İslam Mədəniyyətində Alim Kimdir və Peyğəmbər Varisliyi Nə Deməkdir?
İslam düşüncə ənənəsində “alim” dedikdə, təkcə çox bilən adam başa düşülmür. Alim – peyğəmbərlərin varisləri kimi qəbul olunan xüsusi bir mövqeyə sahib insandır. Təftəzani “Şərhu’l-Məvaqif” əsərinin başlanğıcında qeyd etdiyi kimi, İslam mədəniyyətində elm – insanla Allah arasında körpü rolunu oynayır. Elmlərin əsas məqsədi, Allahın nə istədiyini doğru şəkildə insanlara çatdırmaqdır.
Peyğəmbərin Şəxsiyyəti və Həqiqət Bilgisi
Hz. Muhəmməd (s.ə.s), həyatın hər sahəsində örnək olacaq bir şəxsiyyət ortaya qoyub. O, Allahın ona bəxş etdiyi həqiqət bilgisinə uyğun bir həyat yaşayıb və bizə bu həyat tərzini nümayiş etdirib. “Yaxşı insan kimdir?” sualının cavabı onun şəxsiyyətində cəmlənir. İnsan ailəsində, dostları ilə, cəmiyyətdə, idarə etdiyi insanlarla necə davranmalıdır, necə bir ictimai-siyasi düzən qurulmalıdır – bu sualların cavabını onun həyatında görmək mümkündür. Ədaləti uca dəyər, ixlası Allahın bəndəsindən istədiyi əsas xüsusiyyət, ehsanı isə zirvə bir əxlaqi hal kimi dəyərləndirən bir nizamın qurucusu olub.
Peyğəmbərdən Sonra və Elmlərin Yaranması
Peyğəmbərin vəfatından sonra onun təmsil etdiyi bütövlüyü daşıya biləcək tək bir şəxsin ortada olmaması yeni bir sualı gündəmə gətirdi: Bu bütöv həqiqəti kim və necə daşıyacaq?
Bu, İslam düşüncə tarixi ilə məhdud deyil – eyni məsələ qədim yunan fəlsəfəsində də müzakirə olunub. Platon, bu bütövlüyü bir müdrik şəxsin davam etdirməsini zəruri sayırdı. Aristotel isə fərqli düşünürdü; onun fikrincə, tək bir şəxsin belə bir təmsiliyyəti daşıması mümkün deyil və bu səbəbdən elmlər inşa edilməlidir.
İslam dünyasında da Hz. Peyğəmbərdən (sav) sonra ikinci yanaşma qəbul edildi. Yəni, peyğəmbərin təmsiliyyəti yerinə şəxs yox, elm, sənət və ixtisaslar keçdi. Həqiqətə olan məsafəni azaltmaq üçün təfsir, hədis, fiqh, kəlam, təsəvvüf kimi elmi sahələr formalaşdı. Bu elmlər Quran və Sünnədən qaynaqlanaraq insanlarla həqiqət arasında vasitə rolunu oynadı. Başlanğıcda bu sahələr bir-biri ilə toqquşsa da – məsələn, hədisçilər, fəqihlər, sufilər öz yollarını yeganə doğru yol hesab edirdilər – zamanla bu sahələr bir-birini tamamlayan bir struktur halına gəldi. İmam Qəzali bu uzlaşmanın təşəkkülündə mühüm rol oynamışdır.
Peyğəmbər Varisliyi və Alimin Şəxsiyyəti
“Alimlər – peyğəmbərlərin varisləridir” rəvayəti, hər bir sahədə ixtisaslaşmış şəxsin, o sahədə peyğəmbəri təmsil etdiyini bildirir. Amma bu varislik hər zaman bütöv bir təmsil anlamına gəlməz. Tarixdə İmam Əbu Hənifə kimi böyük şəxsiyyətlər həm fiqh, həm də etiqad sahəsində müctəhid olduqları üçün daha geniş bir təmsiliyyətə sahib sayılırlar. Amma bu yenə də hər bir sahədə, hər bir yerdə bütöv bir təmsiliyyət demək deyil.
