Bu gün müxtəlif fikir mübahisələrinin əsas mövzularından biri İslam cəmiyyətlərinin Qərb qarşısında niyə geri qaldığı məsələsidir. Bu mövzuda ən çox irəli sürülən iddialardan biri, geriləmənin əsas səbəbinin İslamın “qədər” anlayışı olduğu fikridir. Bəziləri yanlış olaraq İslamın qədər inancını elə izah edirlər ki, guya hər şeyi Allah edir, insanın iradəsi yoxdur, insanlar sanki proqramlanmış robotlardır. Halbuki bu fikir daha çox Cəhmiyyə məzhəbinə aid olub, sonradan Əhli-Sünnə qədər anlayışı kimi təqdim edilib. Eyni zamanda, tarixdə baş vermiş bəzi acı hadisələrin – məsələn, Peyğəmbərimizin (sav) nəvələrinin şəhid edilməsi kimi – “Allah belə istədi” deyərək bəraət qazandırıldığı da iddia olunur. Əslində isə qədər məsələsi İslam düşüncəsində ilk nəzəri mübahisələrdən biri olub və insanın azad iradəsi mövzusunu gündəmə gətirib. Təbii ki yuxarıda saydığımız bu iddiaları əsassız və məntiqsizdir.
Qədər inancı təkcə İslama xas deyil. Tarixdə bütün böyük cəmiyyətlərdə – Çin, Hind, qədim Türk toplumları, xristian ənənələri də daxil olmaqla – qədər inancı mövcud olub. Çünki bir Tanrı inancı varsa, bu Tanrı hər şeyə hökm edən, kainatı idarə edən qüvvə kimi qəbul olunur. Bu isə insanın etdiyi əməlləri özünə aid edib-etməməsi mövzusunu ortaya çıxarır. Bu problem bütün Tanrı inancına sahib toplumlarda müzakirə olunub. Necə ki, köləlik və çoxarvadlılıq da yalnız İslama məxsus deyil, əksinə, qədim dünyada geniş yayılmış ictimai praktikalar olub.
Bu iddiaların səbəbi aydınların dünyanı düzgün anlaya bilməməsidir. Xüsusilə 19-20-ci əsrdən başlayaraq İslam və Qərb coğrafiyasında yetişən "aydınlar" yaşadıqları cəmiyyəti, iqtisadi, hüquqi və siyasi strukturları dərindən qavramaq bacarığından məhrum idilər. Tarixə dair verdikləri şərhlər də əslində dünyanı doğru təhlil edə bilməmələrindən qaynaqlanır.
Akademiyanın məsuliyyəti: Müasir dövrdə bəzi alimlər yalnız bir sahəyə fokuslanır, məsələn, fiqh sahəsində ixtisaslaşır, amma həmin sahənin tarixi və digər elmlərlə əlaqəsini qurmaqda çətinlik çəkirlər. Halbuki klassik dövr İslam alimləri – Cüveyni, Qəzali, Fəxrəddin Razi kimi isimlər – yaşadıqları dövrün fəlsəfəsini, təbiət elmlərini və ictimai elmlərini yaxşı bilirdilər və yeni fikirlər istehsal edirdilər. İslam mədəniyyəti uzun müddət elmin, sənətin və düşüncənin mərkəzi olub.
Tarixi proseslər və yanlış şərhlər: Əsl problem əslində 17-ci əsrdən sonra Qərbdə elm, texnika və sənətin inkişafı ilə başlayıb. Bu dövrdən sonra İslam dünyasında mədrəsə və təkkələr əvvəlki rolunu itirməyə başlayıb. Lakin bu faktı anlamaq belə problemi həll etmirdi, çünki inkişaf və yenidən dirçəliş asan məsələ deyil.
Qədər tənqidi sadəlövhlükdür. Qədər anlayışının bütün bir sivilizasiyanı geridə qoyduğu iddiası “dəyərsiz dərəcədə sadə” bir baxışdır. Belə iddia irəli sürənlər qədər məsələsinin necə yarandığını, dövlət idarəçiliyinə, iqtisadi düzənə necə təsir etdiyini, müxtəlif İslam dövlətlərində – Səlcuqlular, Osmanlılar, Babürlluər, Məmlüklər, Abbasilər kimi – hansı nəticələr doğurduğunu dərindən araşdırmadan yalnız fərziyyə səviyyəsində danışırlar. Halbuki geriləmə yalnız ilahiyyat mövzusu deyil, əksinə, təhsil tarixi, siyasi tarix, hüquq tarixi, iqtisadiyyat tarixi kimi sahələrlə də sıx bağlıdır.
