7 Temmuz 2025 Pazartesi

Osmanlı Dönəmində İqtisadiyyat | İslam İqtisadı Tarixi - 6

Osmanlı Dövləti uzun əsrlər boyu üç qitəyə yayılmış geniş ərazisində siyasi, sosial və iqtisadi varlığını sabit və uğurlu şəkildə davam etdirə bilmişdir. Bu uğurun əsasında daha ilk dövrlərdən etibarən formalaşdırılmış idarəçilik, ordu və maliyyə sistemi mühüm rol oynamışdır.

Hüquq və Ədalət Prinsipləri

Osmanlıda hüquq əsasən iki qaynaqdan bəhrələnirdi: İslam hüququ və sultanın verdiyi qanunlar. Sultanın qanunları əsasən əvvəlki təcrübəyə, yəni örfə söykənirdi və bu örfün İslam hüququ ilə ziddiyyət təşkil etməməsi əsas şərt idi. Ədalət anlayışı idarəçilikdə mərkəzi mövqedə dururdu. Osmanlı düşüncəsinə görə, siyasi və ictimai sabitliyin əsası məhz ədalət idi. İqtisadi ədalət isə xalqın haqsızlıqdan və həddindən artıq vergilərdən qorunmasını, ümumi rifahın artırılmasını və bu rifahın cəmiyyətin bütün təbəqələrinə yayılmasını nəzərdə tuturdu.

Cəmiyyətin Quruluşu

Osmanlı cəmiyyəti dini və etnik baxımdan çoxçeşidli idi. Müasir dövlətlərlə müqayisədə şəhərləşmə səviyyəsi yüksək idi, amma yenə də əhalinin böyük qismi kəndlərdə yaşayırdı. Cəmiyyət əsasən iki əsas sosial təbəqəyə bölünürdü:

  • Hərbi (idarəedici) sinif: Sultanın özü, onun xidmətində olanlar, əsgərlər və onların ailələri bu qrupa daxil idi.

  • Rəiyyət: Hərbi sinifdən kənarda qalan bütün təbəqələr – kəndlilər, tacirlər, sənətkarlar bu sinifə aid idi. Əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olurdu.

İqtisadiyyatın Əsasını Təşkil edən Timar Sistemi

Osmanlı iqtisadiyyatının təməlində əsasən dolanışıq üçün kənd təsərrüfatı dayanırdı. Kənd yerlərində iqtisadi həyatın əsası timar sistemi üzərində qurulmuşdu. Bu sistem orta əsrlərdə böyük bir ordunun saxlanılması zərurətindən yaranmış, dövlətin maliyyə, sosial və kənd təsərrüfatı siyasətinin bünövrəsini təşkil etmişdir. Timar sisteminin tətbiqində əsas səbəb bazar iqtisadiyyatının kifayət qədər inkişaf etməməsi idi. Dövlət vergilərin böyük hissəsini əşya (ayni) şəkildə toplayırdı. İltizam (vergilərin özəl şəxslərə həvalə edilməsi) üsulunda isə bəzən xalq mültəzimlərin (vergi toplayanların) zülmünə məruz qalırdı. Timar sistemi bu vasitələri aradan qaldıraraq vergilərin birbaşa timarlı sipahi tərəfindən toplanmasını təmin edir, bununla da vergi daha səmərəli şəkildə dövlətə çatdırılırdı. Bu sistem kənd təsərrüfatının inkişafına və ərazilərin təhlükəsizliyinə böyük dəstək verirdi.

Timar Sistemi: Kəndli və Torpaq Mülkiyyəti

Timar sistemində kəndli azad idi, amma həm dövlət, həm də sipahi qarşısında öhdəlikləri var idi. Kəndlinin başlıca vəzifəsi ona ayrılan torpağı əkib-becərmək və vergi ödəmək idi. Sipahiyə isə məhsulun payına düşən hissəni təhvil vermək, sipahinin otlaqlarını biçmək və inzibati tapşırıqla kəndə gələn sipahini qonaq etmək kimi vəzifələri vardı. 16-cı əsrdən əvvəl işçi qüvvəsi çatışmazlığı olduğundan kəndlinin torpağı tərk etməsi arzuolunmaz sayılırdı. Sipahi 15 il ərzində kənddən köçən kəndlini geri qaytarmaq hüququna malik idi. Ancaq kəndli şəhərə köçüb sənət öyrənmişdisə, geri qaytarılmır, yalnız “çift bozan akçəsi” adlı vergi ödəyirdi. 16-cı əsrdə əhalinin artması ilə əmək çatışmazlığı azaldı və köç qadağası bir qədər yumşaldıldı.

Timar və Avropa Feodalizmi Fərqləri

Timar çox vaxt Avropa feodal sistemi ilə müqayisə olunsa da, mühüm fərqlərə malik idi. Əsas fərq torpaq mülkiyyətində idi:

  • Timar Sistemində: Torpağın mülkiyyəti dövlətə məxsus idi, yəni torpaq yalnız işlətmək üçün verilirdi. Sipahi yalnız həmin torpaqdan gəlir toplamaq səlahiyyətinə sahib idi.

