Məkkə Dövrü: İslamın Əsaslarının Qoyulduğu Mərhələ
İslamın ilk 13 ilini əhatə edən Məkkə dövrü, tövhid inancının möhkəmləndiyi bir mərhələdir. Bu çağırış təkcə Allahın varlığı və birliyi ilə kifayətlənmir, eyni zamanda peyğəmbərliyi qəbul etməyə, Hz. Muhəmməd (s) peyğəmbərə sədaqət göstərməyə və ona itaət etməyə dəvət edir. Bu mərhələdə axirət inancı da İslamın əsas mövzularından biri olmuşdur.
Məkkə, ticarət ruhuna malik bir şəhər idi. Lakin bu, Mədinədə ticarətin mövcud olmadığı anlamına gəlməz. Mədinə də mühüm ticarət yolları üzərində yerləşən və tacirləri olan bir şəhər idi. Bununla belə, Mədinə və Taif bölgələri kənd təsərrüfatı, üzümçülük, bağçılıq və heyvandarlıq üçün daha əlverişli təbii şəraitə sahib idilər.
Məkkə dövründə iqtisadi və mali məsələlərlə bağlı heç bir qayda və ya tətbiqin olmadığını söyləmək doğru olmazdı. Əksinə, bu dövr daha sonra Mədinədə daha sistemli və əhatəli şəkildə tətbiq ediləcək iqtisadi və mali prinsiplərin ilk təməllərinin qoyulduğu bir mərhələ idi. Məsələn, ədalət prinsipi yalnız ümumi bir dəyər kimi deyil, bazarda, ticarətdə və sosial münasibətlərdə konkret şəkildə öz əksini tapırdı. İnsanlar alış-verişdə dürüst olmağa, çəkidə və ölçüdə aldadıcı davranmamağa, yetim malına toxunmamağa və ehtiyac sahiblərinə – qohumlara, yoxsullara, köməyə möhtac olanlara – maddi dəstək göstərməyə təşviq olunurdu. Zəkat və sədəqə (infaq) kimi anlayışlar da bu dövrdə mənəvi və ictimai əsas olaraq formalaşmışdı. Lakin cihadın fərz qılınması və digər detallı hökmlərin əksəriyyəti Mədinə dövründə bəyan olunmuşdur. Bu səbəbdən, Məkkə və Mədinə dövrlərini sərt şəkildə ayırmaq doğru olmaz; çünki inancın əmələ çevrilməsi prosesi bu iki dövrün biri-birini tamamladığını göstərir.
Mədinə Dövrü: Yeni Bir Başlanğıc və İqtisadi Quruculuq
Miladi 622-ci ildə Hz. Peyğəmbərin Mədinəyə hicrəti ilə müsəlman cəmiyyəti siyasi və iqtisadi baxımdan müstəqil bir gücə çevrilmişdi. Burada Məkədən hicrət edən Mühacirlər, onları qarşılayan Əvs və Xəzrəc qəbilələrindən olan Ənsar və əhalinin təxminən yarısını təşkil edən yəhudi tayfaları (Bəni Qaynuqa, Bəni Nadir, Bəni Qureyzə) birlikdə yaşayırdı. Bu mühitdə İslam dəvəti daha geniş yayılmaq imkanı tapmışdı.
O dövrdə Mədinədə Safasif, Müzahim, Qaynuqa və Zübalə adlı dörd əsas ticarət bazarı mövcud idi. Bu bazarlar əsasən münafiqlər – məsələn, Abdullah ibn Übey ibn Səlul – və yəhudi icmalarının nəzarəti altında idi. Yəhudilər xüsusilə sələm və faizlə məşğul olmaları ilə tanınırdılar.
Hz. Peyğəmbərin (sav) Mədinə Bazarını Qurması
Hz. Peyğəmbər (sav), müsəlmanların öz bazarlarına sahib olması lazım olduğunu bildirərək bu istiqamətdə təşəbbüslərə başladı. İlk cəhd Bəni Nadir yəhudilərindən Ka'b ibn Əşrəf tərəfindən pozuldu. Buna cavab olaraq Hz. Peyğəmbər (sav) Bəni Saidə qəbiristanlığı yaxınlığında Mədinə Bazarını təsis etdi.
