Məğrib və Əndəlüs: Tarixin qatlarında birgə axan iki
yaddaş
"Məğrib" (qərb) anlayışı İslam coğrafiya düşüncəsində
dərin mənalar daşıyır. Ərəb dilində "günəşin batdığı yer" mənasına gələn
bu söz, klassik dövrdə müsəlmanların qərbdə çatdığı ən son nöqtəni – yəni
bugünkü Fas, Əlcəzair və Mavritaniyanı – ifadə edirdi. Xəritəyə Xorasan, Hərəzm
və ya Şamdan baxan coğrafiyaçılar üçün bu torpaqlar sözün həqiqi mənasında “günəşin
batdığı” son hüdud idi.
Tarixi olaraq Məğrib üç hissəyə bölünürdü: Yaxın Məğrib
(Liviya və ətrafı), Orta Məğrib (əsasən Tunis və bir qədər Liviya və Əlcəzair)
və Uzaq Məğrib (bugünkü Fas, Əlcəzair və Mavritaniyanın daxil olduğu şimal-qərbi
Afrika torpaqları). Zamanla bu anlayış daraldı və indi Məğrib deyəndə daha çox
Fas nəzərdə tutulur.
Bu coğrafiyanın tarixi dərinliyi onsuz da kifayət qədər
maraqlı olduğu halda, Əndəlüs təcrübəsi ilə birlikdə tamamilə fərqli bir mənzərə
ortaya çıxır. Çünki bu gün İspaniya və Portuqaliyanın bir hissəsi olan keçmiş Əndəlüs
torpaqları ilə bugünkü Mağrib ölkələri arasındakı tarixi, mədəni və etnik əlaqə
çox güclüdür. Məsələn, bu bölgələrdə yaşayan bir çox müsəlmanların kökü məhz
Şimali Afrikaya dayanır. Odur ki, bu iki coğrafiyanı bir-birindən ayrı düşünmək
mümkün deyil.
Həzrət Ömərin (r.a) baxışı və fəth siyasətinin təməli
İslamın ilk genişlənmə dövründə, xüsusilə də Rəşidi xəlifələrdən
Həzrət Ömərin dönəmində çox diqqətəlayiq bir prinsipiallıq var idi. O, sürətli
və nizamsız genişlənməyə qarşı idi. Fəthlər zamanı əsas narahatlığı müsəlman cəmiyyətinin
daxili birliyini və mənəvi sağlamlığını qorumaq idi.
Həzrət Ömər istəmirdi ki, hərbi uğur naminə ehtiyatsız
addımlar atılsın. Məsələn, Suriya fəth edildikdən sonra müsəlmanlar Kipr
adasını almaq istəyəndə o, buna razılıq vermədi – “bir müsəlmanın həyatı bir
ada uğruna təhlükəyə atılmasın” düşüncəsilə. Eyni şəkildə, Misirin fəthi zamanı
Əmr bin As-ın təşəbbüsünü də ehtiyatla qiymətləndirib, böyümənin nəzarətli şəkildə
aparılmasına çalışmışdı.
Digər bir həssas məqam isə yeni fəth edilən ərazilərlə Mədinə
arasında quru əlaqəsinin qorunması idi. Fustat şəhəri (bugünkü Qahirənin təməli)
bu düşüncə ilə Nilin şərq sahilində salındı. Bəsrə də eyni şəkildə Dəclə
çayının qərbində, birbaşa Hicazla əlaqəli şəkildə quruldu. Bütün bunlar sonrakı
dövrlərdəki siyasi çaxnaşmaları və xüsusilə Həzrət Osmanın (r.a) şəhadətini
anlamaq üçün açar rolundadır.
Həzrət Ömərin 644-cü ildə şəhid edilməsindən sonra isə artıq
o saxladığı qapılar açıldı və müsəlmanlar daha geniş coğrafiyalara yayıldılar.