  • Avropa Feodalizmdə: Torpağın sahibi lord idi və torpağın mülkiyyəti onun əlində cəmlənirdi.

Hüquqi baxımdan da fərq vardı: timarlı sipahi kəndlilərə qanun qoymaz, onları mühakimə etməzdi. Hüquq qaydalarını mərkəzi dövlət müəyyən edərdi və mübahisələr qadı (hakim) vasitəsilə həll olunardı. Avropada isə senyor həm qanun qoyar, həm tətbiq edər, həm də hökm çıxarardı.

Ticarət və Sənaye

Osmanlı iqtisadiyyatında beynəlxalq ticarət də mühüm yer tuturdu. 14-cü əsrdə dövlət böyüdükcə ticarətin mərkəzi Anadolunun ortasından (Konya) qərbə – əvvəlcə Bursaya köçmüşdü. Bursa həm İpək ticarətinin, həm də Osmanlı ipək sənayesinin mərkəzinə çevrilmişdi. İstanbulun fəthindən sonra ticarət mərkəzi buraya daşınmış, lakin Bursa ipək ticarətində əhəmiyyətini saxlamışdır.

16-cı əsrdə Portuqaliyalıların Hindistana çıxması Osmanlı üçün rəqib yaratmışdı. Osmanlılar Portuqaliyalıları Qırmızı dənizdən uzaq tutaraq ədviyyat ticarətində üstünlüyünü qorumuş, İslam dünyası uzun müddət Şərq-Qərb ticarətinin əsas oyunçusu olaraq qalmışdır.

Osmanlı dövləti, Aralıq dənizi ticarətini canlı saxlamaq və ticarət yollarının təhlükəsizliyini təmin etmək üçün bəzi Avropa dövlətlərinə – əvvəlcə Venesiyaya, sonra Fransızlara, İngilislərə və Hollandalılara – kapitulyasiyalar (xüsusi imtiyazlar) vermişdir.

Qara dəniz isə Osmanlı üçün həmişə daxili dəniz sayılırdı. Qara dənizdə xarici gəmilərə icazə verilməzdi və bu dəniz İstanbulun ərzaq təminatı üçün əsas mənbə idi. Şəhərlərdə beynəlxalq ticarətlə məşğul olan tacirlər gerçək sərmayədarlar idi və var-dövlət qazanmaqda heç bir məhdudiyyət yox idi.

Kənd təsərrüfatı və ticarətlə yanaşı, şəhərlərdə sənətkarlıq da inkişaf etmişdi. Əsasən məscidlərin ətrafındakı küçələrdə fəaliyyət göstərilirdi. İstanbul isə əhalisinin çoxluğu ilə (16-cı əsrdə təxminən 400.000 nəfər) təkcə dövlətin ərzaq təminatı deyil, həm də sənətkarların xammal ehtiyaclarının qarşılanması baxımından xüsusi önəm daşıyırdı. Dövlətdə qara bazarı, inflyasiyanı və qaçaqçılığı qarşısının alınması üçün ciddi nəzarət var idi. Ərzaq qiymətləri Narx adlanan sistemlə dövlət tərəfindən tənzimlənirdi.

Lonca Sistemi

Şəhər və sənaye həyatında loncaların xüsusi rolu var idi. Hər bir sənət qrupunun öz loncası vardı. Loncaların yaranmasının əsas səbəbləri:

  • Təchizat və tələbatın tarazlığını qorumaq,

  • Xam maddə çatışmazlığını həll etmək və qiymətləri nəzarətdə saxlamaq,

  • Kiçik bazarlarda istehsalı tənzimləmək,

  • Yerli sənətkarı xarici rəqiblərdən qorumaq.

İhtisab və Vəqf Sistemi

Ticarətdə ədalətli qiymətləri qoruyan, aldatma və yüksək qazancın qarşısını alan digər bir institut isə İhtisab idi. Bu orqan bazarlarda malların çəkisini, keyfiyyətini yoxlayar, qiymətlərin ədalətli olmasına nəzarət edərdi.

Osmanlıda iqtisadi və sosial həyatın vacib dayaqlarından biri də vəqflər idi. Körpülərdən tutmuş karvansaraylara, məktəblərə, xəstəxanalara qədər bir çox sosial layihələr vəqflər hesabına həyata keçirilirdi. Vəqflər şəhərlərin inkişafına böyük təsir göstərir, həm xeyriyyə, həm də məşğulluq mənbəyi rolunu oynayırdı.

Hiç yorum yok:

Yorum Gönder

Qərb Mədəniyyətində Əxlaq Problemi

Qərbdə əxlaq anlayışı çox zaman mürəkkəb və ziddiyyətli bir quruluşa malik olur. Bu, xüsusilə nəzəriyyə ilə praktik davranış arasında yarana...