Asiyanı tək bir coğrafiya kimi qiymətləndirmək yanlışdır. İranla Yaponiyaya qədər uzanan bu geniş ərazi son dərəcə müxtəlifdir və bölgələri ayrıca nəzərdən keçirmək zəruridir: İran, Hind altqitəsi (Əfqanistan, Pakistan, Hindistan, Banqladeş, Şri Lanka, Nepal), Orta Asiya, Rusiya və Cənub-Şərqi Asiya ölkələri hər biri fərqli tarix, iqlim, islamlaşma prosesi və xarici təsirlərlə formalaşmış bölgələrdir. Bu fərqliliklər Asiyanı dörd əsas başlıq altında müzakirə etməyə vadar edir: Cənub-Şərqi Asiya, Hind altqitəsi, Türküstan (xüsusilə Xarəzm) və İran.
Coğrafi mərkəzin harada olması önəmli bir sualdır. Müasir
müstəvidə bəziləri bu mərkəzin Pasifik okeanı istiqamətinə, bəziləri isə
Avropaya çəkildiyini iddia etsə də, bizə görə, İslam düşüncəsində dünyanın mərkəzi
qiyamətə qədər bu gün "Yaxın Şərq" adlandırılan bölgə olaraq qalacaq.
Tarixi və geosiyasi hadisələr də bunu təsdiqləyir: Çin kimi güc mərkəzləri belə
beynəlxalq səhnədə əhəmiyyət qazandıqda bu coğrafiyada fiziki olaraq mövcudiyyət
göstərirlər. Mərkəzə yaxınlıq, yalnız coğrafi deyil, həm də mənəvi və siyasi təsir
imkanlarını artırır.
Cənub-Şərqi Asiya məsələsinə gəlincə, burada 300 milyona
yaxın müsəlman yaşayır. Bu bölgədə İslam əsasən tacirlər vasitəsilə yayılıb,
ancaq İslam dünyasının "mərkəzinə" olan uzaqlıq səbəbindən qərar alma
mexanizmlərində təsirləri olduqca zəifdir. Məsələn, dünyanın ən çox müsəlman əhalisinə
sahib olan İndoneziya belə (200 milyondan çox) Mahathir Muhəmməd və Ənvər
İbrahim kimi bir neçə ad istisna olmaqla İslam dünyasında siyasi və fikri təsir
göstərə biləcək şəxsiyyətlər yetişdirə bilməyib. Çünki hər hansı bir fikrin və
ya məhsulun dövriyyəyə girməsi üçün mərkəzlə əlaqədə olmaq həyati əhəmiyyət
daşıyır.
Hind altqitəsi ayrıca bir dünya kimidir. 1947-ci ilə qədər
bu ərazi Pakistan və Hindistana bölünməmişdi. 1858-ci ildə Babür İmperiyası
süquta uğradıqdan sonra Böyük Britaniya bu bölgəni tam 90 il boyunca istismar
etdi. Bu torpaqlar təkcə insan qaynağı ilə deyil, zəngin təbii sərvətləri,
memarlıq və mədəni irsi ilə də diqqətəlayiqdir. Hətta Britaniya Muzeyinin özü
belə bu bölgədən aparılmış əsərlərlə qurulmuşdur.
Biz müsəlmanlar bu coğrafiyanı nə qədər tanıyırıq? Delhi
Sultanlığı və Babür İmperiyası kimi tarixi dövrlərə dair biliklərimiz çox məhduddur.
Babür, Hümayun, Əkbər, Cahangir, Şah Cahan, Əvrəngzib (Ələmgir) kimi liderlər
yalnız Osmanlı ilə əlaqələri çərçivəsində tanınır. Halbuki Babürlər ən azı
Osmanlı qədər böyük və təsirli bir imperiya qurmuşdular. Əvrəngzib Hind milli
yaddaşında şeytan obrazına çevrilmiş, qərb ədəbiyyatında da bənzər şəkildə təqdim
edilmişdir. Bu gün Hindistanda müsəlmanlara qarşı törədilən zorakılıqların
tarixi kökləri də burada yatır.
1947-ci ildəki bölünmə isə, bəlkə də, müasir dövrün ən böyük
cinayətlərindən biri idi. İngilislər bölgəni qarışdırdıqdan və müxtəlif dini
icmaları bir-birinə qarşı qızışdırdıqdan sonra, xəritə üzərində heç bir insani
və sosial həssaslıq göstərmədən sərhədləri çəkdilər. Pakistanın qərb və şərqdə
(indiki Banqladeş) iki hissəyə bölünməsi, paytaxtla digər hissə arasında 2000
km məsafənin olması, sonrakı illərdə baş verən qarşıdurmaların əsasını qoydu.
1971-ci ildə Hindistanın dəstəklədiyi müharibə ilə Banqladeş ayrıldı və bu günə
qədər Hindistanla müttəfiq, Pakistanla isə rəqib mövqedədir.