Bu mərhələdən sonra İslam orduları Məğribdən Çin sərhədlərinə qədər bir
imperatorluq qurmağa başladılar.
Ukbə bin Nafinin izi ilə: Məğribin fəthi
Məğribin fəthi tarixində ən önəmli simalardan biri Uqbə bin
Nafidir. 621-ci ildə Məkkədə doğulan Uqbə, klassik rəvayətlərə görə Peyğəmbərimizlə
görüşmüş və onun səhabəsi olmuşdur. Suriyanın və Misirin fəthlərində iştirak
etdikdən sonra Şimali Afrikaya keçmiş, bugünkü Tunisdə Kayravan şəhərini
qurmuşdur. “Kayravan” sözü farscadan gəlmə olub, hərbi düşərgə mənasını verir.
Uqbə ordusu ilə qərbə doğru irəliləyərək bugünkü Əlcəzair və
Fası keçmiş, Atlantik okeanına çatmışdır. Rəvayətə görə, okeanı görəndə
demişdir: “Ya Rəbb, əgər bu dəniz qarşıma çıxmasaydı, Sənin adını dünyanın hər
tərəfinə yaymaq üçün Zülqərneyn kimi davam edərdim.”
Amma dönüş yolunda Bərbərilər tərəfindən qurulan pusqu nəticəsində
683-cü ildə şəhid oldu. Qəbri bu gün də Əlcəzairdə, Sidi Uqbə adlı bölgədə
ziyarət edilir. Elə bu bölgədən – yəni Uqbənin diyarından – 20-ci əsrin önəmli
siyasi fiqurlarından biri olan, İslami Səlamət Cəbhəsinin qurucularından Abbasi
Mədəni də çıxmışdır.
Əndəlüs: Yaddaşımızdakı 800 illik nəfəs
Məğribin fəthindən sonra müsəlmanlar daha bir addım atdılar
– 711-ci ildə Tarıq bin Ziyad başda olmaqla, İber yarımadasına keçdilər. Bu
hadisə ilə birlikdə İslam dünyasında “Əndəlüs” adlanan yeni bir tarix başlandı.
Ardınca Musa bin Nusayr də bölgəyə gəldi.
Əndəlüs fəthi o qədər rahat olmuşdu ki, bu da yerli xristian
hakimiyyətlərinin korrupsiyaya bulaşmış və xalqla arasında ciddi uçurum
yaratmış sistemindən irəli gəlirdi. Müsəlmanların gətirdiyi sabitlik, iqtisadi
rifah və ədalətli idarəçilik, əhali tərəfindən məmnuniyyətlə qarşılandı.
Müsəlmanlar Pireney dağlarına qədər irəlilədilər. Hətta bir
müddət Paris yaxınlığında yerləşən Puvatya şəhərinə qədər çatdılar. Lakin
Pireney dağları onların təbii sərhədi oldu.
711-dən 1492-yə qədər – yəni təxminən səkkiz əsr – müsəlmanlar
bu torpaqlarda varlıq göstərdilər. 750-ci ildə Abbasilərin hakimiyyətə gəlməsi
ilə Əməvi ailəsi qılıncdan keçirilərkən, bir gənc şahzadə – Əbdürrəhman – möcüzəvi
şəkildə sağ qalıb Şimali Afrikaya qaçdı və oradan gəmi ilə Əndəlüsə keçərək
755-ci ildə Qurtubada Əməvi Əmirliyini qurdu. Daha sonra bu quruluş xəlifəlik səviyyəsinə
qədər yüksəldi.
1492-ci ildə isə, sonuncu müsəlman hakim – Əbu Abdullah
(Boabdil) – Qranadanı İspan Katolik kralları Ferdinand və İzabellaya təslim
etdi. Qısa müddət sonra o, Fasın Fəs şəhərinə köçdü. Beləcə bu hekayə başladığı
kimi Məğribdə sona çatdı.
Əndəlüs təcrübəsindən çıxan 9 vacib dərs
1.
