Bədir döyüşü İslam tarixinin ilk böyük sınağı idi. Müsəlmanlar həmin gün 70 düşməni öldürmüş, bir o qədərini də əsir götürmüşdülər. Amma Quran hələ əsirlərlə bağlı qəti bir hökm bildirməmişdi. Belə hallarda Peyğəmbərimiz (s.ə.s) adətən əvvəlcə səhabiləri ilə məsləhətləşərdi.
Əvvəlcə Hz. Əbu Bəkirdən (r.a) soruşdu:
“Ey Əbu Bəkir, bu əsirlərlə nə edək?”
Hz. Əbu Bəkirin cavabı mərhəmətli idi:
“Onlar bizim qohumlarımızdır. Bəli, bizə qarşı vuruşublar, amma yenə də əfv edək. Ya fidyə müqabilində, ya da heç bir qarşılıq olmadan azad buraxaq.”
Sonra Hz. Ömərə (r.a) üz tutdu:
“Bəs sən nə düşünürsən, ey Ömər?”
Hz. Ömərin cavabı tamam fərqli idi:
“Mən əfv etməyin doğru olduğunu düşünmürəm. Onlar illərlə Məkkədə bizə zülm etdilər. İndi Allah bizi qalib etdi. Qoy hər birimiz öz qohumunu cəzalandırsın. Beləliklə, bizdə qalan hər cür cahiliyyət təəssübünü kəsib atdığımızı göstərmiş olarıq.”
Peyğəmbərimiz bu fərqli fikirləri sakitcə dinlədi. Nə etiraz etdi, nə də dərhal qərar verdi. Sakitcə çadırına çəkildi. Bir müddət sonra çöldə səhabilərinə belə dedi:
“Ey Əbu Bəkir! Sənin bu şəfqətin mənə İbrahimi və İsanı xatırladır. Onlar da öz qövmlərinə qarşı mərhəmətli idilər.
Ey Ömər! Sənin qətiyyətin mənə Nuhu və Musanı xatırladır. Onlar da zalımlara qarşı sərt və açıq mövqe tutmuşdular.”
Bu sözlərlə Peyğəmbərimiz hər iki fikri yerində və dəyərli saydı. Çünki hər biri səmimi niyyətdən doğmuşdu. Hər biri fərqli xarakterin, fərqli baxışın ifadəsi idi. Və o, bu fərqliliyi qarşıdurma deyil, bir zənginlik kimi qəbul etdi.
Bugünkü bizlər bu hadisə üzərində düşünməliyik.
Görəsən, bir gün hamının eyni düşünmək məcburiyyətində olmadığını qəbul edə biləcəyikmi?
Görəsən, bir fikri kim deyib deyə yox, nə deyir deyə dəyərləndirəcəyikmi?
Görəsən, fikir ayrılığını düşmənçilik yox, bir rəhmət fürsəti kimi görə biləcəyikmi?
Görəsən, “mən haqlıyam” israrından vaz keçib, “Həqiqət birdir, yolları isə müxtəlifdir” deyə biləcəyikmi?
Və nəhayət, dini bir mübarizə yox, birgə yolçuluq kimi görərək, fərqli səslərə qulaq asmağı öyrənəcəyikmi?
Hiç yorum yok:
Yorum Gönder