Mövzunun Önəmi
İranı anlamaq istəyiriksə, təkcə 1979-cu il İslam İnqilabına baxmaq kifayət deyil. Çünki bu cəmiyyətin din, dövlət və cəmiyyət münasibətləri bir günün içində formalaşmayıb. Əksinə, bu münasibətlər qədim dövrlərə, minilliklər boyu inkişaf etmiş bir tarixə dayanır. İranın bu günkü ictimai və siyasi quruluşunu düzgün dəyərləndirmək üçün Sasanilər dövrünə qədər uzanan tarixi zənciri nəzərdən keçirmək vacibdir. İran coğrafiyasının qədim dövrü, təəssüf ki, bizim bölgədə çox da dərindən işlənməyib, tanınmır. Halbuki bu dövr, bugünkü İranın ruhunu anlamaq üçün açar rolu oynayır.
Tarixi Gedişatın Bölümləri
Bu mövzunu mərhələli şəkildə araşdırmaq üçün müxtəlif dövrlərə diqqət yetirmək lazımdır:
-
Qədim İran – xüsusilə Sasanilərdən əvvəlki və Sasani dövrü;
-
Ərəb fəthləri və İslamın gəlişi;
-
Türklərin bölgəyə daxil olması və siyasi ağırlıq qazanması;
-
Səfəvilər, Qacarlar, Pəhləvilər dövrləri;
-
1979 İnqilabı və müasir İran.
İlk mərhələdə diqqətimizi Sasani dövrünə və ondan əvvəlki dövlət-din-cəmiyyət münasibətlərinə yönəldəcəyik.
Qədim İranın Coğrafiyası və Əhalisi
“İran” sözü etimoloji baxımdan “Aryan” mənşəlidir. Ari tayfaları bugünkü Pakistan üzərindən Hindistanla sərhəd olan ərazilərdən İrana daxil olmuş və təxminən eramızdan əvvəl VII əsrdə İranın “ürək bölgəsi”nə — yəni şimalda Xəzər dənizi, cənubda Fars körfəzi, qərbdə Anadolu və Mesopotamiya, şərqdə isə dağ və səhralarla əhatələnmiş mərkəzi hissəyə — yerləşmişlər. Bu bölgə son müdafiə xətti kimi qəbul olunurdu. Bu gün İsfahan, Şiraz, Yəzd, Kirman və Qum ətrafı həmin strateji bölgənin tərkib hissəsidir.
Sasanilərdən Əvvəlki Dövlət Formalaşmaları
Bu coğrafiyaya yerləşən Ari tayfaları zamanla siyasi quruluşlar meydana gətirmişdir. Ən tanınmış erkən imperiya Ahamanişlərdir. Bu imperiya genişlənmiş, lakin sürətlə çökmüşdür. Onların süqutundan sonra Medlər və Partlar (Eşkanilər) siyasi səhnəyə çıxmış, daha sonra İsgəndərin hücumları ilə İran coğrafiyası böyük dəyişikliklərə məruz qalmışdır. İsgəndərdən sonra Selevki dövləti yaranmış, lakin zaman keçdikcə bu siyasi varlıqlar zəifləyərək yerini yeni bir gücə – Sasani dövlətinə vermişdir.
Sasani Dövləti: İranın Tarixi Kimliyinin Quruluşu
Sasanilər dövləti Ardəşir Bəbəkan tərəfindən qurulmuş və İran tarixində dönüş nöqtəsi olmuşdur. Bu dövr təkcə siyasi baxımdan deyil, həm də dini və mədəni baxımdan İranın bünövrəsini formalaşdırmışdır. Sasani dövləti teokratik xarakter daşıyırdı – yəni dinlə dövlət bir-birindən ayrılmamışdı. Şahlar ilahi təmsilçi sayılır, idarəetməni Tanrı adına həyata keçirirdilər. Bu ideya “Ferri Yəzdan” adı ilə tanınırdı – Tanrının nuru, ilahi idarəetmə haqqı.
Bu anlayış sonrakı İslam dünyasında da “Zillullah fi’l-Arz” (Allahın yer üzündəki kölgəsi) kimi əks-səda tapmışdır. Xüsusilə Abbasilər dövründə bu siyasi-fəlsəfi konsepsiya Sasani ənənəsinin İslami şəkil almış versiyası kimi dəyərləndirilə bilər.
