Qurban: Həqiqi Yaxınlığın Simvolu
Qurban ibadəti İslam dinində sadəcə bir heyvanın kəsilməsi və ətinin paylanması kimi anlaşılmağa meyilli olsa da, əslində bu ibadət daha dərin mənalar daşıyır. Qurban, insanın mənəvi aləmini silkələyən, onu nəfsaniyətdən təmizləyən və Allah’a doğru bir dönüşə dəvət edən ibadətlərdən biridir. Həm fərdi, həm də ictimai səviyyədə bir dəyişimin, bir yaxınlaşmanın ifadəsidir.
Qurban nədir? Həqiqi yaxınlaşma nə deməkdir?
"Qurban" sözü ərəb dilində “qərib olmaq”, “yaxınlaşmaq” mənasını verən q-r-b kökündən gəlir. Bu baxımdan qurban – Allah’a yaxınlaşmaq üçün təqdim edilən bir ibadət formasıdır. Fəqət bu yaxınlıq, yalnız bir heyvanın kəsilməsi ilə məhdudlaşmır. Həqiqi qurban, insanın Allah üçün özündən, öz istəklərindən, öz mənliyindən keçməsidir. Çünki dinin mahiyyəti insanla Allah arasındakı uzaqlığı qaldırmaq, onu yaxınlığa çevirməkdir. Qurban isə bu yaxınlığın xüsusi bir formasıdır – qurbanla qul, sadəcə ət və qanla deyil, qəlbi ilə də Rəbbinə yönələr.
Əslində kəsilən nədir?
Əlimizdə olan heç bir şeyin sahibi biz deyilik. Amma buna baxmayaraq, çox vaxt bizə verilmiş nemətləri elə mənimsəyirik ki, onlardan vaz keçmək çox çətin olur. Qurban məhz bu nöqtədə, bizim üçün dəyərli olanı – istər mal, istər övlad, istərsə də nəfs – Allah yolunda fəda etmə çağırışıdır.
Quranda Habil və Qabil qissəsi bunun sadə və aydın bir nümunəsidir. Habil, ən dəyərli olanı – könüldən sevdiyini Allah’a təqdim etdi və qəbul olundu. Qabil isə dəyərsiz olanı verdi və qəbul olunmadı. Deməli, Allah qatında qəbul olunan, zahirdə verdiyimizin deyil, batində nə qədər içdən və dəyərli bir şeydən vaz keçdiyimizin ölçüsüdür.
Hz. İbrahim (ə.s) və Hz. İsmayıl (ə.s) qissəsi isə bu məsələnin zirvəsidir. Övlad – illərlə gözlənilən, sevilən, can parası – Allah uğrunda fəda edilmək istəndi. Bu, Allah’ın nəzdində, insanın Allaha verdiyi dəyərin göstəricisi idi. İnsanın öz övladından belə keçə bilməsi, Allah’a qarşı məhəbbətinin və itaətinin dərinliyini göstərirdi.
Arzuların təslimiyyəti və mənəvi inqilab
Din insanın ehtiras və arzularını məhv etmək üçün deyil, onları yönləndirmək üçün var. Əgər insanın qəlbində Allah’dan daha üstün tutduğu bir şey varsa – bu, mal da ola bilər, şöhrət də, nəfsani istəklər də – din onun həmin dəyəri təslim etməsini istəyir. Qurban da məhz bu təslimin, bu mənəvi inqilabın bir rəmzidir.
İnsan arzularını Allah yerinə qoyduğu zaman yoldan çıxır. Amma arzuları Allah üçün yaşadığı zaman, bu arzular ona zülmət deyil, nur gətirir. Qurban, bu arzuların və dəyərlərin Allah’a yönəldilməsinin simvoludur. Yəni, məsələ təkcə bir heyvanın kəsilməsi deyil, bizim öz içimizdəki hər bir şeydən keçə bilməkdir.
Qurbanın təməlindəki təqva
Qurani-Kərim açıq şəkildə deyilir: “Kəsdiyiniz heyvanların nə əti, nə qanı Allah’a çatmaz. Ona çatan yalnız sizin təqvanızdır.” (Həcc, 37)
Təqva – sadəcə qorxu və ya çəkinmə deyil, Allah’a qarşı həssaslıq, diqqət və təslimiyyət halıdır. Qurban, insanın öz daxilində bu halı yaşaması üçündür. Kəsilən heyvan, bir vasitədir. Hədəf – qurban vasitəsilə insanın mənəvi dünyasında təzələnməsi, paklanması və Allah’a yaxınlaşmasıdır.
Peyğəmbərimizin (sav) tövsiyə etdiyi kimi, qurban ətinin paylaşılması, cömərtliyin və ictimai həmrəyliyin təzahürüdür. Qurbanın üçdə ikisinin paylanması, təqvanın sosial müstəviyə daşıdığı mənanı ortaya qoyur: sən təkcə Allah’a yaxınlaşmırsan, eyni zamanda onun yaratdıqlarına da şəfqət göstərirsən.
Həccin mənasında qurbanın yeri
Həcc – istiqamət, yönəliş deməkdir. İnsan həccdə özünü tərk edir, sadələşir, təvazökarlıq paltarı geyinir. Ərəfətdə dayanmaq – Rəbb qarşısında öz acizliyini qəbul etmə anıdır. Şeytan daşlama – nəfsin azğınlıqlarından imtina niyyəti ilə edilən bir çağırışdır. Həmin bu ibadətin sonunda gələn qurban – sanki bu iç təmizliyinin möhürüdür: “İndi özündən keçdin, indi yaxınlaşdın.”
Bayram və həqiqi sevinc
Qurbanın bayrama çevrilməsi təsadüfi deyil. Çünki əsl sevinc – insanın Allah’a qovuşması, öz mənliyini Allah’a təslim etməsi ilə mümkündür. Bayram – qəlbin Haqq ilə görüşdüyü andır.
Alvarlı Əfəndinin dediyi kimi:
“Can bula Cananını, bayram o bayram ola
Qul bula Sultanını, bayram o bayram ola.”
Qurban, bu görüşün bir vasitəsidir. Öz içimizdəki “mən”i, Allah’a aid olmayan nə varsa onu qurban etmədən bu görüş gerçəkləşmir. Çünki “mən” deməyə haqqı olan yalnız Allah’dır. Bizim “mən” deməyimiz, ancaq Ona təslim olmuş bir varlıq olaraq mümkündür.
Hiç yorum yok:
Yorum Gönder