Bədiüzzaman Səid Nursi (r.h), yaşadığı dövrün ruhunu dərindən anlayan, cəmiyyətin mənəvi yaralarını düzgün şəkildə müəyyən edən və bu tesbitlərini yalnız sözlərlə deyil, həyatının özü ilə təsdiqləyən böyük bir elm və dava adamı idi. O, söylədiyi həqiqətləri əvvəlcə öz həyatında yaşayaraq, həm sözləri, həm də davranışları ilə örnək olmuş nadir şəxsiyyətlərdən biridir.
İman mübarizəsini həyatının əsas məqsədi sayan Bədiüzzaman, bu yolda hər şeyini fəda etmiş bir insandır. Van qalasında yıxıldığı zaman belə, ağlına gələn ilk şey canı deyil, davası olmuşdu: “Eyvah, davam!” – deyə hayqırmışdı. Ömrünün sonuna qədər bu yoldan dönmədi; gəncliyində olduğu kimi, qocalığında da eyni coşğu ilə mübarizəsini davam etdirdi. İmansızlığa qarşı göstərdiyi həssaslıq o qədər güclü idi ki, lazım gəlsə, yalnız dünyasını deyil, axirətini də bu yol uğrunda fəda etməyə hazır idi. Necə ki belə deyirdi:
“Mənə yalnız dünyasını fəda etmiş adamlar deyil, axirətini də bu dava üçün gözə alan adamlar lazımdır.”
Bədiüzzaman imansızlıq toxumlarının cücərməməsi üçün bütün gücünü sərf edirdi. O, bu prosesi böyük bir yanğına bənzədir və özünü də o yanğını söndürmək üçün vəzifələndirilmiş birisi kimi görürdü. Məşhur bir sözündə bu yanaşmasını belə ifadə edir:
“Qarşımda dəhşətli bir yanğın var. İçində övladım yanır, imanım alışıb yanır. O yanğını söndürməyə tələsirəm. Yolda biri məni saxlayıb, ayağım ona ilişib – nə əhəmiyyəti var? Bu böyük yanğın qarşısında kiçik məsələlərin nə dəyəri ola bilər?”
O, iman xidmətini sadəcə bir fikir deyil, bir həyat tərzi kimi qəbul etmişdi. Buna görə də ömrü mübarizə, sürgün, məhkəmələr və əzablarla keçdi. Amma heç vaxt geri çəkilmədi. Özünü belə izah edirdi:
“Məni öz nəfsini qurtarmağı düşünən bir adam zənn edirlər? Mən, cəmiyyətin imanını xilas etmək yolunda həm dünyamı, həm də axirətimi fəda etmişəm. Səksən ildən artıq ömrümdə dünya ləzzəti adına heç bir şey bilməmişəm…”
Bədiüzzamanı dəyərli edən təkcə mübarizəsi deyildi. O, eyni zamanda Allahla qurduğu güclü bir bağla da seçilirdi. Gecələrini ibadətlə, gündüzlərini isə mübarizə ilə keçirirdi. Tələbələrinin dediyinə görə, ən çətin zamanlarda belə zikr və dualarını tərk etməmiş, on beş gündə bir üç cildlik dua kitabını başdan sona oxumuşdur. Hətta siyahıya aldığı yüzlərlə ad üçün tək-tək dua etməyi vəzifə saymışdı.
Onun üçün səccadə bir sığınacaq, bir mərkəz idi. Həyatı, “imanla necə yaşamalı” sualına verilmiş canlı bir cavab idi. Bu gün özünü “dava adamı” sayan hər kəsin ondan öyrənəcəyi çox şey var. Çünki həqiqi dava, yalnız sözlə deyil, əməllə sübut olunandır.
Və əlbəttə, onun bizə buraxdığı ən böyük miraslardan biri də Risale-i Nurdur. Bu qiymətli əsərlər, onu tanımaq və məqsədini anlamaq istəyənlər üçün əsl xəzinədir...
Hiç yorum yok:
Yorum Gönder