaya Çıxması: İç Münaqişələr və Yön Axtarışı
Əhli-Sünnənin meydana gəlməsi, İslam tarixindəki ilk ciddi böhranlarla sıx bağlıdır. Xüsusilə Həzrət Osmanın qətlə yetirilməsi və ardınca Həzrət Əlinin şəhadəti ilə başlayan daxili ixtilaflar, təkcə siyasi deyil, həm də etiqadi parçalanmalara zəmin yaratdı. Bu parçalanmalar fonunda ortaya çıxan ən mühüm məsələlərdən biri “böyük günah sahibinin” dini statusu ilə bağlı idi. Xaricilər belə şəxsləri birbaşa İslamdan çıxmış sayır, Mötəzilə isə onları iman və küfr arasında ara mövqedə görərək, tövbəsiz şəkildə ölənləri axirətdə əbədi cəzaya layiq bilirdi. Bu mübahisələr sadəcə nəzəri deyil, dövrün siyasi gərginliklərinin inanca necə sirayət etdiyini də göstərirdi.
Təkfir Problemi və Əhli-Sünnənin Müvazinəti
Dini camiədə yaranan ən təhlükəli vəziyyətlərdən biri, fərqli düşüncələrə sahib olan qrupların bir-birini “dindən çıxmaqda” ittiham etməsi — yəni təkfir tendensiyası idi. Təkfir, tarixi boyunca İslam dünyasında fitnə və qarşıdurmaların əsas səbəblərindən biri olmuşdur. Əhli-Sünnə isə bu təhlükəli meylə qarşı, təmkinli və birləşdirici mövqe nümayiş etdirmiş, “qiblə əhlini təkfir etməmək” prinsipini əsas götürmüşdür. Bu, sıradan bir ilahiyyat qaydası yox, siyasi və sosial sabitliyin qorunması üçün zəruri bir etik duruş idi. Məhz bu prinsip sayəsində Əşarilər, Maturidilər və Əhli-Hədis birgə Əhli-Sünnə çətiri altında toplanmışdır. Doğrudur, bu gün də bəzi qruplar bu genişliyi daraltmağa və təkfiri yenidən gündəmə gətirməyə çalışır, lakin bu cəhdlər əsas xəttdən uzaq və marjinal xarakter daşıyır.
Siyasi Yanaşma və Hakimiyyətə İtaət Prinsipi
Əhli-Sünnənin fərqləndirici cəhətlərindən biri də siyasi məsələlərə münasibətidir. Burada əsas prinsip, Rəşid xəlifələrin tamamını legitim və hörmətəlayiq saymaqdır. Şiə yanaşması Həzrət Əli üzərindən digər xəlifələri və səhabələri tənqid edərkən, Xaricilər isə Həzrət Əlini belə rədd etmişdilər. Əhli-Sünnə isə səhabə nəsli və onlarla bağlı tarixi mirası bütünlüklə qəbul etmiş və bu sahədə təfriqəyə yol verməmişdir. Bundan başqa, Əhli-Sünnə baxışı, Həzrət Həsən ilə Həzrət Muaviyə arasında baş tutan sulhü qəbul edərək, Muaviyənin hakimiyyətini tanımışdır. Bu yanaşmanın əsasında isə “ümmətin ixtilafdan qorunması və vətəndaş qarşıdurmasının qarşısının alınması” dayanır. Bu, hakimə tam itaət deyil, anarxiyadan qaçmaq və cəmiyyətin əsas dəyərlərini qorumaq məqsədi daşıyan bir həyat fəlsəfəsidir. Çünki tarix göstərmişdir ki, üsyanlar çox vaxt daha dərin böhranlara yol açmışdır — Suriyada baş verənlər bunun müasir nümunəsidir.
Əhli-Sünnənin Genişliyini Təmin Edən Şərh Qabiliyyəti
Əhli-Sünnə anlayışı təkcə müəyyən məzhəblərlə məhdudlaşmır, əksinə, zaman-zaman ortaya çıxan fərqli fikirləri də öz içində əritməyi bacarmışdır. Fiqh, təfsir, kəlam, dilçilik və s. sahələrdə müxtəlif yanaşmalar bu geniş struktura daxil olmuşdur. Hətta bəzi marjinal fikir sahibləri belə Əhli-Sünnə mövqeyindən çıxmış sayılmamışdır. Əsas kriteriya “ümumi cərəyanın xaricinə çıxmamaq” olmuşdur.
Əhli-Sünnənin bu genişliyi bəzi böyük şəxsiyyətlərin fəaliyyəti ilə daha da güclənmişdir:
-
Filosofların İnteqrasiyası: Kindi, Fərabi, İbn Sina kimi filosoflar bidət olacaq görüşlərə sahib idilər. Klassik kəlamçılar tərəfindən bu görüşlər əvvəlcə rədd edilsə də, sonra şərh edilərək dəyişdirilmiş halda - sintez edilərək, əhli sünnənin ana xəttlərinə zidd olmayacaq şəkildə qəbul edilmişdir. İmam Qəzali bu fikirlərlə mübahisəyə girərək onların bir qismini qəbul edilə biləcək formada sistemləşdirmişdir.
-
Fəxrəddin Razi: Qəzalinin başladığı bu prosesi daha da dərinləşdirərək, dövrün fəlsəfi və kəlamı sistemlərini bir çərçivəyə salmış və fəlsəfi fikirləri İslam düşüncəsində yerli hala gətirmişdir.
-
İbn Ərəbi: Sufilikdəki ifrat “vəhdət-i vücud” kimi anlayışları mistik təcrübədən çıxarıb nəzəri çərçivəyə salaraq qəbul edilə biləcək səviyyəyə gətirmişdir.
Bu şəxsiyyətlər vasitəsilə, xüsusilə XIII əsrdən sonra Əhli-Sünnə düşüncəsi o qədər genişləmişdi ki, hətta Şiə dünyasında da təsirini göstərmiş, fəlsəfi sistemlər hər iki düşüncə sistemində ciddi şəkildə inkişaf etmişdir.
Hiç yorum yok:
Yorum Gönder