Biladü'ş-Şam: Tarixi Dərinliyi və Müasir Reallıqları
İslam coğrafiyasının mərkəzində yerləşən Biladü'ş-Şam bölgəsi,
həm tarixi baxımdan, həm də bu günkü mürəkkəb durumu ilə diqqətəlayiq bir məkan
olaraq qalır. Bizim gündəlik dilimizdə "Şam" deyəndə adətən Suriyanın
paytaxtı nəzərdə tutulur. Halbuki ərəblər bu şəhəri "Dıməşq"
adlandırırlar. Əslində isə "Biladü'ş-Şam" ifadəsi tarixi baxımdan təkcə
bir şəhəri deyil, daha geniş bir coğrafiyanı əhatə edir. Bu adlandırma tərzi
bizə Osmanlı dövründən miras qalıb; o zamanlar bu ərazidə, o cümlədən bugünkü
Dıməşq də daxil olmaqla geniş bir bölgəyə ümumilikdə "Şam" deyilirdi.
Maraqlıdır ki, oxşar bir vəziyyət "Fas" adında da
müşahidə olunur. Osmanlılar bu günkü Mərakeşin (Məğribin) tamamını
"Fas" şəhərinin adı ilə adlandırırdılar. Eyni zamanda, baş geyimi
olan "fes"in adı da bu şəhərin adından qaynaqlanır. Coğrafi adların
bu şəkildə daralıb geniş mənalar qazanması İran Körfəzi nümunəsində də
qarşımıza çıxır. Məsələn, bu körfəzə "Bəsrə" adını verən yeganə ölkə
Türkiyədir. Halbuki ərəblər "Əl-Xəlîc əl-Ərəbî" (Ərəb Körfəzi),
iranlılar isə "Fars Körfəzi" deyirlər. Qərb mənbələrində isə daha çox
"Persian Gulf" işlədilir.
Biladü'ş-Şam nədir və haranı əhatə edir?
Ərəb və İslam coğrafiyaşünaslarının təsnifatına əsasən,
Biladü'ş-Şam adlanan bu bölgə, Hicazın qərbində yerləşən, Bərəkətli Hilal
adlanan coğrafi sahəni ifadə edir. Xəritədə Kəbənin sol tərəfində qalan ərazilər
bu kateqoriyaya daxil edilir. Qərb mənbələrində isə bu bölgəyə
"Levant" deyilir. Levant anlayışı daha çox İtalyan və Fransız ticarət
dairələrinin bu bölgədəki varlığına istinad edir və "Levanten"
adlanan yerli-Avropa qarışığı bir sosial təbəqənin formalaşmasına səbəb
olmuşdur.
Tarixi Biladü'ş-Şam bu gün bir neçə müstəqil ölkəyə bölünüb.
Müxtəlif mənbələrə görə, bu bölgəyə əsasən Suriya, Livan, İraq, İordaniya, Fələstin
və Türkiyənin bəzi hissələri daxildir. Fələstin məsələsi isə ayrıca geniş bir
izah tələb edir.
Suriya: Tarix və Mürəkkəblik
Suriya, Biladü'ş-Şamın strateji və mədəni baxımdan ən əsas
bölgələrindən biridir. Bugünkü Türkiyə cəmiyyətində bu ölkə çox zaman yalnız
"qaçqın problemi" ilə əlaqələndirilsə də, tarixi və dini baxımdan
İslam mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. Şam, Hələb, Hums, Deyr əz-Zor
kimi şəhərlər əsrlər boyu mədəni və siyasi baxımdan önəmli rol oynamışdır.
Suriya 635-ci ildə Hz. Ömərin xilafəti dövründə İslam
torpaqlarına qatılıb və yalnız xaçlı yürüşləri istisna olmaqla, davamlı olaraq
İslam hakimiyyəti altında qalmışdır. Əməvilərdən Osmanlılara qədər uzanan uzun
bir dövr ərzində bu coğrafiya daim ön planda olmuşdur. Osmanlı hakimiyyəti
burada 400 ildən artıq davam etmiş, 1918-ci ilə qədər davam etmişdir. Sonrakı
dövrdə isə ölkə qısa bir müddət Faysal tərəfindən idarə olunmuş, ardınca isə
Fransız mandatı altına daxil edilmişdir.
Fransız dövründə dini və məzhəbi fərqliliklər qəsdən
qabardılmış, bu da ölkənin daxili sabitliyini sarsıtmışdır. 1963-cü ildə Baas
Partiyasının hakimiyyətə gəlməsindən sonra ölkədə sərt bir diktatura rejimi
qurulmuş, dövlətin idarəetməsi muhabərat (istintaq və kəşfiyyat) orqanlarının əlinə
keçmişdir.