Keşmir problemi isə Radcliffe adlı ingilis məmurun bölgə
haqqında heç bir məlumatı olmadan xəritə cızmasından qaynaqlanır – deyəsən
Keşmirin varlığından da İngiltərəyə qayıdanda xəbər tutmuşdu. Keşmir, Qüds və
Kipr (3K) bu günə qədər davam edən və kökündə İngilis siyasətinin dayandığı
problemlərdir. Ən pisi odur ki, bütün bu düyünlərin müəllifi olan İngiltərə bu
bölgələrdə hələ də "qoruyucu" və ya "etibarlı tərəf" kimi qəbul
edilir. Mədəni təsir də hələ davam edir – kriket və südlü çay bu təsirin
simvolik nümunələridir.
Türküstan (xüsusilə Xarəzm) coğrafiyası isə bizim Anadolu ilə
bağın formalaşdığı torpaqlardır. Bugünkü terminlərlə desək, bir tərəfdə Şərqi
Türküstan (Uyğur bölgəsi), digər tərəfdə isə Orta Asiya Respublikaları (Özbəkistan,
Qazaxıstan, Türkmənistan və s.) var. Buxara, Səmərqənd, Tirmiz, Xivə kimi şəhərlər
bu torpaqlardadır. İmam Buxari, İmam Maturidi, Şah Nəqşbənd kimi böyük şəxsiyyətlər
burada doğulub, burada yaşamış və burada da dəfn olunublar. Bu ərazi zənn
etdiyimizdən daha da yaxındır.
Teymurləng məsələsi də bu kontekstdə önəmli bir mövzudur.
Özbəkistan üçün milli qəhrəmandır. Bir tərəfdən elm və sənət adamı kimi dəyərləndirilir,
digər tərəfdən isə 1402 Ankara Savaşında Anadolu şəhərlərini talayan, sərt və qəddar
bir hökmdar kimi tanınır. Səmərqənddəki abidələr onun qurduğu imperiyanın
böyüklüyünü göstərsə də, ölümündən sonra dövlətin dağılması uzun çəkmədi.
İrana gəlincə, tarixdə şiəliyin üç böyük yüksəlişindən bəhs
edilir: Fatimilər, Səfəvilər və 1979 İslam İnqilabı. İranın hazırda İslam
dünyasında təsirini sürətlə artırması diqqət çəkir. Şiəlik əksəriyyətə (sünnilərə)
təsir edə bilmək üçün əsasən iki vasitədən istifadə edir: Əhli-beyt sevgisi və
Qüds məsələsi. Bu iki məsələ olmasa, İranın ümumi İslam coğrafiyası ilə ünsiyyət
qurması çətin olardı.
Kerbəla anmaları da bu mənada 1979-dan sonra dövlət səviyyəsində
təşkil olunan bir ideoloji rituallaşmaya çevrilib. Tarix boyunca qeyd
olunmasına baxmayaraq, son dönəmdə bu hadisə sünnilərə qarşı gizli bir ittiham
vasitəsinə çevrilmiş kimi görünür. Hz. Həsən və Hz. Həmzənin şəhidliyi bu şəkildə
önə çıxarılmır. Bu da bizə müəyyən ideoloji istiqamət dəyişikliklərinin
olduğunu göstərir.
Qüds məsələsi isə İranın əlində artıq siyasi retorikaya
çevrilmiş bir vasitədir. Halbuki bu müqəddəs şəhərin azadlığı uğrunda mübarizə
aparmış üç böyük şəxsiyyət var: Hz. Ömər, Salahəddin Əyyubi və Yavuz Sultan Səlim.
Bu üç şəxsiyyət (ərəb, kürd, türk) eyni İslam kimliyi çərçivəsində hərəkət
etmişdir. Amma şiə ideologiyasında bu adların heç biri sevilmir – əksinə, lənətlənirlər.
İran bu boşluğu yeni simalarla (məsələn, Qasım Süleymani) doldurmağa çalışır.
İndi isə gəlin bir sual üzərində düşünək: Sünni İslam
dünyasının əlində, geniş kütlələri hərəkətə gətirəcək bir dini, siyasi və mədəni
güc varmı? Sionizm və şiəlik bu gücə sahibkən, sünnilik bu sahədə geridə
qalarsa, coğrafiyamız tədricən başqa ideologiyaların təsirinə düşəcək. Tarixdə
bəzən xəlifəlik, bəzən başqa formalarla bu güc ortaya qoyulmuşdu. Bu gün hansı
şəkildə ortaya çıxacaq – onu zaman göstərəcək.
Məsələlər qısa vaxtda bitəcək deyil – amma istiqamət göstərmək
və düşünməyə təkan vermək baxımından düşünməyə dəyər. Bu mövzularda ömür boyu
oxumaq, müşahidə aparmaq və əlaqələri canlı saxlamaq önəmlidir.
Hiç yorum yok:
Yorum Gönder