Bəzən birindən “Məni anlamadılar” deyə bir gileylənmə eşidirik. Daha yumşaq şəkildə deyilsə, “yanlış başa düşüldüm”. O zaman belə bir sual verim: “Bəs niyə anlamalıyıq ki?” Yəni doğrudanmı, hər kəsin səni anlama borcu var? Niyə başqalarının səni anlamasını bu qədər vacib sayırsan? Ən adi gündəlik həyatımızda tez-tez rastlaşdığımız narahatlıqlardan biri də budur: "Məni anlamadılar", "sözümə qiymət verilmədi", "halımı görməzdən gəldilər"...
İnsan niyə bu qədər izah etməyə məcbur hiss edir özünü? Və niyə bu izahlar bizi heç vaxt tam rahatlatmır? Sonda bir kimsə bizi anlamayınca içinə çəkilirik, küskünlük yaşayırıq. Görəsən, bu “anlaşılmamaq” sadəcə bir emosional reaksiya, yoxsa daha dərin bir həqiqətin əlamətidir?
Bu duyğunu Mevlana Cəlaləddin Rumi, Məsnəvinin başlanğıcında “ney” simvolu ilə anlatmışdır. Neyin feryadı, təkcə bir musiqi alətinin səsi deyil – bu, bir qopmanın, bir arayışın fəryadıdır. Hər insan bir az o ney kimidir. Varlıqla qopmuşluğunun, mənşəyindən uzaq düşməyinin iztirabını içində daşıyır. Amma ətrafındakı insanlar bu fəryadı öz həyat təcrübələrinə görə şərh edir, onu öz halına uyğunlaşdırır. Ney isə tamam başqa bir ağrıyla, başqa bir səbəblə inləyir.
İnsanın dərdini anlamağa çalışan çox olur, amma onu özü kimi duyan az tapılar. Çünki hər kəs bir-birini öz iç dünyası çərçivəsində anlamağa çalışır. Həqiqi anlaşılmaq isə qarşı tərəfin sənə öz mənasını deyil, sənin mənanı verə bilməsi ilə mümkündür. Lakin bu da çox nadir bir haldır. Ona görə də əslində heç kim tam olaraq başqasını anlaya bilməz. Bu, bizim varlıq tərzimizin qaçılmaz təkliyidir.
İşin qəribə tərəfi budur ki, ney öz halını başqalarına izah etməyə çalışarkən əslində onları anlamağa və oyatmaqa çalışır. Onun səsləri həm bir çağırış, həm də bir yad salmadır. Ney bir narazılıqla deyil, bir mərhəmətlə danışır. Onun “şikayəti” əslində insanın özünü tanımamasına yönəlik bir xatırlatmadır. Ney insanlara qayıdış yolunu göstərmək istəyir, təkcə halını danışmaq üçün deyil, onları da o hala çağırmaq üçün danışır.
Buradan baxanda, “anlaşılmamaq” şikayət deyil, bir dərd ortağı axtarışıdır. Ney bizə göstərir ki, insan ancaq Allaha yaxınlaşdıqca özünü başa düşməyə başlayır. Və ancaq özünü tanıyan insan başqasının onu anlamamasına qapılıb qalmaz.
Yəni əsl sual budur: İnsan özünü doğrudan anlayıbmı ki, başqasının onu yanlış başa düşdüyünü iddia edə bilsin?
Əgər bir insan özü-özünü tam anlamayıbsa, başqalarının onu anlamamasına niyə təəccüblənsin? Deməli, ən əvvəl insanın gerçək iztirabı, başqalarının deyil, özünün özünü tanımamasıdır.
Beləcə, ney bir qınaqla yox, bir çağırışla səslənir: “Ey insan, sən özünü unutdun... Məni anlamadın, amma bu sənin dərdindir, mənim deyil. Mən səni sənə xatırlatmaq üçün buradayam.”
Hiç yorum yok:
Yorum Gönder