Bugün bir çox insan üçün “yaxşı” və ya “pis” olan şeylər, nə qədər faydalı olub-olmamasına görə qiymətləndirilir. Yəni bir şey işə yarayırsa yaxşı, zərər verirsə pis sayılır. Bu yanaşma təkcə yaxşı-pis üçün deyil, həmçinin doğru, gözəl və ya mənalı kimi anlayışlar üçün də keçərli hala gəlib. Lakin metafizikaya maraq göstərənlər bu baxış tərzinin yetərsiz olduğunu bilirlər. Onlara görə bəzi anlayışların mənası yalnız fayda ilə izah oluna bilməz. Bu mənalara çatmaq üçün gündəlik maraqlardan bir qədər uzaqlaşmaq, zehni sadələşdirmək və dərinləşmək lazımdır.
Gəlin təbiətlə münasibətimizə baxaq: Məsələn, bir ağac yaxşıdırmı? Bu gün dünyada bu suala əksər insanlar “bəli” deyir. Bəs niyə? Adətən belə cavab veririk: “Çünki oksigen verir, havanı təmizləyir.” Yəni ağacın dəyərini bizə verdiyi faydayla ölçürük. Hətta hansı ağac daha çox oksigen verirsə, onu daha yaxşı hesab edirik. Bu da göstərir ki, əslində təbiətə sevgi deyil, bizə nə qədər xeyir verdiyinə görə dəyər veririk. Halbuki bu baxış tərzi təbiəti məhv edən düşüncənin özüdür.
Sufilər bu anlayışı aşmaq üçün fərqli bir baxış təqdim edirlər. Onlara görə hər bir varlıq Allah tərəfindən müəyyən edilmiş bir məqsədlə yaradılmışdır və bu məqsəd həmin varlığın dəyərini müəyyən edir. Quranda ağaclar və dağlar belə Allahı təsbih edir. Yəni təkcə insan üçün deyil, öz varlıqları üçün də bir məna daşıyırlar. Bu da deməkdir ki, bir şeyin “yaxşı” olması yalnız bizə fayda verməsi ilə deyil, öz yaradılış məqsədinə uyğun yaşaması ilə əlaqəlidir.
Seyri-süluk adlanan mənəvi səfər də bu anlayışa əsaslanır. Bu yolda insan dünyaya öz maraqlarına görə yox, həqiqətə görə baxmağa çalışır. Hökm verməkdən və fayda mərkəzli düşünməkdən uzaqlaşır. Bu şəkildə dünyanı olduğu kimi daha düzgün görə bilir.
Yenidən soruşaq: Ağac yaxşıdırmı? Bəli, təkcə mövcud olduğu üçün yaxşıdır. Amma biz bunu hələ tam anlaya bilmirik. Çünki öz varlığımızın səbəbini də tam bilmirik. Faydacı insan, özünə verdiyi dəyəri belə başqasına verdiyi fayda ilə ölçür. Halbuki həqiqi məna faydanın o tayındadır. Bunu anlayan insan təkcə ağacı deyil, özünü də daha doğru anlamaya başlayır. İbn Ərəbinin (r.h) “insan bir ağacdır” sözü də məhz bu dərin əlaqəyə işarə edir.
Hiç yorum yok:
Yorum Gönder