İndiyə kimi isə Suriya, təkcə müharibə ilə deyil, həm də
demoqrafik və dini dəyişikliklərlə qarşı-qarşıya idi. İran, xüsusilə də tarixi
sünni şəhərlərdə şiə nüfuzunu gücləndirmək üçün sistemli fəaliyyət göstərirdi.
Şam bu prosesin açıq nümunələrindəndir. Vəqflər, məscidlər, dini məktəblər və
torpaqlar əldən alınaraq şiə icmalarına ötürülürdü. Fəqət əlhəmdulilləh ki, son
dönəmlərdə Suriya işğallardan azad oldu.
Livan: Balaca Ölkə, Böyük Gərginlik
Livan coğrafi baxımdan kiçik olsa da, Biladü'ş-Şam bölgəsinin
mühüm bir parçasıdır və 1943-cü ildə Fransızlardan ayrılaraq müstəqil olub.
Lakin bu günə qədər ölkədə birbaşa əhali siyahıyaalması aparılmayıb. Bunun səbəbi
1932-ci ildə qurulmuş məzhəb əsaslı siyasi balansdır: prezident xristian, baş
nazir sünni, parlament sədri isə şiə olmalıdır. Bugünkü reallıqda isə ölkə əhalisinin
çoxu müsəlmandır.
Livanın daxilində 18-dən çox dini və məzhəbi qrup yaşayır.
1975-1990-cı illər arasında yaşanan və heç bir aydın ideoloji səbəbi olmayan vətəndaş
müharibəsi ölkənin strukturunu sarsıtdı. Bu gün isə Livan, İranın bölgədəki əsas
təsir rıçaqlarından biri olan Hizbullah vasitəsilə güclü bir şiə təsiri
altındadır. Hizbullah faktiki olaraq dövlət içində dövlət kimi fəaliyyət göstərir.
İraq: Keçmişin Qovuşduğu Yer
İraq, hər nə qədər Biladü'ş-Şamın mərkəzində yer almasa da,
bu bölgə ilə sıx bağlı olmuşdur. Tarix boyunca İraq heç vaxt tam müstəqil bir
siyasi varlıq kimi formalaşmayıb, həmişə daha böyük siyasi strukturların bir
parçası olub. Müasir İraq isə 1921-ci ildə İngiltərənin təsiri ilə bir neçə fərqli
bölgənin birləşdirilməsi ilə yaradılıb. Şərif Hüseynin oğlu Faysal buraya kral
təyin edilsə də, nə bu ölkəni tanıyırdı, nə də xalqı onu mənimsədi. 1958-ci ildə
baş verən hərbi çevriliş bu dövrə son qoydu.
Tarixdə Şam və Bağdad arasında hər zaman rəqabət olub. Əməvilər
dövründə Şam, Abbasilər dövründə isə Bağdad paytaxt olub. Bu gərginlik XX əsrdə
Baas partiyası vasitəsilə yenidən canlandı. 1963-cü ildə həm Suriya, həm də
İraqda Baas hakimiyyətə gəldi. Lakin bu “qardaş partiyalar” arasında münasibətlər
daim gərgin oldu.
Səddam Hüseynin devrilməsi ilə İran bölgədəki təsirini daha
da artırdı. Xüsusilə də şiəlik üzərindən gedən mədəni və siyasi təsir, İraqın
demoqrafik və dini strukturunu dəyişməyə başlayıb.
İordaniya: Balansların Üzərində Gəzən Krallıq
İordaniya, nə neftə, nə də təbii qaz ehtiyatlarına sahib
olsa da, beynəlxalq münasibətlərdə oynadığı rol və xüsusilə Qüds və Məscidül-Əqsaya
olan nəzarəti ilə diqqət çəkir. Hicazdan qovulan Haşimilər burada krallıq qura
bildilər və bu gün də Əqsa məscidinin idarəsi onların nəzarətindədir. Bu isə
onlara İslam dünyasında simvolik də olsa, önəmli bir mövqe qazandırır.
İordaniya kral ailəsi daim tarazlıq üzərində hərəkət etməyə
məcburdur. Əhalisinin böyük hissəsi fələstinlilərdən ibarətdir. Kral Əbdullahın
atası və babası suiqəstlərlə qarşılaşıb, ölkə daim iqtisadi dəstəyə möhtac vəziyyətdə
olub. Bütün bunlar bu kiçik ölkənin nə qədər böyük bir tarazlıq oyunu
oynadığını göstərir.
Hiç yorum yok:
Yorum Gönder