Şeyxülislamlıq nümunəsi: Məsələn, Şeyxülislamlıq məqamını bu günki Dini İşlər İdarəsi kimi təkcə dini mövzularla məşğul olan bir orqan kimi başa düşmək böyük yanlışlıqdır. Tarixdə Şeyxülislamlıq məhkəmə, təhsil, hüquq, xeyriyyə işləri kimi sahələri idarə edən, milyonlarla kvadrat kilometrlik ərazilərdə nizam-intizam quran böyük bir qurum idi.
Cəməl və Siffin savaşları: Cəməl və Siffin savaşlarının faciəvi nəticələrinin qədərlə izah edildiyi iddiası da tam doğru deyil. Düzdür, Əməvilərin bəzi ədalətsizliklərini “ilahı qədər beləymiş” deyə bəraətə çevirdiyi nümunələr var. Amma ümumilikdə qədər məsələsi ilə bu hadisələr birbaşa əlaqəli deyil. Məsələn, Cəbriyyə məzhəbinin öncüllərindən Cəhm ibn Səfvan özü Əməvilərə qarşı döyüşdə həlak olub, insan iradəsini müdafiə edən Mötəzilə isə daxili müharibələrdə tərəfsiz mövqe tutub. Bu faktlar göstərir ki, qədər mövzusu sırf siyasi qarşıdurmalara endirilə bilməz.
Kəsb nəzəriyyəsi və türklərin uğuru: Bu gün İslam dünyasında qəbul edilən Kəsb nəzəriyyəsi əsasən Maturidi və Əşari məktəblərində formalaşıb. Bu nəzəriyyə Allahın hər şeyi yaratdığını qəbul etsə də, insanın əməlində itaət və üsyanı seçə bilən iradəsinin olduğunu vurğulayır. Bu anlayış hüquq, ailə, ticarət kimi sahələrdə məsuliyyəti əngəlləməyib. Xüsusilə türklər Hənəfi-Maturidi qədər anlayışını qəbul edərək Orta Asiyadan İspaniyaya qədər geniş əraziləri fəth ediblər, böyük dövlətlər qurublar və dünya tarixində öz sözlərini deyiblər. Yavuz Sultan Səlimin yürüşləri və ya Fatihin İstanbulun fəthi buna bariz nümunədir – yəni bu qədər inancı insanı passivləşdirməyib, əksinə ruhlandırıb.
Əməyi əngəlləməyib. Qədər inancının işləməyə və istehsala mane olduğu fikri də doğru deyil. Məsələn, xalqlar ölüm-dirim savaşlarında, müharibələrdə bu qədər inancına baxmayaraq, ayaqda qalaraq mübarizə aparmağı bacarıb.
Əsl səbəblər: Geri qalmanın əsas səbəbi əxlaqın pozulması deyil, əksinə uzun sürən maddi çətinliklər, siyasi böhranlar və dövlətçilik problemləridir. Əxlaqi tənəzzül bunların nəticəsidir. Keçmişdə toplanan bilik və bacarıqlar yeni şəraitdə işə yaramadıqda laqeydlik yaranır və bu da insanları çarəsizlikdən qeyri-əxlaqi yollara sürükləyir.
Tənqidin tarixi kökü: Belə qədər tənqidlərinin əsası Osmanlının son dövrünə gedib çıxır. O vaxtlar ard-arda məğlubiyyətlər, işğallar və psixoloji sarsıntılar nəticəsində aydınlar cəmiyyətin geri qalmasını tez bir səbəblə izah etmək istədilər. Çoxu Qərbdə oxumuş, amma İslamın tarixi və fəlsəfəsi barədə kifayət qədər məlumatı olmayan adamlar idi. Ənənəvi təhsil mərkəzlərinin zəifləməsi və yeni təhsil sisteminin hələ tam formalaşmaması, keçmişi anlayıb təhlil edə biləcək mütəxəssislərin yetişməsinə mane oldu.
Keçmişə hörmətin itirilməsi: Bu tənqidlər nəticədə öz irsinə və mədəni yaddaşına hörmətin itməsinə gətirib çıxardı. Öz keçmişini anlamayan və dəyərləndirə bilməyən toplumun gələcəyi də olmaz. İnsan öz keçmişinə hörmət etmirsə, bu gününə də hörmət edə bilməz. Bu vəziyyət “məhəllə imamına hirslənib İmam Əzəmə söymək” və ya “valideynlərinin yoxsulluğundan utanıb onları günahlandırmaq” kimi bir düşüncə yanlışlığına bənzəyir.
Hiç yorum yok:
Yorum Gönder