Alimin peyğəmbərə varis olması təkcə məntiqi biliklə bağlı deyil. Bu, eyni zamanda təqva sahibi olmaqla – yəni Allahdan qorxmaq, Onun iradəsini hiss etmək və ona tam tabe olmaqla – bağlıdır. Allahın iradəsini tanımayan, təslim olmayan biri nə qədər bilikli olsa da, müctəhid ola bilməz. Məsələn, qeyri-müsəlman bir elm adamı ixtisas sahibi ola bilər, amma müctəhid ola bilməz. Çünki bu, elm qədər imanla da bağlıdır.
Hz. Peyğəmbər (s.ə.s) müsəlmanlar üçün təkcə bir insan deyil, həm də həqiqətin son zirvəsi – “külli bir varlıq”dır. Onun gətirdiyi gerçəklikdən sonra ortaya çıxan hər fikir, hər kəşf ya bir cavabdır, ya da bir çağırışa uymaqdır. Ona görə də, ümumi insanlıq “ümmət-i dəvət”, müsəlmanlar isə “ümmət-i icabət” olaraq Rəsulullahın (sav) gətirdiyi bu həqiqətin fərqli təzahürlərini daşıyırlar.
Elmi sahədə çalışan qeyri-müsəlmanlar – məsələn, Nyuton və ya Edison – Allahın yaratdığı həqiqətdən bir parçanı kəşf etdikləri üçün, dolayısı ilə bu gerçəklik şəbəkəsinə daxil olmuş olurlar, amma çox cüzi bir hissəsində yer alırlar (ona görə də, hikmət möminin itkisidir, harada görsə, onu götürər, əsas olan həqiqətə zidd olmasın). Çünki həqiqət yalnız Qurandakı mətnlərlə məhdudlaşmır. Mənalar daha genişdir, daha bütövdür. Bu isə o demək deyil ki, hər elmi məlumatı Qurandan sözbəsöz tapmalıyıq.
Digər tərəfdən, peyğəmbərlər gündəlik danışıq dili ilə danışırlar. Məsələn, “günəş doğdu” kimi ifadələr elmi həqiqətlə üst-üstə düşməsə də, insanların qavrayışına uyğun olduğu üçün bu, peyğəmbərin təmsilçiliyinə heç bir zərər vermir. Yəni peyğəmbərin vəzifəsi indi pozitiv elmi kəşflər etmək demək deyil.
Alimin İki Böyük Vəzifəsi
Bu gün alim olmaq təkcə bilikli olmaq deyil, həm də iki əsas məsuliyyəti daşımaq deməkdir:
1. Zamanın elmi səviyyəsini təmsil etmək. Yəni, bir alim öz sahəsindəki biliklərin dərinliyinə vaqif olmalıdır. Bu, hər sahədə mütəxəssis olmaq anlamına gəlməz. Amma məsələn bir fəqih, bir təsəvvüf alimi öz sahəsində yüksək səviyyədə bilgiyə sahib olmalı və digər sahələrin harda durduğunu da dərk etməlidir. Bu gün “akademik ruh” deyə biləcəyimiz bu yanaşma getdikcə zəifləyib, çünki ixtisaslar çox xırdalanıb.
2. Cəmiyyətin vəziyyətini təhlil edərək, əsas ideallara uyğun bir həyat forması düşünmək. Bu, alimin dövrünün problemlərinə qarşı duyarlı olmasını və toplumun dərdlərinə istiqamət verən bir dil formalaşdırmasını tələb edir. Necə ki, bir həkim yalnız ürəklə deyil, insanın rifahı ilə də maraqlanmalıdır, alim də əmək istismarı, şəhərsalma, ictimai ədalət kimi məsələlərə biganə qala bilməz. Bu vəzifə fərdi olmasa da, “ümumi məsuliyyət” – yəni “fərz-i kifayə” xarakteri daşıyır. Əgər bu məsuliyyəti heç kim daşımırsa, o zaman “alim” cəmiyyət içindəki əsas rolunu yerinə yetirmir deməkdir. Bu, əslində peyğəmbərin insanlara haqqı göstərib onları ora yönəltmə vəzifəsinin bir davamıdır.
Hiç yorum yok:
Yorum Gönder