İlk nəsillərin ruhu – Uqbə bin Nafi kimi
simaların fədakarlığı göstərir ki, dini təbliğ, elm və cihad üçün yola
çıxmaqdan çəkinməmək lazımdır.
2.
Daxili çəkişmələrin fəsadı – Əvvəl
xristianların daxili çəkişmələrindən istifadə edən müsəlmanlar, sonradan öz
aralarında parçalandılar və Reconquista ilə Endülüsü itirdilər.
3.
Avropanın borclu olduğu bir sivilizasiya
– Əndəlüs Avropanın müasir sivilizasiyasına ciddi təkan verdi. Elm, kitabxana,
yol, hamam, işıqlandırma baxımından Avropadan yüz illərlə irəlidə idi.
4.
Konforun yaratdığı boşluq – Rifah və zənginlik
cihad ruhunu zəiflətdi. Rifah içində böyüyən nəsillər daha zəif, müdafiəsiz
olur.
5.
Dəyəri sonradan anlaşılanlar – Məsələn,
Şatibinin “Muvafəqat” əsəri ancaq 19-cu əsrdə tapılıb nəşr olundu.
6.
Digər müsəlmanların hesabına yaşamaq –
Qranada digər şəhərlərin fəthi bahasına uzun müddət davam etdi. Başqalarını
sataraq ayaqda qalmaq nəticə etibarilə hüsranla bitdi.
7.
Hər dövrün öz sınağı var – İnsan hansı
dövrdə doğulacağını seçmir. Hər zamanın öz çətinliyi var.
8.
Coğrafiyaya lokal baxmamaq – 1492-də
Qranada düşsə də, eyni dövrdə Osmanlı böyüyürdü, Hindistanda yeni İslam dövlətləri
yaranırdı. Yəni ümidsizlik tək bir coğrafiyaya baxmaqla yaranır.
9.
Heç bir torpaq əbədi deyil – Əndəlüs təcrübəsi
göstərir ki, heç bir İslam şəhəri əbədi deyil. Demoqrafik və dini şüurun zəifləməsi
torpaqların əldən getməsinə səbəb olur.
Bugünkü Məğrib: Tarixin aynasında çağdaş reallıqlar
Məğribin bu günündə üç ölkə ön plana çıxır: Tunis, Əlcəzair
və Fas.
- Tunis – 2011 Ərəb Baharı ilə gündəmə gəldi. Fransız işğalından sonra müstəqillik qazandı. Həbib Burqibanın uzun müddətli hakimiyyətindən sonra Bən Əlinin dönəmi və daha sonra Nahda hərəkatının yüksəlişi və basqıya məruz qalması ölkənin son dövrlərini müəyyənləşdirir.
- Əlcəzair – Fransanın 132 il davam edən açıq işğalı nəticəsində 1 milyon şəhid verdi. Fransanın mədəni və iqtisadi təsiri hələ də davam edir. 1990-cı illərdəki vətəndaş müharibəsi və İslami Səlamət Cəbhəsinin sıxışdırılması ölkənin yaddaşında dərin izlər buraxdı.
- Fas – İslam dünyasının ən özünəməxsus ölkələrindən biridir. 400 illik bir xənədanlıqla idarə olunur. Mədəniyyətlərarası sintez baxımından zəngindir. Lakin Cəzair ilə münasibətləri gərgindir. İsrail-Fələstin məsələsində fərqli mövqeləri və Qərbi Saxara problemi bu gərginliyi artırır.
İbn Xəldunun məşhur sözünü xatırlatmaq yerinə düşər: "Coğrafiya qədərdir." Məğrib bu taleyi əsrlər boyu yaşadı və hələ də bu tarixlə nəfəs alır. Tarix burada sadəcə keçmişi deyil, həm də bu günü anlamaq üçün bir güzgü kimidir.
Hiç yorum yok:
Yorum Gönder