İnsan çox vaxt özünü yaxşı tanıdığını düşünür. Amma ən çox yanıldığı yer də elə budur. Çünki əgər insan öz dəyərini, yerini və məsuliyyətini Allahın kəlamının işığında müəyyən etməyibsə, nə qədər çalışsa da, Allahla eyni dili danışa bilməz. Buna görə hər bir mömin zaman-zaman Qurani-Kərimin qarşısında durub özünə bu sualı verməlidir: “Mən kiməm?”
Bu sualın cavabını səmimi şəkildə axtaranlardan biri də İslam tarixində səssiz, lakin dərin iz buraxmış şəxsiyyətlərdən olan Əhnəf ibn Qays idi. O, Allah Rəsulunu (s.ə.s.) görə bilmədiyi üçün ömrü boyu ürəyi nisgilli qalan, lakin müsəlman olduqdan sonra itirdiklərini bərpa etmək üçün qəhrəmanlıqlar yazan bir igid idi.
Hicrətdən üç il əvvəl doğulmuşdu. Qəbiləsinin İslama qarşı məsafəli münasibəti səbəbindən bu nurla gec tanış olmuşdu. Amma Həzrət Ömərin (r.a) dövründə müsəlman olduqdan sonra artıq bir əsgər, bir komandan, ya da bir vali kimi İslama xidmət etməyə başladı. Həzrət Ömərin hörmətini qazandı, Həzrət Osman (r.a) dövründə susqunluğa çəkildi, Həzrət Əlinin (r.a) dövründə isə Cəməl istisna olmaqla daim onun yanında oldu.
Bir gün Müaviyə oğlu Yezidi xəlifə təyin etmək istəyir. Bunun üçün qəbilə başçılarını Şama dəvət edir. Hamı ya qorxudan, ya da mənfəət gözləyərək Yezidə dəstək verir. Növbə Əhnəfə çatır. Sarayda onun sözləri səssizliyi yarır:
“Yalan danışsam Allahdan qorxuram, doğru danışsam sizdən.”
Müaviyə (r.a) bu sözlərin nə demək olduğunu çox yaxşı anlayır və bir daha ondan fikir soruşmur. Əhnəf, məhz belə bir dürüstlüyün və cəsarətin adıdır.
Lakin onun əsl böyüklüyü döyüş meydanında deyil, çadırlar arasında gizlənmişdi. İran səfəri zamanı əsgər çadırları arasında gəzərkən bir səs eşidir. Bir əsgər Quran oxuyur. Diqqətlə qulaq asır. Ənbiya surəsinin 10-cu ayəsi oxunur:
“And olsun, sizə elə bir kitab endirdik ki, sizin bütün şərəf və şanınız ondadır. Hələ də dərk etmirsinizmi?”
Əhnəf yerində donub qalır. Dəfələrlə bu ayəni təkrar edir. Sonra öz-özünə deyir:
"Rəbbim mənə özümü anlatdığı bir kitab göndərib, amma mən bu kitabda özümü heç axtarmamışam."
Dərhal bir Quran istədi. Onu böyük ehtiramla açdı, qarşısında oturdu və oxumağa başladı. Ayələr irəlilədikcə özünə sual verirdi:
“Mən kiməm bu kitabda? Hansı obraz mənə bənzəyir?”
İnkar edənlərə baxdı: “Bu mən deyiləm.”
Münafiqlərə çatdı, ürpəşdi: “Belə olmaq istəmirəm.”
İman edənlərə gəldi, onların gözəl aqibətini oxudu, Cənnət təsvirləri ilə ovsunlandı: “Onlar harada, mən harada?”
Və nəhayət Tövbə surəsinin 102-ci ayəsinə çatdı:
“Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı əməli pis əməllə qarışdırmışdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul edər. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.”
Bu ayəni oxuyanda Əhnəf göz yaşlarını saxlaya bilmədi:
"Bax budur, mənim yerim buradadır, ey Rəbbim! Günah işləyən, sonra da onu etiraf edən... Bəzən yaxşı işlər görən, amma çox zaman bu yaxşılıqlara pisliklər qataraq çirkləndirən... Ümidsizliyə düşərkən Sənin 'Bağışlayan' və 'Rəhm edən' adını eşidib, ümidə sarılan... Mən buyam və özümü Sənin kitabında tapdım."
Bəs biz necə? Özümüzü başqalarının tərifindən, gözəl sözlərindən tanımağa çalışırıq. Amma əsl məsələ Qurani-Kərimin bizi necə tanıtdığıdır. Əhnəf kimi səmimi şəkildə Qurana yönəlməyə və “Mən kiməm?” sualını verməyə cəsarətimiz varmı?
Hiç yorum yok:
Yorum Gönder