Zərdüştlük və Sasani Din Sistemi
Sasanilər dövründə Zərdüştlük rəsmi din olmuşdur. Əvvəllər geniş yayılmış Mitra inancı tədricən Zərdüştlüklə əvəzlənmişdir. Zərdüşt peyğəmbər kimi qəbul edilir, onun kitabı “Avestə” müqəddəs mənbə sayılırdı. İslam dövründə bir çox müctəhidlər – o cümlədən İmam Cəfər Sadiq və Əbu Hənifə – Zərdüştləri Əhli Kitab kimi qəbul etmiş, onlara zəmanət hüquqları tanınmışdır. Bu xüsusilə Sasanilərin paytaxtına yaxın olan Kufə və Bəsrə ərazilərində formalaşan fiqh məktəbləri üçün böyük əhəmiyyət daşıyırdı.
İki Qütblü Dünya: Sasani və Bizans Gücləri
Sasani dövləti o dövrün iki böyük gücündən biri idi – digər tərəfdə Bizans dururdu. Bu iki imperiya Anadolu coğrafiyasında birbaşa qarşılaşırdı. Şərqi və cənubi Anadolu bölgələrində tapılan Sasani pulları və şəhər xarabalıqları onların burada nüfuz sahibi olduğunu göstərir.
İslamdan Əvvəlki Ərəb Tayfaları və Sasani Sərhədləri
İslamdan əvvəlki dövrdə ərəb tayfaları Sasani sərhədlərinə yaxın ərazilərdə yaşayan, lakin siyasi cəhətdən təşkilatlanmamış, zaman-zaman sərhəd toqquşmalarında iştirak edən köçəri topluluqlar idi. Çin-Türk sərhəd münasibətlərinə bənzər bir sistem mövcud idi.
İslam və Sasani Dövlətinin Süqutu
İslamın gəlişi ilə ərəblər vahid bir siyasi güc halına gəldi. Xilafətin qurulması, xüsusilə Xəlifə Ömərin dövründəki fəthlər Sasani dövlətinin sonunu gətirdi. 636-cı ildəki Qadisiyyə və 642-ci ildəki Nəhavənd döyüşləri ilə Sasani imperiyası tamamilə süqut etdi. Bu, çox qısa bir zaman ərzində bir qəbilə konfederasiyasının böyük bir imperiyanı çökdürməsi baxımından tarixi baxımdan olduqca diqqətəlayiq bir hadisədir.
İranın “İki Əsrlik Sükutu” və Travması
Sasani imperiyasının süqutu İran cəmiyyətində böyük bir psixoloji sarsıntı yaratdı. Bu dövr İran tarixində “Dukar-ə Sukut” (İki əsrlik sükut) adlandırılır. Şah Yezdcərdin qaçaraq öldürülməsi, sərkərdələrin Hindistana sığınması, elitanın gücsüz qalması ilə müşahidə olunan bu travma, İran xalqında dərin bir yenidən dirçəliş arzusu yaratmışdır. Bu travma bəzən Sovet İttifaqının dağılmasından sonra Rusiya siyasətindəki reaksiyalarla müqayisə olunur.
Bu çöküş dövrü təqribən 640-cı illərdən başlayaraq 850-ci illərdə Səffarilər və Samanilər kimi ilk yerli İran mənşəli dövlətlərin yaranmasına qədər davam etmişdir.
İranlıların İslamla Qarşılaşması və İki Əsas Nəticə
Bu iki əsrlik sükut dövrü İran xalqının İslamla tanışlığı və birləşməsi dövrüdür. Burada iki əsas nəticəni qeyd etmək olar:
-
İslam Mədəniyyətinin Formalaşmasında İranın Rolu: İlk İslam cəmiyyətlərində yazılı mədəniyyət zəif idi. Lakin Sasani, Bizans və Misir kimi bölgələrdə bu ənənə artıq mövcud idi. İslamın ilk fiqh, kəlam, hədis məktəbləri əsasən İran coğrafiyasında, xüsusilə də İraq bölgəsində təşəkkül tapmışdır.
-
İslamın Mədəniyyəti və İranın İslamlaşması: Bu qarşılıqlı təsir nəticəsində nəinki İran müsəlman oldu, eyni zamanda İslam da İrandan bəhrələndi – siyasi idarəetmə, saray adətləri, hüquq sistemi və mədəniyyət baxımından bir çox yeniliklərlə tanış olundu.
Hiç yorum yok:
Yorum Gönder