Mədinə Bazarının Xüsusiyyətləri və İdarəetmə Qaydaları
Yeni qurulan bu bazar, açıq və düz bir sahədə yerləşirdi və Məscid-i Nəbəviyə yaxın idi. Buranın əsas prinsipləri bunlar idi:
-
Sabit yer ayrılmırdı: Kim tez gəlirdisə, öz yerini tutur, malını sərgiləyirdi. Bu, inhisarçılığın və bazarda sosial ayrı-seçkiliyin qarşısını alırdı.
-
Heç bir işğaliyyə və ya vergi alınmırdı: Bu, qiymətlərin aşağı düşməsinə və bazara çıxışın asanlaşmasına səbəb olurdu.
-
Yüksək tikililərə və keçidi çətinləşdirən inşalara icazə verilmirdi: Ticarətin rahat axını təmin edilirdi.
Burada İslamın əsas iqtisadi prinsipləri şəxsən Hz. Peyğəmbər (sav) tərəfindən tətbiq olunur və örnəkləndirilirdi. “Aldadan bizdən deyil” prinsipi təkcə ticarətə deyil, bütün həyat münasibətlərinə istiqamət verən fundamental bir düstur olaraq vurğulanırdı.
Hisbə Qaydaları və Ədalətli Ticarət
Mədinə bazarında tətbiq olunan və sonrakı əsrlərdə inkişaf etdirilən iqtisadi nəzarət sisteminə “hisbə” deyilirdi. Hisbə, ən ümumi anlamda “yaxşılığa çağırmaq, pislikdən çəkindirmək” prinsipi üzərində qurulmuşdur və iqtisadi münasibətlərə bu mənəvi çərçivədən yanaşırdı. Hz. Peyğəmbərin (sav) bazarı şəxsən yoxlaması onun ilk “muhtəsib” – bazar nəzarətçisi – funksiyasını daşıdığını göstərir.
Hisbə çərçivəsində qadağan olunan başlıca ticari davranışlar bunlar idi:
-
Aldadıcı və hiyləgər satış üsulları;
-
Faiz və sələmçilik – haqsız qazanc kimi tamamilə yasaqlanmışdı;
-
Stokçuluq (ixtikar) – süni qıtlıq yaratmaq qadağan idi;
-
Haram olan malların bazara çıxarılması;
-
“Tələqqi rukban” – şəhərdən kənardan gələn tacirlərin məlumatsızlığından istifadə etməklə onların mallarını ucuz alıb baha satmaq praktikası.
Bütün bu qadağalar bazarda ədaləti təmin etməyə, insanları aldatmadan qorumağa və sosial etimadı bərqərar etməyə yönəlmişdi.
Beytülmal: İslamın İlk Dövlət Xəzinəsi
Mədinə dövründə Hz. Peyğəmbərin rəhbərliyi altında fəaliyyət göstərən və bugünkü xəzinə funksiyasını yerinə yetirən Beytülmal qurulmuşdu. Bu qurum zəkat, sədəqə, qənimətin beşdə biri və cizyə kimi vəsaitləri toplayır və onları Quranda göstərilən təbəqələrə – ehtiyac sahiblərinə, cihada və digər ictimai ehtiyaclara – sərf edirdi. Beytülmal sadəcə fiziki bir yer deyildi, daha çox Hz. Peyğəmbərin maddi məsələlərdəki ciddi yanaşmasının əksidir. Toplanan mallar müsəlmanların əmanəti, xüsusilə də kasıbların haqqı kimi qəbul olunurdu. İlk Beytülmal nümunəsi Mədinədəki məsciddə ayrılmış bir otaqda yerləşirdi.
Sonrakı xəlifələr dövründə bu sistem daha da inkişaf etmiş, ticarət genişlənmiş və yeni iqtisadi modellər meydana çıxmışdır – bu isə ayrıca bir mövzu olaraq müzakirə edilməlidir.
Hiç yorum yok:
Yorum Gönder